İyunun 17-də Tatarıstan Respublikasının rəhbəri (Rəisi) Rüstəm Minnixanovun Prezident İlham Əliyevlə birgə Şərqi-Zəngəzur iqtisadi rayonuna – Zəngilana və Cəbrayıla səfəri olduqca əlamətdar siyasi-iqtisadi hadisə kimi qiymətləndirilə bilər. Xüsusilə də Cəbrayılda “Araz Vadisi” İqtisadi Zonası Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışı azad edilmiş ərazilərdə sənaye quruculuğunun həlledici mərhələyə daxil olmasının mühüm göstəricisidir.
Rüstəm Minnixanovun səfərə Azərbaycanın paytaxtından deyil, birbaşa Zəngəzurun qapısı olan Zəngilan Beynəlxalq Hava Limanından başlaması və Cəbrayılda qırmızı lenti kəsməsinin arxasında gizlənən bir çox iqtisadi və siyasi nüanslar vardır ki, onları aydınlatmağa çalışaq.
Tatarıstan rəhbərinin (Rəisinin) səfər çərçivəsində Böyük Qayıdışın ilk pilləsi olan Zəngilanın Ağalı kəndinə baş çəkməsinin xüsusi siyasi rəmzi mənası vardır. Bu, Tatarıstanın Qarabağda ilk addımlarını atan Türkdilli respublikalar ailəsində öz sıra yerini tutmaq iradəsinin mesajıdır.
Qeyd edək ki, bu bölgədə ilk quruculuq manifestini Türk dünyasının iki lideri – Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev başladıblar və Şərqi-Zəngəzurda 2 il əvvəl, 2021-ci il oktyabrın 26-da ilk nəhəng “Dost Aqropark” layihəsinin əsasının qoyulması ilə azad edilmiş ərazilərdə investisiya quruculuğu səhifəsi dünyanın üzünə açılıb. mənbə
Üstündən cəmi bir il keçdikdən sonra iki qardaş ölkənin dövlət başçıları “Dost Aqropark” kompleksinin birinci mərhələsinin açılışını etməklə, bölgənin artıq iqtisadi reinteqrasiyaya açıq olduğunun siqnallarını verdilər. mənbə
Cəmi 8 ay sonra isə Türkiyənin ardınca, Rusiya Federasiyasının muxtar siyasi subyekti olan Tatarıstan Respublikası Azərbaycan-Türkiyə investisiya zəncirinə qoşuldu.
Bu xüsusda qeyd edək ki, Tatarıstan RF-nin subyekti olsa da, müstəqil iqtisadi qərarvermə statusuna malikdir. Azərbaycan Prezidentinin 25 avqust 2005-ci il tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəalliyyəti də ikitərəfli iqtisadi hədəflərə çatmaqdır.
Həmçinin, Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyi fəaliyyət göstərir ki, bu da ikitərəfli iqtisadi-sərmayə və ticarət planlarını koordinasiya edir. mənbə
Azərbaycanın Rusiya Federasiyasında fəaliyyət göstərən Ticarət nümayəndəliyi də Tatarıstanla iqtisadi əlaqələrin inkişafında müstəsna rol oynamaqdadır.
Münasibətləri ən yüksək zirvəyə çatdırmaq üçün Kazanda Azərbaycanın Baş Konsulluğunun açılması planlaşdırılır.
Yəni, mövcud iqtisadi-siyasi əlaqələr onu göstərir ki, Tatarıstan neçə illərdir ki, Azərbaycanla birgə iqtisadi mənafelərdə birgə hərəkət edir və 44 günlük tarixi Zəfərdən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionda yaratdığı yeni reallıqlar fonunda irəli sürdüyü təşəbbüslərə, xüsusilə də Türk dünyasının inteqrasiyasının möhkəmlənməsi yolunda atdığı qətiyyətli addımlara Kazan hökuməti də qoşulmaqda iddialı və israrlıdır.
Tatarıstanın Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin cənub istiqamətində giriş qapısı hesab edilən “Araz Vadisi” İqtisadi Zonasına maraq göstərməsi və “Avto Lizinq Azərbaycan” MMC-ni yaratması da bu təşəbbüslərdə ön planda yer almaq niyyətlərindən irəli gəlir.
