ADR Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu öz FB səhifəsində Azərbaycanın regionda korrupsiya səviyyəsinə görə ən pis mövqeyə malik plkələrdən biri kimi dəyərləndirib. Sitat: “2022-ci ilin dünya üzrə korrupsiya hesabatı açıqlanıb. Azərbaycan korrupsiya üzrə Qafqaz çempionu olub, keçmiş sovet respublikaları arasında Türkmənistandan sonra ikinci yeri tutub. Hesabatda qeyd olunur ki, Azərbaycanın aid olduğu Şərqi Avropa və Mərkəzi Asiya üzrə orta göstərici bu il bir pillə azalaraq 35-ə enib. Regiona Gürcüstan (56), Ermənistan (46) və Monteneqro (45) liderlik edir və onlar regionun qlobal ortalamadan (43) yuxarı bal toplayan yeganə üç ölkəsidir. Son hesabatda Macarıstan Avropanın ən korrupsiyalaşmış ölkəsi olub. Əliyevin idarəçiliyi rüşvətxorluğuna görə Azərbaycanı dünyanın ən çox korrupsiyalaşmış 180 ölkə arasında 157-ci edib, bu siyahıda Rusiya 137-cı, Ukrayna 116-cı, Türkiyə 101-ci, Ermənistan 63-cü, Gürcüstan 41-ci olub”.
Faktyoxla Lab. Q.İbadoğlunun paylaşdığı, Beynəlxalq Şəffaflıq Təşkilatının (“Transparency İnternational”) bu günlərdə dərc etdiyi “2022-ci il Korrupsiya Qavrama İndeksi” hesabat sənədini araşdırıb, iddiaların nə qədər əsaslı olub, olmamasını dəqiqləşdirib.
Hesabatda yer alan ölkələrin siyahısından da görmək olar ki, təşkilat ənənəsinə sadiq qalaraq yenə də daha çox qərəzli yanaşma əsasında ölçmə aparır. Bir çox ölkələrdə son illərdə korrupsiya ilə bağlı aparılan islahatların nəticələri nəzərə alınmır. mənbə
Bir neçə misal gətirək.
Seyşell adalarının müasir qlobal imperialistlərin çirkli pullarının axın marşrutlarından biri olması yenilik deyil. Bu ada-dövlət korrupsiya qalmaqallarının yaşandığı uzun bir tarixə malikdir. Son 19 ildə nüfuzlu və yüksək vəzifəli şəxslər bu adada çirkli pulların yuyulması ilə bağlı böyük “təcrübə” qazanıblar. Beynəlxalq miqyasda ofşor maliyyə mərkəzi kimi tanınan “Seychelles Trust Company” (STC) adada qeydiyyatdan keçmiş xarici şirkətlər və fondlar üçün rezident agent “cənnətinə” çevrilib. Fransanın bir çox məmuru uzun müddətdir ki, bu adanı “pulyuma” məkanına çevirib. Hər il Seyşeldə silah və narkotika ticarəti və s. cinayətlər üzrə yüksək rütbəli məmurlar, hüquq-mühafizə orqanlarının iriranqlı vəzifəliləri həbs edilir. Korrupsiya həbslərinə baxmayaraq, iqtisadi cinayətkarlıq geniş vüsət alır. mənbə
Ancaq bu ada-ölkə beynəlxalq anti-korrupsiya hesabatında islahatçı dövlət kimi qiymətləndirilib və 23-cü yerdə qərar tutub.
Digər fakt. Kralın mütləq hakimiyyəti ilə idarə olunan, silahlı qətllərin adi hala çevrildiyi, bank və maliyyə fırıldaqçılığının, dələduzluğun çiçəkləndiyi Butan 25-ci yerdə sıralanıb. İqtisadi cinayəkarlığın geniş tüğyan etdiyi, əmək, cinsi istismarın və ev köləliyinin adi hala çevrildiyi, biznes sahiblərinin tez-tez qətlə yetirildiyi, əsas iqtisadi potensialın narkotika ticarətinə əsaslanan ən ağır durumda olan ölkələrdən birinin şəffaflıq indeksində irəli pillədə qərar tutması hesabatın obyektivliyi haqda ilkin təəsüratı oyadır. mənbə Butanın reytinqi, sosial-iqtisadi, siyasi və kriminogen durumu haqda məlumatlar aşağıdakı 2 skrində verilib. Əlavə şərhə ehtiyac yoxdur.
