Türkiyədə dəhşətli zəlzələ baş verən gün sosial mediada Bakıda da güclü zəlzələ olacağı haqda məlumat yayılıb. Sosial şəbəkələrdə amerikalı mütəxəssis, məşhur geoloq Rubin Burrell Türkiyədəki kimi Bakının mərkəzində də güclü zəlzələ olacağı ilə bağlı proqnoz verib. Proqnozun təsirli edən məşhur “Daily Express” qəzetində dərc edilməsidir: “Geoloji xəritələr və bu gün Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda yer plitələrinin hərəkətinin tədqiqi göstərir ki, 6,9 bal gücündə zəlzələ yarada bilən Bakı çatı aktivləşib”. 

Faktyoxla Lab. yayılan xəbərin həqiqi olub-olmamasını və ilk dəf hansı mənbədən yayıldığını araşdırıb.

1) “Daily Express” qəzetinin saytında belə məqaləyə rast gəlinmədi.

2) Elmi məqalələri, mediaya açıqlamaları ilə tanınan “Rubin Burrell adlı amerikalı geoloq” tapılmadı

3) Məqalə müəllifi kimi qeyd olunan “Harvey Gavin” doğrudan da “Daily Express”-ə məqalələr yazıb. Amma Gavinin son yazısı bu saytda 3 il bundan öncə dərc olunub.

 

Hazırda o, "Transparency International" UK-də media və kommunikasiyaları şöbəsinin rəhbəridir

4) Fotoda olan mütəxəssis- xəbərdə qeyd edilən təqdim edilən şəxs “amerikalı geoloq Rubin Burrell” deyil. Fotoda gördüyümüz şəxs Oldenburq Universitetinin Fizika İnstitutunun professoru, eşitmə tədqiqatçısı, milliyətcə alman Birger Kollmeierdir. Onun hazırkı tədqiqat işi eşitmə sisteminin əsas anlayışı, audiometrik ölçmə üsullarının inkişafı və eşitmə cihazları ilə reabilitasiya haqdadır. Yəni, geologiya ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. 

İndi isə bu saxta xəbərin ilk olaraq harada və kim tərəfindən mediaya sızdırıldığı haqda.

Bu saxta məlumat ilk dəfə iranlı jurnalist, Tehranın rəsmi informasiya agentliyi olan İRNA-nın Rusiya müxbiri, SEPAH əməkdaşı Xayal Muazzinin idarə etdiyi “İranlı jurnalistin gündəliyi” teleqram kanalı vasitəsilə yayılıb.

Xayal Muazzin Azərbaycan əlehinə aparılan kampaniyanın əsas iştirakçılarından biridir. İnternetdə bu haqda yetərli qədər mənbə var və qeyd edilən şəxsin açıqlamalarında bu münasibəti sezmək çox asandır.   

X.Muazzinin saxta xəbərini daha sonra erməni mənbələr və Tehrandan idarə olunan Azərbaycan dilli teleqram kanalları da paylaşıblar.

X.Muazzinin, erməni və vətən xainlərinin paylaşması adi haldır, zatən bütün güclərini Azərbaycan əlehinə yönəldiblər, burada əhalini gərginlikdə saxlamaq, süni xof yaratmaq fəaliyyətlərinin ana xəttidir.

Burada müəmmalı olan Azərbaycandakı media təmsilçilərindən yalnız birinin-“Xural” saytının bu məlumatı olduğu kimi paylaşmasıdır. Xatrıladaq ki, “Xural” saytının rəhbəri hazırda həbsdədir və saytın işlərini onun yoldaşı Məlahət (Kisuri) Zeynallı idarə edir. Bu sayt, bu qədər açıq-aşkar saxta xəbəri niyə paylaşsın ki?

 

Nəticə:

♦Amerikalı mütəxəssis, məşhur geoloq Rubin Burrell Türkiyədəki kimi Bakının mərkəzində də güclü zəlzələ olacağı ilə bağlı verdiyi proqnoz” saxta xəbərdir;

♦Rubin Burrell adlı amerikalı məşhur geoloq yoxdur;

♦Məqalə müəllifi kimi qeyd olunan Harvey Gavin 3 ilə yaxındır “Daily Express”-də işləmir;

♦Fotoda olan mütəxəssis- “amerikalı geoloq Rubin Burrell” yox, Oldenburq Universitetinin Fizika İnstitutunun professoru, Birger Kollmeierdir;

♦Saxta məlumatı ilk dəfə iranlı jurnalist, Tehranın rəsmi informasiya agentliyi olan İRNA-nın Rusiya müxbiri, SEPAH əməkdaşı Xayal Muazzinin idarə etdiyi “İranlı jurnalistin gündəliyi” teleqram kanalı yayıb.