Bir könüllü nə zaman təbliğat ruporuna və ya “müşahidə missiyası” necə diqqət çəkmədən mandatının hüdudlarını aşaraq Cənubi Qafqazın ən həssas bölgələrindən birində siyasi manipulyasiyaların bir parçasına çevrilir? Bu suallar, Avropa İttifaqının Ermənistandakı Missiyası (EUMA) ilə bağlı yeni detallar üzə çıxdıqca daha da aktuallaşır.
2025-ci ilin fevral ayında EUMA-nın “LinkedIn” səhifəsində Ermənistan və Azərbaycan şərti sərhədində biri mülki geyimdə, digəri isə Aİ missiyasının ənənəvi göy qısaqol gödəkcəsində olan 2 nəfərin foto görüntüsü yayıldı.
EUMA-nın paylaşımında bu şəxs ABŞ-nin Boston Universitetinin doktorantı, bu ölkənin vətəndaşı olan “David R. Hackett” kimi təqdim olunurdu.
Araşdırma nəticəsində müəyyən etdik ki, bu şəxs nə Ermənistana səfər edən sıravi turistdir, nə neytral tədqiqatçı. O, heç Avropa İttifaqının vətəndaşı da deyil. O, milliyyətcə erməni, erməni lobbisinin fəal üzvü, qondarma “soyqırımı”nın təbliğatçısı və qondarma “Dağlıq Qarabağ Respublikası” ilə uzun illər əlaqədə olan biridir.
Bəs bu elmi araşdırmaçının, doktorantın Ermənistan- Azərbaycan şərti sərhəddində, missiyasının sərhəd patrulunda nə işi var? EUMA-nın rəsmi mandatına əsasən, missiya yalnız Aİ vətəndaşlarından ibarətdir və funksiyası isə sadəcə “müşahidə etmək və hesabat vermək”dir.
Bəs bir ABŞ vətəndaşı, üstəlik tarixin tozlu səhifələrinə qarışmış qondarma separatçı rejimlə əlaqəli siyasi şəxs, niyə və necə Aİ-nin sərhəd missiyasında iştirak edir?
O, erməni mənşəli olduğunu özü də açıqlayıb. Dediyinə görə, ulu nənəsi Varter Boğosyan Türkiyənin Elaziğ şəhərindən ABŞ-yə köçüb. David Haket bu şəhərin adını belə dəyişdirərək saxta erməni adı ilə (Harput) adlandırır, özünü isə qondarma “soyqırımı” qurbanının nəvəsi kimi təqdim edir.
Təkcə bu fakt onun əsl niyyətlərini anlamaq üçün kifayət edər bəlkə də. Amma onun tərcümeyi-halında aşkar etdiyimiz digər məqamlar da mövzunu diqqətdə saxlamağa çağırır.
Araşdırma nəticəsində öyrəndik ki, David Haketin ixtisası “Soyqırım tədqiqatları, yaddaşının qorunması və Cənubi Qafqazda geosiyasət”dir. Akademik fəaliyyətinin kulminasiyası isə belə adlanır: “DİASPOR DİPLOMATİYASI - Erməni diasporasının soyqırımının tanıdılması sahəsində apardığı təbliğatın effektivliyi”.
Haketin tərcümeyi-halı lobbiçilik, manipulyativ etnik kimlik siyasətinin içərisində gizlənən birinin plan dəftərinə bənzəyir.
Onun “Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurumun “Xarici İşlər Nazirliyi”ndə keçdiyi “təcrübə”, “Erməni Soyqırımı Muzeyi və İnstitutu”ndan aldığı mükafat və s. mükafatlar, prizlər Haketin bölgəni elə-belə, ötəri istəklə araşdırmağa və öyrənməyə gəlmədiyini, bütün gücü ilə ideoloji müharibədə iştirakçı olduğunu təsdiqləyir.
Haketin Ermənistana ilk səfəri 2023-cü ildə “Birthright Armenia” proqramı çərçivəsində baş tutub. Qeyd edək ki, bu proqramın əsas məqsədi diaspor ermənilərini “vətən”lə tanış etməkdir. Əslində bu Proqram erməni lobbisinin “yumşaq güc” vasitələrindən biridir. Proqramın təsisçisi Edel Hovnanian, erməni lobbisinin təkcə ABŞ-də deyil, bütün dünyada ən böyük təşkilatı olan “Amerika Ermənilərinin Milli Assambleyası” (ANCA) ilə sıx bağlılığı olan bir xeyriyyəçidir.
