Axtarış

Select theme:

Samvel Karapetyanın yanında olan terrorçu Avenesyan kimdir?

18 mart 2026-cı il tarixində İrəvanda milyarder Samvel Karapetyanın (Rusiyada fəaliyyət göstərən "Tashir" şirkətlər qrupunun rəhbəri) lideri olduğu "Güclü Ermənistan" partiyasının təhlükəsizlik komandasının hazırladığı yeni “Güclü Sülh" proqramının təqdimatı olub. S.Karapetyanın partiyasının təhlükəsizlik xidmətinin rəhbəri, müharibə iştirakçısı, adı müxtəlif qalmaqallarda hallanan Artur Avanesyan həmin tədbirdə partiyanın milli təhlükəsizlik konsepsiyasını təqdim edib.

Faktyoxla proqramı təqdim edən A.Avanesyanın kimliyini araşdırıb.

Artur Avanesyan təxminən 30 illik hərbi təcrübəyə malik, Ermənistan Ordusunun kəşfiyyat bölmələrində xidmət etmiş diversant-terrorçudur.

O, Birinci Qarabağ müharibəsindən başlayaraq, 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin İkinci Qarabağ müharibəsində birbaşa iştirak edib. Ermənistanın 2-ci dərəcəli "Döyüş xaçı" ordeni və bir neçə "Şücaət" medalı ilə təltif olunub.

Açıq mənbələrdə onun tam doğum tarixi və yeri barədə dəqiq məlumat yoxdur. “Hayazg” ensiklopediyasında isə eyni soyadlı başqa bir şəxs Artur Alaverdiç Avanesyan 29 dekabr 1968-ci ildə Ağdərə rayonunun Aterk kəndində anadan olmuş kimi qeyd olunur, lakin bu onunla eyni şəxs olub-olmadığı dəqiq təsdiqlənmir. Açıq mənbələrdən əldə etdiyimiz digər məlumatda qeyd olunur ki, o, Ağdərənin Çardaqlı kəndində anadan olub. 1988-ci ildə Rusiyaya, idman texnikomunda oxumağa gedib. 1990-cı ildə Qarabağa qayıdıb. Bundan sonra Ağdərə kəşfiyyat taborunun komandiri, 10-cu motoatıcı briqadanın kəşfiyyat rəisi olub.

2000-ci illərdə o, kəşfiyyat bölməsinin komandiri və daha sonra “hərbi hissə”nin kəşfiyyat rəisi vəzifələrinə qədər yüksəlib. Bu dövrdə o, hazırda qonşu ölkədə Baş nazir postuna namizədliyi irəli sürülmüş Samvel Karapetyanın (“Ohanovski”) rəhbərlik etdiyi komandir heyətinə yaxınlaşıb. 2014-cü ildə təqaüdə çıxıb, su idarəsində rəhbər vəzifələrdə çalışıb. 2016-cı ildə Aprel döyüşləri (dördgünlük müharibə) zamanı polkovnik rütbəsində olan Avanesyanın qrupu yenidən ön xəttə cəlb olunub. Onun rəhbərlik etdiyi terror qruplaşmalarının Tərtər-Ağdərə istiqamətindəki toqquşmalarda aktiv iştirakı qeyd edilir. İddia olunur ki, o, Tərtər (Talış-Suqovuşan) istiqamətində kəşfiyyat bölmələrinin koordinasiyasına cavabdeh idi. Bu döyüşlərdən sonra o, Ermənistanın ali hərbi rəhbərliyi tərəfindən yüksək dövlət mükafatları ilə təltif edilib və kəşfiyyat sistemindəki nüfuzu daha da artıb.