Beynəlxalq Valyuya Fondunun (BVF) hesabatlarından da aydın görmək olar ki, Afrika qitəsi və Latın Amerikası ölkələrində iqtisadi inkişafı tormozlayan, ölkələrdə sabitliyə və investisiya mühitinə zərbə vuran başlıca amil korrupsiyadır. BVF-nin ekspertlərinin hesabatlarına əsasən, Çili, Botsvana. Barbados, Panama, Dominikan, Kosta-Rika, Niger, Nigeriya, Çad, Qambiya, Ruanda, Kot-Divuar, Qana, Seneqal, Trinidad və Tabaqo, Burkino-Faso, Soloman adaları və digər ölkələrdə korrupsiya riskləri təhlükə kimi qalmaqdadır. Həmin ölkələrdə korrupsiya cinayətləri üzrə oxşar xarakterik cəhətlər narkoticarət, çirkli pulların yuyulması, iqtisadi sərvətlər uğrunda qanlı toqquşmaların ənənə halını alması, iqtisadi qanunların işləməməsi, müxtəlif əyalət məmurlarının əmrləri əsasında sərvətlərin qeyri-bərabər bölgüsü və s. amilərdir. mənbə
Hərçənd ki, Beynəlxalq Şəffaflıq Təşkilatı (“Transparency İnternational”) öz hesabatında həmin ölkələri xeyli irəliləyən dövlətlər kimi təqdim edir. Məsələn, narkotranzitlərin baş marşrutu və çirkli pulların müqayisəolunmaz vətəni sayılan Çili “Dünya ölkələrinin korrupsiya reytinqi”ndə 27-ci yerə layiq görülüb. Ofşor məkanları hesab edilən Barbados 29-cu yerdə, Baham adaları 30-cu yerdədir. Botsvana, Kabo-Verde 30-luqda yer alıb. Eləcə də BVF-nin vurğuladığı kimi tayfa əyanlarının inhisarında olan iqtisadi vəsaitlərin mənimsənildiyi Sent-Lusia və Kosta-Rika 40-lıq ölkələrində təsnifatlaşdırılıb. Ruanda kimi silahlı qruplaşmaların pul, mülk, sərvət uğrunda qanlı toqquşmalarla müşaiət edilən bir sistemin 54-cü yerə salınması, yaxud, Namibiyanın 59-cu yerdə Türkiyə və Azərbaycandan daha şəffaf ölkə kimi təqdim olunması dünyada şəffaflıq adına ləkədir. İqtisadiyyatın tayfa qaydaları ilə idarə olunduğu Qana, Seneqal, Burkino-Faso, Soloman adaları, Trinidad və Tabaqo kimi ölkələrin 70-lik qrupuna aid edilməsi də təşkilatın şəffaflıq hesabatını şübhə altına alır. Həmçinin, Surinam, Tunis, Kolumbiya, Efiopiya, Fil dişi, Tanzaniya, Ekvador, Qambiya, Anqola, Keniya, Niger və digər ölkələr Azərbaycandan və Türkiyədən irəlidə qərarlaşdırılıb.
Bu yazını ingilis dilində bu linkdən oxuya bilərsiniz
Q.İbadoğlunun xüsusi rəğbət və adını bir neçə dəfə təkrarladığı Ermənistan “2022-ci il Korrupsiya Qavrama İndeksi”ndə 63-cü sırada yerləşdirilib və sözsüz ki, bu ölkənin guya islahatlar sayəsində irəliləməsi fikirləri qəbul edilə bilməz. Ermənistan son illərdə korrupsiya hallarına görə, müxtəlif beynəlxalq təşkilatlar, ABŞ və digər ölkələr tərəfindən tənqid olunur. ABŞ Dövlət Departamenti bir neçə ay əvvəl 2022-ci ildə Ermənistanda investisiya mühiti ilə bağlı bəyanatında qeyd edib ki, korrupsiya Birləşmiş Ştatların Ermənistana investisiya qoymasına əngəl olaraq qalır. Sitat: “Korrupsiya ABŞ-ın Ermənistana sərmayə qoyması üçün maneə olaraq qalır, xüsusilə ədliyyə sistemi və qanunun aliliyi, qüvvədə olan qanun və qaydalara əməl olunması və bərabər rəftar kimi kritik sahələrdə. İnvestorlar iddia edirlər ki, səhiyyə sektorları, təhsil, hərbi, islah və hüquq-mühafizə orqanları satınalmalarda şəffaflığa malik deyillər və keçmişdə rüşvət toplamaq üçün seçmə icradan istifadə ediblər. Mülki işlər üzrə ixtisaslaşmış hakimlər hələ də cəmiyyətdə korrupsioner və keçmiş hakimiyyətin təsiri altında olan məmurlar kimi qəbul edilir. Yeni yaradılmış antikorrupsiya institutlarının effektivliyi və müstəqilliyi hələ də sınaqdan keçirilməlidir. Bəzi insanlar bir çox məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının obyektiv seçilib-seçilməməsindən narahat olduqlarını gizlətməyiblər. Korrupsiyaya qarşı mübarizə aparan bu qurumlara, o cümlədən hüquq-mühafizə və prokurorluq orqanlarına siyasi motivli kənar təsir imkanları da problem olaraq qalır”.
