ABŞ-da fəaliyyət göstərən Kato İnstitutu ( Cato Institut ) tərəfindən fevral ayında  dərc edilən “İnsan Azadlığı İndeksi-2022” (The Human Freedom Index (HFI) hesabatında Ermənistan 26-cı, Gürcüstan 43-cü, Azərbaycan 131-ci, Türkiyə 130-cu yerdə  qərarlaşıb. Digər türk dövlətlərindən Qırğızıstan 87-ci, Qazaxıstan 107-ci sırada yerləşdirilib. İlk 10-luq ölkələri qrupuna İsveçrə, Yeni Zelandiya, Estoniya, Danimarka, İrlandiya, İsveç, İslandiya, Finlandiya, Hollandiya və Lüksemburq daxildir. Ən aşağı sırada isə Çin, Səudiyyə Ərəbistanı, İran, Venesuela, Suriya yer alır.

Faktyoxla Lab. KATO İnstitunun “İnsan Azadlığı İndeksi-2022” hesabatında Ermənistanın 26-cı yerə layiq görülməsinin detallarını araşdırıb.

2022-ci ilin məlumat bazası əsasında hazırlanmış “İnsan Azadlığı İndeksi-2022” reytinqi bir neçə qiymətləndirmə sub-indekslərinə əsasən müəyyən edilir. Bunlar “Hüququn (qanunun) aliliyi”, “Dövlətin təhlükəsizliyi”, “Din azadlığı”, “Sərbəst toplaşmaq azadlığı”, “İfadə və informasiya azadlığı”, “Məhkəmə sisteminin azadlığı və mülkiyyət hüquqları”, “Sabit valyuta”, “Beynəlxalq ticarət azadlığı”, “İqtisadi tənzimləmə” sub-indikatorlarıdır. 
Ermənistanın 26-cı yerdə qərarlaşmasını təmin edən həmin sub-indikatorların hər biri üzrə bu ölkədəki vəziyyətə nəzər salmaqla Kato İnstitunun hesabatının hansı dərəcədə obyektiv olmasını müəyyən edə bilərik. Daha doğrusu qiymətləndirmə sub-indekslərinin hər biri üzrə Ermənistandakı əsl duruma diqqət edək.

“Qanunun aliliyi” sub-indikatoru cəmiyyətin bütün üzvlərinin hüquqlarının eyni dərəcədə qorunmasını, ictimai, siyasi, sosial, iqtisadi statusundan asılı olmayaraq ayrı-seçkiliyin yolverilməzliyini təsbit edir. Ermənistanda hüquq və qanunların qorunmasının hansı səviyyədə olması barədə çoxsaylı nöqsanları təqdim etmək mümkündür. Ən yaxşı təəssürat yaradan faktlar toplusu Avropa Məhkəməsinə ermənilərin özlərinin ünvanladığı saysız-hesabsız qanun pozuntuları, vətəndaşlara qarşı dövlət hüquq-məhkəmə sisteminin özbaşınalıqları barədə şikayətlərdir. Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət və şikayətlərin sayına görə, Ermənistan 2022-ci ildə ilk onluğa daxil olub. Bu dövr ərzində Ermənistandan AİHM-nə 1250 ərizə və şikayət daxil olub ki, bu da təşkilata göndərilən ümumi verilən ərizələrin ümumi sayının 1,7%-ni təşkil edir. Ötən il Ermənistan vətəndaşlarının Avropa Məhkəməsinə şikayətlərinin sayı əvvəlki illə müqayisədə 111 say çox olub. Nəticədə Avropa İnsan Haqları Məhkəməsi ötən il Ermənistana qarşı 31 ərizə üzrə xüsusi iclas keçirərək 21 qərar çıxarıb və onların hamısı birbaşa dövlətin hüquq və qanun pozuntuları ilə əlaqədardır. istinad

Cinsi azlıqlara qarşı kütləvi repressiya davam edib.  2022-ci ildə Ermənistanda LGBT icması nümayəndələrinin hüquqlarının pozulması ilə bağlı 80 fakt qeydə alınıb. Bütün hallarda cinayətlər qurbanların qorunan xüsusiyyətlərinə - əksər hallarda cinsi oriyentasiya, gender identikliyi, seks işində iştirak və ya HİV-müsbət statusa qarşı mənfi münasibət və nifrətdən qaynaqlanır. mənbə

