Dünyanın ən böyük idman yarışlarından sayılan dünya çempionatına Qətər ev sahibliyi edəcək. Turnir noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Ancaq 2010-cu ildə keçirilən səsvermədən sonra DÇ-2022-yə ev sahibliyi etmək hüququ qazanan Qətər hazırda müzakirələrin mərkəzindədir. Sosial şəbəkələrdə və saytlarda yayılan iddiaya görə, Qətərə gözlənilən sayda azarkeş gəlmədiyindən, ölkə hakimiyyəti Pakistandan “saxta azarkeşlər” gətirib. Hətta bəzi paylaşımlarda “saxta fanatlar”ın hər gün üçün 10 dollar qonorar alacağı və yaşayış yeri ilə təmin olunacağı da iddia edilir.
İddiaya dəstək olaraq təqdim olunan videoda müxtəlif ölkələrin formasını geyinən azarkeşlər var. Videodakı insanların əksəriyyətinin kişilər olduğunu da söyləmək olar. 15 noyabr 2022-ci ildə “Twitter”də paylaşılan videoya 2 milyon dəfədən çox baxılıb.
Doğrudanmı Qətər DÇ-2022 üçün “saxta azarkeşlər” gətirib? Faktyoxla Lab. dünyanın gündəmini zəbt edən məsələ ilə bağlı araşdırma aparıb.
İddialar haradan qaynaqlandı?
Turnirdə iştirak edəcək futbol komandalarının hamısı, demək olar ki, Qətərə gəlib. Dünyanın hər yerindən fanatların Qətərə gəlişi davam edir. Müzakirələrin başlanğıc nöqtəsi ölkədə keçirilən yürüş hesab edilir. Belə ki, noyabrın 11-də bir çox fərqli komandaların formalarını geyinən azarkeş qrupları “gəzinti”yə çıxdılar. mənbə
Müxtəlif komandaların formalarının geyinmiş, bayraqlarını götürmüş qruplar ölkə küçələri ilə yürüş ediblər. Gəzintilərin videoları “Qatarliving” adlı rəsmi TikTok hesabı tərəfindən də paylaşılıb. “Qatarliving”in digər paylaşımlarında Argentina, Qana, İngiltərə, Kamerun, Tunis, Portuqaliya və Meksika kimi ölkələrin formasını geyinənlər görünür.
Məsələn, TikTok hesabının paylaşdığı videoda braziliyalı pərəstişkarları göstərən videoya 6 milyondan çox baxış olub.
“Getty Images” saytında 11 noyabrda çəkilən fotoşəkillərdə oxşar fan-qrupların şəkillərinə rast gəlinir. Saytda yayılan məlumata görə, müxtəlif ölkələrdən olan azarkeş qrupları paytaxt Dohada yürüş keçirib.
Bu videolardan sonra, 13 noyabr 2022-ci ildə ilk olaraq Britaniyanın “Daily Express” qəzeti Qətəri pulla “saxta fanatlar” tutmaqda günahlandırıb.
Onlar, həqiqətən fanatlardır?
İnternetdə mövzu ilə bağlı araşdırma apardıqdan sonra fanatların hamısının “saxta” olduğunu, pulla tutulduğunu iddia etmək çətindir.
“Facebook”da 20.000-ə yaxın üzvü olan "Portugal Fans Qatar 2022" adlı qrup bəzi ipucuları göstərir. Yürüşdən sonra səhifədə paylaşılan fotolardan biri maraqlıdır. Məsələn, “Ronaldo Tərəfdarları və Rifah Dərnəyi (Kerala, Hindistan)” loqosunun olduğu pankartın şəkili diqqəti çəkir.
“Ronaldo Tərəfdarları və Rifah Dərnəyi” futbolçunun Hindistandakı fanatları tərəfindən yaradılıb. Hindistanın cənub-qərbində yerləşən Kerala əyalətindəki dərnəyin “İnstaqram”da da 100.000-dən çox izləyicisi var. Odur ki, hindistanlı azarkeşlər, çox güman ki, Ronaldonun sonuncu dünya çempionatına baxmaq üçün Qətərə gəliblər.
“Facebook” səhifəsində noyabrın 11-də keçirilən yürüş zamanı çəkilən fotolarda “Pakistanlı və ya hindistanlı” kimi “görünməyən” qrupların da şəkilləri var.
