Axtarış

Select theme:

Dövlət siyasəti ilə korporativ maraqların qarşıdurması: Türkiyə-İsrail iqtisadi əlaqələrinin pərdəarxası mənzərəsi

Qlobal geosiyasətin mürəkkəb labirintində bəzən ən gurultulu ritorika ilə real iqtisadi maraqlar arasındakı ziddiyyətlər maraqlı mənzərələr ortaya çıxarır. Xüsusilə son dövrlər regionumuzda baş verən proseslər fonunda, Türkiyənin daxilindəki müəyyən destruktiv dairələrin – həm radikal ünsürlərin (kənar ölkələrin maraqlarına xidmət edən qruplar), həm də qlobal müstəvidə fəaliyyət göstərən digər marginal qrupların qardaş Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə kölgə salmaq, ikitərəfli münasibətləri zədələmək cəhdləri açıq şəkildə müşahidə olunur. Bu qüvvələr sistemli şəkildə Azərbaycanı hədəfə alaraq əsassız ittihamlar irəli sürüb ictimai rəyi çaşdırmağa çalışsalar da, gerçək mənzərə və rəsmi statistika başqa bir həqiqəti – həmin dairələrin tənqid etdikləri məsələlərdə təmsil etdikləri qrupların öz ölkələri daxilində iqtisadi, ticari və logistik əlaqələrin hansı səviyyədə davam etdiyini açıq şəkildə ört-basdır etməyə çalışdıqlarını ortaya qoyur. Qardaş ölkənin dövlət siyasəti və strateji hədəfləri hər cür spekulyasiyadan uca tutulmaqla yanaşı, destruktiv qrupların səsləndirdikləri qərəzli tezislərin arxasında dayanan ikili standartlar da məhz bu obyektiv faktlar və rəqəmlər vasitəsilə tam çılpaqlığı ilə üzə çıxır.

Son həftələrdə Türkiyədə müəyyən dairələr davamlı olaraq Azərbaycanı “fələstinlilərin faciəsinə biganəlikdə” və İsraillə iqtisadi əlaqələrin inkişaf etməsində ittiham edirlər. Bəs, görəsən Türkiyənin özünün İsraillə hazırda ticarət əlaqələri hansı səviyyədədir və 7 oktyabr 2023-cü ildən etibarən bu proses hansı yöndə davam edib?!

"Faktyoxla" bu suallara cavab tapmağa çalışıb.

Son günlər Türkiyədə az qala kampaniya halına çevrilmiş Azərbaycanın İsrailə dəstək ittihamını təşkil edənlərin nədənsə qardaş ölkənin Tel-Əvivlə iqtisadi-logistika bağlantılarını unutması təəccüb və təəssüf doğurur. SOCAR-ın İsrailə neft satmasını iddia edənlər yanacağın Türkiyənin ərazisindəki Ceyhandan treyderlər tərəfindən, habelə İraqdan Ceyhana axıdılan neftin böyük bir hissəsinin İsrailə yönəldilməsini yaddan çıxarırlar. Türkiyə-İsrail münasibətləri üzdə görünən qədər gərgin və dayandırılmış vəziyyətdə değil, iqtisadi-ticari-investisiya hərarəti dayanıqlı şəkildə öz tempini qoruyub saxlayır.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, rəsmi Ankara 2 may 2024-cü il tarixindən etibarən İsraillə idxal və ixrac əməliyyatlarını tamamilə dayandırdığını, o tarixdən bu yana heç bir mal üçün bu və ya digər şəkildə gömrük əməliyyatlarının aparılmadığını bildirir. Amma bundan öncə yəni, 2023-cü ilin ilk 10 ayında Türkiyə İsrailə 4 milyard 151 milyon 708 min dollar ixracat həyata keçirib. Türkiyə Statistika Qurumunun (TÜİK) xarici ticarət haqqında açıqladığı məlumatlara görə, bunun qarşılığında da İsraildən 1 milyard 319 milyon 108 min dollar dəyərində mal idxal edilib.

Digər tərəfdən, 2023-cü ildə Türkiyənin İsrailə satdığı ən önəmli məhsul dəmir-polad məhsulları olub. Dəmir-polad sahəsində Türkiyə İsrailə ilk 10 ayda 589 milyon 802 min dollarlıq ixracat edib. İsraildən idxal edilən ən vacib məhsul isə mineral yağlar və mineral yanacaqlar olub. İsraildən bu başlıq altında 552 milyon 933 min dollarlıq idxal həyata keçirilib. İki ölkə arasında 10 aylıq ticarətdə Türkiyə 2 milyard 832 milyon dollar profisit (müsbət saldo) əldə edib.

Müharibə dövründə ərzaq təchizatı və logistika

“YemenPress” Agentliyinin 17 oktyabr 2023-cü il tarixində təqdim etdiyi materialda Türkiyə gəmisinin İsrailin Hayfa limanına yan alması haqda xəbər paylaşılıb. Məlumatda qeyd olunur ki, Qəzzadakı müharibə zamanı bir çox kənd təsərrüfatı sahəsinə dəyən ziyan səbəbindən İsrailin ehtiyaclarını qarşılamaq üçün Türkiyədən gələn nəhəng gəmi Hayfa limanına yan alıb və 4500 ton meyvə və tərəvəzi (80 faizi pomidor olub) çatdırıb. Türkiyə gəmisi hərbi yük gəmisi olub və Hayfa limanına Amerika hərbi gəmisinin müşayiəti ilə çatıb.

Həmin dövrdə silahlı hücumlardan İsrailin ən çox zərər çəkən sektoru kənd təsərrüfatı bölməsi olub və bu, ölkədə ərzaq təhlükəsizliyini xeyli çətinləşdirib. İsrail Dövlət Nəzarətçisi Hesabatı

Belə bir kritik vaxtda İsrailin qida təminatına dəstək verən ölkələrdən biri məhz Türkiyə olub. İsrailin Kənd Təsərrüfatı Nazirliyi 2023-cü ilin oktyabrında yaydığı məlumatda xatırladır ki, müharibə dövründə yaranmış qıtlığı aradan qaldırmaq üçün Türkiyədən təzə kənd təsərrüfatı məhsulları gətirilirdi ki, bu da İsrail vətəndaşlarının ərzaq təhlükəsizliyinin qorunmasında mühüm rol oynayıb.

2023-cü ildə Qəzzada müharibə başlayanda Türkiyə İsrailin xammal və mal-material təchizatında əsas ölkələrdən biri idi. İsrailin Mərkəzi Bankının 2025-ci ilin mart ayında dərc etdiyi hesabatda bildirilir ki, 2023-cü ildə Türkiyənin İsrailə ixracı 5,3 milyard dollar təşkil edib ki, bu da İsrailin ümumi idxalının 6,3 faizinə bərabərdir. Reuters

Geyim və təchizat müəmması

Digər məlumat, 2023-cü ilin payızında, yəni müharibənin getdiyi vaxt Türkiyədən İsrail əsgərlərinə göndərilən trikotaj alt paltarları və ya uzun alt paltarları haqqındadır.

 

Mediada yayılmış videoda alt paltarlarının çatdırılmasına dair real kadrlar yer alır. 3 dekabr 2023-cü il tarixində telegram kanallarından birində yayılan videoda paketlərin üzərində “Style 2023” yazısı əks olunub. Videoda görünən “Made in Turkey” etiketi də həmin mal ticarətinə işarə edir.