2020-ci ildə (İkinci Qarabağ Müharibəsi) Avanesyanın diversant qrupu daha çox "vəzifəli şəxslərin mühafizəsi" və xüsusi tapşırıqların icrası ilə məşğul olub. Lakin bu dövr həm də onun rəhbərlik etdiyi şəbəkənin hərbi uğursuzluqlarla bağlı daxili tənqidlərə məruz qaldığı zamandır. O, müharibənin ilk günlərindən etibarən Cəbrayıl və Füzuli istiqamətindəki kəşfiyyat əməliyyatlarına rəhbərlik edib. Nəhayət, A.Avanesyanın biabırçı məğlubiyyət seriyasına yekun nöqtə 2023-cü ildə həyata keçirilən 23 saatlıq anti-terror əməliyyatlarında qoyulub. O da acı məğlubiyyətdən sonra qadın paltarında qaçanlardan biri olub.

Adına qoşulmuş “Kandaz” ləqəbi ilə bağlı müxtəlif versiyalar var. Bir versiyaya görə, Ermənilər Qafan yaxınlığında, Qubadlı ilə həmsərhəd ərazidə yerləşən "Kandaz" adlanan yüksəlikdən götürülüb. 1992-ci ilin sonunda Azərbaycan Ordusunun Qafan istiqamətindəki strateji yüksəklikləri nəzarətə götürməsindən sonra, Avanesyanın rəhbərlik etdiyi kəşfiyyat-diversiya qrupu bu yüksəkliklərin geri alınması üçün keçirilən əməliyyatlarda əsas rol oynayıb. Ermənistan mediasının yazdığına görə, məhz bu döyüşdən sonra ona bu ləqəb verilib.

Bir məqamı da qeyd etməliyik ki, Ermənistanda rus-erməni oliqarxların nəzarətində olan mediada Artur Avanesyan üçün saxta əfsanə uydurmaq, terrorçu-diversantdan “qəhrəman” obrazı yaratmaq cəhdləri aydın sezilir.

Misal üçün, onun haqqında Ermənistan mediasında “simasında müharibənin izləri (çapıqlar və yaralar) olan “yaralı döyüşçü” “yaralı veteran" imici daha çox qabardılır. Prosesi izləyən analitiklər, onun üzündəki yaralar seçiciyə "mən sizinlə birlikdə qan tökmüşəm" mesajını verdiyini düşünürlər. Bu, Paşinyanın "məğlub lider" imicinə qarşı ən güclü vizual silahdır.

Ermənistan mediasında onun yaralanma epizodu belə şərh edilir: “Oktyabr ayında Şuşa istiqamətində və ya Xocavənd meşələrində (mənbələr fərqli yer göstərir) baş verən toqquşmaların birində ağır yaralanıb. Onun üzündəki və bədənindəki dərin çapıqlar məhz bu dövrdən — partlayış və qəlpə yaralarından qalmadır”.

Biz öz növbəmizdə, onun haqqında yaradılan saxta əfsanəni bir faktla ifşa edirik. Ermənistan sosial media seqmentini araşdıran zaman məhz bu Avanesyanın 1993-cü ildə çəkilmiş bir fotosunu aşkarladıq. (Hazırda həmin paylaşım silinib).

Paylaşımda yazılıb: 31 avqust 1993-cü il. Kubatlunun azad olunmasında Norayr Danielyanın rəhbərlik etdiyi Martakertdən 100-ə yaxın insan iştirak edib. Soldan birinci Alik Sarqsyan, Artur Avanesyan (Kandaz); Norayr Danielyan, Qriqori Mirzoyan, Vanik.

Həmin fotoda əks olunan Artur Avanesyanın böyüdülmüş kadrına diqqət yetirək. Göründüyü kimi, Artur Avanesyanın siması 44 günlük müharibə dövründə deformasiya uğramayıb, məlumat saxtadır. Onun siması ötən əsrin 90-cı illərində də elə belə olub.