Onu da unutmayaq ki, Tatarıstanla yanaşı, bu bölgəyə Özbəkistanın da gəlməsi və sərmayələrə qatılacağı bəllidir. Özbəkistan artıq Qarabağdadır və Füzulidə sosial infrastruktur layihəsini icra etməklə bu dairəyə daxil olub. Bunun ardınca Özbəkistan Qarabağda digər infrastruktur layihələrə sərmayə qoyacağını bəyan edib.
2022-ci ilin avqust ayında Azərbaycan, Özbəkistan və Türkiyə üçtərəfli görüşünün yekununda imzalanmış Daşkənd Bəyannaməsində bununla bağlı təfərrüatlar açıq qeyd edilib. Bəyannamədə qeyd edilir ki, “tərəflər Qarabağ və Şərqi Zəngəzur bölgələrinə investisiya qoyaraq yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyi, eləcə də, Zəngəzur dəhlizinin açılmasının önəmini vurğulayırlar.
Bundan başqa, işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikintisinə başlanılıb. Bu prizmadan yanaşdıqda, yaxın vaxtlarda bölgənin iqtisadi-siyasi və Zəngəzur dəhlizinin coğrafi hədəf prioritetləri baxımından Türk xətti olacağı istisna deyil.
Beləliklə, cənab Rüstəm Minnixanovun Zəngilana və Cəbrayıla səfərləri artıq siyasi xəritədə daha nəzərəçarpacaq iri planda görünən Türk birliyinin iqtisadi ideyası olan Şərqi Zəngəzur quruculuğunda öz yerini tutmasının rəmzi mənası anlamına gələ bilər. Eyni zamanda, Azərbaycan Prezidentinin Türk dünyasını Zəngəzur ideyası ətrafında sıx birləşdirmək və bölgənin gələcək tərəqqisini, rifahını türkdilli ölkələrlə birgə irəliyə aparmaq istedadının, ustadcasına və məharətlə cızılmış geosiyasi taktikasının bir planı sayılmalıdır.
Layihənin tərəfdaş ölkələr, o cümlədən Zəngəzur dəhlizinin perspektivləri baxımından əhəmiyyəti və üstünlükləri nədir?
Birincisi, Şərqi Zəngəzur iqtisadi rayonunun ən strateji layihələrindən biri olan “Araz Vadisi” İqtisadi Zonası Sənaye Parkının yaradılması bölgənin böyük investisiyalara açılımı üçün möhkəm zəmanətdir. Sənaye zonasının Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması strateji coğrafi üstünlük və əlverişli məkan olmasını şərtləndirir. Sənaye şəhərciyi logistik imkanlar baxımından ən əlverişli ərazidə yerləşir və Zəngəzur dəhlizi zəncirinə daxildir. Sənaye Parkının yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşməsi bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu tranzitlər isə Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq.
Eləcə də hazırda Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşqalarını şaxələndirən Azərbaycan Zəngəzur dəhlizinin yaradılması ilə logistikada “qızıl orta”nı qurmuş olacaq.
İkincisi, Zəngəzur dəhlizinin rentabelli hərəkətliliyinin bəri başdan təminat altına alınmasıdır. Belə ki, müəssisədə müasir tipli “Kamaz” yük maşınları və iritutumlu sərnişin avtobuslarına xidmət şəbəkəsi yaradılıb və mərkəzdə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcək.
Şərti olaraq “Made in Zəngəzur” tranziti sxemi üzrə qurulacaq bu nəqliyyat axınlarının böyük hissəsi Türkiyə vasitəsilə dünya bazarlarına çıxılacaq. Yeni nəqliyyat dəhlizi ilə çoxhəcmli daşınmaları həyata keçirmək üçün müasir və çoxtonnajlı nəqliyyat vasitələrinə ehtiyac olacaqdır ki, bu tələbatı da məhz Tatarıstanda istehsal olunan “Kamaz” maşınları ödəyəcək. Həmin maşınların və texnikaların xidmət servisi isə Şərqi-Zəngəzurdan idarə olunacaq.
