Xəzər Universitetinin Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktoru, iqtisadçı İnqilab Əhmədovun  Altay Göyüşovun rəhbərlik etdiyi Bakı Araşdırmalar İnstitutunun (Baku Research İnstitute) veb-səhifəsində dərc edilən “Neft Azərbaycanın əbədi mobili kimi” adlı məqaləsində ölkəmizin iqtisadi inkişafının yalnız neftə əsaslanaraq tək sütun üzərində dayandığı, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının zəif inkişafına dair ittihamlar yer alır. Müəllif qeyd edir ki, ölkədə istehsal olunan ÜDM-in 47,8 faizini təmin edən neft sektorunda cəmi 39,4 min nəfər işlədiyi halda, ÜDM-in 4,7 faizini təmin edən kənd təsərrüfatında ümumi əhalinin 36,2 faizi çalışır. 

Faktyoxla Lab. bu iddiaları araşdırıb.

Azərbaycanda son 10 ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi faiz ifadəsi ilə 140 faiz, nominal həcmi dəyəri baxımından 2,5 dəfə artıb. Əgər 2012-ci ildə istehsal olunan kənd təsərrüfatı məhsullarının ümumi həcmi 4,8 milyard manat təşkil edirdisə 2021-ci ildə bu rəqəm 9 milyard 163 milyon manatı ötüb. (mənbə) 2022-ci ildə isə kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,4% artaraq 10 milyard 984,2 milyon manat təşkil edib. (istinad)
Kənd təsərrüfatının ÜDM-in tərkibində 4,8 faiz, yəni az olmasının, həmçinin iqtisadi fəal əhalinin böyük bir hissəsinin bu sahədə üstünlük təşkil etməsinin səbəblərinə gəlincə, bu tendensiya təkcə Azərbaycana xarakterik hal deyil, ən yüksək inkişaf etmiş ölkələrdə ÜDM-in tərkibində kənd təsərrüfatı milli gəlir baxımından ən aşağı yerlərdən birini tutur. Ən yüksək inkişaf etmiş ölkədə, dünyanın və Avropanın güclü iqtisadiyyatlarında aqrar sahə milli gəlir baxımından ÜDM-də ən aza paya malikdir. Məsələn, Avropanın ən yüksək inkişaf etmiş lider ölkələrindən biri olan, neft-qaz resursları  Azərbaycandan 2,5 dəfə çox olan Norveçdə ÜDM istehsalı 541 milyard dollar təşkil edir ki, onun tərkibində kənd təsərrüfatı məhsullarının payı 1,6%, neft-qaz sənayesinin payı isə 34,7% təşkil edir. istinad