Videoda qutuların içərisində alt paltarları göstərilir və 23-cü saniyədə məhsullar “Türkiyədə istehsal edilib” etiketilə əks olunur. Teyit

Həmin malları İsraildə yerləşən “Zim Shipping” gəmiçilik şirkətinin noyabr ayında gətirdiyi qeyd edilir. Məşhur gəmi izləmə platforması “Marine Traffic”in hərəkət sxemlərində “Zim Shipping” noyabrda Türkiyəyə mal aparıb gətirdiyi görünür. Teyit PDF

2024-cü il: Rəsmi qadağalar və real rəqəmlər

Diplomatik münasibətlərin sürətlə pisləşməsinə, birbaşa uçuşların dayandırılmasına, turizmin qapadılmasına və Türkiyə hökumətinin 2024-cü ildə ikitərəfli ticarəti tam dayandırdığını elan etməsinə baxmayaraq, İsrailin meyvə-tərəvəz və qida təchizatı 2024-cü ildə rentabelli şəkildə davam etdirilib. 2024-cü ildə İsrail 30 ölkədən 227 min ton meyvə və tərəvəz idxal edib ki, bu da 2023-cü illə müqayisədə 13 faiz artım deməkdir. Həmin il Türkiyə İsrailə əsas məhsullardan biri olan pomidor ixracını 35 faiz azaltsa da, yekunda 30.000 ton mal tədarük etməsi haqda qeydlər qalmaqdadır. FreshPlaza

2024-cü ilin təkcə yanvar ayında Türkiyə İsrailə 350 milyon dollar dəyərində mal ixrac edib ki, onun 10 milyon dollardan çoxu meyvə-tərəvəz məhsulları olub. Nəqliyyat naziri Əbdülkadir Uraloğlu həmin dövrdə Türkiyə-İsrail marşrutu üzrə davam edən ticarətlə bağlı sualları cavablandırarkən bildirib ki, Türkiyədən İsrailə hər gün orta hesabla 8 gəmi yola düşür. Mepanews

İndi qayıdaq İsraillə idxal və ixrac əməliyyatlarını tamamilə dayandırdığı dövrdən sonrakı mərhələyə. Rəsmi Ankara İsraillə ticarətin dayanıb-dayanmadığına dair məsələ ilə bağlı hər zaman bildirir ki, bu prosesdə yeganə istisna Fələstinlə aparılan ticarətdir. O, bu vəziyyəti Aralıq dənizində limanı olmayan Fələstin Administrasiyasının bütün beynəlxalq ticarəti İsrail üzərindən həyata keçirməsi ilə əlaqələndirir. Türkiyədən İsrailə ticarətin beynəlxalq şirkətlər və üçüncü ölkələr vasitəsilə davam etdiyinə dair iddialar isə həm Türkiyə, həm də İsrail mətbuatında, eyni zamanda sosial mediada də tez-tez gündəmə gətirilib. Türk rəsmilər və qurumlar ötən il ərzində bu iddiaları dəfələrlə təkzib ediblər.

2025-ci ilin mayında BMT-nin “Comtrade” bazasına istinad edən “Al Jazeera”-nın materialı mediada geniş yayılıb.

22 may 2025-ci ildə “Al Jazeera” İsrailə 2024-cü ildə ən çox mal satan ölkələrin siyahısını dərc edib. Orada Türkiyə Çin, ABŞ, Almaniya və İtaliyadan sonra 5-ci yerdə göstərilib, ümumi dövriyyənin həcmi isə təxminən 2,86–2,9 milyard dollar yazılıb. Eyni rəqəmi jurnalist Metin Cihan sosial şəbəkədə paylaşıb, sonra Turkish Minute, Evrensel, T24 və PA Turkey bunu “Turkey was Israel’s fifth-largest exporter / supplier in 2024” başlığı ilə yayıb.

BMT məlumatlarının yer aldığı bu xəbərin sosial mediada paylaşılmasından sonra Ticarət Nazirliyi mayın 22-də məsələ ilə bağlı yazılı açıqlama yayımlayıb. Açıqlamada İsraillə ticarətin davam etməsi ilə bağlı iddialar təkzib olunub və BMT-nin məlumat bazasında yer alan Türkiyənin 2024-cü ildə İsrailə 2,8 milyard dollarlıq ixrac etməsinə dair rəqəmlərin "tamamilə yanlış" olduğu bildirilib. Türkiyənin 7 oktyabr 2023-cü ildən 2 may 2024-cü ilə qədər keçən 7 aylıq müddətdə İsraillə ticarəti 30 faiz azaltdığı qeyd olunub. 2024-cü ilin aprelində bəzi məhsulların İsrailə ixracının dayandırıldığı və 2 may 2024-cü ildə Türkiyədən İsrailə "bütün məhsul qruplarında ixrac, idxal və tranzit ticarətin" kəsildiyi vurğulanıb. Ticarət Nazirliyinin açıqlamasında 2024-cü ilin ilk dörd ayında İsrailə "Fələstinə edilən ixrac daxil olmaqla" 1,5 milyard dollarlıq ixrac edildiyi bildirilib və aşağıdakı ifadələr işlədilib: "Gömrük məntəqələrimizdə və sərbəst zonalarımızda İsrail ilə ticarət əməliyyatı aparıla bilməz. 2 may 2024-cü ildən etibarən İsrail ilə ticarət sıfırdır." Diken

 “Xinhua”-nın 2025-ci ilin yanvarında “CBS”-ə istinadən yazdığına görə, 2024-də İsrailin əsas idxal mənbələri Çin, ABŞ, Almaniya, İsveçrə və Niderland olub. Türkiyədən idxal illik təxminən 56 faiz azalıb. 30 yanvar 2026-cı ildə “Turkish Minute”-un CBS rəqəmlərinə istinadən yaydığı məlumatda 2024-cü ildə İsrailin Türkiyədən idxalının 2,019 milyard, Türkiyəyə ixracının isə 598,6 milyon dollar olduğu bildirilir.

Nazirliyin açıqlamasında həmçinin 7 iyun 2024-cü ildə İordan çayının qərb sahilində yerləşən Fələstin Administrasiyası ilə Türkiyə arasında imzalanmış "Türkiyə-Fələstin dövləti protokolu" çərçivəsində "özünəməxsus nəzarətli ticarət mexanizminin hazırlandığı" qeyd olunub. Bu mexanizmə əsasən, "yalnız idxalçının fələstinli, təyinat yerinin isə Fələstin ünvanı" olması şərti ilə Türkiyədən Fələstinə 2024-cü ildə ümumilikdə 797 milyon dollar ixrac edildiyi bildirilib. Bu ticarətin "Fələstinin limanı və gömrüyü olmadığı üçün İsrailin iki limanı üzərindən" həyata keçirildiyi qeyd edilib.

Türkiyə Statistika İnstitutunun (TurkStat) məlumatları da deyilənləri təsdiqləyir. Təşkilatın 2024-cü ilin aprel hesabatında qeyd edilir ki, Qəzza müharibəsinin səbəb olduğu humanitar böhran səbəbindən Ankaranın İsraillə bütün ticarət əlaqələrini dayandırmaq qərarına baxmayaraq, aprel ayında iki ölkə arasında ticarət davam edib. Aprel ayı ərzində Türkiyə İsrailə 298 milyon 116 min 403 dollar dəyərində məhsul ixrac olunub.

“TurkStat”ın məlumatına görə, həmin ilin aprel ayında İsrailə ixrac edilən məhsul qrupları arasında duz, kükürd, torpaq və daşlar, suvaq materialları, əhəng və sement, plastik və ondan hazırlanan məmulatlar, dəmir və polad, mis və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar üstünlük təşkil edib. Türkiyə rəsmi statistika qurumu özü etiraf edir ki, 2024-cü ilin ilk dörd ayında İsrail ilə Türkiyə arasında ticarət dövriyyəsi 1,82 milyard ABŞ dollarına çatıb.

Beynəlxalq ticarət platforması olan “Trading economics”-in bazasında Türkiyənin 2024-cü ildə İsrailə ixracının toplam dəyərinin 1,52 milyard ABŞ dolları olduğu bildirilir.