“Facebook”da Keraladan Qətərə gələn və Fransa ilə Braziliya yığmalarını dəstəkləyən azarkeş qrupları da gözə dəyir. Hətta Keralada yaşayan və Fransanı dəstəkləyən bir azarkeş keçən yay qadınlar arasında Avropa çempionatına baxmaq üçün Britaniyaya səkkiz min kilometr yol qət etmişdi. Qətərə gəlmək üçün, təxminən 10 mindən çox fransız azarkeşin bilet aldığı da bildirilir mənbə.
“Qatarliving” adlı hesabın TikTok-da paylaşdığı videoda Meksika forması geyinən fanatlar var. Oxşar video Qətərin Meksikadakı səfirliyi tərəfindən “İnstaqram”da paylaşılıb. Yazıda səfir Gilermo Ordorikanın Meksika ictimaiyyəti ilə görüşdüyü bildirilir. Səfirin arxasında dayanan eynəkli şəxs “Qatarliving”in paylaşdığı videoda də görünür. Qətərdəki meksikalı tərəfdar da bu yürüşün Meksika səfirliyinin dəstəyi ilə həyata keçirildiyini vurğulayıb mənbə.
Arqumentlər Britaniyaya da aiddir. İngiltərə yığmasını qalacağı oteldə yüzlərlə azarkeşi qarşılayıb. Bu tərəfdarlardan biri, 29 yaşlı mühəndis Sajidh deyir ki, hindistanlı azarkeşlərin əksəriyyəti Keraladandır və onlar “saxta” deyillər. Ştatda İngiltərə futbol komandasının 700 mindən çox tərəfdarının olduğu bildirilir.
Təşkilatçılar nə deyir?
“Qətər 2022”in Təşkilat Komitəsi iddialardan sonra açıqlama verdi. Komitə pullu və ya muzdlu auditoriya üzvləri ilə bağlı iddiaları rədd etdi (theguardian). Lakin ölkənin azarkeş sayı ilə bağlı göstəriciləri o qədər də yaxşı deyil. 2014-cü ildə keçirilən çimərlik voleybolu turnirində əmək miqrantlarından pul müqabilində tamaşaçı kimi istifadə edildiyi üzə çıxmışdı.
Qətərdə 2 milyondan çox əməkçi miqrant var. (mənbə) Dünya çempionatının keçiriləcəyi stadionların tikintisi bu rəqəmi daha da artırıb. Miqrant işçilər Nepal, Hindistan və Banqladeş kimi ölkələrin vətəndaşlarından ibarətdir. Miqrantlar üçün uyğun sayıla biləcək 10 dollarlıq biletlər və Hindistandan olan “fəxri azarkeşlərin” mundiala marağı videolardakı görüntülərin yaranmasına səbəb ola bilər. Görünür, Qətərin zəif təcrübəsi bu iddiaları gücləndirib.
Görüntülərdə kişi fanatların daha çox olması isə normaldır. Çünki Qətərin demoqrafik strukturu buna uyğundur. Son məlumatlara görə, 2 milyon 703 min əhalisi olan ölkənin, təxminən yüzdə 75-i kişidir. Başqa sözlə, qadınlar ümumi əhalinin yalnız dörddə birini təşkil edir (mənbə). Yəni ölkədə təsadüfi videoda qadınların görünmə ehtimalı kişilərdən çox azdır.
Dünya çempionatı noyabrın 20-də start götürsə də, mundialla bağlı tənqidi müzakirələr lap çoxdan alovlanıb. 2010-cu ildən bəri ölkədə 6 mindən çox işçi pis iş şəraiti səbəbindən dünyasını dəyişib. Açılış oyunundan bir neçə gün əvvəl isə turnirin rəsmi səfirlərindən olan Xalid Salman homoseksuallığı “beyin zədəsi” kimi qiymətləndirib. mənbə.
Nəticə etibarı ilə turnirdə əsl azarkeşlərin, qrupların olduğu göz qabağındadır. Amma kimin əsl dəstəkçi, kimin könüllü, kimin pullu tərəf olduğunu söyləmək çətindir. Ortaya çıxacaq hər hansı yeni dəlil, fikirləri dəyişdirə bilər.
Nəticə:
Qətər rəsmiləri iddiaları rədd edir.
Ölkədə əsl fanatlar, azarkeş qruplar var.
Qətər əvvəllər ölkədə keçirilən voleybol turnirində pullu azarkeşlərdən istifadə edib.
Biletlərin əlverişli qiymətləri ölkədəki immiqrantlar üçün cəlbedici ola bilər.
Hindistandan olan futbolsevərlər turnirə böyük maraq göstərirlər.