Ermənistan xüsusi xidmət orqanlarının nəzarətində olan "infoteka" saytı Bakıda İsrail bayraqlarının yandırıldığını iddia edən video paylaşıb. Paylaşımda qeyd olunur ki, bir qrup naməlum şəxs Bakıda küçələrdə asılmış İsrail dövlətinin bayrağını endirib, əvəzində Fələstin bayrağını asıblar. Erməni saytı bunu gənclərin Azərbaycanla İsrail arasındakı münasibətlərin inkişafından narazılığı kimi qələmə verib.
Faktyoxla Lab. məlumatın həqiqiliyini araşdırıb.
Paylaşılan videodakı detallara diqqət etdikdə videonun Bakıda çəkilmədiyi açıq görünür. Belə ki, nə yol nişanları, nə də işıq dirəkləri Bakıya aid deyil.
Digər tərəfdən İsrail dövlətinin bayrağının Azərbaycan paytaxtında asılmasının səbəbi yoxdur. Videonun paylaşıldığı 07 iyun 2023-cü il tarixi ərəfəsində nə İsrail rəsmilərinin səfəri olub, nə də bu dövlətlə bağlı beynəlxalq tədbir keçirilib.
“UDudaka” rusdilli Azərbaycan teleqram kanalının araşdırmasına görə bayrağı dirəkdən asan şəxslərin isti qış geyimlərində olması da diqqət çəkir. Kanal həm də erməni saytının adminlərinə məsləhət görür ki, videonu sona qədər izləsinlər. Videonun sonlarında AGD Universite Komisyonu” loqosu görüntülənir.
Bu loqoda yazılan "AGD" abreviaturasını axtarışa verdikdə “Anadolu Genclik Dernegi” olduğu aşkar etmək mümkündür. Həmin qrupun adını və “İsrail bayrağı” sözlərini axtarışa verdikdə isə bir çox mənbələrdən hadisənin tam təfərrüatını öyrənmək olur. Misal üçün, "AGD Ankara Şube Üniversite" tvitter profilində 09 mart 2022-ci il tarixində sözügedən video paylaşılıb. Bundan başqa, “AGD Ankara Şübe Universite Komisyonu” adlı youtube kanalında qeyd edilən video yayımlanıb.
Bu haqda əksər radikal-millətçi və dini qrupların media orqanları da məlumat yayıblar.
Türkiyə mediası yazır ki, İsrail prezidenti İsaak Hersokun 9-10 mart 2022-ci ildə Türkiyə səfərinə etiraz edən gənclər bu dövlətin Ankara şəhərində əsas prospektlərdən birində asılmış bir neçə bayrağını çıxarıb, yerinə Fələstin bayrağı asıblar. Gənclər “Milli Görüş”-ün “Anadolu Gençlik Derneği” təşkilatının üzvləridilər.
Nəticə:
- Ermənistan xüsusi xidmət orqanlarının infoteka.ru saytının teleqram kanalında “Bakıda İsrail bayraqları yandırıldı” başlığı ilə yayımlanan video saxtadır.
- Həmin kadrlar Bakıda deyil, Ankarada 9 mart 2022-ci il tarixində çəkilib.