Üçüncüsü, Sənaye Parkının yerləşdiyi Şərqi Zəngəzur iqtisadi rayonu olduqca zəngin resurs mənbəyidir. Bu isə bölgənin yüksək inkişafı, çoxlu iş yerlərinin yaradılması, bölgənin xarici sərmayəçilərin dayanıqlı investisiya zonasına çevrilməsi və qlobal iqtisadiyyata intqerasiyası üçün mühüm rol oyanayacaqdır. Yeni sənaye zonası bölgənin nəhəng “hub”una çevriləcək və sənaye məhsullarının müxtəlif coğrafiyalar üzrə ixracının çoxqütblü logistika qovşağına çevrilməsinə səbəb olacaq ki, bu da bütün iştirakçı Türk respublikalarına dividentlər gəticəkdir.
Nəhayət, işğaldan azad edilmiş ərazidə 200 hektar sahədə böyük bir sənaye şəhərciyinin yaradılması bölgədə rəqabətyönümlü maşınqayırma sənayesinin qurulması, eyni zamanda, öz doğma yurdlarına geri dönən minlərlə insanın məşğulluğunun təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Bu o deməkdir ki, Böyük Qaydışla yanaşı, Cəbrayıla və Zəngilana qayıdan insanlar üçün dayanıqlı iş yerləri də həmahəng aparılır. Yəni, dövlətin siyasəti iqtisadi və sosial məzmun kəsb etməklə son nəticədə bölgənin sakinlərinin layiqli yaşayışına xidmət edir.
Bundan başqa, Tatarıstan islam ənənələrinə dərindən bağlıdır, Rusiyada müsəlmanlarının dini irsi, dəyərləri, fəaliyyətindən danışılanda ilk növbədə, bu respublikanın islam icması göz önünə gəlir. Yəni, Rusiya müsəlmanlarının ideoloji-dini mərkəzi və fəaliyyət koordinasiyası məhz bu respublikadan keçir. Ona görə də, Rusiyanın Türk-islam ölkələri ilə münasibətlərində Tatarıstan liderlərinin rəyi də nəzərə alınır. Tatarıstan Respublikasının rəhbəri (Rəisi) Rüstəm Minnixanovun həm də “Rusiya–İslam dünyası” Strateji Qrupunun rəhbəri olmasını nəzərə alsaq, cənab Minixanovun nüfuz və siyasi xarizmasının kifayət qədər yüksək olması qənaətinə gələ bilərik.
Həmçinin, bu bölgədəki yeni kommunikasiyaların, ələlxüsus da Zəngəzur dəhlizinin Türkiyə-Rusiya iqtisadi bağlantısı üçün xüsusi strateji əhəmiyyət daşımasını Kremldə çox yaxşı başa düşürlər. Bu dəhliz, Rusiyanın Türkiyə ilə quru bağlantısı üçün ən asan və sərfəli yol keyfiyyətlərinə görə seçilir. İki ölkə arasında son illərdə etimadın güclənməsi fonunda artan iqtisadi dövriyyələr, çoxşəbəkəli layihələr, “28 may seçkiləri”ndən sonra Moskva ilə Ankara arasında siyasi əlaqələrin daha da yüksəlməsi qarşıdakı illərdə təmasların artan ruhuna və tələbatına uyğun olaraq tranzit-logistika imkanlarının da diversifikasıyasını aktuallaşdıracaq. Ona görə də, hər iki ölkə üçün qarşıdakı yol xəritəsinin ən optimal tranzit həllərindən biri Zəngəzur dəhlizidir.
Onu da nəzərə alsaq ki, Türk dövlətlərinin coğrafi hüdudlarının bütün nöqtələri həm də Rusiyanın sərhəd nöqtələrinə birləşir və RF-nin bu ölkələrlə münasibətləri çox normaldır. Zəngəzur dəhlizinin əsas işlək xətləri Orta Asiya ölkələrini əhatə etdiyindən bu siyasi maraq baxımından Kremlin qıcıqlarına da toxunmur.
Beləliklə, Zəngəzur dəhlizi Tatarıstanın yurisdiksiyasında olduğu Rusiya-Türkiyə-Azərbaycan və Orta Asiya və Uzaq Şərq ölkələrinin bir iqtisadi-ticari meridianda birləşdirə bilən əməkdaşlıq platforması hesab edilə bilər. Bu möhtəşəm platformanın ərsəyə gəlməsi isə cənab İlham Əliyevin inanılmaz siyasi iradəsinin, bölgənin geoiqtisadi strukturunu yenidən formalaşdırmaq və düzgün strateji qərarvermə uzaqgörənliyinin nəticəsidir.