Almaniyada yaşayan bloger Həbib Müntəzir sosial media hesabında Azərbaycan hökumətinin ən böyük onlayn ticarət platforması olan “Trendyol”a qarşı tədbirlər görməsi barədə status paylaşıb. Sitat: “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın “Trendyol”a qarşı tədbirlər görə biləcəyini açıqlayıb. Bağlayın, aman verməyin”.
Bəs, əsil vəziyyət necədir, hökumət tərəfindən “Trendyol”ın fəaliyyətini məhdudlaşdıracaq hansısa tədbirlər nəzərdə tutulurmu? Faktyoxla Lab. bu məlumatın dəqiqliyini yoxlayıb.
Əvvəlcə “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin belə bir açıqlamanı harada verdiyini dəqiqləşdirək. Araşdırma zamanı bəlli oldu ki, belə bir rəsmi açıqlama yoxdur. Yalnız Xidmətin “Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsi”-nin baş məsləhətçisi Cavid Süleymanlı elmi konfransda çıxış edərkən rəqabət bazarındakı vəziyyətlə bağlı öz şəxsi düşüncə və təkliflərini çatdırıb və gələcəkdə bu bazarda gözlənilən rəqabət ehtimallarına diqqət çəkib. mənbə C. Süleymanlı qeyd edib ki, bu yaxınlarda rəqabət narahatlıqları ilə bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəqabət jurnalında onun və həmkarının bir məqaləsi dərc olunub. Məqalədə belə rəqabət narahatlıqlarının artacağı təqdirdə rəqabət orqanının hansı addımları atması barədə təkliflər dərc edilib. Sitat: “Təkliflər “Trendyol” və Azərbaycanda böyük həcmdə satış edən digər bazar yerlərinin ölkəmizdə nümayəndəliyinin açılması və Azərbaycanda ən çox satılan məhsulların 30-40 %-nin burda stokunun mövcud olmasından, bu məhsulların da qiymətlərinin digər pərakəndə ticarət obyektlərində olduğu kimi üzərinə gömrük vergisi gələrək formalaşmasından ibarət idi. Bu təkliflər həmin qeyd etdiyim jurnalda dərc edilib. Amma hazırda bu barədə hökumətə verilmiş hər hansı təklif və ya aparılmış bir iş yoxdur. Bu sadəcə mənim və digər əməkdaşımızın mövqeyidir. Bu məsələ, hazırda müzakirə mövzusu deyil”.
Həmin çıxışı diqqətlə oxuyanda bu fikirlərin C.Süleymanlının rəqabət bazarı mütəxəssisi kimi sadəcə öz şəxsi mülahizələrini çatdırdığını aydın görə bilərik. Bu Xidmətin əməkdaşı özü qeyd edir ki, bazar tənzimlənməsi barədə onun tərəfindən, yaxud təmsil etdiyi qurum tərəfindən Hökumətə hər hansı bir təklif ünvanlanmayıb və belə bir təşəbbüs də yoxdur. Hətta İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəsmi açıqlama ilə çıxış edərək yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbirinin nəzərdə tutulmadığını bildirib.
Açıq şəkildə qeyd olunur ki, vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edəcəklər. istinad
Məsələ ondadır ki, indiyə qədər geyim idxalı ilə məşğul olan yüzlərlə kiçik və orta sahibkar İqtisadiyyat Nazirliyinə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət ünvanlayaraq onlayn ticarət platformalarının onların rəqabət imkanlarını məhdudlaşadırması və onlayn satış platformalarının da fiziki fəaliyyəti olan mağazalar kimi eyni vergi-rüsumlara cəlb edilməsini istəyiblər. mənbə
Ancaq bütün bunlara rəğmən, İqtisadiyyat Nazirliyinin səlahiyyətli qurumu bu platformaların nəhənglərindən hesab edilən “Trendyol”un bazar iştirakçılığındakı xüsusi fəaliyyət potensialını azaldacaq hansısa bir addım atmayıb və belə bir tədbirin də nəzərdə tutulmadığını bəyan edib.