Məsələ bundadır ki, o, uydurulan bu əfsanələrə o qədər aludə olur ki, erməni mediasında dərc edilmiş məqalədə Azərbaycana qarşı açıq terror əməli törətdiyini açıq etiraf edib. Diqqət edək:  

Qeyd etdiyimiz məqalənin bu hissəsində deyilir: “Əvvəlcə kəşfiyyat bölüyü komandiri, sonra isə hərbi hissənin kəşfiyyat rəisi kimi dəfələrlə düşmən xətlərinin arxasına keçərək təxribat və kəşfiyyat əməliyyatları aparıb. Avanesyan ilk təxribat əməliyyatını 1997-ci ildə həyata keçirib. Azərbaycanlı snayperinin açdığı atəşlə erməni mövqeyində dayanan əsgər ölüb. Düşməni cəzalandırmaq üçün o, qonşu Azərbaycan kəndinə soxulub. Avanesyan zarafatla deyir: "Əgər istəsəydim, bu kəndin başçısı seçilə bilərdim". Kəndə girən kimi yaxınlıqdakı bir mövqeni minalayıb və oradan uzaqlaşıb. Azərbaycan əsgərləri həmin minalara düşərək həlak olublar”

Diqqət yetirdiksə, erməni mediasında dərc olunan bu məqalənin ekran görüntüsünü erməni dilində verməyə məcbur olduq. Çünki həmin məqalənin həm rus, həm ingilis dilində olan tərcümə versiyaları saytdan silinib. Səbəb yəqin ki, Azərbaycanlı dinc sakinlərə və hərbçilərə qarşı törədilən terror aktının açıq-aşkar etirafıdır.

Ermənistan mediasında dərc olunan məqalələrə, Ermənistan hüquq-mühafizə orqanlarının istintaq materiallarına və özünün etiraflarına əsaslanaraq Avanesyanın obrazını belə cızmaq olar: vəzifəlilərin mühafizəsini təşkil edən, dinc sakinlərə (hətta öz xalqına qarşı) qənim kəsilən muzdlu qatil, peşəkar diversant.

Fikirlərimizi təsdiqləmək üçün vacib bir detalı da xatırladırıq. 17 avqust 2019-cu il tarixində “hrapark”-da Anuş Dantesin imzası ilə “Biz İrəvana hökumət binasını mühafizə etmək üçün gəlmişdik, anlayırsınız bunu?” başlıqlı məqalə dərc olunub. Məqalə 1 mart 2008-ci ildə Ermənistanın paytaxtında mitinq iştirakçılarına atəş açılması nəticəsində qətlə yetirilən şəxslərin işi ilə bağlı aparılan istintaq işinin materialları əsasında hazırlanıb.

Məlum olub ki, qondarma qurumun terrorçu birləşmələrinin komandan müavini Samvel Karapetyan (sənədlərdə həm də “Ohanovski” ləqəbi ilə qeyd olunur-fy) Ermənistanda hakimiyyətdə olan “Qarabağ klanının” hakimiyyətini qoruyub saxlamaq üçün snayperçilər də daxil olmaqla Qarabağdan neçə yüz təxribatçı-qatili İrəvana gətirib. İstitaq 1 mart ərəfəsində İrəvana gələn qrupun harada qaldığını, bölmələrin komandirlərinin kimliyini, kimin əmrlərinə tabe olduqlarını, harada yaşadıqlarını, nə yediklərini, gigiyena məhsulları və qida təminatını və s. kimin təmin etdiyini araşdırıb. Qeyd olunub ki, əvvəlcə Qarabağdan 300 qatil-təxribatçı gətirilib, lakin sonradan onların sayı 400-ə çatdırılıb. “Ohanovski” xatırlayır ki, birbaşa rəisi Movses Akopyanın (Azərbaycan tərəfindən Xocalı soyqırımını törədənlərdən biri və hərbi cinayətkar kimi qəbul edilir) əmri ilə o, Robert Köçəryanın çağırdığı məsləhətləşmələrdə iştirak etmək üçün 22 fevralda İrəvanda olublar. Məsləhətləşmələr başa çatdıqdan sonra komandiri ona İrəvanda qalacağını və "terrorçuları Ermənistana gətirmək üçün” Qarabağa gedəcəklərini deyib. Bu, müxtəlif bölmələrdən ibarət birləşmiş tabor (batalyon) olmalı idi. Materiallarda bildirilir ki, separatçılar şəxsi silahları, avadanlıqları və döyüş sursatları ilə gəliblər, lakin qondarma rejimin terror birləşmələrinin maşınları və formalarındakı nişanlar dəyişdirilib. Səbəbi soruşulduqda, Samvel Karapetyan belə cavab verir: "Məqsəd lazımsız gərginliyin qarşısını almaq üçün “DQR” qoşunlarını fərqləndirməmək idi."

İfadələrin ən vacib hissələri müstəntiqin “Ohanovski”nin ən təlim keçmiş və psixoloji cəhətdən sabit 400 nəfər arasından 60 nəfərdən ibarət qrup yaradıb-yaratmadığı, mümkün hərəkətlərini izah edib və zərurət yarandıqda dinc sakinlərə atəş açmaq əmrinin veriləcəyini bildirib. Müstəntiqin sözlərinə görə, yalnız 20 nəfər bu addımla razılaşıb və "Akim" ləqəbli Aram Sarkisyanın rəhbərliyi altında hərəkət ediblər. Onların arasında dörd kiçik qrup yaradılıb və mərkəzdə insanları güllələyən "Kandaz" (məqalədə söhbəti gedən Artur avanesyan nəzərdə tutulur-fy), "Tsul Nverik" və digər şəxslər də olub. Əlbəttə ki, Samvel Karapetyan bunu qəti şəkildə təkzib edərək, heç kimin insanlara atəş açmaq əmrini vermədiyini bildirib.

“Biz “Ohanovski”nin ifadəsində qeyd etdiyi müxtəlif ləqəbli muzdlularla və onların istintaq orqanına çağırılıb dindirilib-dindirilməməsi ilə maraqlandıq. Bu məsələni İstintaq İdarəsinə çağırılıb ifadə verən Ağdərə bölməsinin kəşfiyyat rəisi, tanınmış “Kandaz” Artur Avanesyanla müzakirə etdik”-deyə qeyd edilən məqalədə A.Avanesyanın fikirləri də yer alıb. Müsahibədə A.Avanesyan səslənən bütün iddiaları təkzib edir, heç bir günahının olmadığını sübut etməyə çalışır. O, təbii olaraq dinc sakinlərə atəş açmadığını deyir, yerli sakinlərdən fərqlənməmək üçün hərbi formalarını dəyişdiklərini təkzib edir, “Xaki” ləqəbli qrup rəhbərindən dinc sakinlərə atəş açılması haqda əmr alınmadığını, ümumiyyətlə belə bir şəxsi tanımadığını bildirir, İrəvana gəlişini isə yalnız “ hökumət binalarını qorumaq, təhlükəsizliyini təmin etməklə” əlaqələndirir.  Dinc sakinlərə atəş açılması ilə bağlı suala vətənpərvər obrazına girərək “hansı axmaq öz xalqına atəş açar”-, deyə cavab versə də, “axı atəş açılıb” təkrar sualına “bəli, hansısa əclaflar bunu ediblər, onları axtarmaq lazımdır”-deyə narazılıq edib. Sonradan jurnalistin “Məgər Ermənistanda polis və ya hərbi qulluqçular yox idi ki, siz Qarabağdan gəlmişdiniz” sualı qarşısında çaş-baş qalan “Kandaz” cavabı ilə özünü ələ verir: “Siz hərbi xidmətdə olmamısınız, bilmirsiniz ki, yuxarı komandanlığın əmri müzakirə olunmur, yalnız yerinə yetirilir. Əgər bizə əmr verilibsə...”

Belə məlum olur ki, Avanesyan çox vaxt Karapetyan kimi fiqurların "təhlükəsizlik çətiri" altında fəaliyyət göstərərək, bölgədəki qeyri-qanuni biznes dövriyyəsinə (məsələn, talan edilmiş resursların daşınması) nəzarət (“krışalıq”) edib, külli miqdarda pul qazanıb.

Yəni ermənilər bu şəxsi ibarələr, təriflərlə nə qədər bəzəsələr də yekunda yuxarıda qeyd etdiyimiz kimi tipik quldur-terrorçu obrazı qalır.

 

Oxşar məqalələr: