Türkiyə və Azərbaycanda sosial media istifadəçiləri, jurnalistlər və media qurumları Niderlandda seçki başa çatar-çatmaz Dilan Yeşilgözü baş nazir elan etdilər.

Faktyoxla Lab. bu tələskənliyin səbəbini araşdırmağa çalışıb.

Niderlandda seçicilər siyasətdən getdiyini açıqlayan Baş nazir Mark Ruttenin yerinə gələcək şəxsi müəyyən etmək üçün noyabrın 22-də seçki məntəqələrinə getdi . Seçkinin nəticələri hələ dəqiqləşməmiş Türkiyədə sosial media istifadəçiləri (az sonra Azərbaycanda da) Dilan Yeşilgözün Niderlandın ilk qadın baş naziri seçildiyi iddiası yaydılar.

 

Gəlin əvvəlcə dezinformasiyanın necə yarandığına, sonra isə nəzarətsiz şəkildə yayılmasının səbəblərinə baxaq.

Səsvermə bitməmiş yayılan iddialar

Niderlandda səsvermə 07:30-21:00 vaxt aralığında davam edir. Bu, Türkiyə vaxtı ilə 09:30-23:00, bizim vaxtla 10:30-gecəyarısı aralığı deməkdir. Seçkilərin nəticələrinin Avropa vaxtı ilə gecəyarısına yaxın yekunlaşacağı gözlənilirdi. Ancaq Dilan Yeşilgözün Niderlandın ilk qadın baş naziri seçildiyi iddiasının hələ səsvermə prosesi bitməmiş yayıldığını görürük. Məsələn, Uğur Adsız Türkiyə vaxtı ilə 16:32-də, Bülent Gürsoy 19:20-də, Feyzi İşbaşaran 19:26-da, "Solcu Gazete" isə 19:33- də bu haqda məlumat paylaşıb.

İbrahim Haskoloğlu: “İddianı jurnalistlərə dərs olsun deyə uydurmuşam”

İddianı sosial media hesabında paylaşanlardan biri İbrahim Haskoloğlu xəbəri oğurlayıb istifadə edən media orqanlarının istinad etmədən paylaşdığını sübut etmək üçün bu iddianı uydurduğunu bildirib

İbrahim Haskoloğlu bu məsələ ilə bağlı bütün yazılarını silsə də, yazılara “Google keşləri” vasitəsilə daxil olmaq mümkündür.

Daha sonra Haskoloğlu, CİMER-ə şikayət edənlərə görə xəbərini oğurlayanları ifşa edən paylaşımı sildiyini deyib .

Haskoloğlundan əvvəl də paylaşan hesablar var

Haskoloğlu, saat 19:35-də "Dilan Yeşilgöz baş nazir oldu" paylaşımını edib. İddianı özündən uydurduğunu bildirsə də, Haskoloğlundan əvvəl də başqa hesabların paylaşdığına dair izlər var.

Ən erkən yazılardan biri günortadan əvvəl “Twitter”də yerləşdirilib. Ana Vətən Partiyasının keçmiş sədri və iqtisadçı Nesrin Nas Dilan Yeşilgözün saat 11:27-də baş nazir olduğunu elan edib.  Bundan bir saat sonra o, paylaşımına düzəliş edib və “baş nazir oldu” deyil, “baş nazir ola bilər” demək istədiyini vurğulayıb.

İddianı ilk olaraq kimin irəli sürdüyünü müəyyən etmək çətindir. Lakin burada vacib olan odur ki, onların hər birinin ortaq cəhəti yazıların səsvermə prosesi bitməmiş hazırlandığıdır.

Media diqqətsizliyi, trollar və biz

Dilan Yeşilgözün Niderlandın ilk qadın baş naziri seçilmədiyi aydındır. Sürətli açar söz axtarışı ilə Niderlandda seçki nəticələrinə çatmaq mümkündür. Hələ rəsmiləşməyən nəticələrə görə, anti-islam ideyaları ilə tanınan Geert Vildersin rəhbərlik etdiyi Azadlıq Partiyası (PVV) ümumi seçkilərdə 23,5% səs və 37 yer qazanıb.

Ümumi seçki prosesində xarici mətbuatın gözü və qulağı Niderlandda olduğu halda, iddianın yalan olduğunu görmək üçün təcrübəli jurnalist, politoloq və ya usta “faktyoxlayıcı” olmaq lazım deyil.

Əksər dezinformasiyada olan qeyri-dəqiqliyi aşkar etmək mümkün olmadığı üçün deyil, indi daxil qeyd edəcəyimiz bir neçə başqa səbəbə görə viral olur.

