Artıq 2 aya yaxındır ki, Türkiyədə bəzi jurnalist və ictimai xadimlər Azərbaycan əleyhinə aparılan kampaniyada aktivlik göstərirlər. Aktivliyi ilə seçilənlərdən biri də Hüsnü Mahallidir ki, son zamanlar onun Azərbaycanla bağlı dediklərini gündəmə gətirməkdə maraqlı olan qrup və şəxslərin cəhdləri açıq müşahidə edilir. 

Faktyoxla Lab.  jurnalist Hüsnü Mahallinin kimliyini, onun Azərbaycana olan nifrətinin səbəbləri ilə yanaşı Azərbaycan müxalifətinə bağlılığını araşdırdıq.

Hüsnü Mahalli 23 may 1949-cu ildə Suriyanın Carablus şəhərində anadan olub, “Barak” tayfasındandır. O, 2 il İstanbul Texniki Universitetində təhsil alıb. Sonra İstanbul Universiteti Jurnalistika fakültəsini bitirib, beynəlxalq münasibətlər üzrə doktorluq dissertasiyasını tamamlayıb. Jurnalistika karyerasına İsmail Cemin sahibi olduğu "Politika" qəzetində başlayıb. 1980-ci il 12 sentyabr dövlət çevrilişindən sonra "Politika" qəzetinin bağlanmış və H.Mahalli Liviya səfirliyində mətbuat müşaviri kimi fəaliyyətə başlamışdır. 1988-ci ilə qədər həm müşavir, həm də jurnalist kimi çalışıb. 1989-cu ildə Türkiyədə Suriya Ərəb Xəbər Agentliyində (SANA), 1993-1999-cu illərdə "BBC Arabic" xidmətində, 2000-ci ildə "Al Jazeera" televiziyasında, 2001-2003-cü illər arasında “BBC Arabic service”-də çalışıb. 2004-cü ildən Suriya ərəb xəbər agentliyində (SANA) yenidən işləməyə başlayıb.

BBC və NBC kimi beynəlxalq televiziyalarda, eləcə də bir çox ərəb ölkələrində radio, jurnal, qəzet və agentlik kimi media orqanlarında çalışan Hüsnü Mahalli 2011-ci ildə Türkiyə vətəndaşlığı alıb. "Günnütün qəzet", “Yurt”, “Akşam” qəzetlərinində köşə yazarı kimi çalışıb. 2016-cı il dekabrın 13-də o, sosial mediada Türkiyə Respublikasını və rəhbərliyini təhqir etmək ittihamları ilə həbs olunub. 15 dekabr 2016-cı ildə İstanbul 9-cu Sülh Cinayət Məhkəməsində barəsində "öz vəzifələrinə görə çalışan ictimai xadimləri təhqir etmək" və "Prezidenti təhqir etmək" ittihamları ilə həbs edilməsi qərarı çıxarılıb. 20 yanvar 2017-ci ildə İstanbul Cinayət Məhkəməsi Birinci instansiya məhkəməsinin ittiham aktını qəbul edərək Hüsnü Mahallinin azadlığa buraxılması barədə qərar qəbul edib.

Maraqlıdır ki, (tərcümeyi-halından göründüyü kimi) H.Mahallinin düşmənliyi tək Türkiyə Respublikası ilə deyil, paralel olaraq həm də Azərbaycanladır. O, yazılarının əksəriyyətində Azərbaycan əleyhinə çağırışlar edir, ağır ittihamlar, yalan və iftira dolu iddialar səsləndirir.

Yazılardan bir neçəsini xatırladaq:

Məsələn, Hüsnü Mahallinin 2003-cü ildə “Yeni Şafak” qəzetində dərc olunan məqaləsində məqaləsində “Azərbaycan komandirlərinin öz torpaqlarını atıb döyüşmədən qaçdığının şahidi oldum” deməklə Azərbaycan ordusuna, qəhrəman əsgərlərinə böhtan atmaqdan çəkinmir. 

2016-cı ilin sentyabrında o, “Yurt” qəzetində “Ələvi Əsəd, şiə Əliyev” adlı köşə yazısı yazır və bir daha Azərbaycana və Azərbaycan prezidentinə qarşı növbəti dəfə nifrət püskürür. 2016-cı ildə Hüsnü Mahalli təkəbbür və qeyzlə yazdığı məqaləsini belə yekunlaşdırmışdı: "Mən olsaydım, Qarsda dərhal Azad Azərbaycan Ordusunu (AAO) və Azərbaycan Milli Şurasını (AMŞ) qurardım (yaxın olduğu üçün), bu ordular isə Azərbaycanda hakimiyyəti devirərdilər”

Hüsnü Mahallinin Azərbaycan əleyhinə mövqeyi Vətən Müharibəsi ərəfəsində və ondan sonra daha da sərtləşib.

