Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi hökumətin demoqrafiya sahəsində apardığı siyasəti tərifləyərək uğurlu nəticələr əldə olunduğunu bildirib. O, qeyd edib ki, 2023-cü ilin yanvar-avqust aylarında Ermənistanda son 5 illə müqayisədə ən yüksək doğum səviyyəsi qeydə alınıb. Bu, hökumətin demoqrafiya sahəsində apardığı siyasətin nəticəsidir.
Paşinyan son 2 ildə Ukraynadakı müharibə ilə əlaqədar Rusiyadan və digər ölkələrdən gələnlərin axınını demoqrafik uğur kimi qiymətləndirir, hökumətə yaxın nəşrlər ümidverici rəqəmlərlə əhalinin təbii artımında dönüş yarandığı təəssüratı yaratmağa çalışır. Bildirilir ki, 2023-cü il iyulun 1-nə olan məlumata görə, Ermənistan əhalisi 0,8% və ya 23,2 min nəfər artaraq 2 milyon 985 milyon nəfərə çatıb. mənbə

Faktyoxla Lab. bu məlumatın doğru olub-olmdığını araşdırıb.  

Paşinyanın ermənilər üçün ümidverici bəyanatı və uğurlu demoqrafik siyasət yürüdülməsi barədə iddialarının əksinə olaraq, son illərin rəsmi statistikası, eləcə də 2023-cü ilin 9 ayı üzrə demoqrafik göstəricilərin təhlili demoqrafik balansın mənfiyə doğru dəyişdiyini göstərir.
Ermənistanın “168.zham” nəşri yazır ki, hökumətin  açıqladığı rəqəmlər və verdiyi vədləri aldadıcıdır, Rusiyadan və Hindistandan ötən il gələnlər hesabına demokrafik balansda müvəqqəti müsbət saldo yaransa da, 2023-cü ilin son aylarındakı miqrasiya prosesləri mənfi saldonun gücləndirib. Təkcə, cari ilin iyul-sentyabr aylarında ölkədən gedən əhalinin axını ölkəyə daxil olan axını təqribən 29 min nəfəri ötüb.

Məsələ ondadır ki, Paşinyan hökumətinin ifadə etdiyi demoqrafik göstəricilərlə Beynəlxalq Əhali Fondunun və digər nüfuzlu tədqiqat təşkilatlarının rəqəmləri arasında kəskin fərqlər vardır. Məsələn, Ermənistan Statistika Komitəsi 2023-cü il iyulun 1-nə olan dövr üzrə əhalinin sayını 2 milyon 985,1 min nəfər kimi təqdim edir. istinad

 
Ancaq beynəlxalq hesabatlarda Ermənistan əhalisinin sayı 2,7-2,8 milyon nəfər kimi göstərilir. Beynəlxalq Əhali Fondunun son hesabatında Ermənistan əhalisinin sayı 2023-cü ildə 2,8 milyon nəfər kimi əks olunubmənbə
“World Population Review 2023” (Dünya Əhali İcmalı) sənədində Ermənistan əhalisinin sayı 2 milyon 778 min nəfər qeydə alınıb.


Beynəlxalq qurumların rəqəmlərindən bəlli olur ki, Ermənistanın statistika orqanları bu göstəriciləri ən azı 200 min nəfər şişirdirlər. Paşinyan hökuməti məqsədli şəkildə statistikanı şişirtməklə ölkədəki ağır demoqrafik vəziyyətin üstünü örtməyə çalışır, əhalidə olan ümidsizlik və çarəsizliyi manipulyasiya edir.
Ancaq nə qədər saxtakarlıqlar etsə də, ermənilərin tədqiqat mərkəzləri və ictimai təşkilatları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ölkədə təbii artımın dözülməz həddə gəldiyini bildirirlər.  
Tarixçi-demoqraf  Mixayil  Malxasyanın sözlərinə görə, hazırda bir yetkin qadına düşən doğum səviyyəsi 1,7 təşkil edir, baxmayaraq ki, bu rəqəm ən azı 2,2 olmalıdır. Bu o deməkdir ki, hansısa tarixi mərhələdə doğulanların sayı ölənlərin sayından az olacaq.
Malxasyan ölkəsində əhalinin sayının illər üzrə azaldığını xatırladaraq Ermənistan əhalisinin son 35 il ərzində 1 milyon 200 min nəfərdən çox aşağı düşdüyünü bildirir. Sovet İttifaqının dağılmasından sonra Ermənistanda doğum səviyyəsi durmadan azalıb və artıq 1993-cü ildə minimum həddi keçib. Artıq bu ölkədə çoxuşaqlı ailələrə rast gəlinmir. Mütəxəssis təbii artımın azalmasının bir səbəbini dövlətin iqtisadi siyasətindəki nöqsanlarla əlaqələndirir.
Demoqrafik tədqiqatlar üzrə mütəxəssis Artur Tovmasyanın sözlərinə görə, son 30 ildə Ermənistanın əhalisinin sayında kəskin azalma ilə yanaşı, miqrasiya amili də demoqrafik mühiti ağırlaşdırıb. Təkcə 1991-1994-cü illərdə Qarabağ müharibəsi, iqtisadi və enerji böhranı səbəbindən 500 min insan ölkəni tərk edib.

