Tehranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb ki, "Sepah" onun adından yaradılan sosial şəbəkə hesablarının özünə aidiyyətını təkzib edib. "Keçmişdə də vurğulandığı kimi, İslam İnqilabı Keşikçiləri Korpusunun sosial şəbəkələrdə heç bir rəsmi kanalı yoxdur".

"Əvvəllər də qeyd olunduğu kimi, İslam İnqilabı Keşikçiləri Korpusunun sosial şəbəkələrdə bu quruma aid edilən səhifələr saxtadır. Qurumun missiyası, fəaliyyəti və mövqeləri ilə bağlı xəbərlər, mövqelər, reportajlar və s. barədə istənilən rəsmi bildiriş yalnız “Sepah News” internet saytı vasitəsilə həyata keçirilir".

Faktyoxla Lab. Sepah-ın qeyri-rəsmi xəbər saytlarının, telegram kanallarının olub-olmadığını araşdırıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu- “Sepah”ın Telegram sosial şəbəkəsində fəaliyyət göstərən hesabları uzun illərdir ki, mövcuddur. “Sepah”ın bütün strukturlarını əhatə edən kanaldan başqa, “Qüds Qüvvələri” və “Kiber Təhlükəsizlik” bölməsi kimi idarələrinin adlarına da kanallar fəaliyyət göstərir. Eləcə də uzun müddət Tvitter sosial şəbəkəsində “Sepah”ın səhifəsi mövcud olmuş, lakin az müddət öncə sosial mdia platforması tərəfindən silinmişdir.

Bu kanalların hamısı demək olar ki, hər gün, bütün sutka ərzində fəaliyyət göstərib təxminən dünyanın bütün bölgələri ilə bağlı operativ, bloqqer üslubunda qısa xəbərlər yayırlar. Təbii ki, İranın” xilaskar” obrazını, SEPAH-ın isə döyüşkən  gücünü təbliğ etmək şərtilə. Bu xəbərlərin böyük əksəriyyətində Azərbaycan Respublikası, Türkiyə və türk dünyasının əleyhinə təxribatçı, təhdid dolu paylaşımlara da yer verilir.

Amma deyək ki, bəzən bu kanalların provakativ məlumatlarına münasibət bildirmək zorunda qalan İranın Azərbaycandakı səfirliyi ən asan yola əl atır, bu kanallar və səhifələrin “Sepahın rəsmi səhifələri olmadığını” iddia edərək məsələni diplomatik gedişlə ört-basdır etməyə çalışır.

Əslində, adını açıqlayacağımız kanalları izləyən mütəxəssislər səhifə adminlərinin necə peşəkar, həm də komanda şəklində işlədiyini bilirlər. Kanalların yayımladıqları video, foto və operativ xəbərlərdən onların zəruri kadr və texniki imkanlara malik olduğu, bu işin hansısa həvəskarlar tərəfindən görülmədiyini açıq bəlli edir.

İkincisi, bu kanalların heç birində onların “Sepah”a məxsus olması və bu qurumun rəsmi mövqeyini əks etdirməsinə dair heç bir məlumat verilmir.    

Məsələn, məqalə yazılan ana qədər 319 295 izləyicisi olan və anti-Azərbaycan təbliğatda xüsusi “canfəşanlıq” göstərən “Sepah”ın Kiber Təhlükəsizlik Xidmətinin telegram kanalı adı altında fəaliyyət göstərən kanalın məlumatlarının “kanal haqqında məlumat” bölümündə “Sepah”ın xəbərlərini yaydığı qeyd olunub. “Sepah Qərbi Asiya regionunun ən qüdrətli hərbi qüvvəsi və dünyanın ən güclü 5 hərbi birləşməsindən biridir”-deyə yazılıb. Həmin məlumatın üst tərəfində isə məhz SEPAH-ın loqosunda təsvir edilmiş “Quran ayəsi” yazılıb.