İxracda dəmir yolu və tramvay nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin dəyəri 195,65 milyon dollar, plastik kütlələr 124,08 milyon dollar, elektrik və elektron avadanlıqları 112,1 milyon dollar, dəmir və polad 92,7 milyon dollar, mirvari, qiymətli daşlar, metallar, sikkələr 77,09 milyon dollar, maşınlar, nüvə reaktorları və qazanların dəyəri 73,19 milyon dollar təşkil edib. Geyim məmulatları isə 60,51 milyon dollar, duz, kükürd, torpaq, daş, gips, əhəng və sement 59,17 milyon dollar, kağız və karton, sellüloz, kağız və karton məmulatları 56,68 milyon dollar, mebel, işıqlandırma qurğuları, yığma tikililər 47,08 milyon dollar, heyvan və bitki mənşəli yağlar, onların parçalanma məhsulları 45,32 milyon dollar, dəmir və ya poladdan hazırlanmış məmulatlar 41,88 milyon dollar, şüşə və şüşə məmulatları 37,37 milyon dollar, alüminium 36,71 milyon dollar, mis 35,78 milyon dollar, hazır tekstil məmulatları, dəstlər, işlənmiş geyimlər 21,18 milyon dollar, müxtəlif sənaye məmulatları 19,99 milyon dollar həcmində olub. Türkiyə qeyd edilən ildə İsrailə 20 milyon dollara yaxın meyvələr, qoz-fındıq, sitrus meyvələrinin qabığı, qovun və qarpız göndərib. Habelə, təxminən 15 milyon dollar dəyərində balıqlar, xərçəngkimilər, molyusklar, su onurğasızları ixrac edib.

Dörd ayda ixracın 1,8 milyard dollar olması növbəti aylarda rəqəmin daha da böyüməsinə işarə edir.  

Üçüncü ölkələr (Yunanıstan, Kipr) vasitəsilə ticarət və "boz zonalar"

“BBC Türkçe”-yə danışan Tel-Əviv Universitetinin Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun əməkdaşı Dr. Qallia Lindenstrauss Türkiyənin ticarət qadağasına baxmayaraq, Türkiyə mənşəli məhsulların üçüncü ölkələr və Fələstin Administrasiyası vasitəsilə İsrailə satıldığını və bu satışların İsrail tərəfindən Türkiyədən idxal olaraq statistikaya daxil edildiyini söyləyib. Lindenstrauss qeyd edib: "Rəqəmlər fərqlilik göstərir, lakin İsrailin Türkiyədən 2024-cü ilin may ayından əvvəlki idxalının demək olar ki, yarısı hələ də üçüncü ölkələr və tərəflər vasitəsilə davam edir."

17 sentyabr 2025-ci ildə İsrailin “Maariv” qəzeti yazırdı ki, 2 may 2024-cü il tarixli “ticarətin dayandırılması” qərarına baxmayaraq, Türkiyədən İsrailə yük daşınmaları davam edir. Li Saadonun "Maariv" qəzetindəki hesabatında türk məhsullarının Yunanıstandan keçən dairəvi yolla ölkəyə daxil olmağa davam etdiyi bildirilirdi. İsrail Podratçıları Assosiasiyasının rəhbəri Eran Siv, 2025-ci ilin yanvar-iyul ayları arasında Türkiyədən idxalın 1,9 milyard şekel təşkil etdiyini demişdi. Siv əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 67 faiz azalma olduğunu bildirsə də qeyd etməyi unutmamışdı ki, hələ də ayda təxminən 1500 konteyner İsrailə daxil olur, alış-veriş birbaşa türk təchizatçılarından edilir, konteynerlər Yunanıstana göndərilir və orada sənədlər dəyişdirilir və alqı-satqı sanki yunan təchizatçısından edilmiş kimi qeyd olunur.

 

Digər tərəfdən, İsrailin aparıcı daşınmaz əmlak və logistika şirkətlərindən biri olan "Geshem Holdings"-in prezidenti Şmager Vaknin də qəzetə açıqlamasında bildirmişdi ki, Türkiyədən göndərilən yüklər əslində dayanmayıb, sənədlərin dəyişdirildiyi Kipr və ya Rodos vasitəsilə yönləndirilir.

2025–2026-cı illərdə davam edən ticari əlaqələr və rəqəmlər

Rəsmi embarqoya baxmayaraq, Türkiyənin İsrailə ixracı 2025-ci ildə də öz yüksək tempini qoruyub saxlayıb. İlin əvvəlində ixrac 393,7 milyon dollara çatıb. İsrailin Mərkəzi Statistika Bürosunun məlumatlarına görə, Türkiyə 2025-ci ilin yanvar-may ayları ərzində İsrailə 393,7 milyon dollarlıq məhsul ixrac edib.

Türkiyədən İsrailə satılan məhsullar maşın və avadanlıqlar, kimya sənayesi və kənd təsərrüfatı məhsulları olub. Türkiyənin özü isə aktiv ticarət tərəfdaşı olaraq İsraildən müxtəlif adda kimyəvi maddələr və yuyucu tozlar, plastik və rezin məmulatları, tikinti sektorunda və digər sənaye sahələrində istifadə olunan məhsullar, qida malları, o cümlədən, quru meyvələr, paxlalılar və ədviyyatlar kimi məhsulları əldə edib.

TBMM-də CHP-nin parlament fraksiyasının sədr müavini sədr müavini Murat Emir bildirib ki, hökumətin İsrail ilə ticarətin dayandırıldığını açıqlamasına baxmayaraq, ixracat 2025-ci ildə də davam edib.

O, fevral ayında Türkiyədən İsrailə 94 milyon dollarlıq ixracat edildiyini iddia edərək, sosial media hesabından İsrail Mərkəzi Statistika Bürosunun (CBS) 2026-cı il fevral ayı üçün xarici ticarət statistikalarını paylaşmış və aşağıdakı ifadələri işlətmişdi: "Kesdik" dedikləri ticarət İsrail Qəzzanı bombalayarkən də, İranla müharibəsində də davam edir. İqtidarın xarici siyasətdəki acizliyinin səbəbi məhz budur. Fevral 2026-cı ildə Türkiyədən İsrailə ixracat 94 milyon dollar, 2026-cı ilin yanvar-fevral ayları üzrə isə cəmi 176 milyon dollar olub. Üstəlik nə göndəririk? Adi məhsul deyil, sənayenin əsas damarları: maşın və avadanlıqlar (44.7 milyon dollar), əsas metallar (34.9 milyon dollar), tekstil (19.0 milyon dollar), daş-sement-şüşə (16.4 milyon dollar), plastik (15.5 milyon dollar)."

Qeyd edək ki, Murat Emir həmçinin özünün “X” hesabından ölkənin ticarət nazirinə daha bir neçə sual ünvanlayıb: "TÜİK siyahısından İsrail kodunu nə üçün sildiniz? 'Gizli ölkə' kodu ilə gizlədilən 2,1 milyard dollarlıq nəhəng ticarət İsrailləmi həyata keçirilir?"

Ticarət Nazirliyinin açıqlamasında isə bu iddialara belə cavab verilmişdi: "Türkiyə Respublikasının rəsmi statistikaları və dövlət qurumlarının açıqlamalarına baxmayaraq, Cümhuriyyət Xalq Partiyasının bəzi deputatlarının İsrail Statistika İdarəsinə etibar etməyə üstünlük verərək irəli sürdükləri 'İsraillə ticarət davam edir' iddiaları yalandır."

Murat Emir daha əvvəl də Nazirliyə ünvanladığı sualları yenidən xatırladaraq məsələni gündəmə gətirmişdi.

2025-ci ildə Türkiyə İsrailə 183,2 milyon dollar dəyərində əsas metallar, 172,8 milyon dəyərində maşın və avadanlıqlar göndərib. Həmçinin, 45,7 milyon dollar həcmində qida məhsulları, 15,3 milyon dollarlıq mineral məhsullar ixrac edib. İsrailin Türkiyədən 2025-ci ildə 924 milyon dollarlıq məhsul idxal etməsini digər mənbələr də təsdiqləyir.

