Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının komandanı, general-mayor Andrey Volkovun bundan əvvəl müxtəlif hərbi düşərgələrdə, qaynar bölgələrdə, (Əfqanıstan, Çeçenistan), ələxsus da Suriyada Rusiya qoşunlarının komandanı kimi “fəaliyyəti” olub. Onun 2017-ci ildə rəhbərliyi altında Rusiya hərbi kontingenti Suriyada İŞİD qruplaşmasına qarşı döyüş adı altında digər terrorçu dəstələrə dəstək verməsinə dair yetərincə faktlar mövcuddur. Konkret olaraq A.Volkovun terror təşkilatı olan PKK-nın Suriya qanadı hesab edilən YPG və PYD silahlı qruplaşmaları ilə isti münasibətlərinə dair təkzibolunmaz faktlar Türkiyə mediasında yayımlanıb, qardaş ölkənin kəşfiyyat orqanları həmin dəlillər əsasında Moskvaya etirazlarını çatdırıb. 

Bəllidir ki, sözügedən təşkilatlar müxtəlif ölkələrin kəşfiyyat və təhlükəsizlik orqanları tərəfindən də terrorçu dəstə kimi təsdiqlənib. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəsmi internet saytında PYD/YPG, PKK/KCK-nın Suriyadakı davamı kimi “xarici mənbəli terror təşkilatı” olaraq qeyd olunub. 2013-cü ildə NATO PYD-ni PKK terror təşkilatının Suriya qanadı kimi tanıyıb. Böyük Britaniya da YPG və PYD-nin PKK ilə əlaqələrini narahatıqla qarşılayaraq terror aktlarına zəmin verdiyini bəyan edib. Sitat: “PKK bir terror təşkilatıdır, PYD də onunla əlaqədədir. PYD-nin ofisinə getsəniz orda Abdullah Öcalanın portretlərini görərsiniz”. Almaniya, Niderland, İspaniya, İtaliya və digər ölkələr də  PYD və YPG ilə PKK arasında güclü əlaqələrin olmasına işarə edərək Türkiyənin həmin bölgədə apardığı anti-terror əmliyyatlarına dəstək verib. istinad

Faktyoxla Lab. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının komandanı Volkovun suriyadakı fəaliyyəti ilə bağlı araşdırma aparıb. 

Rusiyalı general-mayor PYD və YPG ilə bağlantısı necə yaranıb, onları nə birləşdirir? 
Bu suala Suriyada terrorla mübarizədə zəngin təcrübə qazanmış Türkiyə mediasının tanınmış araşdırmaçı-jurnalisti Taha Dağlı lakonik cavab verir. Araşdırmaçı jurnalist müəllif yazısında Rusiyanın PYD və YPG  ilə əməkdaşlığının pərdəarxası məqamlarına toxunaraq qeyd edir ki, Volkov Türkiyənin terroçularla mübarizədə Suriyanın yerli azadlıq qüvvələrindən olan dəstələrin və Azad Suriya Ordusunun (müxalifətin) nəzarətində olan “Azez-Cərabulus” xəttinin Latakiya, İdlib, Hələb, Rakka ilə birləşməsinə mane olub. Məqsəd Aralıq dənizindən başlayaraq, Latakiya, İdlib, Hələb, Rakka ilə davam edən, Hasekidən Şimali İraq sərhədinə qədər uzanan bu dəhlizin PYD-YPG-nin nəzarətində qalması idi. Çünki həmin dəhlizin hədsiz dərəcədə hərbi-coğrafi üstünlükləri vardır.

Dəhlizin Latakiya hissəsinə rus hərbçiləri nəzarət etdiyindən faktiki olaraq onların köməyilə PYD-nin bölgədə açıq ticarəti təmin edilib. Çünki bölgənin narkotika, silah, zinət və maddi sənət əşylarını PKK həmin coğrafi marşrut üzrə müxtəlif Avropa ölkələrinə satıb. Həmin xəttin ələ keçirilməsi isə PKK-nın qolunu bağlaya bilər. Ona görə də, Volkov bu ticarətdə PKK-nın arxasında dayanıb. istinad