istinad
Ermənistanın hakimiyyət orqanları da iqtisadi cinayətlərin artmasını etiraf edirlər. Ermənistan Baş Prokurorluğunun İqtisadi Fəaliyyətə Qarşı Cinayətlərə Qarşı Mübarizə İdarəsinin 2022-ci ilin doqquz ayı üzrə statistikasına əsasən (2022-ci ilin yekun rəqəmləri açıqlanmayıb) 1184 cinayət işi üzrə nəzarət həyata keçirilib, iqtisadi cinayətlərin sayında artım baş verib. Belə ki, qanunsuz sahibkarlıq, saxta müflisləşmə, qeyri-qanuni maliyyələşdirmə, vergi, rüsum və ya digər icbari ödənişlərin mənimsənilməsi, dövlət vəsaitlərinin təyinatdan kənar istifadəsi, çirkli pulların yuyulması faktları üzrə cinayət işləri artıb. mənbə
Erməni mediası və ictimai sektorda dərc edilmiş məlumatlara görə korrupsiya ilə mübarizə adı altında hökumət insanların başını aldatmaqla məşğuldur. “Ermənistanın səsi” qəzetində dərc edilən yazıda qeyd edilir ki, “korrupsiyaya qarşı mübarizə” əslində “sivil dünyanın” gözünə kül üfürməkdir. Sitat: “Son aylarda hakimiyyət korrupsiyaya qarşı zahirən zorakı fəaliyyətə başlayıb. Bu və ya digər keçmiş məmurun qanunsuz əmlakını müsadirə etmək niyyəti, bu və ya digər idarədə korrupsiya sxemlərinin və ya ayrı-ayrı halların ifşa edilməsi, dövlət qurumlarının əməkdaşlarının saxlanılması, milyonlarla, milyardlarla vəsaitin büdcəyə qaytarılması və s. barədə daim məlumatlar yayılır. Bu mühüm işlərlə məşğul olan strukturların davamlı olaraq maaşları və mükafatları qaydaya salınır, deyirlər ki, onların pozulmaması təmin edilsin. Açıq şəkildə proteksionizm, antikorrupsiya aksiyaları müəyyən bir qrup “toxunulmazlar”ın – Paşinyanın yaxın çevrəsindən olan şəxslərin mövcudluğunu qorumağa xidmət edir”. mənbə
Ölkədə çoxmilyonluq tenderlər Paşinyan komandasında yer alan şəxslərə verilir. Məsələn, hökumət komandasında yüksək vəzifə tutan Alen Simonyanın qardaşı tenderlərdə əsil korupsiya sxemi qurub. Eləcə də digər məmur Tiqran Avinyanın rabitə və internet sahəsindəki maxinasiyaları, bank sektoru, Kacaran mis-molibden zavodu ilə bağlı qaranlıq işləri ölçüyəgəlməz dövlət korrupsiyasının nümunəsidir.
Ermənistanın Helsinki Komitəsinin sədri Avetik İşxanyan bildirib ki, əvvəlki rejimdə də korrupsiya tüğyan edirdi, indiki hakimiyyətin səyləri isə öz siyasi rəqiblərini cəzalandırmaq və onların əmlakını öz tərəfdarlarının xeyrinə yenidən bölüşdürmək üçün siyasi alətə çevrilib. Həmçinin, hazırkı hakimiyyətə sədaqətlə xidmət edən keçmiş korrupsioner hökumət məmurlarına qarşı heç bir şəkildə tədbirin görülməməsi də anti-korrupsiya tədbirlərinə inamı azaldıb. mənbə
Reallıq budur ki, hesabatı hazırlayan Beynəlxalq Şəffaflıq Təşkilatını təkcə Azərbaycana qarşı deyil, Türk dövlətlərinə yönəlmiş ədalətsiz yanaşması dəfələrlə təkrar olunub. Hətta son illərdə Türk Dövlətləri Təşkilatında yer alan, Türk Ailəsinin ayrılmaz üzvünə çevrilən və buna görə bir neçə dəfə Avropa Şurası, Avropa Parlamenti tərəfindən haqsızlıqlarla üzləşmiş Macarıstan da korrupsiya hesabatında eyni aqibətlə üzləşib. Bu, məsələnin siyasi tərəfidir. Yəni, Beynəlxalq Şəffaflıq Təşkilatı ölkələrə bu yanşması ilə müxtəlif siyasi qrupların sifarişini yerinə yetirdiyini, idarə olunduğunu, ələxsus da Avropa Şurası, Avropa Parlamenti kimi təşkilatların əlində oyuncağa çevrildiyini nümayiş etdirir.