İqtisadçı-ekspert İnan Mutlu da sosial media hesabındakı paylaşımında, "Türkiyə 2025-ci ildə İsrailə 924 milyon dollar həcmində ixracat həyata keçirib" ifadələrini işlədib.

Türkiyə mediası BMT-nin Beynəlxalq Ticarət Statistikası Məlumat Bazası (UN Comtrade) və “Trading Economics”in bazasına istinad edərək İsrailin 2025-ci ildə Türkiyədən əldə etdiyi malların həcminin 2,12 milyard dollar təşkil etdiyini yazıb.

“Trading economics”-in bazasında da bu rəqəmin 2,12 olması öz əksini tapıb. İsrailin Türkiyədən 2025-ci ildə 283,17 milyon ABŞ dolları dəyərində elektrik və elektron avadanlıqları, 235,43 milyon dəyərində dəmir və polad, 177,52 milyon dollarlıq mirvari, qiymətli daşlar, metallar, sikkələr, 137,4 milyon dollar həcmində plastik materiallar əldə etdiyi bildirilir.

Türkiyə ötən il İsrailə 116 milyon dollar dəyərində maşınlar, nüvə reaktorları, qazanlar, 107 milyonluq gəmilər, qayıqlar və digər üzən qurğular, 94 milyon dollarlıq trikotaj və ya toxunma geyim məmulatları, 85 milyon dollar həcmində dəmir yolu və tramvay nəqliyyatı istisna olmaqla, digər nəqliyyat vasitələri, 78,3 milyon dəyərində mis göndərib.

Heyvan və bitki mənşəli yağların dəyəri isə 28,67 milyon dollar, taxıl, un, nişasta, süd əsaslı məhsulların dəyəri 26,56 milyon dollar, tərəvəz, meyvə və qoz-fındıqdan hazırlanmış məhsulların dəyəri isə 18,65 milyon dollar təşkil edib.

İki ölkə arasında ticari mübadiələlər 2026-cı ilin ötən aylarında da davam etdirilib. İsrailin Mərkəzi Statistika Bürosunun məlumatına görə, cari ilin ilk iki ayında ticarət dövriyyəsi 176 milyon dollardan çox olub, təkcə fevral ayında bu rəqəm 94 milyon dollar təşkil edib. Bianet

Dəniz nəqliyyatı və gəmi izləmə iddiaları

2024-cü ildə o zaman DEVA partiyasından deputat olan Mustafa Yeneroğlu da 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına və Fələstinə hücum edən Türkiyə ilə İsrail arasında intensiv gəmi daşınması ilə bağlı parlamentə suallar təqdim etmişdi.

Ticarət naziri Ömər Bolata ünvanladığı sualda Yeneroğlu iddia etmişdi ki, Türkiyə bu bir illik müddət ərzində İsraillə ticarətini intensiv şəkildə davam etdirib və bu vəziyyət rəsmi olaraq qəbul edilib. Mustafa Yeneroğlu həmçinin nazirdən Türkiyə İxracatçılar Şurasının Fələstinlə ticarətin 525% artması ilə bağlı rəsmi statistikaya da bir açıqlama verməsini istəmişdi.

2025-ci ilin oktyabrında Türkiyənin ən böyük logistika saytlarından biri olan "Denizhaber" portalı “Türkiyəyə məxsus gəmilər İsrailə üzməyə davam edir" başlıqlı hesabatını dərc edib. Hesabatda İsraillə həm tranzit ticarətinin, həm də birbaşa ticarətin davam etdiyi bildirilirdi. Məqalədə o da vurğulanırdı ki, gəmilərin sadəcə bayraqları dəyişdirilir, lakin sahibləri türkdür, şirkət bir türk tərəfindən idarə olunur və bəzi hallarda hətta malların yükləndiyi limanların özü də Türkiyə sərhədləri daxilində olur.

Portal bu istiqamətdə fəaliyyət göstərən şirkətlərin adlarını çəkmişdi:

  1. "Şahin 2" gəmisi (gəmi Sakit okean ölkəsi olan Vanuatu bayrağı altında üzsə də, onun sahibi "RS Shipping" adlı bir Türkiyə şirkəti, operatoru isə başqa bir türk şirkəti olan "Baba Gemi İşletmeciliği"-dir).

  2. "Bozkurt" yük gəmisi (Bu gəmi “Bozkurt Marine SA” şirkətinə məxsusdur, lakin şirkətin baş ofisi Marşal adalarında yerləşir. Gəmini idarə edən şirkət “Kamer Marine Denizcilik IC”, İstanbulda yerləşən bir türk şirkətidir).
  3. “Vera Rose” yük gəmisi (Kadir Çolak Shipping & Trading şirkətinə məxsus “Vera Rose” yük gəmisini idarə edən “Kamer Marine Denizcilik IC”-dir).
  4. “Navin Harrier” gəmisi (İstanbulda yerləşən “Nordic Cyclone” şirkəti “Navin Harrier” gəmisini başqa bir türk şirkəti olan “Bright Denizcilik ve Gemi”-yə icarəyə verir).
  5. “Benigane” yük gəmisi (Portal bildirir ki, Palau bayrağı altında üzən “Benigane” yük gəmisi 3 oktyabr 2025-ci il tarixində Kipr Respublikasının Vassiliko limanından yola düşüb və 4 oktyabrda Aşdod limanına çatıb. Bu gəminin icarə işlərini "Aras Shipping" şirkəti həyata keçirir).
  6. “Jasim” gəmisi (Türkiyəni marşrutuna daxil etmədən İsrail ilə ticarəti asanlaşdıran digər bir türk şirkəti “Archbulk Shipping”-dir. Şirkət Sent Kitts və Nevis bayrağı altında üzən yük gəmisi ilə İsrail ticarətinə xidmət göstərir. 1 oktyabrda Misirin Əl-Əriş şəhərindən yola düşən “Jasim” gəmisi ertəsi gün Aşdod limanına çatıb).

Türk şirkətlərinin İsraildəki investisiyaları və layihələri

Türkiyənin onlarla şirkəti İsraili ənənəvi bazar və yaxın tərəfdaş hesab edərək öz investisiya layihələrini davam etdirir, sərmayə qoyuluşları həyata keçirir. İsraildə neçə illərdir ki, Türkiyənin böyük biznes və investisiya icması müxtəlif sektorlarda geniş şəkildə təmsil olunmaqdadır. Bu şirkətlər arasında “Adopen Plastic And Building Material”, “Akkatoğlu”, “Antakya Galvaniz”, “Aplas”, “Aren Group”, “Atat Transport”, “Anadolu Isuzu”, “Atlantis Global Food Co”, “Bati Group”, “Batu Marble”, “Bc Yatirim”, “Bosfor Global Diş Tic.Ltd.Şti”, “Beyaz Kağıt”, “Casa Bella”, “Divan İstanbul Asia”, “Lokman Ecza Deposu”, “Lorafresh”, “Mesan Furniture Equipment”, “OBSS Technology”, “Ozkaplan Carpet”, “Panelsan”, “Ravanda Carpet”, “Tursam”, “Umbrella United Llc”, “Vemis Steel”, “Yeğenler Kimya A.Ş”, “Yörükoğlu”, “Yiğit Açıkay”, “Özyapi temizoda sistemleri” kimi tanınmış brendləri göstərmək olar. TIM Delegations

 

“Karar” nəşrinin məlumatına görə, İsrailə ixracat həyata keçirən türk şirkətlərinin əksəriyyəti hökumətyönlü MÜSİAD-ın üzvləridir. Onların sırasında “Evyap Holding”, “İÇDAŞ”, “Pamukkale Kablo”, “Eren Holding” və “Tosyalı” kimi nəhəng ticarət qrupları yer alır. Həmin şirkətlər tekstil, enerji, tikinti materialları və müdafiə təyinatlı məhsullar daxil olmaqla, geniş bir ticarət spektrinin tədarükündə İsrailin təchizatçıları hesab olunur.