Bu məqaləni ingilis dilində bu linkdən oxuya bilərsiniz

Beləliklə, A.Volkovun YPG və PYD ilə dostluğu Rusiya qoşunlarının 2017-ci ilin mart ayında Afrin bölgəsinə daxil olmasından və Hələbdə böyük bir hərbi Qərargah qurmasından sonra yaranıb. Volkov bu ərazidə sabitliyi və təhlükəsizliyi təmin etmək əvəzinə, PYD və YPG-yə təlim keçmək və silahlandırmaqla məşğul olub, araşdırmaçı-jurnalist Taha Dağlının vurğuladığı kimi, böyük bir cinayətkar-terrorçu şəbəkənin  fəaliyyətinə dəstək verib. mənbə

Hərçənd bunu Andrey Volkovun Afrinə daxil olduğu ilk günlərdə kürd silahlı birləşmələri ilə görüşdən sonrakı bəyanatından da görə bilərik. Sitat: “Biz Afrin şəhərinə gəldik ki, Rusiya bayrağının varlığı görünsün. Yerli əhali bizim məsuliyyət sahəmizdə olacaq. Suriya sərhədinin sarsılmaz olması üçün onlarla qarşılıqlı fəaliyyət təşkil olunacaq”. Rusiyalı general “onlar” deyəndə  Suriyadakı dağınıq silahlı kürd qüvvələrini Abdulah Öcalanın posterləri və bayrağı altında birləşdirən YPG və PYD-ni nəzərdə tuturdu.

Onların Rusiya ilə birbaşa əlaqələrini etiraf edən Volkov rus ordusu tərəfindən bu qruplaşmaya təlim keçdiklərini də bildirib. Bu faktları YPG-nin bir neçə nümayəndəsi də təsdiqləyib. Volkovun  YPG-nin “baş komandanı” Sipan Hemo ilə hərbi ittifaqda birləşdiyini bu terrorçu qruplaşmanın sözçüsü Redur Xəlil də təsdiqləyərək ruslarla aralarında olan yaxın təmasları belə təsvir edib. Sitat: “Rusiya qüvvələri Afrinin qərb kürd kantonunda bizim qüvvələrimizlə əldə olunmuş razılaşma nəticəsində mövcuddur və döyüşçülərimizin hərbi təlimi sahəsində birbaşa əlaqələrimiz var. Biz bu cəbhədə müttəfiqik”. istinad

Rusiyanın media orqanları da Volkovun rəbərliyi ilə rus qoşunlarının açıq-aşkar Suriyada Suriya Kürdüstanı Xalq Özünümüdafiə Qüvvələri (YPG) ilə görüşlərinə diqqət çəkərək bildirirdi ki, Afrinin müxtəlif nöqtələrində terrorçu YPG ilə birgə ərazidə “monitorinqlər” aparır. “Nezavesimaya Qazeta”nın reportajından da bəlli olur ki, general-mayor Andrey Volkov bu “əməliyyatlar”da şəxsən iştirak edib. Qəzet onun YPG-yə təlim keçməsini, tapşırıqlar verməsini və bu terrorçu təşkilat üçün yeni döyüşçülər hazırlamasını təsdiqləyib.

 

Göründüyü kimi A.Volkov Hələb, Afrin, Menbicdə PYD ilə birgə hərəkət çərçivəsində davamlı olaraq onlarla birgə məclislərində, ziyafətlərdə iştirak edib. Afrində Novruz şənliklərinə qatılaraq YPG və YPJ bayraqlarına xüsusi hörmətini ifadə edən kadrlar çəkdirib. Həmin tədbirdə qoluna YPG-nin “şevronu”nu taxıb. PKK-nın yaradıcısı, əli onminlərlə insanın qanına batmış Abdullah Öcalanın portreti qarşısında terrorçularla xatirə şəkli çəkdirib.

Rus hərbçiləri Suriyanın və bəşəriyyətin nadir sənət məbədi hesab edilən və 2 minillik tarixi olan Palmira şəhəri uğrunda döyüşlərdə və azad olunmasında aktiv iştirak edib. 2016-cı ildə ruslar bu şəhərə daxil olduqdan sonra bütün beynəlxalq təzyiqlərə məhəl qoymayaraq Palmirada hərbi baza tikmək üçün ilkin işlərə başlayıblar və əraziyə daxil olan minatəmizləmə qrupu heç kimi şəhərə buraxmayıb. istinad