Artıq EUMA Ermənistan-Azərbaycan münasibətlərində neytral müşahidəçi kimi təsəvvür etmək, qəbullanmaq demək olar ki, mümkünsüzdür. Haket kimi şəxslərin bu missiyada bu və ya digər formada iştirakı, hansı ki, açıq şəkildə erməni milliyyətçi şəbəkələri ilə əlaqələri var, demək bu, sadəcə protokol pozuntusu deyil, həm də məqsədyönlü atılmış addımdır.
Haketin sərhəddə, Aİ missiyasının bayrağı altında patrolda iştirak etməsi daha ciddi bir siqnal verir: birtərəfli narrativin yaradılması və legitimləşdirilməsi üçün düşünülmüş məqsədyönlü addım. EUMA Haketin iştirakı ilə faktiki olaraq birtərəfli siyasi şərhlərlə zəngin hesabatların hazırlanmasına zəmin yaradır. Bu baxımdan sözügedən təşkilat açıq şəkildə elan olunmamış, lakin gizli və təsirli bir təbliğat maşınına çevrilib.
ABŞ Dövlət Departamenti Ermənistan-Azərbaycan şərti sərhədinə səfərlərlə bağlı xəbərdarlıq etsə də, Haketin sərbəst şəkildə bölgəyə gəlməsi, öz dövləti tərəfindən verilmiş bu cür xəbərdarlıqlara məhəl qoymaması bir daha sübut edir ki, o, adi vətəndaş deyil və istənilən vətəndaş, özəlliklə tələbə bu cür qaydalara riayət edərdi. Haketin davranışı isə onun müəyyən “immunitet”i olduğunu və gizli məqsədlərlə hərəkət etdiyini göstərir.
Bəs rəsmi vəzifəsi, Aİ vətəndaşlığı olmayan, açıq-aşkar anti-Azərbaycan siyasi fəaliyyəti ilə tanınan gənc bir amerikalı niyə bu qədər “gərgin” (hər halda elə EUMA-nın fəaliyyəti belə deməyə əsas verir) zonaya gətirilir?
Cavab EUMA-nın qeyri-şəffaf gündəmində gizlənir. Haket kimi aktivistləri həssas dönəmdə, belə gərgin bölgəyə gətirməklə erməni tərəfinin saxta ittihamlarından ibarət məlumatlar təqdim etmək, Azərbaycan reallıqlarını isə görməzdən gəlmək, Avropada Ermənistana simpatiya bəsləyən media və QHT-lərə birtərəfli narrativlər ötürmək, separatçıların terrorçuluq fəaliyyətlərini legitimləşdirmək üçün qeyri-qanuni rejimlərlə əlaqəsi olan şəxsləri maraqlandırmaq və ən təhlükəlisi - sülh quruculuğu səylərinə zərbə vurmaqla bölgədəki gərginliyi qəsdən artırmaq niyyətləri güdürlər.
Bəlli olur ki, bu situasiyada Haket adi “könüllü müşahidəçi” də deyil. O, planlı şəkildə yerləşdirilmiş bir “yumşaq təxribat” vasitəsidir. Onun yazıları, əlaqələri və akademik fəaliyyəti bunu açıq şəkildə göstərir: o, manipulyasiya yönümlü bir siyasi vasitədir.
Bu hadisə təkcə bir insident deyil - EUMA-nın fəaliyyətindəki dərin pozuntuların simptomudur.
Burada təəccüb artıq Aİ-nin sadəcə görməməzlikdən gəlməsində deyil. Məsələnin alt qatında daha çətin suallar var: Avropa İttifaqı qeyd edilən manipulyasiya kampaniyasının birbaşa iştirakçısıdırmı?
Artıq hadisələri öz adı ilə çağırmağın vaxtıdır. David Hackett sadəcə soyqırım tədqiqatlarına marağı olan bir doktorant deyil. O, lobbi ilə əlaqəli siyasi bir fiqurdur, akademik tədqiqatçı və könüllü maskası altında sərhəddə gətirilmiş fiqurdur. Bəs EUMA? Artıq kimə xidmət etdiyini və kimin sülhünü təbliğ etdiyini ciddi şəkildə sorğulamağın zamanıdır. Azərbaycan hələ nə qədər bu cür “neytral missiya” adı altında bir tərəfin gündəmini təbliğ edən strukturlara dözməlidir?