AXCP sədri Əli Kərimli Azərbaycanın 2024-ci ildəki sosial-iqtisadi planlarını şərh etməyə çalışıb.
Faktyoxla Lab. AXCP sədrinin iddialarını analiz edib.
Ə.Kərimli iddia edir ki, hökumət gələn il yanvarın 1-dən xırda sahibkarların vergilərini 4 dəfə artırmağa hazırlaşır.
Birincisi, vergi qanunvericiliyində sadələşdirilmiş verginin mahiyyəti və kimlərin bu verginin ödəyicisi olması hüquqları müəyyən edilib. Belə ki, illik dövriyyəsi 200 min manata qədər olan ödəyicilər bu vergini ödəyir və birbaşa ödəmə mənbəyindən 5 faiz vergi tutulur. İllik gəlirləri 200 min manatdan yuxarı olan sahibkarlar bu növ vergi ödəyicisi deyillər. istinad
İllik gəlirləri 200 min manatdan aşağı olan sahibkarlar isə (Vergi Məcəlləsi. 218.5.10-cu maddə) əhaliyə yox, hüquqi şəxslərə, yəni biznes subyektlərinə xidmət edirsə, bu halda artıq sadələşdirilmiş vergi ödəyicisi deyil, avtomatik 20 faizlik gəlir vergisi ödəyicisi sayılır. istinad
İkincisi, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində təsbit edilib ki, gəlirlərin və xərclərin uçotunu aparan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin vergisinin 75 faizindən azaddır, yəni bu hissəyə vergi güzəşti tətbiq olunduğundan onların vergi öhdəliyi 20 faizdən 5 faizə düşür.
Mikrosahibkarın 3 nəfər muzdlu işçisi olmadığı halda ona verilən 75 faiz güzəşti hüquqi qüvvəsini itirir, yəni həmin kiçik sahibkar 20 faizlə vergiyə cəlb olunur.
Üçüncüsü, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə 3 işçi sayı olan mikrosahibkarların əvvəlki vergi güzəşti hüquqi qüvvədə qalır. Belə ki, layihəyə görə, muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların gəlirlərinin 75 faizi yenə də gəlir vergisindən azad olacaq. Əgər həmin kiçik sahibkar VM-nin sözügedən maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikrosahibkarlıq siyasətindən digər kateqoriyalı sahibkarlıq subyektinə keçdikdə o, 75 faizlik vergi güzəşti öhdəliyindən çıxır. Yəni, təqvim ili üzrə tələb olunan öhdəlikləri yerinə yetirdiyi halda 5 faiz vergini ödəyəcək.
Dördüncüsü, qeyd olunan vergi güzəştinin vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu gəlirlərə münasibətdə tətbiq edilməməsi təklif olunur. Yəni, vergi öhdəliyini pozmayan mikrosahibkarların heç biri həmin güzəşti itirmir. istinad
Ona görə də, 5 faizlik vergi dərəcəsinin təyinatının dəyişdirilməsi heç bir halda vergilərin 4 dəfə artırılması demək deyil.
2024-cü ildə sadələşdirilmiş vergi üzrə daxilolmalar 333,3 milyon manat nəzərdə tutulur ki, bu da 2023-cü illə müqayisədə cəmi 8,3 milyon manat və ya 2,6 faiz çoxdur. Bunun da səbəbi həmin vergi ödəyicilərinin sayının və gəlirlərinin çoxalması hesabına mümkün olacaq.
(“2024-cü ildə vergi gəlirləri sahəsində həyata keçiriləcək əsas istiqamətlər. “Azərbaycan Respublikasının 2024-cü il üçün icmal və dövlət büdcələri üzrə layihələrin təqdimatı. Səh 13-14).
Əgər Kərimlinin iddia etdiyi kimi əksəriyyəti sadələşdirilmiş vergi ödəyici olan kiçik sahibkarların vergiləri 4 dəfə artmış olsaydı, onda həmin sahədən 333 milyon yox, 4 dəfə çox, yəni, 1,2 milyard manat vergi toplanardı.
Göründüyü kimi Əli Kərimlinin “hökumət gələn il yanvarın 1-dən xırda sahibkarların vergilərini 4 dəfə artırmağa hazırlaşır” iddiasının və məntiqsiz müqayisənin heç bir əsası yoxdur.
Ə.Kərimlinin hökuməti hədəfə alan başqa bir ittihamı metro ilə bağlıdır. Qeyd edir ki, hökumət metroda gediş haqqının artırılması barədə anons verib. Araşdırma nəticəsində bəlli oldu ki, belə bir qərar yoxdur və Metropoliten rəhbərliyinin metroda xərclərlə bağlı mediaya açıqlaması qiymət artımı üçün hansısa qərarın verilməsini nəzərdə tutmur. Əksinə dövlət 2024-cü ildə metroya dotasiyanı 30,2 faiz artıracaq. Büdcədə sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün “Bakı Metropoliteni”nə 50 milyon manat subsidiya nəzərdə tutulub. (“Azərbaycan Respublikasının 2024-cü il üçün icmal və dövlət büdcələri üzrə layihələrin təqdimatı. Səh 38).
Ə.Kərimli iddia edir ki, hərbi qulluqçuların güzəştli pensiyaya çıxmaq müddətinin 5 il artırılması hökumətin və parlamentin gündəmindədir.
Əvvəla, hərbi qulluqçuların pensiya təminatı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla tənzimlənir.
Milli Məclisin 2023-cü il gündəliyində belə bir layihə yoxdur və demək bu mövzuda hansısa müzakirə nəzərdə tutulmur.
İkincisi, hökumət hərbi qulluqçuların pensiya təminatında yumşaldıcı və daha çox onların mənafeyinə xidmət edən qərarlar qəbul edir. Məsələn, 2022-ci ilin may ayında “Əmək pensiyaları haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə təyin edilən əmək pensiyalarında sonuncu təminat xərcləri də nəzərə alınıb, eyni zamanda, onların pensiyaları da bütün növ pensiyalar kimi hər il yanvarın 1-dən indeksasiya nəticəsində artımla təmin olunub. Bu isə hökumətin hərbçilərin pensiya təminatı sahəsində birbaşa onların mənafeyinə uyğun addımlar atıldığını göstərir. istinad
Göründüyü kimi, hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərin əmək pensiyası ilə bağlı qərarlar müsbət istiqamətdə verilir.
Beləliklə,
Əli Kərimlinin statusunda qeyd olunan
- “hökumət gələn il yanvarın 1-dən xırda sahibkarların vergilərini 4 dəfə artırmağa hazırlaşır” iddiası yalandır. Ə.Kərimli tətbiq olunacaq qaydaların mahiyyətini ya tam anlamayıb, ya da məqsədli manipulyasiya ilə məşğuldur
- “Metroda gediş haqqının artırılması üçün rəy formalaşdırılır” iddiası yalandır. Metropoliten rəhbərliyinin metroda xərclərlə bağlı mediaya açıqlaması qiymət artımı üçün hansısa qərarın verilməsini nəzərdə tutmur
- “hərbi qulluqçuların güzəştli pensiyaya çıxmaq müddətinin 5 il artırılması hökumətin və parlamentin gündəmindədir” iddiası da yalandır. Hərbi qulluqçuların pensiya təminatı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla tənzimlənir. Milli Məclisin 2023-cü il gündəliyində belə bir layihə yoxdur və demək bu mövzuda hansısa müzakirə nəzərdə tutulmur.