Artıq təkcə dövlətlər və ya şirkətlər yox, həm də ekstremist silahlı qruplaşmalar Süni İntellektdən istifadə etməyə başlayıblar. Zərərli video və audio materialları tez və az büdcə ilə istehsal etmək qabiliyyətini kəşf edən qruplaşmalarla mübarizə aparmaq üçün yollar axtarılır.
ABŞ-dən Çinə, Türkiyədən Almaniyaya kimi bir sıra dövlətlər Süni İntellektdən istifadə etmək üçün sürətli addımlar atır, dünyadakı silahlı qruplaşmalar da bu texnologiya ilə nələr edə biləcəklərini araşdırırlar.
Milli təhlükəsizlik mütəxəssisləri və kəşfiyyat xidmətləri xəbərdarlıq edir ki, ekstremist təşkilatlar süni intellektdən yeni üzvlər cəlb etmək, real kimi görünən “deepfake” şəkillər yaratmaq və effektiv kiberhücumlar təşkil etmək üçün istifadə etməyə çalışırlar.

Ötən ay İŞİD-ə yaxınlığı ilə bilinən veb-saytda yayımlanan bir müraciətdə bütün dünyadakı İŞİD tərəfdarları Süni İntellektdən istifadə etməyə dəvət edildi. Çağırış edən təşkilat üzvü yazırdı: "Süni intellektlə bağlı ən gözəl arqumentlərdən biri onun istifadəsinin olduqca asan olmasıdır".
İllər əvvəl İraq və Suriyada geniş ərazilərə nəzarət edən, lakin 2019-cu ildən etibarən gizli fəaliyyətə keçən qruplaşma illər əvvəl sosial medianın gücünü kəşf etmişdi: montajı, texniki keyfiyyəti və səslərdən istifadə ilə seçilən vizual materiallar istehsal etməyə üstünlük verirdi. Ekspertlərin fikrincə, bu təcrübəyə malik təşkilatın indi yenidən yaraqlıları cəlb etmək üçün Süni İntellektdən istifadə etməsi təəccüblü deyil.
Kibertəhlükəsizlik firması “Darktrace Federal”-ın baş direktoru və keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin agenti Markus Fowler məsələni belə izah edir: "İŞİD “Twitter”-ə erkən daxil oldu və sosial mediadan öz xeyrinə istifadə etməyin yollarını tapdı. Onlar həmişə arsenallarına əlavə edə biləcəkləri növbəti aləti axtarırlar."
Bu, ekstremistlərin işini daha da asanlaşdırır
Bildirilir ki, hətta məhdud resurslara malik zəif təşkil olunmuş strukturlar belə süni intellektdən istifadə edərək geniş miqyasda təbliğat və ya “deepfake” materiallar istehsal edə bilər ki, bu da onların əhatə dairəsini artırmasına kömək edir. Əvvəllər ABŞ Milli Təhlükəsizlik Agentliyində (NSA) təhlükəsizlik boşluqlarını araşdıran və hazırda “ClearVector” kibertəhlükəsizlik şirkətinin baş direktoru Con Laliberte hesab edir ki, Süni İntellekt “düşmən”in işini daha da asanlaşdırır: “Süni İntellekt sayəsində hətta az pulu olan kiçik bir qrup belə təsirli qüvvəyə çevrilə bilər".

“ChatGPT” kimi proqramlar geniş yayıldıqca yaraqlı qruplaşmalar Süni İntellektdən daha geniş miqyasda istifadə etməyə başladılar. Son illərdə yaraqlılar bu texnologiyadan real görünüşlü saxta foto və videolar yaratmaq üçün istifadə edərək təbliğatlarını bir neçə il əvvəlkinə baxanda daha ağlasığmaz miqyasda yaydılar.
Məsələn, İsrail-Həmas müharibəsinin əvvəlində bombalanmış binada qan içində tərk edilmiş körpələrin saxta şəkilləri internetdə yayılıb. Geniş qəzəbə və qütbləşməyə səbəb olan bu şəkillər müharibənin əsl dəhşətlərini kölgədə qoyub. Yaxın Şərqdəki yaraqlılar bu fotolardan yeni üzvlər cəlb etmək üçün, ABŞ-də və digər yerlərdə antisemitik qruplar isə bu məzmundan sui-istifadə ediblər.

ABŞ Konqresi çıxış yolu axtarır
Xakerlər artıq “fişinq fırıldaqlar”ında sintetik audio və video məzmunlardan istifadə edirlər. Onlar özlərini yüksək vəzifəli iş adamı və ya dövlət məmuru kimi təqdim edərək həssas sistemlərə giriş əldə etməyə çalışırlar. Süni İntellekt həmçinin zərərli proqramlar yazmaq və ya kiberhücumların müəyyən mərhələlərini avtomatlaşdırmaq üçün də istifadə edilir.
Bu problemlərdən xəbərdar olan qanunverici orqanlar vəziyyətdən çıxış yolları tapmağa çalışırlar. ABŞ-də texnologiya istehsalçılarına ekstremist qruplar, hakerlər və ya xarici kəşfiyyat xidmətləri kimi zərərli aktyorlar tərəfindən məhsullarının istifadəsinin qarşısını almaq və ya aşkar etmək üçün tədbirlər görməyə təşviq olunurlar.

ABŞ Senatının Kəşfiyyat Komitəsinin üzvü, Demokrat Mark Uorner deyir: "ChatGPT-nin ictimaiyyətə açıqlanmasından bəri, ictimai maraq və bu texnologiyanı sınamaq istəyinin zərərli aktorlara da şamil ediləcəyi aydın idi."
ABŞ Nümayəndələr Palatası tərəfindən ötən ay qəbul edilən qanun layihəsi ildə bir dəfə Süni İntellektdən istifadə edən ekstremist qrupların yaratdığı risklərin daxili təhlükəsizlik rəsmiləri tərəfindən qiymətləndirilməsini tələb edir. Qanun layihəsinin ideya müəllifi, respublikaçı Avqust Pflugerin sözlərinə görə, Süni İntellektin sui-istifadəsinə qarşı tədbirlərin görülməsi ənənəvi hücumlara hazırlıqdan heç də fərqlənmir.
Mənbə: DW Türkçe