“Dövlətin təhlükəsizliyi” indikatoru üzrə fakt və təhlillər də bu qənaəti formalaşdırır ki, Ermənistanın milli təhülkəsizliyini təhdid edən amillər mövcuddur, ictimai-siyasi sabitlik dayanıqlı deyil. Bu ölkədə ictimai-siyasi sabitlik 2022-ci ildə daha da pisləşib, 37 min 612 cinayət hadisəsi qeydə alınıb ki, bu da 2021-ci illə müqayisədə 7.367 və ya 24,4 faiz çox cinayət hadisəsi deməkdir.  Xüsusilə də ağır cinayətlərin sayı 29,8 % artıb. Cinayətlərin 21 min 604-ü təkcə paytaxt İrəvanda törədilib. Bu ümumi cinayət sayının 68 faizi deməkdir. istinad

Ermənistan Milli Təhlükəsizlik Xidməti dəfələrlə ölkədə ictimai sabitliyin pozulması, kütləvi iğtişaşlar təhlükəsinin olmasını dövlətin gücünə təhdidlər kimi qiymətləndirib. Xidmət respublikanın mili təhlükəzsizliyi, dövlətin konstitusiya quruluşu üçün real təhlükələrin hələ də mövcudluğundan narahatlığını ifadə edib. mənbə

Ermənistan Helsinki Komitəsinin hesabatında da ölkədəki ictimai sabitliyin təhlükə altında olması qeyd edilir.

“Sərbəst toplaşmaq azadlığı”
sub-indikatoru üzrə də vəziyyət ürəkaçan deyil. “Amnesty International”ın “2022-2023-cü illərdə dünyada insan hüquqlarının vəziyyəti” adlı hesabatında Ermənistanla bağlı bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hökumətə qarşı etirazlar zamanı qeyri-mütənasib güc tətbiq edir, ictimai fəallar və müxalif fikir daşıyıcları həbs edilir, siyasi partiya üzvləri ağır təqib və işgəncələrə məruz qalır. Hakimiyyətə qarşı azad fikirlər bildirən siyasilər müxtəlif saxta ittihamlarla məsuliyyətə cəlb edilir. Gender bərabərliyi ilə bağlı pozuntuların sayı da artır, ictimai ayrı-seçkiliyin təzahürləri aydın hiss olunur, hökumət üzərinə götürdüyü öhdəliklərlə bağlı heç bir addım atmadığından fundamental hüquqların təmin edilməsi sahəsində heç bir irəliləyiş yoxdur.
istinad

Baş nazir Nikol Paşinyanı tənqid etməyə görə, siyasi təqiblər adi hala çevrilib. “Polus” hərəkatının üzvü Varujan Avetisyanın oğlu David Avetisyanın, “Alternativ” ictimai təşkilatının lideri, “Ermənistan” blokunun üzvü Narek Mantaşyanın həbsi birbaşa siyasi təqiblər hesab olunur. mənbə

Eləcə də ölkədəki siyasi baxışlarına görə, fəalların, müxalif qüvvələrin, hakimiyyətin yarıtmaq siyasi-hüquqi islahatlarını tənqid edən şəxslərə qarşı amansız davranışlar xarakterik hala çevrilib. Partiya sədrlərinin məsuliyyətə cəlb olunması, susdurulması və repressiya təhülküsinə məruz qalması 2022-ci ildə daha da artıb. Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyana qarşı saxta ittihamlar cəmiyyətdə gülünc hal kimi qarşılanıb.
Hakimiyyət öz inzibati resurslarından istifadə edərək etirazını bildirən sadə xalq kütlələrinə, dinc insanlara qarşı hədsiz dərəcədə zorakılıqlar edib, fiziki güc və işgəncələr nəticəsində yüzlərlə insan xəsarət alıb.

2022-ci ildə İrəvanda baş vermiş silsilə etiraz aksiyalarında hər dəfə onlarla şəxs polis şiddətinə məruz qalaraq yaralanıb, xeyli sayda insan həbs olunub. mənbə

ABŞ-ın “İnteqrasiya edilmiş ölkə strategiyası 2022” hesabatında Ermənistandakı siyasi vəziyyətlə bağlı risklərin mövcudluğu haqda şərhlərə yer verilib. Sənəddə bu ölkədə siyasi təşkilatlara, vətəndaş cəmiyyəti institutlarına, müstəqil mediaya qarşı fiziki və mənəvi zorakılıq halları, məhkəmə cinayətləri və ictimai sabitliyə təhlükə yaradan digər hallara yer verilib. 

ABŞ Dövlət Departamentinin bəyanatında da Ermənistandakı polis toqquşmaları ilə bağlı ictimai sabitlikdən narahatlıq ifadə olunur.

