Sosial mediada yayılan paylaşımda bildirilir ki, Qətərdə keçiriləcək dünya çempionatının icraçı direktoru Nasser Al Hateri azarkeşlərə səslənərək “Qətərə nikahsız gələcəksinizsə, burada evli olmayanların cinsi münasibətlərinə görə həbs cəzasının 7 il olduğunu bilərək gəlin” deyib. mənbə

İddia ilk olaraq “Tvitter”də BBO Sports adlı hesab tərəfindən yayılıb. Hesabın daha əvvəllər də bənzər paylaşımlar etdiyi görünür.

Nasser Al Hateri belə söz deyibmi? Faktyoxla Lab. bununla bağlı araşdırma aparıb.

İddia ilə bağlı internetdə araşdırma apardıqda, xarici mətbuatda "Dünya Çempionatında nikahdankənar əlaqəyə görə həbs cəzası" cümləsi ilə də yer aldığı bəlli olur.

Britaniyada nəşr olunan “Daily Star”ın polis rəsmisi ilə söhbətə əsaslanan xəbərinə görə, dünya çempionatı ilk dəfə nikahdankənar əlaqənin qadağan olunduğu bir ölkədə keçirildiyi üçün azarkeşlər ehtiyatlı olmalıdırlar.

Turnir zamanı nikahdankənar əlaqənin riskli olacağını bildirən məmur əlavə edib ki, “həbs olunmaq riski ilə üzləşmək istəməyən hər kəs bu məsələdə diqqətli olmalıdır”. Hesabatda həmçinin qeyd olunur ki, Qətərdə nikahdankənar seks və homoseksuallıq 7 ilə qədər həbslə cəzalandırılır.

“Daily Star”ın xəbərinə əsaslanaraq, “Mirror” və “Daily Post” kimi qəzetlər də bu iddia ilə bağlı məlumat yayıb. Ölkə mətbuatında əks-səda doğuran xəbər xeyli mediada yer alıb.

 Hater belə deyib

Qətərdə keçiriləcək dünya çempionatı öncəsi insan haqlarının pozulması ilə bağlı iddialar və narahatlıqlar tez-tez gündəmə gətirilir. 2019-cu ildə CNN-ə danışan və Qətərə qarşı ədalətli rəftar edilmədiyini bildirən Hater, dünya çempionatına gələcək azarkeşlərlə bağlı heç bir milli, cinsi, irqi məhdudiyyət qoymadıqlarını bildirib.

Amma o, Qətərin mühafizəkar ölkə olduğunu bildirərək, ictimai sevgi nümayişinin xoş qarşılanmadığını vurğulayıb. Əlavə edib ki, bu, cinsindən və cinsi oriyentasiyasından asılı olmayaraq hər kəsə aiddir.

Nikahdankənar əlaqə Qətər Cinayət Məcəlləsinin 281 və 285-ci maddələrində qadağandır (mənbə). Əks halda, yeddi ilə qədər həbs cəzası tələb oluna bilər. Digər tərəfdən, 296-cı maddədə homoseksual əlaqənin qadağan olunduğu və belə şəxslərə bir ildən üç ilədək həbs cəzası verilə biləcəyi bildirilir.

Nəticə:

İcraçı direktor Nasser Al Haterin müsahibələrində belə bir ifadə yoxdur.

Qətərdə nikahdankənar əlaqəyə qoyulan qadağaya görə azarkeşlərin həbs ediləcəyi ilə bağlı iddia ingilis polis məmurunun “Daily Star”-a müsahibəsinə əsaslanır.

Amma doğrudan da Nikahdankənar əlaqə Qətər Cinayət Məcəlləsinin 281 və 285-ci maddələrində qadağandır. Əks halda, yeddi ilə qədər həbs cəzası tələb oluna bilər. Digər tərəfdən, 296-cı maddədə homoseksual əlaqənin qadağan olunduğu və belə şəxslərə bir ildən üç ilədək həbs cəzası verilə biləcəyi bildirilir