REAL Partiyasının sədri İlqar Məmmədov digər siyasətçilər kimi Ermənistanı Azərbaycana nümunə gətirərək bu ölkədə iqtisadi artımın və sosial vəziyyətin Azərbaycandan yaxşı olduğunu iddia edib.

Faktyoxla Lab. İlqar Məmmədovun Ermənistan iqtisadiyyatının Azərbaycandan yaxşı vəziyyətdə olması barədə iddialarına aydınlıq gətirməyə çalışıb.

O, iddia edir ki, Azərbaycan Cənubi Qafqazda ən aşağı əməkhaqqına malik ölkədir və Ermənistanda orta əmək haqqı bizdəkindən 240 manat çoxdur. Azərbaycanda əmək məhsuldarlığı digər region ölkələri ilə müqayisədə daha aşağıdır.



Əvvəla, qeyd edək ki, bu cədvəldəki statistika təhrif olunur. Cədvəldə Azərbaycanda orta aylıq əməkhaqqı təxminən 520 dollar, Ermənistanda isə 680 dollar civarında olduğu göstərilir.

Əslində isə Ermənistanda orta aylıq əməkhaqqı 2023-ci ildə 265 min dram və ya 658 dollar, sənayedə çalışanların orta aylıq əməkhaqqı isə 203 min dram və ya 504 dollara bərabərdir.

 
Bu ölkədə orta aylıq əməkhaqqının qeyd edilən məbləğdə görünməsinin səbəbi iqtisadi inkişafdan qaynaqlanmır, dövlət aparatında işləyənlərin digər kateqoriyalara nisbətən daha yüksək maaş alması və ümumilikdə dövlət idarəetmə xərclərinin məbləğinin çox olması hesabına böyüyür. Yəni, artımın arxasında real iqtisadi sektor dayanmır. Bunun nəticəsidir ki, iqtisadiyyatın əsas ağırlıq mərkəzi olan sənayedə orta aylıq əməkhaqqı 504 dolları ötmür.
Azərbaycanda 2023-cü ilin yanvar-oktyabr aylarında orta aylıq əməkhaqqı  921,1 manat (542 dollar) ötüb ki, bu İ.Məmmədovun  təqdim etdiyi cədvəldəki rəqəmdən yüksəkdir.

Eyni zamanda, Azərbaycan iqtisadiyyatının sənaye bölməsində isə orta aylıq əməkhaqqı daha yüksək olub (yanvar-avqust aylarında 1174,7 manat təşkil edib, 691 dollar) ki, bu da Ermənistan sənayesində çalışanların maaşından 187 dollar, ölkə üzrə orta aylıq əməkhaqqından isə 33 dollar çoxdur.     

Həmçinin, Azərbaycan iqtisadiyatının real sektorlarının əsas sütunları olan mədənçıxarma sənayesi, rabitə və texnologiyalar, maliyyə və sığorta və s. sektorlarda orta aylıq nominal əməkhaqqı daha yüksəkdir. Özəl sektorda hətta 5 min manatdan, yəni, 3 min dollardan da çox qazananlar var. istinad

Ermənistanda normal maaş alanlar yalnız dövlət məmurları olsa da, iqtisadi və sosial sferalarda çalışanların, ümumilikdə əhalinin mütləq əksəriyyətinin maaşları çox aşağıdır. Əhalinin 20 faizini təşkil edən pensiyaçı və təqaüdçülərin orta aylıq pensiyası təxminən 53 min dram, yəni 106 dollardır. Minimum pensiya məbləği təxminən 31,6 min dram (75 dollar) təşkil edir.
Azərbaycanda isə pensiyaların orta məbləği 423 manat (249 dollar), yaşa görə pensiyaların orta aylıq məbləği 456 manat (268 dollar), minimum pensiya 280 manatdır (142 dollar). istinad
Azərbaycanda minimum əməkhaqqı 345 manat, yəni 203 dollara bərabərdir.
Ermənistanda isə “Minimum əmək haqqı haqqında” qanuna və Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərdən sonra 2023-cü il üzrə minimum əmək haqqı 68-75 min dram və ya 168-185 dollara yaxındır.