“Trendyol” bu gün minlərlə Azərbaycan vətəndaşının onlayn sifariş və alış platforması olduğundan insanların bu mövzuya həssaslığı başadüşüləndir, onlar daha sərfəli qiymətə əldə etdikləri mal və xidmətləri təmin edən hansısa şirkətin bazar payının məhdudlaşdırılmasını heç vaxt istəməzlər. Əlbəttə, hökumət də bunu yaxşı başa düşür və həmin onlayn ticarət şəbəkəsinin işini məhdudlaşdıracaq niyyəti yoxdur. Bu baxımdan qanunvericilikdə heç bir rüsum ödəmədən onlayn ticarət kanalları ilə, ələlxüsus da “Trendyol”la ayda 300 dollar dəyərində rüsumsuz mal sifarişinə icazə verən mexanizm yaradıb. Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən, (“2.1.4. beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar”) hər bir vətəndaş daşıyıcı karqo şirkət vasitəsilə ayda 300 dollar məbləğində malı sifariş edə və rüsumsuz əldə edə bilər. mənbə
Yəni, bu o deməkdir ki, Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti yerli bazar subyektlərinin haqsız rəqabətlə qarşılaşmaması üçün gələcəkdə müəyyən requlyativ tədbirlər görsə belə, (hərçənd belə bir tədbirin nəzərdə tutulmadığını yuxarıda vurğuladıq) yenə də vətəndaşlar “Trendyol” vasitəsilə hər ay 300 dollar həcmində mal sifariş edib ucuz qiymətə gətirə biləcəklər. Rüsumsuz elektron sifariş üçün aylıq 300 dollar limit Azərbaycan milli valyutası ilə 510 manat edir. Bu ildə (300 dollar*12= 3600 dollar) 6120 manat deməkdir. İndi isə gəlin ədalətlə danışaq, hansı ailə bir ildə “Trendyol”la 6 min manatlıq paltar, yaxud məişət və s. mallar sifariş edir? Yaxud, bir ayda 510 manat paltara və sair mallara görə sifarişlər olunurmu?
Orta statistik bir ailənin aylıq yemək-içmək, kommunal xidmətlər, nəqliyyat, təhsil və digər xərclərini çıxdıqdan sonra onun əlavə 400-500 manatı qala-qalmaya, onun da ən yaxşı halda 70-80 faizini geyimə və s. yerlərə xərcləyir. Yəni, orta səviyyəli dolanan istənilən ailə nə qədər istəsə belə “Trendyol”dan 500 manatdan çox mal sifariş verə bilmir. Ən yaxşı halda onun sifarişləri 200-300 manat ola bilər. Demək, burada sadə vətəndaşların şəxsi istehlak norması üçün heç bir problem yoxdur. Aylıq 300 dollarla kifayətlənməyənlər və hay-küy yaradanlarının böyük əksəriyyəti “Trendyol”dan ucuz mal alıb üzərinə əlavə pul qoymaqla ticarət edənlərdir. Onlar “Trendyol”dan öz şəxsi ehtiyacları üçün deyil, bazar predmeti və qazanc məqsədi ilə mal sifariş edirlər. Daha sadə dillə desək, “Trendyol”un hesabına heç bir vergi-rüsum ödəmədən rahat biznes quranlardır.
“Trendyol”, və yaxud digər beynəlxalq platformaların, ələxsus da “Amazon”, “Alibaba” kimi nəhəng rəqəmsal ticarət platformasının başlıca xidmət məramı istehlakçıya xidmət göstərməkdir, yəni vətəndaşları rüsumsuz və ucuz mallarla təmin etməkdir. Bu platformalara yalnız biznes məqsədilə ilə qoşulanlar isə unutmamalıdırlar ki, bütün dünya ölkələrində onlayn biznes elektron ticarət haqqında qanunlarla, vergi və gömrük qanunverciliyi ilə nizamlanır.
Nəticə:
-
♦ Həbib Müntəzirin Azərbaycanın Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq “Trendyol”a qarşı tədbirlər görə biləcəyi haqda məlumatı yanlışdır;
-
♦ İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşının səsləndirdiyi fikirlərdən görmək olar ki, onun “Trendyol” barədə dedikləri tam təhrif edilib, sosial mediada əsası olmayan rəy formalaşdırılır.
-
♦ Xidmətin “Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət” şöbəsinin baş məsləhətçisi “Trendyol”a qarşı hansısa tədbirlərin görülməsi və ya belə bir planın nəzərdə tutulması barədə ifadə işlətməyib.