Ötən illərdə dünyanın tanınmış xəbər agentlikləri Qəzzada İranın maliyyələşməsi ilə tikilən yeni evlərin püşkatması haqda məlumat yaymışdılar. Fələstinin Məhbusların işləri üzrə Nazirliyi Qəzzanın cənubunda salınmış yeni binada 26 mənzil İsrail həbsxanalarında saxlanılan keçmiş fələstinli məhbuslara ayrılıb. “HƏMAS”ın məlumatına görə, mənzil təminatı İran tərəfindən maliyyələşdirilən ilk proqramdır. Fələstin hökuməti Qəzzanın şimalında ikinci binanın tikiləcəyini və layihənin məhbusların “könlünü xoş etmək” məqsədilə icra edildiyini bildirirdi. Fələstin Məhbuslar Klubunun məlumatına görə, hazırda 6500-ə yaxın fələstinli müxtəlif cinayətlər, o cümlədən terrorla əlaqəli İsrail həbsxanalarındadır. istinad
Faktyoxla Lab. bu faktı əsas götürərək ümumiyyətlə İranın Fələstinə dəstəyinin miqyasını araşdırıb.
Beynəlxalq qurumların təhlillərinə görə, ümumilikdə Fələstində 5,3 milyonluq əhalidən 2,1 milyonun humanitar yardıma ehtiyacı var. Paralel olaraq Qəzza əhalisinin 80%-i kənardan göndərilən yardımlardan asılıdır.
Statistikaya görə,
♦ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 1994-2020-ci illərdə 40 milyard dollardan çox maliyyə ayırıb.
♦ 1994-2020-ci illər arasında Almaniya, Fransa, Norveç, Böyük Britaniya və Yaponiya Fələstinə bütün xarici yardımların 20%-dən çoxunu təmin edib.
♦ Almaniya və digər Avropa dövlətləri 2021-ci ildə Qəzzada su layihələrinə 80 milyon avroya yaxın sərmayə ayırıb.
♦ BMT təşkilatları Qəzzada təkcə 2020-ci ildə 600 milyon dollar daxil olmaqla, təxminən 4,5 milyard dollar xərcləyib.
♦ Qida yardımı və sağlamlıq xidmətləri də təklif edən UNRWA Qəzzada təxminən 280.000 şagirdə xidmət göstərən məktəbləri idarə edir.
♦ Dünya Bankı 2022-ci ildə şəffaflıq və yaşıl iqtisadiyyat sahələrində islahatlara kömək etmək üçün Fələstin Əraziləri üçün 30 milyon dollarlıq İnkişaf Siyasəti Qrantı ayırıb.
♦ Ərəb Liqası 1994-2020-ci illər arasında beş ərəb ölkəsi 8,5 milyard dollarlıq ərəb maliyyəsinin böyük hissəsini fələstinlilərə verib. Bu müddət ərzində Səudiyyə Ərəbistanı 4 milyard dollar, BƏƏ 2,1 milyard dollar, Əlcəzair 908 milyon dollar, Qətər 766 milyon dollar və Küveyt 758 milyon dollar yardım etməklə ilk beş donor kimi qərarlaşıblar.
♦ 2012-ci ildən Qətər Qəzzaya infrastruktur, səhiyyə və kənd təsərrüfatı üçün 1,3 milyard dollar yardım edib. (mənbə)
Statistikadan görünür ki, Fələstinə hazırda maddi yardımı İran yox, ərəb ölkələri göstərir. Neçə illərdir ki, Ərəb Ölkələri Liqası Fələstindəki sosial problemlərin həlli, qaçqınların və məcburi köçkünlərin ehtiyacları üçün birdəfəlik maliyyə yardımı paketləri ayırır. istinad
Fələstinli Qaçqınlara Yardım Təşkilatının (UNRWA) hesabına əsasən, İran son 10 il ərzində qaçqın əhaliyə sosial dəstək məqsədilə cəmi 20 min dollar məbləğində yardım edib. Müqayisə üçün deyək ki, ABŞ eyni dövr ərzində UNRWA-ya 3 milyard dollar, Avropa İttifaqı dövlətləri 2 milyard dollar, Səudiyyə Ərəbistanı isə 600 milyon dollar vəsait ödəyib. istinad
Bəs İran pulları hara xərcləyir?