Bəşəriyyətin nadir sənət məbədi hesab edilən, 2 minillik tarixi olan Palmira şəhəri qızıl və sərvətləri ilə məşhur idi, Yaxın Şərqin gözü olan bu şəhər ayaqaltına çevrildiyindən daşıyan-daşıyanın idi. Şəhərin istər İŞİD-in qəsbkarlığı dövründə, istərsə də azad edildikdən sonra talanması barədə kifayətə qədər foto-videofaktlar vardır. Dəyəri milyonalrla dollara bərabər olan heykəltəraşlıq və rəsm əsərləri, sütun və tağlar, büstlər şəhər azad edildikdən sonra da tapılmadı. Minatəmizləyənlərin “nəzarəti” səbəbindən şəhərə giriş qadağan olunmuşdu, ruslar burada mina ilə bərabər, başqa nadir tapıntıları da axtarırdı. mənbə

Bu məqaləni rus dilində bu linkdən oxuya bilərsiniz

Məsələ ondadır ki, 2017-ci ildə komandan təyin edilən A.Volkov da müntəzəm bu ərazidə olub. Qeyd edilən qədim sənət abidəsinin nadir incilərinin yoxa çıxmasında A.Volkovun hansı xidmətlərinin olması haqda konkret faktımız yoxdur. Amma hazırda onun Ağdərədəki “Qızılbulaq” yatağının soyğunçuluqla talanmasında Ruben Vardanlyanla əlaqələrinin olması haqda məlumatlara malikik. istinad

Bu arada, general Volkovun sosial mediada yayılan bir fotosu diqqətimizi çəkib.

Bu fotoda rus general Azərbaycanın Ağdərə rayonun Heyvalı (ermənilər Drmbon deyirlər-red.) kəndində faydalı qazıntıların qanunsuz çıxarılması, emalı və istehsalı ilə məşğul olan “Base Metal” şirkətinin girişi qarşısında bir nəfərlə söhbət edir. Həmin şəxs, 9 dekabr 2022-ci ildə Azərbaycanlı ekoloqların qeyd edilən ərazidə monitorinq aparmasına maneçilik törədən ermənilərin aksiyasına rəhbərlik edən Hovanesyan Arsendir.

Hazırda Ağdərə rayonu “adminstrativ” bölgünün rəhbəridir. Bu şəxslə bağlı açıq mənbələrdə bir az axtarış apardıqdan sonra əsl kimliyinin müəyyən edə bildik. Məlum olur ki, mülki fəaliyyətlə maskalanmış Hovanesyanın əsas işi Ermənistan SQ Baş Qərargahı, Hərbi Kəşfiyyat İdarəsində olub. 2002-2004-cü illərdə Qarabağdakı qanunsuz hərbi birləşmələrdə xidmət keçdikdən sonra Ermənistan Ordusunda hərbi kəşfiyyat idarəsində işə cəlb olunub. 2014-2019-cu illərdə vəzifə pilləsində qalxıb və polkovnik-leytenant rütbəsi alıb. Elə bu səbəbdəndir ki, qondarma qurumun daşınmaz əmlak kadastrında işləyən birinin hərbi mükafatlar (orden və medal) alması təəccüblü görünmür. 2016-cı ildə “İgidliyə görə”, 2019-cu ildə “müdafiə nazirinin” əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif olunub.    

General Volkovun Ağdərədə və ya Afrindəki terrorçu ilə şəkil çıkdirməsinin prinsipial fərqi yoxdur. Hər iki fotoda sülhməramlıları təmsil edir, hər iki fotoda terrorçularla mehriban əlaqələri olduğunu nümayiş etdirir.  

Ancaq Andrey Volkov general-mayor rütbəsinə qədər yüksəlsə də, həmişə uğursuz hərbçi kimi tanınıb. A.Volkov 5 il əvvəl Suriyaya “sülhyaratma” missiyası ilə getsə də, onun terror çetesi ilə işbirliyi, PYD-YPG-nin Türkiyə əleyhinə fəallaşmasına çalışmaq cəhdləri qardaş ölkənin Silahlı Qüvvələri tərəfindən cavabsız qalmadı. Türkiyə Ordusu uğurlu “Fərat Qalxanı” və “Zeytun budağı” adlı anti-terror əməliyyatı ilə Afrin və Menbici terrorçulardan təmizlədikdən və YPG-yə ağır zərbə vurduqdan sonra Volkov Rusiyaya geridönüş etdi. Onun Suriyada nəzərdə tutulan 5 illik “sülhü təminetmə” missiyası 3 ilə başa çatdı. Hazırda sülhməramlıların işğaldan azad edilmiş Qarabağda 3-cü ilidir...

Faktyoxla Lab.