Sosial mediada iddia olunur ki, Azərbaycanın paytaxtı Bakının simvollarından biri olan “Alov qüllələri” (Flame Towers) terrorçu "Həmas" təşkilatı ilə silahlı münaqişədə dəstəkləmək məqsədilə İsrail bayrağının rənglərinə boyanıb. X (keçmiş Twitter) sosial media platformasında xəbər paylaşan bir çox hesablar, eləcə də fərdi istifadəçilər belə iddia ilə çıxış ediblər

Bu fotonu Azərbaycanlı tvitter istifadəçiləri də paylaşıblar. 

Faktyoxla Lab. bu iddianı dəqiqləşdirib.

2023-cü il oktyabrın 07-də Bakının simvollarından biri sayılan “Alov Qüllələri”nin (Flame Towers) İsrail bayrağı ilə boyanması haqqında heç bir rəsmi məlumata rast gəlinmir.

Açıq mənbələrdə “geriyə axtarış” metodu ilə axtarış apardıqda bəlli olur ki, “Alov qüllələrinin” İsrail bayrağına boyanması faktı 8 il öncə qeydə alınıb.    

28 iyun 2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa oyunları zamanı iştirakçı dövlətlərdən biri olan İsrail komandasını salamlamaq məqsədilə nümayiş olunub.

 

Mənbə: jewishjournal

Həmin gün iştirakçı ölkələrin bayraqları dövlətlərin adlarının əlifba sırası ardıcıllığı ilə “Alov Qüllələrində” əks olunmuşdur.

Nəticə:

-İsrail bayrağının "Alov qüllələri"ndə əks olunması görüntüləri yeni deyil, 2015-ci ildə Azərbaycanda keçirilən 1-ci Avropa oyunları zamanı çəkilib.

-Bu fotonun İsrail dövləti ilə Qəzza bölgəsi arasındakı silahlı münaqişəyə heç bir aidiyyatı yoxdur.