 
Dövlətin ailə planlaşdırılması və demoqrafik stimullaşdırma üzrə siyasətini tənqid edən Tovmasyanın fikrincə, dövlət gənclərin ailə qurması və uşaq dünyaya gətirməsi üçün münbit şərait yaratmır, stimullaşdırıcı və təşviqedici proqramlar həyata keçirmir, ailə institunun vəziyyəti ilə maraqlanmır.  Bu azmış kimi dövlət valideynləri müxtəlif vergilərlə yükləyərək uşaqlarını normal böyütməsinə mane olur, təhsil alan gənclərə yardım etmir, əksinə onlardan təhsil haqqını ödəmək üçün faizlə pul alır, bu kimi amillər də cəmiyyətdə ailə institunun sıradan çıxmasına səbəb olur.

Ermənistan Sosioloqlar Assosiasiyasının apardığı araşdırmalara görə, artıq ölkədə immiqrasiya kütləvi xarakter almaqla ölkənin boşaldılması prosesinə doğru istiqamətlənib. Ermənistanın müstəqillik əldə etdiyi 20 il ərzində ölkəni 1 milyon 200 min insan tərk edib. Son 10 ildə miqrasiya rəqəmi hər il artır. 2012-ci ildə xaricdə daimi yaşamaq üçün ölkəni 25 min erməni tərk edirdisə, hazırda bu rəqəm 35 min 500 nəfərdir.
İrəvanda aparılan sosioloji araşdırmaya görə, respondentlərin 46%-i immiqrasiya etmək istədiyini bildirib. Ermənistanı tərk etmək istəyənlər ən çox 30 və daha aşağı yaş qrupuna aid gənclərdir. Bu isə ölkədə nəsilartırma potensialı olan əhali qrupunun sıradan çıxması deməkdir.

Ermənilər hara gedir və niyə kütləvi şəkildə ölkəni tərk etmək istəyir?
Ermənistanda xaricə miqrasiyanın səbəbləri sırasında hökumətin iddia etdiyi kimi regiondakı təhlükəsizliklə bağlı vəziyyət əsaslı deyil, əsas səbəblər işsizlik, dolanışığın ağırlaşması, siyasi repressiyalar, iqtisadi azadlıqların məhdudlaşdırılması, insanların gəlir əldə etmək imkanlarının daralması, azad rəqabətin təmin edilməməsi, təhsil və səhiyyə, sosial xidmətlərə əlçatanlığın olmaması və s. amillərdir.

- Miqrasiya edənlərin 32% -i işsizliyi əsas səbəb kimi göstərir;

- 30% -i Ermənistanda gələcək perspektiv görmür;

- 20% hakimiyyətin ədalətliliyinə inanmadığı üçün gedir;

- 17% miqrant isə yoxsulluq həddində olduqlarına görə, Ermənistanda yaşamaq istəmir.

(istinad)
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dünya ölkələrində miqrasiya problemləri ilə bağlı hesabatının Ermənistan üzrə bölməsində qeyd edilir ki, əhalinin təxminən 30%-i ölkədən kənarda yaşayan Ermənistan Respublikası dünyada mühacirətin ən yüksək göstəricilərindən birinə malikdir. OECD İnkişaf Mərkəzi və Qafqaz Tədqiqat Resurs Mərkəzi (QTRM) Ermənistanın “İctimaiyyət arasında qarşılıqlı əlaqələr” adlı hesabatında miqrasiyanın baş verməsində əsas sektorial sahələr kimi əmək bazarı, kənd təsərrüfatı, təhsil, investisiya və maliyyə xidmətləri və digər sahələrdə xidmətlərin əhali üçün əlçatanlığının olmamasıdır. İnsanlar həmin xidmətləri xarici ölkələrdə tapmaq ümidi ilə ölkəni tərk edirlər.
Avropa İttifaqı tərəfindən birgə maliyyələşdirilən miqrasiya tədqiqatları layihəsi çərçivəsində bir neçə ölkədə minlərlə insan və icmalar arasında aparılmış sorğunun nəticələrinə əsasən, Ermənistan miqrasiyanın vəziyyətinə  görə, Burkina Faso, Kamboca, Kosta-Rika, Kot-d’İvuar, Dominikan, Haiti, Mərakeş və Filippin kimi ölkələr sırasındadır. mənbə