İnkişaf etmiş digər ölkələrin, eləcə də neft və qaz resursları olmayan güclü iqtisadiyyata malik dövlətlərin milli gəlirlərində də kənd təsərrüfatı əlavə dəyər baxımından ÜDM-də ən aşağı yerlərdən birini tutur. Dünyanın ən yüksək inkişaf etmiş ölkələri, Sinqapur, San-Marino, Lüksemburq, Qətər, İsveçrə, Küveyt, Belçika, Birləşmiş Ərəb Əmirliyi, Almaniya, ABŞ, İrlandiya, Yaponiya, Danimarka, İsveç, Cənubi Koreya, Niderland, Fransa,  İtaliya və s. ölkələrdə kənd təsərüfatının ÜDM-də payı 0,4 -2 faizə bərabərdir. Avropanın bir nömrəli iqtisadi gücü olan Almaniyda bu göstərici 0,8 %-ə bərabərdir.
ÜDM-də kənd təsərrüfatının payının yüksək olduğu, 30-50 faiz civarında təşkil etdiyi ölkələr isə kasıb iqtisadiyyata malik dövlətlərdir. Məsələn, Afrika qitəsinin qərbində yerləşən ən kasıb ölkələrdən biri olan Syerra-Leone dünyada kənd təsərrafatının ÜDM-də payına görə, birinci yerdə dayanır. Bu ölkədə illik ÜDM istehsalı 9,5 milyard dolar təşkil edir ki, onun 58 faizi, yəni 5,6 milyard dolları kənd təsərrüfatından formalaşır. Admbaşına düşən illik ÜDM 1500 dollardır. Bu isə qitədə ən yoxsul vəziyyətin olmasının göstəricisidir. Eləcə də, CAD, Suriya, Mali, Niger, Liberiya, Efiopiya, Saloman adaları, Qvineya-Busau, Burindiya, Tanzaniya, Əfqanıstan, Benin, Ruanda və s. ölkələrdə kənd təsərrüfatı ÜDM-də 25-50 faiz civarında yer tutur. Sənaye isə daha aşağı paya malik olduğundan bu tipli ölkələrin qlobal iqtisadiyyatda rəqabətqabiliyyətli və dayanıqlı mövqeləri yoxdur. istinad
Azərbaycanda isə kənd təsərrüfatının payı ÜDM-in 4,8 faizini təşkil etməklə inkişaf etmiş dünya ölkələrinin göstəricisindən 2 dəfə yüksəkdir. istinad
Göründüyü kimi kənd təsərrüfatı yüksək iqtisadi inkişafın təminedici sahəsi deyil, inkişaf etmiş iqtisadiyyatlara malik dövlətləri irəli daşıyan əsas sektorlar sənaye, xidmət və turizmdir. ABŞ, Almaniya, Fransa, İsveçrə, Finlandiya, İtaliya və digər ölkələrin iqtisadiyyatının onurğa sütunu da məhz sənaye sektorlarıdır.

İkincisi, İnqilab Əhmədovun ÜDM-də və iqtisadiyyatın milli gəlir və fiskal yığımlar baxımından neft sektorunun xüsusi hökmran mövqeyə malik olması barədə iddialarına gəlincə. Sitat: Azərbaycan dünyada neftdən asılı olan dövlətin ən parlaq nümunələrindən biridir. 2022-ci ilin ilkin məlumatlarına əsasən, neft-qaz sektoru ölkənin ümumi ÜDM-in 47,8%-ni təşkil edib, büdcə vəsaitlərinin 52,7%-i neft gəlirləri hesabına formalaşıb. 2005-ci ildən bəri bu rəqəmlərdə cüzi dəyişikliklər olsa da, tendensiya dəyişməyib. Neftin ÜDM-ə nisbəti daha yüksək olur”.
Bu fikirlərin yalnış olmasını konkret rəqəm və faktlar əsasında göstərməyə çalışaq. Son 10 ildə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi neft sektorundan qeyri-neft sektoruna transformasiya olunub və nəticədə, ÜDM-də neft sektorunun payı  əvvəllər 60-65 faiz təşkil etdiyi halda 2022-ci ildə bu rəqəm 42,8 faizə düşüb. Yəni, İ.Əhmədovun iddia etdiyi kimi 47,8 Faiz deyil. 2023-cü  ildə isə neftin ÜDM-də çəkisi 37,8 %-ə qədər enəcək. ÜDM-də payı isə 2022-ci ildə 57,2 faizə bərabər olan qeyri-neft sektorunun payı isə 2023-cü ildə 69,2 faizə çatacaq. mənbə



Sənaye məhsulunun 72 faizi mədənçıxarma sektorunun payına düşür. Mədənçıxarmaya isə neft-qazla yanaşı, qızıl, mis, aliminum, digər faydalı qazıntılar da daxildir. Yəni, bu o deməkdir ki, ölkə iqtisadiyyatında yaranan əlavə dəyərin böyük bir hissəsi qeyri-neft sahələrinin payına düşür.