Eləcə də Dövlət Departamenti müxtəlif dövrlərdə insan hüquqları pozuntuları ilə bağlı hakimiyyətə çağırışlar edərək təhlükəsizlik qüvvələri tərəfindən işgəncələrin dayandırılmasını, əsassız həbslərə son qoyulmasını, məhkəmə sisteminin müstəqilliyinə yaranmış ciddi maneələrin aradan qaldırılmasını, şəxsi həyatın toxunulmazlığına müdaxilələrin, azadlığın məhdudlaşdırılması hallarının araşdrılmasını tələb edib

“İfadə və informasiya azadlığı” sub-indikatoru üzrə də Ermənistanda müsbətə doğru dəyişikliyin olmadığını bu ölkənin media təsisatlarının hesabat və bəyanatlarından görmək mümkündür. Hakimiyyət qanunvericiliyə dəyişiklik etməklə medianın fəaliyyətini məhdudlaşdıran və media vasitələrinə qarşı cəzanı sərtləşdirən siyasəti davam etdirib. Baş nazirlə yanaşı, onun “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərini tənqid edən müxalif mediaya qarşı repressiv üsullardan istifadə olunub. istinad


“Novosti-Armeniya” Söz Azadlığının Müdafiəsi Komitəsinin sədri Aşot Melikyan qeyd edib ki, ekstremal hadisələri işıqlandırdıqları dövrlərdə jurnalistlərə qarşı fiziki zorakılıq halları çoxalıb. Media qanunvericiliyi ilə bağlı çoxsaylı problemlər qalır, üstəlik hakimiyyət yeni inzibati qərarlar qəbul edib. 2022-ci ildə jurnalistlərin parlament və digər dövlət binalarından qovulması, onların sərbəst informasiya əldə etmək imkanlarının məhdudlaşdırılması, “KİV haqqında” yeni qanun layihəsinə məhdudlaşdırıcı bəndlərin əlavə olunması və hakimiyyət orqanlarına jurnalistlərin akkreditasiyasını ləğv etmək imkanının verilməsi media azadlığına qarşı amansız davranışların nümunəsədir.

Media azadlığını pozulmasına etiraz edən Ermənistan Jurnalistlər Birliyinin 2022-ci ildə yaydığı bəyanatdan da görünür ki, hakimiyyətin media qurumlarını və jurnalistləri təqib etməsi ənənəyə çevrilib. Beynəlxalq insan haqları və jurnalist təşkilatları da Ermənistanda söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı vəziyyətin kəskin pisləşməsindən narahatlığını bildirib. Ötən il ümumilikdə jurnalistlərə qarşı 14 fiziki zorakılıq halı qeydə alınıb və nəticədə 16 nəfər həlak olub. Bundan əlavə, hesabat dövründə KİV-ə və onların əməkdaşlarına qarşı 55 təzyiq, məlumat almaq və yayma hüquqlarının pozulması ilə bağlı 115 fakt qeydə alınıb. Jurnalistlərə və KİV-ə qarşı 32 iddia qaldırılıb. istinad

“Məhkəmə sisteminin azadlığı və mülkiyyət hüquqları”
sub-indikatoru üzrə də Ermənistanda vəziyyət iddia olunduğu kimi yaxşı deyil. Bu ölkədə azad məhkəmə islahatları adı altında hakimiyyət öz yaxın ətrafının mənafelərini təmin edən islahatlar keçirib ki, bu da ədaləti və bərabərliyi daha da qütbləşdirib. Müxalifət “Ermənistan” və “Mənim şərəfim” parlament fraksiyalarının birgə bəyanatında deyilir ki, məhkəmə hakimiyyətinin müstəqilliyinə qarşı qəsdlər artır və bu, Ali Məhkəmə Şurasının tam dəstəyi  ilə həyata keçirilir. Hakimiyyət tərəfindən məhkəmə sisteminə hücumlar və təzyiqlər, hüquqi icazəvermə görünməmiş həddə çatıb, məhkəmə sisteminin və hakimlərin özbaşınalığı azad məhkəmə anlayışını tamamilə məhv edib. mənbə

Ötən il “Heritage Foundation”-nun hesabat sənədində məhkəmə sisteminin aşağı səviyyədə olması, mülki və iqtisad məhkəmələrinin siyasi sifarişlər və inzibati təsirlər əsasında fəaliyyət göstərdiyi, məhkəmə institutlarının işinin səmərəsizliyi barədə konkret detallı faktlar öz əksini tapıbdır.