Səliqəli jurnalistika

Doğrudur, jurnalistlər düzgün xəbərləri mümkün qədər tez çatdırmalıdırlar. Amma onların da xəbərin doğruluğunu təsbit etmək öhdəliyi var. Bu gün jurnalistlər daha da sürətli olmalıdırlar, çünki sürətli olmaq “klik almaq” deməkdir. Çünki “kliklər” reklam almağa da təsir edir, yəni pul gətirir. Çox vaxt çətin iş şəraiti ilə üzləşməli olan jurnalistlər bəzən xəbərin doğruluğunu təsdiqləmə addımını əhəmiyyət sıralamasında arxaya ata bilirlər.

Dilan Yeşilgöz məsələsində iddianı yayanlar arasında jurnalistlərin  və çoxlu izləyicisi olan media qurumlarının olması faktyoxlama mexanizmlərinin diqqətdən kənarda saxlamayan daha diqqətli jurnalistikaya ehtiyac olduğunu göstərir.

Təsdiqlənmiş məlumatı paylaşmaq məsuliyyəti jurnalistin üzərinə düşsə də, bu, fərdiləşdirmək üçün çox böyük məsələdir. Xəbər mərkəzləri “klik” və reklam sisteminə əsaslanaraq mövcud gəlir modellərinə uyğun olaraq fəaliyyətlərini davam etdirdikcə, görünür, “sürət” narahatlıq doğuracaq. Əsl həll yolu, əslində, jurnalistikanın təməl daşlarından biri olan “faktyoxla”nı jurnalistlər arasında mənimsəmək və onlara bunu tətbiq etmək üçün məkan yaratmaqdan ibarətdir.

Trol hesabları

Həqiqi jurnalistlər və media qurumlarından başqa, “X”-də (Twitter) anonim xəbərləri paylaşan və “jurnalistika” fəaliyyəti ilə məşğul olduqlarını iddia edən yüzlərlə anonim hesab var. Bu hesablar bir yazının içinə məlumat sığışdıraraq, onu sensasiyalı şəkildə istifadəçilərə təqdim etməklə məşğul olurlar.

Bu hesablarda diqqət çəkən ümumi xüsusiyyət onların “kopyala və yapışdır” məzmun fəaliyyətini həyata keçirmələridir. Edilən iddia oxşar struktura malik anonim hesablar arasında sürətlə yayılır. Sürətlə istehlak edilən bu yazıların nə qədərində etibarlı, təsdiqlənmiş və dəqiq məlumatlar olduğu aydın deyil. Çünki ümumiyyətlə yazılar heç bir mənbəyə əsaslanmır.

Ümit Alan bu sosial media hesablarına niyə tam etibar edə bilməyəcəyimizi belə izah edir: “Bütün bunları ölçmək üçün bizə bir iz, bu iz ilə gələn tarix və yalnız jurnalistika üçün qurulmuş bir marka lazımdır. Bu, oxucu və auditoriya qarşısında cavabdeh olan korporativ şəxsiyyət deməkdir. “Şəxsiyyətə nə ehtiyac var? Eyni anda həm xəbərlər hazırlaya bilərəm, həm də qoz-fındıq sata bilərəm” deyə düşünəndə, reputasiya itkisinin təsiri heç bir əhəmiyyət kəsb etməyəcək”.

Heç bir mənbəyi olmayan bu “kopyala-yapışdır” fəaliyyəti Dilan Yeşilgöz davasında ilk dəfə görünmür. Bu misal nə birinci, nə də sonuncu olacaq. Həll yolu tez istehlak edilən, mənbəsiz, sensassiyalı məzmunun əvəzinə təsdiqlənmiş, yaxşı çərçivəyə salınmış və redaktor tərəfindən redaktə edilmiş xəbərləri istehlak etmək ola bilər.

Yanlış məlumatların düzəldilməsi məsuliyyəti

İddianı ilk dəfə paylaşan, daha sonra üzr istəyən Nesrin Nasın adını çəkdik.

Nas səhv etdiyini açıq şəkildə etiraf edib üzr istəsə də, Haskoloğlu iddianı düzəltmək əvəzinə qəsdən yayaraq bir növ sosial eksperiment etdiyini bildirib. Haskoloğlu, xüsusi olaraq vurğuladığı yazı üçün "Sizdən üzr istəyirəm, amma hər kəsin bu sistemi gördüyü üçün xoşbəxtəm" dedi.

İbrahim Haskoloğludan fərqli olaraq Nesrin Nasın addımı bu paylaşımı bizə dezinformasiyanı silmək və məsuliyyəti öz üzərinə götürməmək əvəzinə üzr istəmək və səhvi düzəltməyin vacibliyini xatırladır. Jurnalistika etikasının prinsiplərində belə deyilir: “Jurnalist dərc edildikdən sonra qeyri-dəqiq olduğu ortaya çıxan məlumatı operativ, aydın, tam və şəffaf şəkildə düzəltməlidir”.

Bundan əlavə, dezinformasiyanın düzəldilməsi iddianın yayılmasının qarşısını almaq üçün də vacibdir. Bu məqamda üzr istəmək jest deyil, zərurətdir.

P.S. Material hazırlanarkən teyit.org saytındakı məqaləyə istinad edilib.