Eləcə də, “Akçansa”, “Nuh Çimento”, “Zorlu Holding” kimi iri şirkətlər İsraillə ticarət əlaqələrini susqun bir şəraitdə qoruyub saxlayır. Həmin şirkətlər İsraildə müxtəlif layihələrə yatırımlar edərək bu ölkənin iqtisadiyyatına töhfə verib. Turkish Minute

Türkiyə ilə İsrail arasında Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) nəzdində təsis edilmiş Türkiyə-İsrail İşgüzar Şurasının rəhbəri İbrahim Sinan Ak İsraildə ən böyük sərmayədar kimi tanınır. Hazırda “Zorlu” Qrupuna daxil olan “Zorlu Energy Electricity Generation Inc” şirkətinin baş icraçı direktoru olan Ak İsraildə əhəmiyyətli investisiyalara malikdir. Bu holdinqin “Zorlu Energy Israel Ltd” adlı törəmə şirkəti və İsraildə üç təbii qaz elektrik stansiyası var. “Zorlu Qrupu”n əsas investor strukturlardan biri olan “Zorlu Energy” İsrailin Aşkelon şəhərində 840 MVt gücündə təbii qazla işləyən kombinə edilmiş tsiklli elektrik stansiyasına investisiya qoyub və 2003-cü ildə “Dorad Energy Ltd” şirkətində 25 faiz pay əldə edib.

“Zorlu Energy”nin 42,15 faiz paya sahib olduğu “Ezotech Electric Ltd” şirkəti İsraildəki “Ashdod Energy Ltd” və “Ramat Negev Energy Ltd” şirkətlərinin 100 faiz mülkiyyətçisidir. “Zorlu Energy”nin 42,15 faiz paya sahib olduğu “Solad Energy Ltd” şirkəti isə 77 MVt elektrik və saatda 70 ton buxar istehsal gücünə malik koqenerasiya elektrik stansiyasına investisiya qoymaq məqsədilə 2006-cı ildə təsis edilib və İsrailin Aşdod və Aşkelon şəhərlərindəki soya yağı istehsalı müəssisələrini və yaxınlıqdakı sənaye obyektlərini enerji ilə təmin edir. Bianet

Türk şirkətlərinin İsraildə böyük kapitalla sərmayədar mövqeyini qoruyub saxlaması Türkiyədə müxtəlif qrupların dəfələrlə kəskin etiraz yürüşləri təşkil etməsinə səbəb olub. “Zorlu Center” ticarət mərkəzində etiraz aksiyalarının keçirilməsi, eləcə də dəfələrlə digər investorlara etiraz kampaniyalarının aparılması da Türkiyənin İsraildəki sərmayə varlığını əks etdirir.

İsrail və Türkiyə arasında ticarətdə yaxın tərəfdaşlığı təşviq edən “Avraham Zedah Holding” İsraildə müxtəlif sahələrdə bir sıra türk şirkətlərini təmsil etməklə ölkəyə kapital cəlbini illər ərzində stimullaşdırıb. İsrail Müdafiə Qüvvələrində xidmət etmiş və Reyxman Universitetinin biznes idarəçiliyi üzrə bakalavr dərəcəsini bitirən “Zedah Holding”-in rəhbəri Türkiyənin nəqliyyat nəhəngi və “Mercedes-Benz-Turk” şirkətinin səhmdarı olan “Koluma”nın İsraildəki rəsmi nümayəndəsi və tərəfdaşıdır.

İsrail investorları ilə tərəfdaşlıq çərçivəsində İsraildə kommersiya nəqliyyat vasitələrinin, mikroavtobusların və elektrik yük maşınlarının marketinqi ilə məşğul olan qrup “Metro İstanbul”-un da rəsmi nümayəndəsi olub. “Avraham Zedah Holding” Türkiyədə 21 MVt gücündə Məlumat Mərkəzinin yaradılması məqsədilə İsrail investisiya şirkəti ilə NETAS arasında tərəfdaşlıqda əsas partnyor olub. İsrailin “Nanosono” şirkəti isə Türkiyə mərkəzli ODAS-dan investisiya cəlb edərək qarşılıqlı sərmayə axınlarını təşviq edib. Şirkət İsrail-Türkiyə Ticarət Palatasının layihələrinin reallaşmasında da mühüm rol oynayıb.

Tikinti sektorunda davamlılıq və "Yılmazlar" faktoru

İsraildə fəaliyyət göstərən türk şirkətlərini araşdırdıqda "Yılmazlar" Beynəlxalq Tikinti və Konstruksiya şirkətini də aşkar etdik. “Yılmazlar” BTK şirkəti hələ də İsraildə fəaliyyətini davam etdirir. Qurumun İsraildəki fəaliyyətlərinə Tel-Əvivdə yerləşən Blumfild stadionu, Totzeret Haaretz 1 (TOHA 1) rezidenti tikintilərini göstərmək olar. Bundan başqa, şirkətin saytında cari ilin iyul ayında İsraildəki tikintilərdə çalışmaq üçün ustaların bu ölkəyə göndərildiyi yazılıb. Maraqlıdır ki, şirkət hətta Negev Ben Gurion universitetinin “İnşaat fakultəsi”ndə təhsil alan tələbələr üçün təqaüd proqramları da təsis edib.

İsraildə çoxsaylı otellər, ticarət mərkəzləri, elektrik stansiyaları və xəstəxanalar tikən "Yılmazlar" beynəlxalq tikinti və konstruksiya şirkətinin sahibi Əhməd Reyiz Yılmaz Türkiyə siyasətində tanınmış bir şəxsdir.

2009-cu il MHP qurultayında MHP liderliyi uğrunda Dövlət Baxçalıya qarşı mübarizə aparan Yılmaz, "MHP liderliyinə namizədin əcdadlarının türk olub-olmadığını açıqlaması bir şərtdir. Türklərə rəhbərlik etmək istəyən hər kəs ortaya çıxıb yeddi nəsil əvvəl türk və ya başqa mənşəli olduqlarını açıqlamalı" deyib, daha sonra öz partiyasını yaratmaq qərarına gəlib. Hazırda Muhafizəkar Yüksəliş Partiyasının sədridir. Daha sonra isə 2023-cü ildə partiyanın adı dəyişdi və Yeni Türkiyə Partiyası oldu. Bir vaxtlar Əbdüllatif Şeneri dəstəkləyən Yılmaz, Türkiyədəki bəzi televiziya kanallarının yəhudilərə məxsus olduğunu və ABŞ-İsrail oxunun bu kanallardan təbliğat yayımı istifadə edərək onların Parlamentə girməsinin qarşısını aldığını söyləmişdi. Amma qəribədir ki, bunu deyən adamın özü İsraildə böyük tikinti və biznes şəbəkəsinə sahibdir.

40 ildir ki İsraildə müxtəlif sənaye sahələrində təmsil olunan şirkət 2023-cü il Qəzza hadisələrindən sonra da öz fəaliyyətini davam etdirib. “Yılmazlar” 2026-cı ildə İsraildəki layihələrində işləmək üçün Türkiyədən işçi göndərməyə davam edib, elektrik stansiyaları, nəqliyyat infrastrukturu, hava limanları və ictimai binaların tikintisi üzrə tenderlərə qatılıb. “Yılmazlar Construction Group” Aşdod polis məntəqəsi, Hayfa hərbi-dəniz qüvvələri binası, Təl-Əviv məhkəmə binası, Beyt-Şemeşdə sinif otaqları, idman zalları və stadionu olan Polis Akademiyası, “Orot Rabin” elektrik stansiyası, Ben-Qurion Hava Limanının müşahidə qülləsi, Tiberiya gölü su təmizləyici qurğusu və “Manhattan Tower”i inşa edib.