Bizə yazın: 

Facebookda 

Teleqramda 

Tvitterdə 

Bir məqamı da xüsusi olaraq nəzərə almaq lazımdır ki, orta aylıq əməkhaqqı və orta aylıq pensiya, yaxud digər göstəricilərdən danışarkən həmin gəlir indekslərinin nominal dəyəri ilə alıcılıq qabiliyyəti paritetini də müqayisə edərək nəticə çıxarılır. Alıcılıq qabiliyyəti paritetinə əsasən, hesablanan məzənnə, ABŞ dollarının ABŞ-da alacağı miqdarda məhsulu digər ölkənin bazarında almaq üçün tələb olunan yerli valyuta dəyəridir. Bu baxımdan Ermənistanda orta aylıq əməkhaqqının dollar ifadəsi ilə dəyəri Azərbaycandakı orta aylıq əməkhaqqının dollar ifadəsi ilə dəyərindən ucuzdur. Eyni zamanda, Azərbaycan minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış beynəlxalq dollar ifadəsində MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yeri tutur, ümumi sıralamada ikinci yerdə qərarlaşır.

Digər göstərici ölkənin iqtisadi-milli təhlükəsizlik yastığı hesab edilən strateji valyuta ehtiyatlarının həcmidir. Azərbaycanın strateji valyuta ehtiyatları 2023-cü ilin dekabr ayının 1-ə olan dövrdə 68 milyard dolları ötüb.



Ermənistanın strateji valyuta ehtiyatları isə cəmi 4,1 milyard dollardır. mənbə

Ölkənin və vətəndaşların sosial-iqtisadi rifahını müəyyən edən digər indikator xarici borcun həm dövlətin, həm də adambaşına düşən məbləğidir. Azərbaycanda 2023-cü il oktyabrın 1-ə olan məlumata görə, xarici borcun məbləği azalaraq 6,5 milyard dollar təşkil edib ki, bu da ÜDM-in 8 faizi deməkdir. Adambaşına düşən xarici borc təxminən 640 dollar təşkil edir

Ermənistanın dövlət borcu isə 2023-cü ilin ötən 9 ayı üzrə 6,4% artaraq 11, 3 milyard dolları ötübdür. Həmin borcun 2 trilyon 354 milyard dramı, yəni 6,4 milyard dolları xarici borc olmaqla ÜDM-in 50 faizinə bərabərdir. Bu ölkədə adambaşına düşən borcun məbləği 2,3 min dollar təşkil edir. Yəni, hər erməni vətəndaşının xarici borcu Azərbaycandakından 4 dəfə çoxdur. 
Ermənistanın 2023-cü ildə büdcənin gəlirləri 2,3 trilyon dram, xərcləri isə 2,5 trilyon dram təsdiq edilib. Bu, dollar ifadəsi ilə təxminən 5,8 milyard dollar edir. Adambaşına düşən büdcə xərcləri 1836 dollar təşkil edır. 
Azərbaycanda dövlət büdcəsinin həcmi (gəlir və xərcləri) 2023-cü ilin sonuna gəlirlər üzrə 33, 9 milyard və ya 20 milyard dollar, xərclər üzrə isə 36,7 milyard manat və yaxud 21,7 milyard dollar proqnozlaşdırılıb. Adambaşına düşən büdcə xərcləri 2,3 min dollara bərabərdir.

İlqar Məmmədovun "rifah ölkəsi" kimi təqdim etməyə çalışdığı Ermənistan isə 2018-ci ildən bu yana aşağı orta-gəlirli (Lower Middle-Income) ölkələr sırasında qalmaqdadır.

 

Dünya Bankının "sosial rifah" reytinqinə əsasən, Azərbaycanı yuxarı orta-gəlirli (Upper Middle-Income) ölkələr siyahısına daxil edib. Bu isə, məhz sosial dövlət modelinin təzahürüdür.

Dünya Bankının dünya ölkələrində yoxsulluğun vəziyyətinə dair hazırladığı hesabat sənədində Ermənistanda kasıblığın dərinləşdiyi və mütləq yoxsulluq səviyyəsinin 2022-ci ildə 41,8 faiz təşkil etdiyi, 2023-cü ildə isə 38,4 faiz olacağı öz əksini tapıbdır. Bu o deməkdir ki, hazırda Ermənistanda 2,9 milyon əhalinin təxminən 1,2 milyon nəfəri yoxsul vəziyyətində yaşayır
Dünya Bankının həmin hesabatında isə Azərbaycanda yoxsulluğun 5,9 %, işsizliyin isə 5,5 % olduğu qeyd olunub.
Ermənistanda işsizlik səviyyəsi 2023-cü ilin ilk 6 ayında 11,7 % təşkil edib. Məşğul əhalinin sayı 853 min nəfərdir, bu da 2,8 milyon əhalisi olan ölkənin cəmi 30 faizinin məşğul əhali qrupuna aid olmasını göstərir.