Araşdırmalarımız zamanı bəlli oldu ki, “Fələstin-Fələstin” deməklə uzun illərdir gündəmdə qalan fars-molla rejiminin əsas işi müxtəlif ölkələrdə fəaliyyət göstərən terror qruplaşmalarına dəstək vermək, silah və maliyyə yardımı etmək, təlimlər keçməkdir. Bu layihələrin əsas təşəbbüskarı və baş icraçısı isə İslam İnqilabı Keşikçilər Korpusudur (SEPAH). Heç kimə sirr deyil ki, xarici ölkələrdə törədilən terror aktlarının əksəriyyətinin arxasında bu qurum dayanır. SEPAH-ın xüsusi təyinatlı “Qüds Qüvvələri” Livanda “Hizbullah”, Fələstində “HƏMAS”, “İslami Cihad”, Bəhreyndə “Əl-Əştər”, İraqda “Kataib Hizbullah”, Yəməndə “Ənsərüllah” (Husi) və digər terror qruplaşmalarına dəstək verməklə İsrailə və digər düşmən hesab etdiyi ölkələrə qarşı dağıdıcı planlarını həyata keçirməkdir. SEPAH-ın bu qanlı cinayətlərdə iştirakı beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin kəşfiyyat məlumatları əsasında təsdiq olunub. ABŞ Dövlət Departamenti tərəfindən 2019-ci ildə tərtib edilən “Terrorla bağlı Ölkələr Hesabatı”nda (Country Reports on Terrorism) İranın birbaşa iştirakçısı olduğu terror hadisələrinin xronikası verilib. istinad
BMT-nin ekspertlər qrupunun 2018-ci ildə dərc etdikləri hesabatda göstərilir ki, İran hakimiyyəti ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən terror təşkilatlarına dəstək verməklə yanaşı, həm də terrorçulara öz ərazisində təhlükəsizlik sığınacaqları da yaradıb. “Əl-Qaidə”nin ölkədə qalmasına, onların maliyyə əməliyyatlarına icazə verilib, üzvlərinin Cənubi Asiya və Suriyaya daşınmalarına şərait yaradıb. mənbə
Ərəb mənbələri qeyd edirlər ki, İranın “HƏMAS” və “İslami-Cihad”a ayırdığı pullar “Hizbullah”a verdiyinin onda biri qədərdir. İran hər il Qəzza zolağında Fələstinin iki əsas qruplaşması olan “HƏMAS” və “İslami-Cihad”a 100 milyon dollar köçürür. Pulun 70 milyon dolları “HƏMAS”-a, 30 milyon dollar isə “İslami-Cihad”-a ötürülür. Həmin pulun böyük əksəriyyəti Qəzza zolağında mülki əhaliyə kömək etmək əvəzinə, hər iki qruplaşmanın hərbi qanadlarının daha da gücləndirilməsinə xərclənir. “Hizbullah”a isə təxminən ildə 1 milyard dollar verir. Son illərdə sanksiyalara görə, bu yardım 700-800 milyon dollara endirilib, lakin Qəzzadakı hərbi planlar üçün büdcə dəyişməz qalıb. istinad
ABŞ Dövlət Departamenti tərəfindən “Beynəlxalq qanunları pozan İran rejiminin dağıdıcı hərəkətlərinin tarixi” adlı hesabatda göstərilir ki, fars-molla rejimi Suriya, Yəmən və İraqda terror aktlarının gerçəkləşdirilməsi üçün ən azı 16 milyard dollardan çox vəsait xərcləyir. istinad
Tramp Administrasiyasında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olmuş Mayk Pompeo vaxtilə öz tvitter səhifəsində qeyd etmişdi: “İran xalqı iqtisadi problemlər içində boğulduğu bir zamanda, İran İslam Respublikası terror aktlarına 16 milyard dollardan çox vəsait xərcləyib”.
Xərclərin bölgüsü isə belədir:
- Livanda “Hizbullah”a 700 milyon dollar.
- Suriyada Əsəd rejiminə 4,7 milyard dollar.
- Yəməndə “Ənsərüllah”a (Husi) 100 milyon dollar.
- İraqda “Şiə keşikçiləri”nə 100 milyon dollar. mənbə
Tehran diktaturası özünü islam dünyasının, Qəzzanın dini təəssübkeşi, “Fələstin”, “Fələstin” deyə “xilaskar” kimi təqdim edir, Fələstin xalqının sosial məşəqqətli ağır durumu onu heç maraqlandırmır, dilənçi parası ianə edir, ancaq “HƏMAS” və “İslami-Cihad”a ildə 100 milyon dollar yardımı ayırır ki, İsrailin mühüm obyektlərini vursun, mülki əhalini öldürsün. On minlərlə yoxsul Fələstinli qaçqına isə Ərəb Liqası, ABŞ və Avropa Birliyi, İsrail sahib çıxır.
Əvəzində fars-molla diktaturası Suriya, Yəmən, Livan, Ermənistana böyük pullar yönləndirir. Suriya iqtisadiyyatı dağıldığından bu ölkənin sosial-iqtisadi ehtiyaclarının böyük bir qismi İran tərəfindən təmin olunmaqdadır. mənbə
Bundan başqa 2022-ci ildə SEPAH Suriyanın Əl-Həsəkə əyalətində yerləşən Əsədə aid silahlı qüvvələri silah və hərbi texnika ilə yenidən təchiz edib, onların sırasında 50-yə yaxın dron olub. Qamışlı hava limanının cənub-şərq hissəsində 54-cü alay (Tərtəb alayı) birbaşa İran silahlı birləşmələrinə bağlıdır və burada SEPAH-ın ən böyük hərbi bazası yerləşir. Həmçinin, “Hizbullah” tərəfindən nəzarət edilən Deyr əz-Zorda və ya Dəməşqin Dimas bölgəsi də İran hərbiyyəsinə bağlıdır. Buradakı “Zeynəbiyun” və “Fatimiyun” silahlı qruplarını da İran təmin edir. istinad
İran 2023-cü ilin fevral ayının 6-da Suriyada baş vermiş zəlzələdən sui-istifadə edərək bölgəyə yardım materiallarının içərisində silah və hərbi texnikanın tədarükünü həyata keçirib. “Reuters” agentliyinin məlumatına görə, İran zəlzələ zərər çəkənlərə yardım və xilasetmə missiyası zamanı bəzi təyyarələrdə gizlədilən ölümcül silah və hərbi texnikanı Suriyaya göndərib. Məqsəd Suriyada Bəşər Əsədi dəstəkləmək və İranın İsrailə qarşı müdafiəsini gücləndirmək olub. Qərb kəşfiyyat mənbələrinin məlumatına görə, İran təchizatlara ən müasir rabitə vasitələri, radar batareyaları və Suriyanın vətəndaş müharibəsi zamanı İran tərəfindən təchiz edilmiş hava hücumundan müdafiə sisteminin planlı təkmilləşdirilməsi üçün lazım olan əvəzedici komponentlər daxildir.
İsrail ordusunun keçmiş tədqiqat rəhbəri, briqada generalı Yossi Kupervasserin sözlərinə görə, İsrailin kəşfiyyat məlumatları “humanitar yardım” karvanında hansı yük maşınında hərbi mallar almasını müəyyən edib. “Yardım”ın böyük hissəsi Hələb hava limanından daşınıb. Həmin malların bir qismi SEPAH-ın Qüds qoluna ötürülüb. Qüds qüvvələrinin 190-cı Nəqliyyat Bölməsinin yerüstü daşımalarda iştirakı, briqada generalı İsmail Qaninin Suriyada zəlzələ zonasında olması da bunu təsdiqləyir. istinad
Eləcə də, “Ənsərullah”ın saxlanması da 20 ilə yaxındır ki, İranın yardımı hesabına baş tutur. 2004-cü ildən davamlı olaraq İrandan hərbi və maliyyə yardımları alan bu qruplaşma eynilə “Hizbullah”ın xətti ilə iğtişaşlar törətməklə məşğuldur. Hətta bir çox ölkələr İranın husiləri “Hizbullah”a çevirmək planlarını dəfələrlə ifşa edib. İranın yüksək rütbəli rəsmisi “Reuters” agentliyinə bir neçə il açıqlamasında bildirmişdi ki, “SEPAH”ın komandanı Qasım Süleymani Yəməndə husilərə verilən dəstəyin əsas təşkilatçısı olub. mənbə
İranın “qırmızı xətti” olan Ermənistana da xüsusi qayğısı az deyil. Ermənistanın İqtisadiyyat Nazirliyinin rəsmi məlumatlarına görə, Ermənistanda İran kapitallı 5300-dən çox şirkət fəaliyyət göstərir. İran şirkətləri informasiya texnologiyaları, emal sənayesi, tikinti və daşınmaz əmlak, ticarət, kənd təsərrüfatı, turizm və nəqliyyat sahələrində təmsil olunur. mənbə
Ümumilikdə, İran son 28 ildə Ermənistana 3 milyard dollardan çox sərmayə yatırıb. 100-dən artıq layihəyə 100 milyon dollarla pul xərcləyib, Fələstin xalqına isə cəmi 20 min yardım edib. istinad
Yekunda bir daha qayıdaq İranın Fələstinə etdiyi son “humanitar” mənzil və məskunlaşma yardımına. Bir daha təkrar edirik ki, qeyd edilən “humanitar aksiya” İranın Fələstindəki ilk layihəsidir. Bu onu təsdiq edir ki, indiyədək bu bölgədə insanların sosial-maddi durumunu yaxşılaşdırmaq üçün heç bir addım atmayıb. Bu mənzərə həm də onu bəlli edir ki, Tehran rejimi Fələstin, Suriya, Yəmən və s. bölgələrdə aclıq və səfalətdən, yoxsulluq, qida, su, yanacaq, istilik, mənzil şəraiti və digər sosial təminatlardan əziyyət çəkən insanların həyatına laqeyd və biganədir, mollakratiya üçün taleyin ümidinə buraxılmış insanlar deyil, maliyyələşdirdiyi, silah verdiyi qruplaşmalar və cinayətkarlar vacibdir.
Göründüyü kimi Fələstinin təəssübünü çəkən fars-molla rejimi xristian Ermənistana və Suriyaya geniş qucaq açır, pulunu səxavətlə xərcləyir, ancaq aclıq, yoxsulluq və dərin tibbi ehtiyaclar şəraitində boğulan Fələstinə yardım etmək istəmir. Suriya və Ermənistana göstərdiyi maddi yardımların, verdiyi dəstəyin heç 100-də birini Fələstinə vermir. Bütün xarici donorlar, Avropa Birliyi, Ərəb Liqası və digər beynəlxalq institutlar Fələstinə zəruri sosial ehtiyaclar, yaşayış tələbatları üçün pul ayırdığı halda İran bu bölgədə terror və silahlı qruplaşmalara silah və hərbi təchizat xərclərinə yardım edib. Ancaq mollakratiya Fələstin adından islamın “qırmızı xətti”, Qəzzanı özünün “siniri” hesab edir və İsraillə əməkdaşlıq edən İslam ölkələrini məhz bu vasitə ilə şantaj və təhdid etməyə çalışır.