Avropa İttifaqı İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu qrup kimi tanıyıb. Bu barədə “Alman Dalğası” (DW) məlumat yayıb.

Məlumatda bildirilir ki, İranın Ali Dini Lideri Ayətullah Əli Xameneiyə birbaşa tabe olan bu elit bölmənin qara siyahıya salınması qərarı, İran hökumətinin etirazçılara qarşı törətdikləri zorakılıqlar zamanı on minlərlə insanın öldüyü iddia edilən təsdiqlənməmiş məlumatlar fonunda verilib.
İslam İnqilabı Keşikçiləri Korpusu etirazları qəddarcasına yatırmaqda, Rusiyaya silah tədarük etməkdə, İsrailə ballistik raketlər atmaqda və Tehranın “Hizbullah”, “Həmas” və Yəmən husiləri kimi silahlı müttəfiqləri ilə sıx əlaqələr saxlamaqda ittiham olunur.
Xatırladaq ki, ABŞ, Kanada və Avstraliya artıq SEPAH-ı terror təşkilatı kimi tanıyıb. Almaniya və Niderland dəfələrlə Avropa İttifaqını eyni addımı atmağa çağırıb.
Aİ Xarici İşlər naziri Kaja Kallas bildirib ki, Aİ xarici işlər nazirləri cümə axşamı günü İranın İslam İnqilabı Keşikçiləri Korpusunu "terrorçu" qrup kimi tanımaq barədə razılığa gəliblər. K.Kallas əlavə edib ki, "Minlərlə öz vətəndaşını öldürən istənilən rejim öz süqutuna doğru gedir".

Brüsseldə keçirilən görüşdə SEPAH-nin terrorçu təşkilat siyahısına daxil edilməsi qərarından əvvəl nazirlər aktivlərin dondurulması və viza qadağası tətbiq oluna biləcək 15 şəxsin və altı "təşkilatın" qara siyahıya salınmasına səs veriblər. Aİ-nin rəsmi saytında dərc olunmuş qətnaməyə əsasən, siyahıya İranın Daxili İşlər naziri İskəndər Momeni, Baş prokuror Məhəmməd Movahed-Azad, İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirləri, polis rəisləri, İran İnqilab Məhkəmələrinin hakimləri və senzura və nəzarətlə məşğul olan kiber-zabitlər daxildir. Bundan əlavə, adı çəkilənlər arasında İranın ballistik raket sənayesi ilə əlaqəli olan “Şahid Bagheri” Sənaye Qrupunun direktoru Əmir Radfar və İran Müdafiə Nazirliyinin ön cəbhəsi kimi fəaliyyət göstərən və Rusiyaya dronlar və komponentlər tədarük etdiyini iddia olunan “Sahara Thunder” şirkətinin rəhbəri Hüseyn Bakşayeş də var. Sanksiyalar siyahısına İran istehsalı olan dronların, raket texnologiyalarının və komponentlərinin Rusiyaya ötürülməsində iştirak edən bir neçə şirkət, o cümlədən “Sahara Thunder”, “Fanavaran Sanat Ertebatat Company”, “Khojir Missile Development and Production”, eləcə də silah daşınmasını dəstəkləməkdə ittiham olunan gəmiçilik və logistika şirkətləri daxildir. Hədəfə alınan qurumlar arasında “İranın Audiovizual Media Tənzimləmə Təşkilatı” (SATRA), “Cinayət Məzmunu üzrə İşçi Qrupu” və internetin bağlanması, senzura, dezinformasiya kampaniyaları və onlayn nəzarət aparmaqda ittiham olunan SEPAH ilə əlaqəli bir neçə kiber və texnologiya təşkilatı var. iranintl