Bütün bu müqayisələrdən sonra İ.Məmmədovun Cənubi Qafqaz iqtisadiyyatında Azərbaycanın payının azalması və 60 faizə düşməsi barədə dediklərinə də diqqət edək. Ötən yazılarımızda qeyd etmişdik ki, Azərbaycanda yanvar-dekabr aylarında ÜDM-in həcmi 65 milyard dollardır. Ermənistanda isə bu rəqəm 16,1 milyard dollar, Gürcüstanda isə ÜDM 19,6 milyard dolar təşkil edib.
Beləliklə, Cənubi Qafqaz iqtisadiyyatının ümumi həcmi 100,7 milyard dollar təşkil edir ki, onun 65 faizindən çoxu Azərbaycanın payına düşür.

İ.Məmmədov iddia edir ki, uşaq pulu verilməsə 2100-cü ildə Azərbaycan əhalisinin sayı 10 milyondan 9 milyona düşəcək. Bu da saxta məlumatdır. BMT-nin Əhali Fondunun (UNFPA) hesabatlarında Azərbaycanda əhalinin təbii artımının davamlı artacağı bildirilir
İ.Məmmədovun nümunə olaraq seçdiyi Ermənistanda isə demoqrafik tənəzzülün daha ağır fazaya daxil olacağı proqnozlaşdırılır. “World Population Review 2023” hesabatında qeyd olunur ki, Ermənistan əhalsinin sayı 1990-cı ildəki 3,6 milyon nəfərdən 2023-cü ildə 2,7 milyon nəfərə düşüb. Təkcə son bir ildə əhalinin sayı 3 min nəfər azalıb. mənbə



Hazırda bir çox ölkələrdə əhalinin illik təbii artım tempi indiki pis nəticə hesab edilən 0.5 %-dən daha kritik həddə - mənfi 0,47% -ə enməkdədir ki, bu qrupda Ermənistan da yer alır. istinad
BMT-nin Əhali Fondunun Ermənistandakı proqram koordinatoru Anna Hovhannisyan bildirib ki, 2050-ci ilə qədər Ermənistan əhalisinin sayı 2,6 milyon nəfərə qədər azalacaq.

 
Yekunda bir məqamı da qeyd edək ki, 
Ermənistan iqtisadiyyatına nəfəs verən başlıca amil Rusiyadan pul köçürmələr, eləcə də ABŞ və Avropanın sanskiyaları ilə üzləşmiş Rusiyaya müxtəlif gizli sxemlərlə mal və xidmətlər ticarətinin genişlənməsidir. Bunu mövcud idxal-ixrac statistikası da təsdiq edir.
Ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan bildirib ki, Rusiyaya qarşı sanksiyalara baxmayaraq mal mübadiləsi, pul köçürülmələri, logistik imkanlar daha yaxşı aktivlik nümayiş etdirib. Ermənistanın 2022-ci ildə Rusiya ilə ticarət dövriyyəsinin həcmi 5,3 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə iki dəfə çoxdur. Ermənistandan Rusiyaya ixracın həcmi dörd dəfə artaraq əvvəlki ildəki 850 milyon dollardan 2,5 milyard dollara yüksəlib. 
istinad
Xüsusilə də ixrac 2022-ci ilin 2-ci yarısında daha sürətlə artıb ki, bu da Rusiyaya qarşı sanksiyaların ən şiddətli dövrlərinə təsadüf edir. Belə ki, əgər həmin ilin 1-ci yarısında Rusiyaya ixrac təqribən 546 milyon dollar təşkil etmişdisə, 2-ci yarımildə bu rəqəm təxminən 3 dəfə artıb (1.860 milyon dollar). Ermənistanın ixracında mexaniki və elektron avadanlıqlar ən rekord həddə çatıb, təxminən 10 dəfə artım baş verib. Həmin avadanlıqların ixrac dəyəri  60 milyon dollardan 695 milyon dollaradək yüksəlib. mənbə
Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Rusiya ilə Ermənistan arasında əmtəə dövriyyəsinin həcmi 2,6 milyard dollar dollar təşkil etmişdi. Mal mübadiləsinin 1,8 milyard dolları Rusiyanın payına düşüb, qalan 800 milyon dollarlıq hissəsi Ermənistanın ixracı təşkil edib. Ümumilikdə, 2021-ci ildə mal dövriyyəsində artım 2020-ci illə nisbətdə 12 faiz olub. istinad
2022-ci ildə isə iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə birdən-birə 100 faizə yaxın artması, xüsusilə də ixracın 9,7 faizdən fantastik dərəcədə 4 dəfə böyüməsi əsaslı şübhələr yaradır.
Onu da qeyd edək ki, 2023-cü ilin ilk 7 ayında Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi yenidən 70 % artaraq 3,7 milyard dollara çatıb. Ermənistandan Rusiyaya ixracın həcmi 2 milyard dollar, idxalın həcmi isə 1,7 milyard dollar təşkil  edib. mənbə