Üçüncüsü, İ.Əhmədovun büdcə vəsaitlərinin əsas etibarilə neft gəlirləri hesabına formalaşması barədə fikirləri də tamamilə yanlışdır. Son illərdə fiskal yığımlarda qeyri-neft sektorunun payı neft-qaz sektorunu əhəmiyyətli dərəcədə üstələməkdədir və bu tendensiya 2022-ci ildə ən yüksək həddə çatıb. Belə ki, 2012-ci ildə büdcənin 73,1 faizi neft gəlirlərinin, cəmi 26,9 faizi qeyri-neftin payına düşürdüsə, hazırda bu rəqəm 2 dəfə dəyişib, yəni qeyri-neft yığımları 2 dəfədən çox artıb. Hazırda büdcə vəsaitlərinin 47 faizi qeyri-neft yığımlarından ibarətdir. mənbə

Hətta hökumətin proqnozlaşdırdığının əksinə olaraq 2022-ci ildə büdcədə qeyri-neft yığımları 47 fazidən də çox olub və vergi və gömrük yığımları birinci fiskal mənbəyə çevrilib. Ötən il dövlət büdcəsinə köçürülmüş 15,5 milyard manat həcmində vergilərin 8 milyard 134 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Yəni, vergilərin 54,5 faizi qeyri-neft sektorundan daxil olub. Bu da  proqnozla nəzərdə tutulduğundan 1 milyard 618,5 milyon manat və ya 11,8 faiz çoxdur. Yəni , hökumət 2022-ci ildə büdcədə neft gəlirlərinin 53%, qeyri-neft gəlirlərini 47 % proqnozlaşdırdığı halda, əks proses baş verib, neftin payı 46 %-ə düşüb. istinad


Bu tendensiya 2023-cü ilin birinci rübündə də davam edib. İlk ründə büdcənin gəlirləri 8,3 milyard manat təşkil edib ki, onun 4 milyard 899,5 milyon manatı vergilərin payına düşür. 4,9 milyard manat vergi yığımlarının isə 2 milyard 618 milyon manatı qeyri-neft-qaz sektoruna aiddir. Yəni, yanvar-mart aylarında ümumi vergi yığımlarının 55 faizi birbaşa qeyri-neftin payına düşüb. istinad.
Dövlət Gömrük Komitəsi həmin dövrdə büdcəyə 1 milyard 545 milyon manat, büdcə təşkilatları ödənişli xidmətlər üzrə 63,2 milyon manatı vəsait köçürüb. Beləliklə, birinci 3 ayda dövlət büdcəsinin 8,3 milyard manat həcmində ümumi gəlirlərinin 2,4 milyard manatı neft vergiləri və 1,4 milyard manatı Dövlət Neft Fondunun transferti olmaqla birlikdə cəmi 3,8 milyard manat təşkil edir. Bu da büdcə gəlirlərinin 45 faizə yaxın deməkdir. Büdcə gəlirlərinin 4 milyard 430 milyon manatı və yaxud 55,1 faizi qeyri-neft yığımlarından ibarətdir. istinad

Bu iqtisadi faktologiya bir daha onu təsdiq edir ki, Azərbaycan iqtisadiyyatının fiskal yığımların çoxluğu artıq dayanıqlı xarakter almaqla qeyri-neft sahələrinin sütunları üzərində dayanır.

Dördüncüsü, İ.Əhmədovun ortamüddətli perspektivdə neft və qaz hasilatının azaldılması səbəbindən Azərbaycan iqtisadiyyatının hələ uzun müddət neftsiz iqtisadiyyat paradiqmasına uyğunlaşa bilməyəcəyi barədə fikirlərinə münasibət bildirək.

Hökumətin 2023-cü ilə və qarşıdakı 3 ilə dair sosial-iqtisadi inkişaf proqnozlarına əsasən, büdcədə qeyri-neft yığımlarının payı daha da artacaq.
İqtisadiyyat Nazirliyi  tərəfindən ölkənin 2023-2026-ci illər üzrə sosial-iqtisadi proqnoz göstəricilərinə əsasən, 2023-cü ildə Ümumi Daxili Məhsulun real artım tempi 2,7 faiz, o cümlədən qeyri-neft sektoru üzrə ÜDM-nin real artım  tempi 4,5  faiz,  qeyri-neft sənayesi  üzrə ÜDM-nin  real artım tempi  8,3 faiz   təşkil edəcək. Yəni, qeyri-neft sektorunun artım tempi neftdən 2 dəfə yüksək olacaq.
mənbə

Beşincisi, İ.Əhmədovun digər bir arqumenti gələcəkdə qeyri-neft sektorunun əsas aparısı sahələrindən biri hesab edilən bərpa olunan enerji mənbələrinin perspektivsiz olması barədədir. Bu fikirlər də gələcək müsbət inkişaf trendlərindən biri olan bərpa olunan enerji sektorunun imkanlarını şübhə altına almaqdır.
Azərbaycanda bərpa olunan enerji sektoru son illərdə xüsusi dinamika nümayiş etdirməkdədir. 2022-ci ildə Azərbaycan 1 milyard 711 milyon kVt.saat elektrik enerjisi ixrac edib ki, bu da 121,5 milyon dollar divident deməkdir. mənbə

Hazırda bərpa olunan enerjiyə keçidin də təməli qoyulub. Ötən il Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. mənbə
Həmin sənədə əsasən, Azərbaycan, Gürcüstan və Rumıniya marşruti üzrə Qara dənizdən dənizlin altı ilə elektrik xətti çəkiləcək və təmiz enerjiyə keçid başlayacaq. Azərbaycan bununla da Avropaya yaşıl enerji ixracının tamhüquqlu üzvlərindən birinə çevriləcək.


Nəticə:

♦Kənd təsərrüfatının ÜDM-in tərkibində 4,8 faiz, yəni az olmasının, həmçinin iqtisadi fəal əhalinin böyük bir hissəsinin bu sahədə üstünlük təşkil etməsi tendensiyası təkcə Azərbaycana xarakterik hal deyil, ən yüksək inkişaf etmiş ölkələrdə ÜDM-in tərkibində kənd təsərrüfatı milli gəlir baxımından ən aşağı yerlərdən birini tutur.

♦ Müəllifin ÜDM-də və iqtisadiyyatın milli gəlir və fiskal yığımlar baxımından neft sektorunun xüsusi hökmran mövqeyə malik olması barədə iddiaları da yanlışdır və həqiqəti əks etdirmir. Onun neft sektorunun ÜDM-də xüsusi çəkisinin neçə illərdir ki, üstün yer tutması və daha da artması barədə fikirləri iqtisadi reallığı təhrif etməkdir.

♦ İ.Əhmədovun büdcə vəsaitlərinin əsas etibarilə neft gəlirləri hesabına formalaşması barədə fikirləri də tamamilə yanlışdır. Son illərdə fiskal yığımlarda qeyri-neft sektorunun payı neft-qaz sektorunu əhəmiyyətli dərəcədə üstələməkdədir və bu tendensiya 2022-ci ildə ən yüksək həddə çatıb.

♦ İ.Əhmədovun ortamüddətli perspektivdə neft və qaz hasilatının azaldılması səbəbindən Azərbaycan iqtisadiyyatının hələ uzun müddət neftsiz iqtisadiyyat paradiqmasına uyğunlaşa bilməyəcəyi barədə fikirləri qeyri-ciddi proqnozlaşdırmalara əsaslanır.

♦ Müəllifin gələcəkdə qeyri-neft sektorunun əsas aparısı sahələrindən biri hesab edilən bərpa olunan enerji mənbələrinin perspektivsiz olması barədə fikirləri də gələcək müsbət inkişaf trendlərindən biri olan bərpa olunan enerji sektorunun imkanlarını əsassız şübhə altına almaqdır.