Vətən müharibəsindən 2 ay əvvəl, yəni Tovuz rayonunda ermənilərin yaratdığı gərginlik zamanı da Hüsnü Mahallinin “Sözcü” qəzetində “Bu nə işdir?!” adlı məqalə yazıb. Köşə yazısında Azərbaycan-İsrail münasibətlərini yalan və təhriflərlə ictimai müzakirəyə çıxardığını görməmək mümkün deyil.

O, İsrailin İrana görə Azərbaycanla yaxşı münasibət saxlaması, Azərbaycana məhz bu səbəbdən PUA-lar satması kimi heç bir fakta əsaslanmayan absurd fikirlərini Türkiyə ictimaiyyətinə təqdim etməkdən çəkinmir. Həmin məqalədə Mahalli deyir: “Qafqaz və Orta Asiya əvvəllər Sovet İttifaqının, indi isə Rusiyanın arxa bağçasıdır. Təxminən 25 milyon müsəlman bu ərazilərə yaxın bölgələrdə və Rusiya sərhədləri daxilindəki muxtar vilayətlərdə yaşayırlar. Bölgədə sərhədi olan İran təbii olaraq öz strateji təhlükəsizliyini qoruyur. Onun ən böyük düşməni olan İsrail də, üstəlik, tarixi və məzhəbsəl rəqibi olan Türkiyə də bu işə qarışıb”.

Türkiyəyə və türkə nifrət bəsləyən bu jurnalist sonda bir fitnə dolu suala cavab axtarmaqdan vaz keçmir: “Bircə sual qalır geriyə: Azərbaycan lazım gələndə kimin tərəfində olmağı seçəcək görəsən? ! Qardaş və dost Türkiyənin, yoxsa müttəfiqi İsrailin?! Nə düşünürsünüz? ”

İkinci Qarabağ müharibəsi zamanı isə Türkiyə Respublikasının prezidenti cənab Ərdoğana hər zaman qarşı çıxmağı qeyri-adilik hesab edən ərəb əsilli jurnalist köhnə vərdişlərinə sadiq qalaraq “Korkusuz” qəzetindəki köşə yazısında cahil olduğunu gizlətmək üçün müxtəlif üsullara əl atır. O, regionda maraqlı qüvvələrin yalanlarına dəstək verərək Suriyadan Azərbaycana keçən və Qarabağda savaşdığı iddia edilən “muzdlular yalanı”nı dilə gətirir və bu yalana görə Türkiyəni günahlandırır: "Əliyevlə Paşinyanın kimə necə qulaq asacağı və hansı şəraitdə bu müharibəni dayandıra biləcəyi məlum deyil. Amma məndə belə bir hiss var: Ankara Liviyada olduğu kimi yenə də bəlaya düçar olub və ya olacaq”.

Düşünürük ki, Hüsnü Mahallinin və son bir ayda sosial mediada bu sualı səsləndirən insanların fikirlərinin eyni mərkəzlərdən idarə olunduğunu söyləməyə ehtiyac belə yoxdur. Sözümüzü sübut etmək üçün “Norveç Helsinki Komitəsi” adlı insan haqları təşkilatının dəstəyi ilə nəşr olunan “HyeTert” erməni saytında eyni məqalənin dərc edilməsini də göstərə bilərik.

Hüsnü Mahalli başqa bir məqaləsində isə Vətən Müharibəsini belə şərh edir: “2020-ci il sentyabrın 27-dən noyabrın 10-na kimi 44 günlük müharibədə Ankaranın və Təl-Əvivin dəstəklədiyi Azərbaycan ordusu”... Mahalli bu məqaləsində eynilə ermənilər kimi danışır... Sonra da az qala hər yazısında klişe cümlələri təkrarlayaraq 90-cı illərdə bölgəyə getdiyini, 30 ildir bölgəni izlədiyini yorulmadan təkrarlayır. Bu arada qeyd edək ki, Xankəndi deyəndə erməniləri də incitməmək üçün mötərizədə saxta "Stepanakert" ifadəsini də əlavə etməyi unutmur.

 

Nəhayət, ərəb əsilli jurnalistin Azərbaycan müxalifəti ilə diqqət cəlb etməyən incə əlaqələri haqda qeyd etdiyimiz məqama toxunaq. 