O da qeyd olunur ki, Aİ-nin SEPAH-ni “qara siyahı”ya salmaq qərarı əvvəllər bu qərara etiraz edən Fransa və İtaliyanın bu addımı dəstəklədiklərini elan etməsindən sonra baş tutub.
Məsələ bundadır ki, qeyd edilən qərar qəbul olunandan bir gün əvvələ qədər vəziyyət qeyri-müəyyən olaraq qalırdı. İslam İnqilabı Keşikçiləri Korpusunun qara siyahıya salınması ideyası Aİ-də uzun müddət müzakirə olunsa da, bir sıra aparıcı ölkələr - əsasən Fransa və İspaniya - bu addımı dəstəkləməkdə tərəddüd edirdilər. Onların razılığı olmadan yekdilliyə nail olmaq mümkün deyildi. isranews.tv
Fransa, İranda girov saxlanılan avropalılara neqativ təsirindən etdiyi üçün bu qurumun “terrorçu qrup” kimi tanınması qərarına səs verməkdə uzun müddət tərəddüd edib. Fransa həmçinin Tehranla diplomatik münasibətləri hələ də qorumağa çalışır.
Dönüş nöqtəsi çərşənbə günü, xarici işlər nazirlərinin görüşündən bir gün əvvəl baş verib. Yelisey Sarayı rəsmi olaraq elan edib ki, "Fransa İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa terror təşkilatları siyahısına daxil edilməsini dəstəkləyir".
Fransanın xarici işlər naziri Jan-Noel Barrot cümə axşamı səhər Brüsseldə jurnalistlərə bildirib ki, Paris terrorçu təşkilat elan edilməsini dəstəkləyir, çünki ruhani rejimin "törədiyi cinayətlər" cəzasız qala bilməz. Barrot əlavə edib ki, bu qərar həmçinin "Fransanın İran hakimiyyətini İranın müasir tarixində ən qəddar repressiyaları davam etdirən edamlara son qoymaq üçün rejim tərəfindən həbs edilən minlərlə məhbusu azad etməyə çağırışı" kimi də qəbul edilə bilər.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful hərbi qurumun terror təşkilatı kimi tanınmasının "nəhayət ki, baş verdiyindən çox məmnun olduğunu bildirib və əlavə edib ki, Aİ üzvlərinin ortaq nəticəyə gələ biləcəklərinə çox əmindir.
Aİ-nin SEPAH-ı terror təşkilatları siyahısına daxil etməsi nə məna daşıyır?
Bu təsnifat, yanvar ayında İranda minlərlə insanın ölümünə səbəb olan hökumət əleyhinə etirazların qəddarcasına yatırılmasına simvolik cavabdır.
"Əgər terrorçu kimi davranırsınızsa, sizə də terrorçu kimi davranılmalıdır"-deyə Kallas görüşdən əvvəl jurnalistlərə bildirib.
Estoniyanın keçmiş baş naziri və hazırda Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi olan Kallas bildirib ki, bu addım İslam İnqilabı Keşikçiləri Korpusunu “Əl-Qaidə”, HƏMAS və sözdə “İslam Dövləti” adlanan terrorçu qruplarla "eyni səviyyəyə" qoyacaq.
SEPAH-nın terrorçu siyahısına əlavə edilməsi təşkilatın Avropadakı aktivlərinin tamamilə dondurulması və onun strukturları ilə bütün növ maliyyə əməliyyatlarının qadağan edilməsi və səyahət məhdudiyyətlərinin tətbiqi demək olacaq. Bu, İran təhlükəsizlik qüvvələrinin iqtisadi bazasına güclü zərbə vuracaq, çünki Korpus İranın kölgə iqtisadiyyatının və strateji müəssisələrinin əhəmiyyətli bir hissəsinə nəzarət edir. Eyni zamanda, Aİ insan haqlarının pozulmasında iştirak edən vəzifəli şəxslərə qarşı yeni fərdi sanksiyalar paketi hazırlayır.
Bu addım faktiki olaraq İranın dövlət hakimiyyətinin bir hissəsi olan və Ali Lider Əli Xamenei tərəfindən ciddi şəkildə nəzarət edilən hərbiləşdirilmiş bir quruma qarşı ilk sərt addım olacaq.
DW “İslam İnqilabı Keşikçiləri Korpusu” nədir?” sualına cavab axtarıb
Məqalədə bildirilir ki, İslam İnqilabı Keşikçiləri Korpusu Tehranın təhlükəsizlik qüvvələrinin əsas ideoloji qoludur. O, 1979-cu il inqilabından sonra ruhaniləri qorumaq və rejimin şiə-islamçı ideologiyasını və inqilab prinsiplərini dəstəkləmək üçün yaradılıb.

İslam İnqilabı Keşikçiləri Korpusu İranın ənənəvi silahlı qüvvələri ilə qarışdırılmamalıdır; bu, 1979-cu il İslam İnqilabı zamanı yaradılmış paralel hərbi birləşmədir. Hava, quru və dəniz qüvvələrini özündə birləşdirir və İranın fundamentalist rejimini müdafiə edir. Onun xüsusi əməliyyat bölməsi olan elit “Qüds Qüvvələri” Livan, Suriya və İraqda “Hizbullah” kimi proksi milislərin yaradılmasına dəstək verib. Qrup birbaşa Ali Rəhbər Ayətullah Əli Xameneiyə tabedir və ordu, donanma və hava qüvvələri bölmələri də daxil olmaqla 125.000 döyüşçüsü olduğu təxmin edilir. O, həmçinin İran ruhaniləri tərəfindən hökumət əleyhinə etirazları yatırmaq üçün istifadə edilən hərbiləşdirilmiş qüvvə olan “Bəsic”-ə rəhbərlik edir. Proksi qüvvələri dəstəkləməklə yanaşı, SEPAH-nın İsrailə birbaşa hücumları idarə etdiyi və sponsorluq etdiyi də bildirirlir. Buraya İraq və Suriyada SEPAH tərəfindən dəstəklənən milislərin raket hücumları, Fars körfəzində İsraillə əlaqəli gəmilərə dəniz hücumları və İsrail infrastrukturunu hədəf alan kiber əməliyyatlar daxildir.

İran öz növbəsində Aİ-ni elit döyüş birləşməsinin terror təşkilatı elan edilməsinin "dağıdıcı nəticələrə" səbəb olacağı barədə xəbərdar edib.