2026-cı ilin fevral ayında İsrailin “i24news” saytı yazırdı ki, Türkiyəyə məxsus şirkətlərin nümayəndələri bu ölkədə səfərdə olublar. Məlumata görə, bu səfər İsraildə həyata keçirilməsi planlaşdırılan iri metro layihəsi üzrə beynəlxalq tender prosesinin bir hissəsidir. Xəbərdə bildirilir ki, "Akkord" və "Simtay" adlı şirkətlərin və eyni zamanda Türkiyə Cümhuriyyəti Ticarət Nazirliyi ilə müştərək çalışan özəl sektor sahibkarlarının qurduğu Xarici İqtisadi Əlaqələr Qurumu təmsilçiləri layihə ilə bağlı təşkil olunan tanışlıq turunda iştirak edirlər. Səfər şəhər nəqliyyat sisteminə cavabdeh qurum – NTA (“Şəhər Kütləvi Nəqliyyat Sistemi” şirkəti) və Nəqliyyat Nazirliyi tərəfindən təşkil olunub. Təl-Əvivdə 23-25 fevral tarixlərində keçirilən və üç gün davam edən iştirakçı konfransına obyektlərə baxışlar, layihə ilə bağlı brifinqlər və potensial tender iştirakçıları ilə təkbətək görüşlər daxil olub. Proses metro şəbəkəsinin birinci mərhələsini əhatə edir, bu mərhələyə 78 kilometrlik tunellər və 59 yeraltı stansiya daxildir və layihənin təxmini dəyəri 65 milyard şekel təşkil edir. İsraildə yeni metro layihəsini həyata keçirmək üçün müsabiqədə iştirak edən türk şirkətlərinin nümayəndələrinin İsrailin Milli Nəqliyyat Agentliyi və Nəqliyyat Nazirliyinə tender təkliflərini təqdim etməsi də “fələstinlilərə qardaşlıq dəstəyi”nin şiddətləndiyi dövrdə baş tutur.

Polad, sənaye xammalı və müdafiə sənayesi

Türkiyənin İsrailə silah sənayesi müəssisələrini poladla təmin etməsinə dair kifayət qədər məlumatlar var. Bəlli olur ki, İsrail, Türkiyədən ən çox polad idxal edən ölkələr sırasındadır. Türkiyə İsrailin polad tələbatının təxminən 65 faizini qarşılayır. Bəllidir ki, polad silah və müdafiə sənayesi üçün mühüm xammal kimi işlədilir. Zirehli nəqliyyat vasitələri, dəniz nəqliyyatı, odlu silahlar üçün lülə və digər komponentlər, hərbi təyyarələr, raketlərin gövdəsi və daxili mexanikası üçün bu materialdan geniş istifadə edilir. 2025-ci ildə Türkiyənin İsrailə metal ixracı 183 milyon dollardan çox olub ki, onun əhəmiyyətli bir hissəsini polad təşkil edib. “İÇDAŞ” İsrailə polad ixrac edən aparıcı şirkətlər sırasında yer alır. “İÇDAŞ” Direktorlar Şurasının üzvü Adnan Aslan, həmçinin Polad İxracatçıları Assosiasiyasının Direktorlar Şurasının sədri vəzifəsini icra edir.

Türkiyə gömrük məlumatlarına əsasən, 2023-cü ildə “HS” kodu 7214 altında İsrailə ixrac edilən Türkiyə armaturunun həcmi 735.822 ton təşkil edib. 2022-ci ilə nisbətən 29,7 faiz azalma olsa da, həmin mal qrupu üzrə ticarət saxlanılıb. Azalmanın səbəbi isə müharibə zonasına daşınma ilə bağlı logistik çətinliklər və bunun nəticəsində yaranan tələbatın azalması olub. Yəni Türkiyə öz iradəsi ilə deyil, İsrailin daxili bazarındakı vəziyyətə görə ixracı azaldıb. Türkiyənin İsrailə geniş çeşiddə məhsullara, o cümlədən poladın ixracına məhdudiyyətlər tətbiq etməsinə baxmayaraq, 2024-cü ildə polad şirkətləri İsrailə 30,3 min ton armatur göndərib.

Mersində qeydiyyatdan keçmiş “Tunc Agro Gida Sanati ve Ticaret Limited” idxal-ixracat şirkəti isə qida sənayesində aparıcı qruplardan biridir. Şirkət davamlı olaraq İsrailə qida tədarükündə iştirak etməkdədir. 2023-cü ilin oktyabrından 2024-cü ilin sentyabrına qədər şirkət qlobal bazarlarda ən aktiv ticarət əməliyyatları aparıb, dünya üzrə alıcılara 162 ixrac göndərişi təqdim edib. İxracda əsas ölkələr İsrail, Avstriya, Rumıniya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri yer alır. Şirkətin ixrac dövriyyəsi 3,4 milyard dollardan çox olub. Market Inside Data

Məlumdur ki, cari ilin martında ABŞ Dövlət Departamenti İsrailə 12 min ədəd BLU-110A/B “hava-yer” bombasının satışını təsdiqləyib. Departamentin satışla bağlı açıqlamasında əsas baş podratçı kimi “Repkon USA” şirkətinin adının çəkilməsi də ciddi mübahisələrə səbəb olmuşdu. “Repkon” adlı türk müdafiə sənayesi şirkəti ilə əlaqəli olan və ABŞ-də fəaliyyət göstərən “Repkon USA” sursat gövdəsi istehsalı sahəsində ABŞ müdafiə ekosisteminə inteqrasiya olunmuş quruluşa malikdir. Buna görə də yerli və xarici bir çox xəbər platforması hadisəni “Türk şirkəti ABŞ vasitəsilə İsrailə sursat göndərir” kimi təqdim etmişdi. İsrail mediası bu hadisəni çox geniş şəkildə işıqlandırmışdı.

Artan mübahisədən sonra şirkət bəyanat yaymış və bildirmişdir ki, bu alqı-satqı ABŞ hökuməti tərəfindən qəbul edilmiş satınalma qərarıdır və şirkət birbaşa satış əməliyyatı aparmayıb. Amma buna baxmayaraq, müdafiə sənayesi dairələrində əksər ekspertlər fərqli düşünürlər. Ekspertlərin fikrincə, başqa bir ölkədə qurulmuş törəmə müəssisə vasitəsilə məhsul istehsal edən şirkət bəzi hallarda milli ixrac icazələrindən kənarda “boz zonalar” yarada bilirlər. Sektor nümayəndələri bildirirlər ki, Türkiyədə fəaliyyət göstərən şirkətlər xaricdəki müəssisələrində istehsal olunan məhsulları üçün üçüncü ölkələrə satmaq üçün birbaşa ixrac icazəsi tələb edilməsi şərti yoxdur və bu da "qaydaların pozulmasına" səbəb ola biləcək boşluq yaradır.

Tikinti texnikasının İsraildə istifadəsi və "Hidromek" araşdırmaları

Bu yaxınlarda sosial media və xəbər saytları İsrailin Qərb Sahilində apardığı söküntülərdə Ankarada yerləşən “Hidromek” şirkətinə məxsus tikinti texnikasından istifadə etdiyini iddia ediblər. Şəkil 2 avqust 2026-cı ildə Qərb sahilində yaşayan jurnalist və “Associated Press”-in foto-jurnalisti Məcdi Məhəmməd tərəfindən Nablusun şərqindəki Salem şəhərində çəkilib. Bu faktı da “Teyit” araşdırıb və məlum olub ki, “Hidromek”-in İsrail bazarındakı kommersiya fəaliyyəti İsraildə yerləşən “Emcol LTD” distribütoru vasitəsilə həyata keçirilir. Standart distribütor prosedurlarına əsasən, “Hidromek” tikinti texnikasını İsrailə ixrac edir və “Emcol”-a satır, nəqliyyat vasitələrinin mülkiyyəti daha sonra “Emcol”-a keçir.