Bu yazını rus dilində buradan oxuya bilərsiniz
Avropa Şurası, Avropa Parlamenti kimi mötəbər qurumlarda dərin kök salmış və 2022-ci ildə dünyanı silkələyən misligörünməmiş korrupsiya qalmaqalları haqqında Beynəlxalq Şəffaflıq Təşkilatı öz hesabatında bir cümləyə belə yer verməyib. Ötən il Avropa Parlamentinin sədr müavini xanım Yeva Kayl və onunla əlbir olan böyük bir korrupsiya şəbəkəsi ifşa edildi, onunla bərabər, bir neçə deputat həbs olundu. Yunanıstanı təmsil edən deputat Eva Kaylinin və onun əsas ortaqları olan fransız deputatların rüşvət və korrupsiya qalmaqallarına dair məlumatlar dünya mediasında geniş yer aldı. Belçikanın hüquq-mühafizə orqanlarının xanım deputatın yaşadığı evdə aşkar etdiyi çamodandakı avrolar nümayiş edildi. istinad
Bütün bu faktlar onu təsdiqlədi ki, Avropa Parlamentində rüşvət və korrupsiya şəbəkəsini idarə edən böyük lobbi qrupları xüsusi imtiyaz və rola malikdir. Onların sırasında Brüsseldə - Avropa Parlamentinin qonşuluğunda yerləşən binada fəaliyyət göstərən “Ədalətsiz Sülhə Yox” lobbi qrupunu idarə edən Nikkolo Fiqa-Talamankanın heyrətamiz korrupsiya əməlləri hələ də araşdırılmaqdadır.
Yaxud, yunan xanım Kaylinin dələduzluq ortaqlarından biri olan Fransanın Avropa Parlamentində təmsil edən deputatı Terri Marianinin “fəaliyyəti” Beynəlxalq Şəffaflıq Təşkilatının ekspert qrupunun “gözündən yayınıb”. Korrupsiya, etibardan sui-istifadə, eləcə də çirkli pulların yuyulmasında təqsirləndirilən həmin şəxsin adı Rusiya ilə bağlı korrupsiya təhqiqatlarında da hallandırılır. Onun Simferopolda Krım parlamentinin sədri Vladimir Konstantinov ilə 2019-cu ildə görüşməsi, bahalı hədiyyə və rüşvət alması da bildirilir. Xatırladaq ki, Fransanın keçmiş nəqliyyat naziri olmuş Thierry Mariani “Krım Rusiyanındır” ifadəsinin müəllifidir. mənbə
Yeri gəlmişkən, çoxsaylı cinayət faktlarında təqsirləndirilən Terri Mariani Fransa parlamentində Azərbaycanın əleyhinə qətnamə qəbul ediulməsini dəstəkləyənlərdən biridir.
Avropa Antikorrupsiya Agentliyinin (OLAF) və Avropa İttifaqının ədliyyə direktorluğunun birgə hesabatında yer alan faktlar və mənimsənilən məbləğlərin statistikası təsdiqləyir ki, bütün Aİ məkanı ilə əlaqədar sxematik korrupsiya şəbəkəsi qurulub. mənbə
Avropa İttifaqı ölkələri hər il korrupsiya nəticəsində 323 milyard avro itirirlər. Bu isə Avropa İttifaqının 2014-2020-ci illər üçün nəzərə tutulan büdcəsinin 1/3 hissəsini təşkil edir. Polis və prokurorluq orqanları tərəfindən “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “rüşvət”lə bağlı açılan cinayət işlərinin sayı, bir il ərzində 67800-dən çox olub. Avropada vəsaitlər Fransanın “təcrübəsinə” istinadən konsaltinq şirkətləri vasitəsilə “yuyularaq” mənimsənilir, hətta səbəbi göstərilmədən “yoxa çıxır”. mənbə
Bunlar Avropada korrupsiya və iqtisadi cinayətlərin kiçik bir qismini əks etdirən faktlardır, bu regionda daha dərin qatlara gedən transmilli iqtisadi cinayətkarlıq halları barədə məlumatlar onu təsdiqləyir ki, korrupsiyaya bulaşmış avropalı məmurlar və onların himayəsində olan ictimai təşkilatlar, o cümlədən Beynəlxalq Şəffaflıq Təşkilatı açıq-aşkar siyasi dələduzluqla məşğuldur. Bu təşkilat Avropada, xüsusilə də Yunanıstan və Fransada, eləcə də Avropa Birliyində geniş korrupsiya sistemlərini idarə edən lobbiçi qrupun AB-nin ümumi şəffalıq imicini zədələyən fəaliyyətlərinə göz yummaqla riyakarlığını, qeyri-obyektivliyini və saxtakarlığını nümayiş etdirir. Bu nöqteyi-nəzərdən “2022-ci il Korrupsiya Qavrama İndeksi” hesabatını sadəcə siyasi möhtəkirliyin nümunəsi adlandırmaq doğru olardı.