Milli Şura sədri Cəmil Həsənli 22 oktyabr 2022-ci il tarixində facebook hesabında belə bır status paylaşıb: “Bu gün Türkiyənin "Korkusuz" saytında köşə yazarı Hüsnü Mahalli-nin "Anlayan beri gelsin" adlı maraqlı bir dəyərləndirməsi dərc edilib. Onun bir bölümü də Azərbaycana - daha doğrusu Zəngilan aeroportuna və bizim "Ağıllı kəndə" aiddir. Yazının "Ama en ilginç detay Azerbaycan’dan geldi" bölümündə deyilir:

Cəmil Həsənlinin yekunda yazdığı “Yazıya görə "Zəngilan aeroportu" və "Ağıllı kənd" məsələsi uzağa gedən dərin mətləblərdən xəbər verir. Doğrudanmı bu belədir?” şərhi diqqətçəkicidir. 

Milli Şura sədri Hüsnü Mahallinin kimliyini, Azərbaycana qarşı düşmən mövqeyini, digər dövlətlərə olan sevgisini bilməmiş deyil. Azərbaycan əsgərlərini qorxaq adlandıran, Ermənistanda davamlı görüşlər keçirən, ermənilər kimi Vətən Müharibəsində Azərbaycan xeyrinə muzdluların döyüşdüyünü deyən, yazıları erməni saytlarında təkrar-təkrar dərc olunan jurnalistin yalnız “Azərbaycanda korrupsiya var” deməsinə görə Cəmil Həsənlinin ondan sitat gətirməsini düşünmək sadəlövlük olar.  

Azərbaycanlı müxaliflərlə və antiazərbaycançı qüvvələrlə sıx əlaqədə olan, mərkəzi ofisi Ankarada yerləşən “Kafkassam” strateji araşdırma mərkəzinin internet saytı da Hüsnü Mahallinin məhz Cəmil Həsənlinin sitat gətirdiyi məqaləsini dərc etməsi bəzi məqamların üzə çıxdığının göstəricisidir. Daha maraqlısı odur ki, araşdırmalarımız zamanı mərkəzin saytında Hüsnü Mahallinin başqa yazısına rast gəlmədik.

Son 2 ay isə Hüsnü Mahallinin Azərbaycan əleyhinə fəaliyyətinin pik nöqtəsi və onun “Azərbaycan-İsrail müttəfiqliyi” tezisi sosial mediada xüsusi olaraq təkrar paylaşılmaqla gündəmə gətirildiyi ən aktiv faza oldu. Misal üçün, Azərbaycana qarşı hər zaman nifrət püskürən “Tele1” kanalında Hüsnü Mahallının söylədiyi "Türkiyə ilə İsrail arasında ticarət həcmi rekord səviyyədədir. Azərbaycan İsrailə nefti xüsusi qiymətə verir. İsrail o nefti bombanın içinə qoyur."- fikirlərinin necə paylaşıldığına diqqət edək. Araşdırma zamanı bəlli olur ki, onun bu şərhinin videosunu sosial mediada ilk olaraq Yəhya Hakverdi adlı hesab paylaşıb. 

Bu yazıdan dərhal sonra həmin hesabla əlaqəli olduğunu aşkar etdiyimiz digər hesablar (Hacı Rıdvan, Ənsarullah Kərim, İslam Yiğit, Serbazi Hakverdi və digərləri) bu iddianı paylaşmağa başlayıb. 

Bu hesabların sayı isə hədsiz çoxdur. Paylaşan şəxslərin kimliyini və ideoloji yönünü müəyyən etmək üçün həmin hesablardakı ya profil, ya da ki, örtük fotolarına baxmaq kifayətdir.

Araşdırmamız zamanı başqa maraqlı bir faktla da rastlaşdıq. Bəlli oldu ki, 2016-cı ilin yanvarında “Sultanahmet terroru”nu törədən İŞİD kamikazesi Nabil Fadlı Hüsnü Mahallının yaxın qohumu imiş. Hüsnü Mahallı və “Sultanahmet terrorçusu” Fadlı Suriyadakı Barak qəbiləsindəndilər. Mahalli ilə Fadlının ataları əmioğludur. Hüsnü Mahallinin digər əmisi oğlu Arif Mahallı da İŞİD-in Cerablusdakı yüksək səviyyəli əmirlərindəndir. Mahallinin bacısı İŞİD-in qadın qoluna cavabdeh olan yüksək vəzifəli şəxslər arasındadır. (istinad)

Qəzetdə dərc olunan xəbərdə diqqətimizi çəkən başqa bir məqam isə “Sultanahmet terrorçusu” Nabil Fadlının anası Sofiya Fadlının erməni olmasıdır.