İstehsalçı məhsulların İsrailə göndərildiyindən xəbərdar olsa da, İsrail daxilində satış, icarə və paylama distribütor “Emcol” tərəfindən həyata keçirilir. Nəticə etibarilə, söküntü əməliyyatları aparan yerli təşkilatlar, subpodratçılar və tikinti şirkətləri bu nəqliyyat vasitələrini birbaşa “Hidromek”-dən deyil, İsrail distribütoru “Emcol”-dan əldə edirlər.

Açıq mənbələrdən və müstəqil tədqiqat təşkilatlarından əldə edilən məlumatları araşdırdıq. Bölgədə kommersiya fəaliyyətini izləyən “Who Profits”-in məlumatına görə, “Hidromek” loqotipli tikinti maşınları əvvəllər Qərb sahilində və Şərqi Qüdsdə söküntülərdə görülüb.

Sənədləşdirilmiş qeydlərə görə, brendə məxsus maşınlar 2010-cu ildə cənubi Hebron təpələrindəki su çənlərinin, 2012-ci ildə Şərqi Qüdsün Beyt Hanina məhəlləsindəki tikililərin və 2013-cü ildə İordan Vadisində ev və sığınacaqlardan ibarət təxminən 70 tikilinin sökülməsində istifadə olunub. Maşınlar həmçinin 2018-ci ildə həm Şərqi Qüdsdə, həm də İordan Vadisində məktəb binalarının sökülməsi və müsadirə edilməsi zamanı da yerində olub. İnsan haqları üzrə qeyri-hökumət təşkilatı “Əl-Haq” da 2020-ci ildə Fələstin ərazilərində aparılan söküntülərdə “Hidromek” maşınlarının görüldüyünü bildirmişdi.

Ceyhan limanı və İraq neftinin İsrailə daşınması

Azərbaycanı İsrailə neft satmaqda ittiham edən Türkiyə cəmiyyətinin bəlli bir hissəsi və media qurumları unudurlar ki, İsrailə ən çox neft tədarük edən dövlətlərdən biri məhz Türkiyə olub. 2014-cü ildən başlayaraq İraq Kürd Regional Rəhbərliyi (IKRR) Bağdaddakı mərkəzi hökumətin icazəsi olmadan Kərkük-Ceyhan boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına neft nəql etməyə başlayıb və Ceyhandan həmin yanacaq gəmilərlə İsrailə çatdırılıb. Xarici media yazır ki, İraqın şimalındakı muxtar bölgədən gələn xam neft yükü İsrailin Aşkelon limanında “SCF Altai” tankerinə boşaldılıb. Muxtar bölgədən çıxarılan neft boru kəməri vasitəsilə Türkiyəyə nəql edilərək orada Ceyhan limanında tankerə yüklənir. Sözügedən yük əvvəlcə Ceyhanda “United Emblem” tankerinə yüklənib, daha sonra isə iyunun ortalarında Malta sahillərində neft “SCF Altai” tankerinə ötürülüb. Seatrade Maritime

Bu arada “Denizhaber” beynəlxalq dəniz nəqliyyatını izləmə platforması “Marine Traffic”ə istinad edərək yazır ki, Şimali İraq nefti İsrailə Türkiyənin Ceyhan limanında yüklənən “United Emblem” gəmisi ilə daşınıb. “United Emblem” İraq hökumətinin embarqosu altında olan gəmilər arasında olmasına baxmayaraq, Türkiyə tranzit ölkə kimi gizli satışın əsas iştirakçısı kimi çıxış edir.

“Marine Traffic”in məlumatlarına görə, “Aşdod” limanı sahillərində lövbər salan gəmi təxminən 1 milyon barel xam neft çatdırır. 2014-cü ilin may ayından 2025-ci ilin mart ayınadək Türkiyə 36,8 milyon barel Şimali İraq neftini həmin ünvana göndərib. Bu prosesdə BOTAŞ (Neft Boru Kəməri Korporasiyası) əsas təchizatçı treyder olub. Maraqlıdır ki, Yunanıstanla daim gərgin münasibətlərdə olan rəsmi Ankara Ceyhandan daşınan nefti daha çox Yunanıstan bayrağı altında üzən “United Emblem”, “United Dynamic” və “United Fortitude” gəmiləri ilə İsrailə çatdırıb. Həmin dövrdə İsrailin Qəzzaya hücumu ilə bağlı Türkiyə cəmiyyətində yaşanan gərginlikdən ehtiyat edən dövrün enerji naziri Taner Yıldız Ceyhanda yüklənən Şimali İraq neftinin Aralıq dənizi bazarlarına, İtaliya və ya Almaniyaya göndərildiyini bəyan edib. Lakin neftlə yüklənən gəmilərin “United Leadership”lə açıq dənizlərdə üzərək İsrailə göndərildiyi gəmiizləmə sxemində təsdiqini tapıb.

Son illərdə Ceyhan limanından yola düşən tankerlərin böyük bir qisminin İraq neftini daşımasına dair məlumatlar daim mediada yer alır. “Kpler” kəşfiyyat məlumatlarına görə, İsrailin neft tədarükünün 40 faizi İraq Kürdüstanından əldə edilir ki, bu da son illərdəki rəqəmlərdən təxminən iki dəfə çoxdur.

İsrailin təxminən 183.000 barel Kərkük xətti ilə neft idxal etdiyi bildirilir. İraq hökumətinin Kərkük-Ceyhan limanına nəql etdiyi neftin faktiki yarısı tankerlərlə İsrailə daşınır ki, burada müxtəlif transkontinental şirkətlər, o cümlədən Kipr identifikasiyalı tankerlər xüsusi yer alır.

Xatırladaq ki, Türkiyənin İraq neftini rəsmi Bağdad hökumətinin icazəsi olmadan İsrailə daşınmasına etiraz əlaməti olaraq İraq dövləti Beynəlxalq Arbitraj məhkəməsinə müraciət edib. Beynəlxalq gəmi izləmə qeydlərinə əsasən, Türkiyə neçə illər ərzində İraq Kürdüstan Regional Hökumətinə məxsus neftin bir hissəsinin 2014-cü ildən etibarən Ceyhan Limanı vasitəsilə İsrailə çatmasına şərait yaradıb. Xüsusilə də, o dövrdə “Çalık Holding”in baş direktoru və daha sonra enerji naziri, Xəzinədarlıq və Maliyyə naziri vəzifələrində çalışan Berat Albayrak ilə “Powertrans” arasında qəbul edilən 1,4 milyard dollarlıq sövdələşmə böyük səs-küy yaradıb.

İraq mərkəzi hökuməti Arbitraja müraciət edərək, Türkiyənin Kürd Regional Hökumətinə Bağdadın icazəsi olmadan 2014-2018-ci illər arasında neft satdığına dair materialları təqdim edib. 2023-cü ilin fevral ayında beynəlxalq Arbitraj məhkəməsi Türkiyənin bu ixracatın davam etməsinə icazə verərək İraq-Türkiyə Boru Kəməri Sazişi üzrə öhdəlikləri pozduğunu müəyyən edib. Məhkəmə Türkiyəyə İraqa təxminən 1,47 milyard dollar təzminat ödəmək qərarı çıxarıb. Türkiyə Paris Apelyasiya Məhkəməsində arbitraj qərarının ləğvi ilə bağlı müraciət etsə də Məhkəmə 2026-cı ilin iyun ayında tələbi rədd edib və Türkiyənin təxminən 1,5 milyard dollar təzminat ödəməsinə qərar verib. Bir müddət əvvəl ABŞ və İsrailin İrana qarşı müharibəsi nəticəsində əsas ixrac marşrutunun kəsilməsindən sonra, İraqın neft naziri Həyan Əbdül Qani bərpa edilmiş boru kəməri vasitəsilə Türkiyədəki təkcə bir limana gündə 250.000 barrel neft nəql edildiyini açıqlayıb. Bu həcm, münaqişədən əvvəl İraqın əsasən cənubdakı Bəsrə limanı və müharibə səbəbindən hərəkətin ciddi şəkildə pozulduğu Hörmüz boğazı vasitəsilə ixrac etdiyi gündəlik təxminən 3,5 milyon barrel neftin yalnız kiçik bir hissəsini təşkil edir.

