II Qarabağ müharibəsi dövründə anti-Azərbaycan media şəbəkəsinin üzvü olmuş, ermənipərəst mövqeyi ilə seçilən, özünü hərbi jurnalist kimi təqdim edən Timofey Yermakov idarə etdiyi “Sinaya Z Boroda” (“Mavi saqqal”) teleqram kanalında Ukrayna müharibəsində baş verənlərlə bağlı propaqanda məlumatları yayır. O, paylaşımlardan birində Artyomovsk yaxınlığında həlak olan azərbaycanlı Seymur Ağayev haqda məlumat verib. Olduqca təhqirli və aşağılayıcı sözlərlə yazılan mətndə Seymur Ağayevin 2020-ci il Qarabağ müharibəsində döyüşdüyü də qeyd olunub.   

Faktyoxla Lab. bu məlumatı dəqiqləşdirməyə çalışıb.

T.Yermakovun idarə etdiyi kanalda axtarış verdikdə qeyd olunan məlumata rast gəlinmədi. Fotonu "tərsinə axtarış" metodu ilə aradıqda isə tamamilə başqa məzmunla rastlaşdıq. Belə ki, tanınmış rusdilli Azərbaycan kanalı olan “Qız qalası” (MaidenTower) T.Yermakova cavab olaraq foto-skrində bu məlumat paylaşılıb: “Ukraynada erməni əsilli Gürcüstan vətəndaşı itkin düşüb. Suren Nazaryan 30 oktyabr 1996-cı ildə Tbilisidə anadan olub. Son illərdə Xarkovda ailəsi ilə birgə yaşayırmış. Suren Baxmut istiqamətində döyüşürdü”.

 “Qız qalası”-nın təqdim etdiyi bu məlumatı daha çox provakativ və dezinformasiya məlumatları yayan erməni teleqram kanalı “nemrutsars” yayıb. Bu məlumatı dəqiqləşdirmək üçün axtarış verdikdə erməni mənbələrdə T.Yermakovun "azərbaycanlı" kimi təqdim etdiyi şəxsin Suren Nazaryan olduğunu təsdiqləyən faktlara rast gəldik.

Mina Xaçatryan adlı Rusiyada yaşayan erməni bloger yazır ki, gözlərinin rəngi zümrüd rəngində olan bu oğlan Gürcüstanda anadan olub, yaşadığı Ukraynanın SQ-də xidmət edib. “Şər qüvvələrin tərəfində. “Mark” ləqəbli Suren Nazaryan minlərlə mənasız, cəfəng ölümlərdən birini yaşayıb, amma əbədiyyətə qovuşa bilərdi. Köləliyi azadlıqdan ayıra bilmədiyi üçün Ağ cənaba görə ölüb”     

“Armenia” kanalı yazır ki, Baxmut/Artyomovskda Ukrayna SQ hərbi qulluqçusu, Tbilisi şəhərində anadan olmuş Suren Nazaryan ("Mark" təxəllüslü) həlak olub”.

Rusiya teleqram kanallarından biri isə “2 gürcü muzdlu Artomovskda məhv edilib: 1. Mixail Mazanaşvili 2. Suren Nazaryan"

 

Bütün bu faktlar T.Yermakovun Azərbaycan və azərbaycanlılara olan münasibətinin göstəricisidir. Ehtimal ki, provakator blogerə yalnışlıq haqda məlumat verildiyi və özünü ifşa etdiyi üçün paylaşımı silib. Rusdilli Azərbaycan teleqram kanalları yazırlar ki, T.Yermakov qardaş dediyi, hər zaman müdafiə etdiyi ermənilərin "düşmən" tərəfdə (Ukrayna SQ-də) döyüşməsini heç cür həzm edə bilmir və bu cür məlumatlardan çox məyus olur. Bu şəxsin kanalında Rusiya- Ukrayna müharibəsində birincilərin xeyrinə təbilğat aparması ilə yanaşı, öldürülən azərbaycanlılar haqda məlumatlara daha çox rast gəlinir. Məlumatların əksəriyyəti isə təhqirli və aşağılayıcı şərhlərlə verilir.

T.Yermakov ixtisasca rejissordu, hazırda öz kanalı üçün reportajlar hazırlamaqla yanaşı erməni media maqnatı Aram Qabrielyanovun “wargonzo” layihəsində işləyir. II Qarabağ müharibəsi zamanı Azərbaycan əlehinə təbliğat aparan ermənipərəst blogerlər K.Kotç, “wargonzo”-dan yaxşı tanıdığımız “kürən tülkü” ləqəbli Pegovla birgə döyüş bölgəsinə yaxın yerlərdən dezinformasiyalar yaymış, sırf erməni təbliğatına uyğun reportajlar hazırlamışlar. Hazırda həmin “komanda” Ukraynada fəaliyyətlərini davam etdirirlər.