Sözsüz ki, bu rəqəmlər ciddi şübhələrə yol açır, çünki Ermənistanın Rusiyaya fantastik dərəcədə ixracı artırması (3-4 dəfə) üçün yerli resursu, ixrac mənbələri yoxdur. Artımın səbəbi isə xarci ölkələrdən Rusiyaya ixrac edilmiş malların Ermənistan üzərindən daşınmasıdır. Gömrük və ticarət statistikasında Ermənistanın adına yazılsa da, faktiki olaraq həmin mallar  başqa ölkələrə məxsusdur. Ermənistan sanksiyaların təsiri altından olan məhsulların Rusiyaya ötürülməsində əsas körpü rolunu oynayır. Xüsusilə də Rusiyanın hərbi sənayesində istifadə olunan elektrotexnika və radiotexnologiyalar, çiplər, digər bu tipli məhsullar Ermənistan üzərindən daşınır. Rusiyaya elektronika texnologiyalarının qaçaqmalçılığı ilə məşğul olan böyük bir taransmili şəbəkənin üzvlərini aşkara çıxaran ABŞ Ədliyyə Departamentinin əsaslı materiallarında saxta hesab-fakturalarla daşınan malların məhz Ermənistan və Kipr üzərindən Rusiya Federal Təhlükəsizlik Xidmətimə ünvanlandığı öz təsdiqini tapmışdı. mənbə


Eləcə də bir müddət əvvəl ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Ermənistana məxsus “Taco” MMC-nin (Çinin “Sinno Electronics. Co” şirkətinin İrəvandakı təchizatçısı) Rusiyaya radioavtomaika avadanlıqlarının tədarükünü həyata keçirdiyinə görə, sanksiya siyahısına salması da deyilənləri təsdiqləyir. mənbə

Beləliklə, həm pul köçürmələri, hən rus kapitalının Ermənistana daşınması, həm də ixracın artması bu ölkənin iqtisadiyyatını ayaq üstündə saxlayır. Həmçinin, bu ölkənin yanacaq-enerji, nəqliyyat, rabitə, İT sektoru və sənaye bölmələrinin böyük əksəriyyəti tamamilə Rusiyanın əlindədir. Rusiyasız Ermənistan iqtisadiyyatı qısa müddətdə defolata məhkumdur.

Nəticə:


❌ İlqar Məmmədovun Ermənistan iqtisadiyyatının Azərbaycandan yaxşı olması barədə iddiaları tamamilə əsassızdır;

❌ REAL sədrinin statusunda təqdim etdiyi statistika təhrif olunub;

❌ Ermənistanda orta aylıq əməkhaqqının qeyd edilən məbləğdə olmasının səbəbi  arxasında real iqtisadi faktor dayanmır, iqtisadi inkişafdan qaynaqlanmır. Bu ölkədə dövlət aparatında işləyənlərin digər kateqoriyalara nisbətən daha yüksək maaş alması və ümumilikdə dövlət idarəetmə xərclərinin məbləğinin çox olması hesabına süni şəkildə böyüyür;

❌ İ.Məmmədovun “uşaq pulu verilməsə 2100-cü ildə Azərbaycan əhalisinin sayı 10 milyondan 9 milyona düşəcək” iddiası tamamilə əsassızdır;

❌ Hakimiyyətə iddialı olan partiya sədrinin bu cür açıqlamalar verməsi, onun zəif iqtisadi biliklərə malik olduğunun göstəricisidir. Eyni zamanda, bu cür mövzulara toxunanda iqtisadçı partiyadaşları ilə məsləhətləşmədiyi də aydın olur.

 

Bizə yazın: 

Facebookda 

Teleqramda 

Tvitterdə