2025-ci ilin noyabr ayında “Palestinian Youth Movement”, “Energy Embargo for Palestine” və “Progressive Internationa”l tərəfindən Türkiyədən İsrailə göndərilən külli miqdarda neft daşınması haqda hesabat dərc ediblər. Hesabat Türkiyənin ticarət embarqosu elan edildikdən sonra Ceyhandan İsrailə (ümumilikdə təxminən 6463 kiloton olmaqla) ən azı 57 xam neft daşınmasının həyata keçirildiyini açıqlayıb.

Hesabatda bildirilir ki, Bu daşınmalar Türkiyə ilə İsrail arasında sistemli ticarət xətti üzrə baş verir və İsrail hərbi maşınının vazkeçilməz enerji məhsulu ilə müntəzəm olaraq təmin olunmasını təmin edir. İsrailin Hayfa və Aşdod şəhərlərindəki emal zavodları xam nefti İsrail ordusunun ehtiyacları üçün yanacağa çevirir. Bu faktlar Türkiyənin İsrailə tətbiq etdiyi ticarət embarqosunu pozduğunu ortaya qoyur.

Hər bir neft transferi ictimaiyyətin gözündən uzaqda, məxfi şəkildə həyata keçirilən "hayalet" (gizli) daşınmadır. Daşınmada iştirak edən gəmilər Şərqi Aralıq dənizindən İsrail limanlarına hərəkət edərkən təyinat məntəqələrini yanlış bəyan edir və izləmə siqnallarını söndürürlər. Hesabat müəllifləri peyk şəkillərindən istifadə etməklə və məlumatlardakı uyğunsuzluqları aşkar edərək, Türkiyə limanlarını tərk edən neftin mütəmadi olaraq İsrailə çatdırılması sxemini təqdim ediblər.

Türkiyə dövlətinin elan etdiyi siyasətə və suverenliyinə zidd olaraq İsrailə gizli neft daşımaları həyata keçirən gəmilərin əksəriyyəti iki nəqliyyat şirkəti tərəfindən idarə olunur: “Kyklades Maritime Corporation” və “Thenamaris Ships Management”. Yunanıstana məxsus olan bu gəmiçilik şirkətləri təchizat zəncirinin bu mühüm halqasından gəlir əldə edirlər.

Məlum olmuşdur ki, Türkiyənin İsrailə ticarət embarqosu tətbiq etdiyini açıqladığı vaxtdan bəri İsrailə edilən xam neft daşımalarının təxminən 77-80%-i özəl şirkət olan “Kyklades Maritime Corporatio”n tərəfindən idarə olunan və birjada ticarət edilən “Okeanis Eco Tankers Corporation” şirkətinə məxsus gəmilər vasitəsilə həyata keçirilmişdir.

Hər iki şirkət Alafouzos ailəsinə məxsusdur. Alafouzos ailəsinin rəhbərliyi altında "Kyklades" və "Okeanis" beynəlxalq sanksiyaları və embarqoları yan keçmək məqsədilə gizli neft transferləri üçün ödəniş edən treyderlər və dövlətlər qarşısında öndə gələn gəmi meneceri və amatör şirkətlər olmuşdur.

Hesabatda gizli daşıma ilə bağlı konkret fakt açıqlanır: “NISSOS IOS” (IMO: 9886770) gəmisi 2025-ci ilin oktyabr ayından etibarən Türkiyədən İsrailə gizli şəkildə iki xam neft daşınması həyata keçirmişdir. Oktyabrın 20-də gəmi Ceyhan limanından 87,66 kiloton xam neftlə ayrılmış, batma dərəcəsi (suçəkmə dərinliyi) 12,3 metr olaraq qeydə alınmışdır. “NISSOS IOS”-un bəyan edilmiş təyinat limanı OPL Port-Səiddir. Oktyabrın 21-də gəminin Kiprin şərq sahilindən cənuba doğru hərəkət etdiyi müşahidə olunmuşdur.

Gəmi bundan sonra AIS izləmə cihazını üç gün müddətində söndürmüş, ardından oktyabrın 24-də son göründüyü yerin yaxınlığında əks istiqamətdə hərəkət edərək yenidən üzə çıxmışdır. Gəminin suçəkmə dərinliyinin 9,2 metr olduğu açıqlanmışdır ki, bu da izləmə cihazı söndürüldüyü müddətdə daşıdığı xam nefti boşaltdığını göstərir.

Port qeydlərinə əsasən, NISSOS IOS oktyabrın 21-dən oktyabrın 14-dək* nə Port-Səidə, nə də hər hansı Misir limanına və ya bölgəsinə yanaşmışdır. Lakin peyk görüntüləri (şəkil 2) “NISSOS IOS”-un oktyabrın 22-də Aşkelon EAPC terminalında lövbər saldığını göstərir.

Növbəti həftə “NISSOS IOS” yenidən gizli şəkildə Türkiyədən İsrailə 92,08 kiloton xam neft daşımışdır.

Yuxarıda sadaladığımız faktlar Türkiyənin İsrail dövləti ilə iqtisadi-ticari tərəfdaşlığını əks etdirən rəsmi və qeyri-rəsmi tablonun müəyyən hissəsidir.

Mövcud geosiyasi reallıqlar fonunda Türkiyə hökumətinin rəsmi embarqo və məhdudiyyət qərarlarına baxmayaraq, ölkədəki müəyyən təsirə malik işgüzar dairələrinin və bəzi siyasi qrupların nəzarətində olan iri özəl şirkətlər şəbəkəsi İsraillə ticari və iqtisadi əlaqələri qoruyub saxlamağa davam etmişdir. Bu vəziyyət dövlət səviyyəsində elan edilən siyasətlə müəyyən korporativ strukturların qlobal bazar maraqları arasındakı dərin ziddiyyəti nümayiş etdirir.

Türkiyənin bəzi daxili qüvvələrinin nəzarətində olan gəmiçilik və operator şirkətləri birbaşa ixracat məhdudiyyətlərindən yan keçmək üçün üçüncü ölkələrin limanlarından (Misir, Kipr və s.) və müxtəlif dövlətlərin bayraqları altından istifadə edərək tranzit xətlərini aktiv şəkildə işlək vəziyyətdə saxlayırlar.Müəyyən iqtisadi qrupların nəzarətində olan enerji, polad və tikinti nəhəngləri İsraildəki mövcud investisiyalarını, uzunmüddətli layihələrini və təchizat zəncirlərini qoruyub saxlayır. Ceyhan limanı üzərindən həyata keçirilən neft tranziti və üçüncü ölkələrin tankerləri (məsələn, Yunanıstan mərkəzli idarəetmə strukturları) vasitəsilə icra olunan gizli daşımalar bu ticarətin qeyri-rəsmi müstəvidə necə adaptasiya olunduğunu göstərir.

Nəticə etibarilə, bu proseslər dövlətlərarası münasibətlərdən ziyadə, bəzi güclü qrupların və maraqlı dairələrin qlobal ticarət şəbəkələrindəki müstəqil hərəkətliliyini və iqtisadi praqmatizmini əks etdirir.

 

 

Oxşar məqalələr: