ADR Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu Milli Məclis tərəfindən birinci oxunuşda qəbul edilmiş “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi haqda şərh verib. O, sözügedən dəyişikliklərin pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yox, əksinə pensiyaçıların mənafeyinin əleyhinə xidmət etdiyini iddia edib.

Faktyoxla Lab. bu iddiaları araşdırıb.

İddia 1. Q.İbadoğlunun düşüncəsinə görə, “Əmək pensiyaları haqqında” qanuna yeni dəyişikliklər cəmi 18-20 min pensiyaçının təqaüdünə təsir göstərəcək.

Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 4 mart 2022-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqlara əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə dəyişikliklər nəzərdə tutulur. Həmin dəyişikliklərlə bağlı hazırlanmış layihəyə əsasən, 2023-cü ildən bütün pensiyaçıların pensiyalarının vahid qaydada indeksləşdirilməsi nəzərdə tutulur. mənbə

Dəyişikliyin mahiyyəti nədir?

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, ölkə üzrə pensiya alanların təxminən 93 faizinin pensiyası ümumi əsaslarla, yəni sosial sığorta əsasında (hər il ölkə üzrə əvvəlki ildəki orta aylıq əmək haqqı artımının faizinə uyğun olaraq pensiyaların  indeksləşdirilərək artırılması düsturu) tənzimlənməsinə baxmayaraq, qalan 7 faiz pensiyaçının pensiyası qulluq stajına görə, əlavələr şəklində hesablanaraq artırılır. Həmin “7 faiz” sosial kateqoriyaya digər xüsusi rütbəli şəxslər, hərbi qulluqçular, deputatlar, hakimlər, prokurorlar, Ombudsman Aparatı, Mərkəzi Seçki Komissiyasının üzvləri və dövlət dövlət qulluqçuları aiddir. Onların sayı təxminən 85 min nəfərdir və pensiyaları “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsi ilə xüsusi əsaslarla tənzimlənir. Yəni, digər pensiyalar artırılanda onların pensiyası artmırdı, yalnız işlədikləri vəzifələr üzrə maaşlar artdığı vaxt artır (adətən 3-4 ildən bir), onların pensiyaları inflyasiya təsirlərindən qorunmurdu. Yəni, sosial ədalət prinsipi pozulurdu. istinad

Ancaq, Qanuna yeni dəyişikliklərdən sonra, həmin kateqoriyaya aid olan şəxslərin də pensiyası növbəti ilin 1 yanvar tarixindən etibarən 93 faizə aid bütün pensiyaçılar kimi ümumi əsaslarla indeksləşdirilərək artırılacaq. Yəni 90 min nəfərin pensiyası da 1,1 milyon insanın pensiyası kimi eyni qaydada hesablanacaq. Xüsusilə də həmin 85 min nəfərin içərisində böyük üstünlük təşkil edən hərbi qulluqçuların indiyə qədər bəzi hərbi rütbəli şəxslərlə aralarındakı sosial bərabərsizliyi tam aradan qaldıracaq, bütün hərbi qulluqçuların pensiyası hər il ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun qaydada artırılacaq. Bu onların sosial müdafiəsinin yaxşılaşdırılmasında mühüm amillərdən biri olacaq. istinad

Göründüyü kimi 2023-cü ildən ölkəmizdə bütün pensiyaçıların artrılması vahid indeksasiya modeli əsasında tənzimlənəcək. Beləliklə, “Əmək pensiyaları haqqında” qanuna yeni dəyişikliklər 18-20 min pensiyaçının yox, 85 min nəfərin təqaüdünə təsir göstərəcək.

  • Nəticə: Q.İbadoğlunun “Əmək pensiyaları haqqında” qanuna yeni dəyişikliklər cəmi 18-20 min pensiyaçının təqaüdünə təsir göstərəcək” fikri yanlışdır. Hesablamalara görə, bu dəyişiklik 85 min nəfərin təqaüdünə təsir göstərəcək.

İddia 2. Q.İbadoğlu qeyd edir ki, Qanuna dəyişikliklərdən sonra pensiyalar üçün əlavə olaraq cəmi 4,2 milyon manat vəsait ayrılacaq ki, bu da gələn il pensiyalar üçün nəzərdə tutulan vəsaitin 0,084 faizini təşkil edir.

Bizim şərh: 2023-cü ildə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 45,7 faizini təşkil etməklə 15 milyard 219 milyon manat məbləğində nəzərdə tutulur və bu da cari illə müqayisədə 1 milyard 289 milyon manat və ya 9,3 faiz çoxdur. Həmin xərclərin tərkibində “Dövlət Sosial Müdafiə Fondunun xərcləri 6 milyard 263.97 milyon manat təşkil edir. Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 657 milyon manat və ya 11,7 faiz çoxdur.
mənbə
Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 97 faizi, yəni, 6 milyard 78 milyon manatı əhalinin sosial kateqoriyalarına yönəldiləcək. Bu da 2022-ci illə müqayisədə 12 faiz artım deməkdir. Əmək pensiyalarını maliyyələşdirmək üçün 5 milyard 907 milyon manat və ya cari illə müqayisədə 650 milyon manat çox, məcburi dövlət sosial sığorta hesabına verilən müavinətlərə isə 170 milyon manat yönəldiləcək. Yəni bu o deməkdir ki, gələn il təkcə pensiyaların artımlarına əlavə olaraq 650 milyon manat pul xərclənəcək. Ölkədə 1,2 milyon nəfər pensiyaçı olmasını nəzərə aldıqda hər 100 min pensiyaçıya əlavə 65 milyon manat düşəcək. Gələn il “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərdən sonra daha 90 min nəfərin də pensiyasının ümumi əsaslarla indeksasiya olunacağını nəzərə aldıqda həmin 90 min nəfər pensiyaçı üçün artımlara təxminən 59 milyon manat edəcək.

Nəticə: Q. İbadoğlunun “Qanuna dəyişikliklərdən sonra pensiyalar üçün əlavə olaraq cəmi 4,2 milyon manat vəsait ayrılacaq” fikri və hesablama texnikası səhvdir.

İddia 3. Q.İbadoğlu iddia edir ki, pensiya qanunvericliyinə dəyişiklərin yaşa görə müavinətə təsiri yoxdur və qocalıq müavinəti 180 manat olaraq qalacaq.

Bizim şərh. Birincisi, müavinətlər “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənmir. Müavinətlər pensiya deyil və ayrıca olaraq “Sosial müavinətlər haqqında” qanunla tənzimlənir. Bu səbəbdən sözügedən dəyişikliklər müavinətləri ehtiva etmir.
İkincisi, növbəti ildə “Sosial müavinətlər haqqında” və “Sosial xidmətlər haqqında” qanunlara ayrıca dəyişikliklər ediləcək ki, yeni mexanizmlər həmin qanunlara əsasən müəyyən olunacaq. Hazırda hər iki layihə Milli Məclisdə müzakirədədir. istinad
Üçüncüsü, 2023-cü ildə ümumi sosial siyasət tədbirləri bütün növ pensiya, müavinət və təqaüdlərin artırılmasını nəzərdə tutur, ona görə də, gələn il əmək pensiyaları ilə yanaşı, sosial müavinətlər də artırılacaq. Belə ki, dövlət büdcəsində 2023-cü ildə sosial müavinətlər, təqaüdlər və digər sosial xarakterli ödənişlərin (pensiyalara aid deyil) maliyyə təminatı üçün 2 milyard 598 milyon manat vəsait nəzərdə tutulub. Həmin vəsaitin 372 milyon manat təqaüd xərcləridir. Bu o deməkdir ki, növbəti ildə hazırda 180 manat təşkil edən qocalıq müavinəti də artırılacaq

Nəticə: Q.İbadoğlu pensiyalarla müavinətləri səhv salıb. Söhbət pensiyalardan gedir.

İddia 4. Q.İbadoğlunun “dəyişikliklərin minimum pensiyaya da təsiri olmayacaq. Pensiyaların minimum məbləği 240 manat olaraq qalır” fikrinə də aydınlıq gətirək.  

Tamamilə yanlış düşüncədir. Ona görə ki, əmək pensiyalarının ümumi artımı sayəsində bütün növ pensiyaların məbləğində də artım baş verir və nəticədə minimum pensiya avtomatik olaraq yüksəlir. Hazırda əmək pensiyalarının orta aylıq məbləği 371 manat, yaşa görə əmək pensiyalarının orta məbləği isə 400 manat təşkil edir. mənbə

Nəticə: Q.İbadoğlu yalan danışır. Növbəti ildə isə yaşa görə pensiya göstəricisi 450 manatdan çox, əmək pensiyalarının orta aylıq məbləğinin isə 420 manatdan yüksək olacağı proqnozlaşdırılır.

İddia 5. Qubad İbadoğlu digər şərhində qeyd edir ki, dəyişikliklər pensiya yaşının azaldılmasına deyil, artırılmasına xidmət edir.

Q.İbadoğlu burada da nəyisə səhv salıb. Qanuna dəyişiklik layihəsində pensiya yaşının artırılmasına dair heç bir maddə yoxdur.

Əksinə, ümumi yanaşma pensiya yaşının tədricən optimallaşmasına xidmət edir. Ümumilikdə, “Əmək pensiyaları haqqında” qanuna yeni dəyişikliklər həm də bir növ pensiya amnistiyası xarakteri daşımaqla böyük bir pensiyaçı qruplarını əhatə edəcək. Belə ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Həmin güzəştin müddəti 2023-cü il yanvar 1-də başa çatırdı. Yeni dəyişikliklərdən sonra bu güzəşt daha 3 il artırılaraq, 2026-cı ilin yanvarına qədər uzadılacaq. Belə ki, mövcud qanunvericiliyə əsasən yaşa görə pensiya almaq üçün ya 25 il ştaj və ya minimum pensiya kapitalı tələb olunur. Əgər vətəndaş 2018-ci ilinin iyulun 1-dək hətta 1 manat pensiya kapitalına malik olubsa o zaman onun 2006-cı ilədək olan ştajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.
Beləliklə, pensiya qanunvericliyinə yeni dəyişikliklər 2018-ci ilinin ikinci yarısınadək pensiya hesabında məbləğindən asılı olmayaraq vəsaiti olanlar pensiya almaq hüququna malik olacaqlar. Hətta ən kiçik məbləğ pensiya kapitalı olan vətəndaşlar da yaşa görə müavinət, yəni qocalıq təqaüdü deyil, pensiya alacaqlar.

İddia 6. Q.İbadoğlu deyir ki, gələn ildən pensiyalar 14-15 faiz civarında indeksləşdiriləcək. Amma bu növbəti il pensiya çıxanlara şamil olunmayacaq, ancaq hazırda pensiya alanların inflyasiyadan dəyərsizləşən pensiyaları bu il üçün  nominal əmək haqqının artımına uyğun olaraq 1 yanvar tarixindən indeksləşdirilir.

Bu da səhv yanaşmadır.

Birincisi, “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklərdən sonra Dövlət başçısının müvafiq sərəncamı əsasında vətəndaşlara 2022-ci il yanvarın 1-dən verilən illik 200 manat məbləğində maddi yardımlar da pensiyaların tərkibinə daxil ediləcək və maddi yardım məbləği də indeksasiya olunacaq. Gələn il pensiyaların illik orta aylıq əməkhaqqının 14-15 faiz artım nisbəti və maddi yardım faizinə uyğun indeksləşdirilməsini nəzərə aldıqda, pensiya artımı ən azı 18-20 faiz olacaq.
İkincisi, indeksasiya növbəti ildə pensiyaya çıxanlara da şamil oluancaq, 25 il stajı və 12,6 il sığorta yığımı olan bütün pensiyaçılar, o cümlədən 2023-cü ildə pensiya çıxanların da pensiyası indeksasiya olunacaq.