Çincə böhran sözünün fürsət mənasını verdiyi iddiası fərdi inkişaf mütəxəssislərinin, motivatorların tez-tez istifadə etdiyi terminlərdən biridir. İddialara görə, böhran mənasını verən Çin dilindəki “weiji” sözü “təhlükə” mənasını verən “wei” və təkbaşına “imkan” mənasını verən “ji” sözlərindən ibarətdir.

İngilis dilində “Çincə "böhran", "təhlükə" və "fürsət” açar sözləri ilə axtarış etdikdə, iddianın ilk dəfə ABŞ-ın keçmiş prezidenti Con Kennedi tərəfindən səsləndirildiyini tapırıq.

“Google”da yeni axtarış apardıqda Kennedinin 12 aprel 1959-cu il tarixli çıxışında bu cümləyə yer verdiyini görürük: “Çin dilində yazıldıqda “böhran” sözü iki xarakteri özündə birləşdirir. Biri təhlükəni, digəri isə fürsəti ifadə edir. Təhlükə əlamətləri ətrafımızdadır. İstehsal gücümüzün yarısından azına malik olan Sovet İttifaqı ən azı hərbi elm və texnologiyanın bəzi əsas sahələrində bizimlə bərabər idi”.

“Google”da  axtarışı davam etdirərək, Pensilvaniya Universitetinin Çin dili və ədəbiyyatı professoru Viktor H. Mairin məqaləsinə rast gəlirik. Mair bildirir ki, əksər Mandarin dillərində (Mandarinin Pekin ləhcəsi, müasir dövrdə Çin Xalq Respublikasında və Tayvanda, standart Çin dili adı altında rəsmi dil olaraq tanınır) "böhran" (wēijī) sözü iki ayrı simvol, wēi (危) və jī (機/机) ilə yazılmış iki hecadan ibarətdir.

Mair qeyd edir ki, Çincə böhranı sözünün "təhlükə" və "fürsət"i bildirən iki komponentdən ibarət olması iddiası əsasən mandarin və digər sinitik dillərdə terminlərin necə formalaşdığına dair əsaslı yanlış anlaşılmadan irəli gəlir. Mairin sözlərinə görə böhran sözü ilə bağlı səhv edənlər bu kəlməyə Çincə vahid qrafik kimi yanaşırlar.

 Mairin qeyd etdiyi başqa bir vacib məqam isə yalnız “ji” sözünün mənasıdır:  “Əslində “wēijī”nin “jī”sı "başlama anı", "kritik nöqtə" (bir şeyin başlanğıcı və ya dəyişməsi) mənasını verir. Buna görə də, “weijī” həqiqətən əsl böhran, təhlükəli an, hər şeyin yanlış getməyə başladığı bir zamandır. “Weijī”, xüsusilə diqqət tələb edən təhlükəli bir vəziyyəti göstərir. Amma üstünlük və fayda axtaranda hər hansı bir əlaqə nöqtəsi olmur”. Başqa sözlə, bu kəlmə iki fərqli mənanı bir arada ehtiva etmir.

Sözün bütün mənalarının yer aldığı və bu mənaların cümlələrdə işlədildiyi səhifədə böhran sözünün fürsət mənasında olduğuna dair heç bir dəlil yoxdur.

Nəticə:

- İddianı ilk dəfə 1959-cu ildə ABŞ-ın keçmiş prezidenti Con Kennedi səsləndirib.

- Çin dili və ədəbiyyatı professoru Viktor H.Mair bildirir ki, “weiji” sözü “təhlükə” mənasını verən “wei” və “imkan” mənasını verən “ji” sözlərindən ibarət olsa da, “ji”nin “weiji”yə verdiyi məna “fürsət” yox, “vəziyyət”dir.