Dünya Bankının “Doing Business” və Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”  hesabatlarında da Ermənistanda məhkəmələrin ədalətsiz qərarları sayəsində iqtisadi-hüquq sektorlarında geriləmələrin baş verməsinə diqqət çəkilir. Bunun nəticəsidir ki, həmin hesabatlarda Ermənistan “Mülkiyyət”, yaxud “Əmlakın qeydiyyatı”, “Məhkəmə qərarları” indikatorları üzrə pis vəziyyətə malik ölkələr qrupunda yer alıb. mənbə
“Möhkəm valyuta” sub-indeksi ölkənin milli valyutasını məzənnə sabitliyi göstəricisidir. Ermənistanda 2022-ci ildə rəsmi valyuta olan dramın ABŞ dolları və avro qarşısında məzənnəsi zəifləyib.
mənbə
“Beynəlxalq ticarət azadlığı”
sub-indeksi üzrə də vəziyyət qənaətbəxş sayıla bilməz. Ermənistan yeganə region ölkəsidir ki, mal və xidmətlərin idxal və ixracı əsas etibarilə 2 ölkənin – Rusiya və İranın inhisarındadır. Xüsusilə də 2022-ci ildə Rusiya xarici ticarətin böyük hissəsinə sahib olub. Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə respublikanın xarici ticarət dövriyyəsi 14,1 milyard dollar təşkil edib ki, onun da 5,1 milyardı Rusiyanın payına düşür. Bu, ümumi ticarətin 42 faizi deməkdir. mənbə
Maliyyə azadlığı (Financial Freedom) üzrə də Ermənistanda qeyri-sabit durum mövcuddur. Bu sub-indeks dövlət nəzarətindən asılılığı, maliyyə sektoruna dövlətin müdaxiləni, biznesin və şəxsi istehlakçıların bank və kredit təşkilatlarına əlçatanlığını əhatə edir. Ermənistanın hakimiyyət orqanları ölkədə maliyyə vəsaitlərinin talandığını əks etdirən kifayət qədər sübutları təqdim edir, maliyyə xarakterli cinayətlərin artmasını etiraf edirlər. Ermənistan Baş Prokurorluğunun İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsinin məlumatına əsasən, 2022-ci ildə iqtisadi cinayətlərin sayında artım baş verib. Doqquz ayı üzrə statistikaya əsasən, iqtisadi xarakterli 1184 iş üzrə keçirilmiş nəzarət tədbirləri zamanı, qanunsuz sahibkarlıq, saxta müflisləşmə, qeyri-qanuni maliyyələşdirmə, vergi, rüsum və ya digər icbari ödənişlərin mənimsənilməsi, dövlət vəsaitlərinin təyinatdan kənar istifadə edilməsi, çirkli pulların yuyulması və digər cinayət halları aşkar olunub, bütün faktları üzrə cinayət işləri qaldırılıb. mənbə

Qeyri-sağlam ictimai ab-havanın hökm sürdüyü, azad media, biznes mühiti, normal məhkəmə institutlarının olmadığı Barbadosun 46-cı, Belizin 73-cü, Benin ölkəsinin 76-cı, Butanın 86-cı, Burkino-Fasonun 93-cü, Çilinin 32-ci, Fici adalarının 64-cü, Qananın 66-cı, Haitinin 82-ci sıraya daxil edilməsi birbaşa ABŞ QHT və ictimai instutlarının qərəzli yanaşmasından qaynaqlanır. Azad iqtisadiyyatına, ədalətli məhkəmə-hüquq sisteminin fərqliliyinə, digər demokratik islahatlar yürütmək iradəsinə malik olan Çin Respublikasının ən son yerlərdən birini – 134-cü sıraya yerləşdirilməsi, əvəzində bu ölkəyə məxsus Honq-Konqun 34-cü yerə yüksəldilməsi inanılmaz ədalətsizlik düsturudur. Son illərdə insan haqlarının ən çox pozulduğu, azad fikrə, sərbəst toplaşmaq hüquqlarına qarşı ən amansız üsulların adi hala çevrildiyi Fransanın  demokratik ölkə kimi 40-lıq ölkələri sırasına daxil edilməsi də hesabatın obyektivliyinə ciddi şübhələr yaradır.


Beləliklə,

- “İnsan Azadlığı İndeksi -2022” hesabatı dünya ölkələrində insan azadlığı ilə bağlı ədalətli və dürüst qiymətləndirməni əks etdirmir;

- Hesabatda Ermənistanla bağlı aparılan bütün qiymətləndirmələr qeyri-obyektivliyin və saxtakarlığın növbəti təzahürüdür;

- Azərbaycan və Türkiyənin hesabatdakı yeri ikili standartların bariz nümunəsi olmaqla, anti-Türkiyə, anti-Azərbaycan mövqeyin nümayişidir; 

- Ermənistanın qeyri-demokratik mühitin qarşılığında azad və demokratik ölkə kimi təqdim olunması reytinq hesabatının obyektivliyini tamamilə şübhə altına alır.