ABŞ Dövlət Departamentinin icra etdiyi “Müxtəlif millətlərdən olan immiqrantlar üçün vizalar” adlı proqramın iştirakçılarının sayına görə Ermənistan Cənubi Qafqazda birinci yerdə dayanır. Hər il bu proqramda iştirak etmək üçün 56 mindən çox erməni müraciət edir. Ermənistan gəncləri ABŞ-a, Avropa ölkələrinə və başqa ölkələrə öz gələcək həyatlarını qurmaq və yaxşı bilik almaq, öz imkanlarını nümayiş etdirmək üçün gedirlər və son illərdə “Yaşıl Kart” və “Şengen vizası” üçün müraciət edən ermənilərin sayının  artması da bunu təsdiqləyir. mənbə


Artıq Qarabağdan Ermənistana köçmüş ermənilər də İrəvanda və ətraf şəhərlərdə yaşamaq istəmir, çıxış üçün yollar axtarırlar. Onlar ABŞ, Kanada, Fransa, Belçika, Niderland və digər ölkə və təşkilatların aramsız axan 10 milyonlarla dollar yardım və ianələrin qarşılığında yenə də ölkədəki ictimai-siyasi, iqtisadi-sosial mühitin cansıxıcı olmasını əsas gətirərək xaricə qaçmaq barədə planlar qururlar. Nikol Paşinyanın onları dilə tutmasına, daha yaxşı imkanlar yaradılacağına dair vədlərinə baxmayaraq, artıq 3 mindən çox erməni Ermənistanı tərk edib.
İqtisadçı ekspert Qrant Mixaelyan
da bu reallığı etiraf edərək respublikada demoqrafik mənzərənin acınacaqlı olduğunu, Ermənistan əhalisinin sayının yaxın illərdə azalaraq 2,6 milyon nəfərə düşəcəyini xatırladıb. O, hesab edir ki, 44 günlük müharibənin nəticələri Ermənistan əhalisinin azalması prosesinə də təsir edəcək, müharibənin nəticələri yaxın 20 il ərzində Ermənistanda təbii artımın azalmasına ciddi təsirini göstərəcək. istinad

Beynəlxalq hesabatlar və statistika isə Ermənistanda demoqrafik vəziyyətin daha da pisləşəcəyini, son illərin statistikasından doğan geriləmənin qarşıdakı illərdə davam edəcəyini göstərir.
“World Population Review 2023” hesabatına əsasən, Ermənistan əhalsinin sayı 1988-ci ilədəki 3,1 milyon nəfərdən 2,8 milyon nəfərə düşübdür.

Hazırda bir çox ölkələrdə əhalinin illik təbii artım tempinin indiki 0.5 %-dən mənfi  0,47% -ə enməkdədir və həmin risk qrupu ölkələrində Ermənistan da yer alır və bu ölkədə demoqrafik balansda mənfi saldo dərinləşir.

BMT-nin Əhali Fondunun hesablamalarına görə, yaxın 20-30 ildə dünya əhalisinin sayında növbəti azalmalar baş verəcəkdir ki,  ən çox zərər çəkən ölkələrdən biri Ermənistan olacaq. Əhali Fondunun Ermənistandakı proqram koordinatoru Anna Hovhannisyan bildirib ki, 2050-ci ilə qədər Ermənistan əhalisinin sayı 2,6 milyon nəfərə qədər azalacaq. Hovhannisyanın sözlərinə görə, hətta Ermənistan hökumətinin doğum səviyyəsini artırmaq üçün hazırladığı proqramlar da vəziyyəti müsbətə doğru dəyişməyəcək. Doğumun azalmasında başlıca səbəb sosial-iqtisadi problemlərdir. Bəzi araşdırmalara görə, insanlar yaxşı maaşlı işin olmaması, yaşayış şəraitinin yaxşılaşdırılması ehtiyacı və s. kimi müxtəlif səbəblərdən istədikləri qədər uşaq sahibi olmurlar.

Erməni ekspertlər narahatlıqla deyirlər ki, çox da uzaq olmayan gələcəkdə demoqrafik böhran dərinləşəcək və Ermənistanı tərk edən ermənilərin yerini ərəblər, asurlar (suriyalılar) və asanlıqla inteqrasiya edə biləcək digər millətlər tutacaq, ölkə ermənisizləşəcək.

Göründüyü kimi Nikol Paşinyanın Ermənistanda əhalinin təbii artımında müsbət dəyişiklik yaranması və bu işdə hökumətin yürütdüyü siyasətin təsirinin olması haqda fikirləri tamamilə yalandır.