"Snus" və nikotin paketləri (“nikpaklar”) sadəcə zərərsiz bir vərdiş və ya “dəbli məhsul” deyil. Bu, tüstüsüz, lakin birbaşa orqanizmə daxil olan, yüksək asılılıq potensialına malik psixoaktiv maddə — nikotinin qəbulu üsuludur.
Onun ənənəvi siqaretdən fərqi tüstüsünün olmamasındadırsa, lakin bu, zərərsizliyi demək deyil.
"Snus" və nikotin paketləri: Nədir?
"Snus" — tütün tərkibli tüstüsüz məhsuldur.
Nikotin paketləri — onun tütünsüz analoqudur, burada sintetik nikotin onun sellüloza əsasına tətbiq olunur.

Hər iki halda əsas təsiredici maddə — nikotindir
- Güclü kimyəvi asılılıq yaradan psixoaktiv maddə
- Beynin dopamin reseptorlarına təsir edərək, həzz və mükafat sistemini yenidən proqramlaşdırır
Yeniyetmələrdə nikotin beyin strukturlarının inkişafını pozur, bu da gələcəkdə idrak zəifliyinə və emosional qeyri-sabitliyə səbəb olur.

Niyə asılılıq sürətlə formalaşır?
Ənənəvi siqaretlərdən fərqli olaraq, müasir tüstüsüz məhsullar kimyəvi manipulyasiyalardan istifadə edir:

- Paketlərə “pH” səviyyəsini yüksəldən duzlar əlavə edilir. Bu, nikotinin ağız boşluğunun selikli qişasından birbaşa qana keçməsini təmin edir və beyinə ani “zərbə” vurur;
- Bir paketdə olan nikotin miqdarı eyni anda çəkilən bir neçə siqaretin dozasına bərabər ola bilər;
- Maddə ağızda 20–30 dəqiqə qalır və beləliklə, qanda nikotinin “uzunömürlülüyünü” siqaretlə müqayisədə daha uzun müddət saxlayır.
Riskləri və fəsadları
- Beyinə və psixikaya

Nikotin beynin diqqət, yaddaş və impulslara nəzarət sahələrini "sındırır". Gənclərdə bu, gələcəkdə depressiv pozuntuların və digər asılılıqların yaranma riskini artırır.
2. Ürək və damar sisteminə
Zəhərli maddə olaraq nikotin aşağıdakılara səbəb olur:
- Periferik damarların davamlı spazmı
- Arterial təzyiqin kəskin yüksəlməsi
- Miokardın (ürək əzələsinin) həddindən artıq yüklənməsi, bu da erkən infarkt riskini yaradır
3. Ağız boşluğuna geridönməz zərər
Nikotin və qələvi mühitlə daimi təmas nəticəsində:
- Diş ətinin çəkilməsi (resessiya): Diş əti toxuması geri çəkilir və dişin kökü açılır. Bu dəyişiklik çox vaxt geridönməz xarakter alır və cərrahi müdaxilə tələb edir.

- Leykoplakiya: Selikli qişada xərçəng öncəsi vəziyyət hesab olunan ağ ləkələrin yaranması.
4. Onkoloji Riskləri
Tüstüsüz tütün məhsulları spesifik nitrozaminlərlə zəngindir. Araşdırmalar “snus” istifadəsi ilə mədəaltı vəzi, qida borusu və ağız boşluğu xərçəngi arasında birbaşa əlaqəni təsdiqləyir.

İctimai rəyin manipulyasiyasi
Bu məhsulların marketinqi "anlayışların əvəzlənməsi" üzərində qurulub:
- "Alternativ" və ya "daha az zərərli" kimi terminlərdən istifadə edilir;
- Gəncləri cəlb etmək üçün parlaq dizayn və müxtəlif dadlardan (meyvə, nanə) istifadə edilir;
- Ətrafdakılar üçün "tüstü yoxdur" deyərək saxta təhlükəsizlik illüziyasının yaradılır.

Nəticə
“Snus” nikotin asılılığını saxlamaq və gücləndirmək üçün bir vasitədir. O, ürək-damar sisteminə davamlı zərbə vurur və ağız boşluğu toxumalarında geridönməz fəsadlar yaradır. “Snus”u siqaretin "ağıllı" əvəzedicisi kimi təqdim etmək sağlamlığın itirilməsinə aparan təhlükəli bir yanlışlıqdır.
Mənbələr:
- Ümumdünya Səhiyyə Təşkilatı (ÜST / WHO) — Tütün və nikotin haqqında əsas faktlar
- ÜST Avropa Bürosu (WHO Europe) — Tüstüsüz tütün və nikotin məhsulları üzrə hesabat
- Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) — Tüstüsüz tütünün sağlamlığa təsirləri
- CDC — Nikotin və gənclərdə beyin inkişafı
- Milli Sağlamlıq İnstitutları (NIH / PubMed) — Snusun ağız boşluğu sağlamlığına təsiri
- Avropa Komissiyası (European Commission) — İctimai səhiyyə və tütün siyasəti