Prezident İlham Əliyev Zəfər Gününün 2-ci ildönümü münasibətilə Şuşada təşkil olunan tədbirdə bildirib ki, azad olunmuş ərazilərdə bütün işlərin maliyyə mənbəyi Azərbaycanın büdcəsidir. Sitat: “Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək”. Bloger Həbib Müntəzir öz feysbuk səhifəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən heç bir maliyyə yardımının ayrılmadığına dair fikirləri “fakt-yoxla” edib və belə qərara gəlib ki, beynəlxalq donorların Azərbaycana yüz milyonlarla dollar yardım göstəribdir.
Faktyoxla Lab. Həbib Müntəzirin bu iddialarını araşdırıb.
İddia 1. Həbib Müntəzir iddia edir ki, 2022-ci il fevralın 4-də Avropa İttifaqı (Aİ) Azərbaycana 2 milyard avro vəsait ayırıb.
Əvvəla, bu vəsaitlər hələ ayrılmayıb. Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varheyli Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar zamanı bəyan edib ki, Aİ iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayrılması çərçivəsində konkret layihələrin reallaşmasını nəzərdən keçirir. Maliyyənin nə vaxt icra olunacağı, Azərbaycanın hesabına “oturacağı” hələ bəlli deyil. mənbə
İkincisi, bu maliyyə paketi yardım deyil, yardım tamamilə başqa məvhumdur, yəni geri qaytarılmayan, hansısa ağır sosial-iqtisadi problemə kömək məqsədli addımdır. Bəyan edildiyi kimi iqtisadi təyinatlı sərmayələri təşviq etmək məqsədilə verilən maliyyə dəstəyidir, investisiya layihələrinə ayrılan kredit təyinatlı vəsaitlərdir. Bunu Oliver Varhelyin bəyanatından da görmək olar. Cənab Varheyli öz “Tvitter” hesabında bu məsələyə aydınlıq gətirərək bildirib ki, “beynəlxalq maliyyə institutları ilə birlikdə Azərbaycanın iqtisadi inkişafını yeni səviyyəyə çatdırmaq və artım üçün real imkanlar yaratmaq üçün 2 milyard avro investisiya cəlb edə bilərik”.
Hər şey açıq ifadə olunub, beynəlxalq maliyyə instutularından söhbət gedirsə, onların cəlb edəcəyi 2 milyard avro borc, yəni maliyyə-kredit şərtləri ilə verilən vəsaitlərdir. Maliyyə institutlarının ayırdığı pulların hansı şərtlərə, faizlər əsasında verməsini isə izah etməyə ehtiyac yoxdur. Yəni, Azərbaycan 2 milyardın üzərinə bir neçə milyon avro da əlavə edərək geri qaytarılacaq. H.Müntəzirin iddia etdiyi kimi yardım deyil.
Üçüncüsü, sözügedən maliyyə paketi azad edilmiş ərazilərdəki quruculuğu nəzərdə tutmur, iqtisadiyyatın müxtəlif sektorlarını təşviq etmək məqsədilə investorlara veriləcək.
Dördüncüsü, Aİ əvvəlcə, Azərbaycana cəmi 140 milyon avro, Azərbaycandan iqtisadi coğrafiyası və əhalisi qat-qat az olan Ermənistana 2,6 milyard avro ayrılmasını planlaşdırırdı. Azərbaycan Prezidentinin qəti etirazından və sərt mövqeyindən sonra ölkəmiz üçün nəzərdə tutulan vəsait 2 milyarda qaldırılıb. Yəni, bu maliyyə paketləri Cənubi Qafqazda ümumi inkişaf üçün nəzərdə tutulub.
H. Müntəzir anlamır ki, maliyyə yardımı başqa şeydir, kredit və qrant başqa. O, beynəlxalq maliyyə instututları ilə Azərbaycan hökuməti arasında imzalanmış kredir sazişlərinin də maliyyə yardımı kimi təqdim etməyə çalışır.
İddia 2. H. Müntəzir deyir ki, Dünya Bankı 2020-ci ildə Azərbaycanda 150 milyon dollar, 2021-ci ildə isə yol layihəsinə 65 milyon dollar kredit ayırıb.
Birincisi, Dünya Bankı ümumiyyətlə, Azərbaycana 150 milyon dollar həcmində vəsait ayırmayıb. Bu, saxta məlumatdır. Azərbaycan 2020-ci ildə Dünya Bankı ilə belə bir kredit müqaviləsi imzalamayıb. Bank COVID-19-la mübarizədə Azərbaycan hökumətinə yardım layihəsi hazırlamağı və kredit ayırmağı təklif etsə də, Azərbaycan şərtlərin qeyri-qənaətbəxş olması səbəbindən bu kreditdən imtina edib. mənbə1 mənbə2
İkincisi, Azərbaycan hökumətinin 2021-ci il oktyabrın 27-də Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə “Regional Yollar və İnkişaf Layihəsi” üzrə 65 milyon dollar kreditin ayrılmasına dair imzaladığı müqavilə sənədi isə maliyyə yardımı yox, kredit sazişidir. Yəni, bu vəsait yardım, ianə yox, uzunmüddətli, geri qaytarılmaq şərti ilə verilən borc öhdəliyidir. Azərbaycan hökuməti hər il dövlət büdcəsindən həmin kreditlərin qaytarılmasına vəsait ayırır. mənbə
İddia 3. 2021-ci ildə Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Azərbaycan arasında imzalanmış 100 milyon dollar kredit sazişi də kommersiya xarakterli olmaqla 10 illik borc öhdəliyidir. “COVİD-19-a Aktiv Cavab və Xərcin Dəstəklənməsi Proqramı” üzrə kredit ayrılmasına dair müqaviləyə əsasən, Azərbaycan bu borcu 10 il müddətinə, LİBOR şərti, üstəgəl 0,5 faiz dərəcəsi ilə qaytaracaq. Yəni, Asiya Bankı verdiyi pulun əvəzində bir neçə milyon dollar mənfəət əldə edəcək. mənbə
İddia 4. Müntəzir qeyd edir ki, 2021-ci il Böyük Britaniya Qarabağ münaqişəsindən sonra BMT İnkişaf Proqramı çərçivəsində Azərbaycana 500 min funt sterlinq maliyyə ayırıb. Eyni zamanda, 2021-ci il BMT münaqişədən zərər çəkmiş bölgələrdə humanitar fəaliyyəti dəstəkləmək üçün 2 milyon, Yaponiya humanitar böhranla bağlı 1,2 milyon dollar yardım ayırıb.
Adətən saxta məlumatları ifşa etməyi ilə öyünən, Azərbaycanda az qala hansı sərəncamın veriləcəyindən də hamıdan əvvəl xəbər tutan H.Müntəzir humanitar fəaliyyət proqramları çərçivəsində əməkdaşlığa əsaslanan yardımlarla təmənnasız göstərilən ianəni, yardımı da ayırd edə bilmir? Axı, hər şey bu qədər sadədir: beynəlxalq praktikada geniş tətbiq olunan qarşılıqlı humanitar yardım proqramları çərçivəsində BMT-nin üzvü olan bütün ölkələr bir-birinə dəstək verir. Azərbaycan BMT İnkişaf Proqramında (UNDP) donor ölkələrdən biridir. Hər il BMT-yə neçə milyon dollar üzvlük haqqı verir, bundan başqa, UNDP çərçivəsində humanitar fəlakətlərə yardım göstərir. Yəni, bu cür yardımlar BMT İnkişaf Proqramının tələblərindən irəli gələn maliyyə öhdəliyidir.
Azərbaycan da BMT-nin İnkişaf Proqramı çərçivəsində hər bir ölkəyə yardım edir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) indiyə qədər 90-dan artıq ölkəyə beynəlxalq yardım proqramları çərçivəsində maliyyə ayırıb. mənbə
Necə ki, Azərbaycan indiyə qədər BMT İnkişaf Proqramında fəal ölkə kimi bir yardımlar edib, indi əvəzini qaytarırlar. Ona görə də BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycana verdiyi 2 milyon dollar maliyyə yardımı yox, humanitar məqsədlər üçün ölkəmizin ayırdığı maliyyələrin geri qaytarılan bir hissəsidir. Simvolik bir rəqəmdir, qarşılıqlı öhdəlikdir, məsuliyyətdir. Bu qarşılıqlı yardım paketi isə BMT-nin azad edilmiş ərazilərdə hansısa bərpa işləri üçün ayrılmayıb, Ermənistanın Azərbaycan vətəndaşlarına vurduğu sağlamlıq, psixoloji və sosial dəstək tədbirlərinə yönəlib.
Yaxud, Böyük Britaniya hökumətinin ayırdığı 500 min funt-sterlinq də məhz BMT İnkişaf Proqramı çərçivəsində ayrılıb. Bunu B.Britaniyanın XİN-nin Avropa qonşuluğu və Amerika regionu üzrə dövlət naziri xanım Vendi Morton da qeyd edib.
Eləcə də Yaponiya hökumətinin bu qrantı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin Dünya Qida Proqramı (WFP) və Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) tərəfindən ünvanlanmış yardım müraciətinə əsasən Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış humanitar böhranla bağlı ayrılıb. mənbə
Necə ki, Azərbaycan hər il Beynəlxalq Qırmızı Xaş Komitəsinə (BQXK) üzvlük haqqı ödəyir, özü donor ölkələrdən biri kimi dünyadakı müxtəlif humanitar böhranlara yardım edir. Yəni, Yaponiya öz şəxsi təşəbbüsü ilə deyil, BQXK çərçivəsində öz humanitar mənəvi borcunu yerinə yetirib. mənbə
Onu da unutmayaq ki, Yaponiya hökumətinin ayırdığı 4,8 milyon dollar qrantın cəmi 1,2 milyonu Azərbaycana, 3 dəfə artığı (3,6 milyon) isə Ermənistana verilib. mənbə
Göründüyü kimi BMT, Böyük Britaniya və Yaponiya Azərbaycanın da daxil olduğu və hər il pul köçürdüyü beynəlxalq humanitar fondların prinsip və öhdəliklərinə uyğun olaraq qrant ayırıb, humanitar dəstək göstərib. Bunun isə maddi yardımla heç bir əlaqəsi yoxdur. mənbə
İddia 4. H.Müntəzir 2021-ci ildə ABŞ-ın “COVID-19” la mübarizə çərçivəsində Azərbaycana ayırdığı 6 milyon dollar yardımı da təmənnasız vəsaitlər və yaxud ianə kimi başa düşür.
Birincisi, Amerika Birləşmiş Ştatları USAID vasitəsilə dünyanın 150-dən çox ölkəsi kimi Azərbaycana COVID-19-la mübarizə səylərinə dəstək verib. Bu vəsait Ümumdünya Səhiyyə Təşkilatının və Qırmızı Xaç Cəmiyyətinin xətti ilə ayrılıb. Necə ki, Azərbaycan özü də bu qlobal proqramda fəal iştirak edərək 2020-ci ildə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonda 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib. Həmçinin, Azərbaycan COVID-lə mübarizə tədbirlərinə kömək məqsədilə 30-dan artıq ölkəyə yardım edib. Yəni, beynəlxalq humanitar səhiyyə alyansı çərçivəsində aldığı 6 milyonun əvəzində 10 qat artıq yardım edib. Pandemiya proqramları çərçivəsində! Buna görə, Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin rəhbəri Cənab İlham Əliyevə dəfələrlə minnətdarlığını bildirib.
İkincisi, bu vəsaitlərin də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və qurucluq işlərinə heç bir dəxli yoxdur. Pandemiya, dezinfeksiya, sabun, gigiyena üçün nəzərdə tutulub.
Göründüyü kimi,
-
Həbib Müntəzir növbəti dəfə manipulyasiya ilə məşğuldur,
-
Verdiyi informasiyaların əksəriyyəti kütlə düşüncəsini yönləndirmək, çaşdırmaq üçündür,
-
Beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən Azərbaycanın nəinki işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinə, ümumiyyətlə ölkə miqyasında həyata keçirilən sosial-iqtisadi tədbirlərə heç bir maliyyə yardımları ayrılmayıb.