Eynilə, nə 304 217 abunəçisi olan “Qüds Qüvvələri”, nə də 356 354 izləyicisi olan “Keşikçilər Korpusunun” adlı “Sepah” kanallarının “haqqında məlumat” hissəsində müstəqil olması və ya “Sepah”ın mövqeyini əks etdirməməsinə dair məlumata rast gəlmək mümkün deyil. Daha dəqiq desək, “Qüds Qüvvələri”nin məlumat bölməsində “İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin təfəkkür və əməli yolu və çərçivəsində” və “xalqın təhlükəsizliyi Sepahın qırmızı xəttidir” kimi fikirlər qeyd edilmişdir.

 

“Keşikçilər Korpusu”-nun təsvir hissəsində isə İranın ali rəhbəri Əli Xameneinin öz teokratik hökumətinin tərəfdarlarını sosial şəbəkələrdə təmsil olunaraq onun ideologiyasını yaymaq üçün etdiyi çağırış qismində səsləndirdiyi “Virtual aləmin əhəmiyyəti islam inqilabının əhəmiyyəti qədərdir, buna görə də orada təmsil olunmaq Sepah və Bəsic qüvvələrinin qarşısında duran əsas zərurətlərdən biridir” və “bu gün virtual məkanda güc həyatidir” fikirlər qeyd edilmişdir.

Yalnız 302 224 nəfər izləyicisi olan  “İslam İnqilabı Keşikçiləri Korpusu” adlı kanalda onun “məlumat” hissəsində müstəqil kanal olduğu vurğulanmışdır. Nə qədər qəribə olsa da “Sepah” məhz bu kanalı öz rəsmi kanalı kimi təqdim etmişdi.

Sepah-la əlaqəsi olduğu deyilən saytlar da yetərli qədərdi. Yalnız iki saytı- tez-tez anti-Azərbaycan yazılarla çıxış edən "Təsnim" və "Farsnews" saytlarını qeyd edirik. Bu saytların "Sepah"a məxsus olması haqda yetərli məlumatlar var. Bir misal gətirək.

Bu fotoda İranın “Tasnim” saytının telegram kanalının yaydığı bir xəbər əks olunub. Həmin xəbərdə deyilir ki, İranın "Tasnim" xəbər agentliyi yüksək rütbəli SEPAH komandirlərinə hücumu təsdiqləyib. Ölənlər arasında kəşfiyyat bölməsinin komandiri polkovnik Seyid Əli Musəvi də var.

Sonda: bu qədər geniş auditoriya kütləsinə malik, ən əsası isə İranın əsas hərbi birləşmə və xüsusi xidmət orqanlarından hesab edilən “Sepah”ın adına hansısa təsadüfi şəxsin sosial şəbəkələrdə kanal açıb 24 saat işlətməsinə inanmaq və ya buna digərlərini inandırmaq, yumşaq desək, sadəlövhlük olardı. Əgər İran rəsmiləri bu kanalların “Sepah”ın mövqeyini əks etdirmədiyini, “Sepah”ın və ölkənin mövqeyinə zidd məlumatlar tirajladığını iddia edirlərsə, kanalların hər birində onların idarəçilərinin hesabları qeyd edilmişdir. Bu idarəçilər İranın teokratik hakimiyyətini dəstəklədiklərini bildirirlər və onların İran ərazisində yaşadığı heç şübhə doğurmayan məsələdir. Yəni ölkənin xüsusi xidmət orqanı adından onun rəsmi mövqeyinə zidd paylaşımlara yol verən şəxslərin müəyyən edilməsi, yəqin ki, çətin iş deyil... Həm də nəinki İran, digər ölkələrdə belə təsadüfi şəxs və ya şəxslərin ölkənin xüsusi xidmət və digər orqanları adına sosial şəbəkələrdə kanallar və səhifələr açıb istətdikləri kimi fəaliyyət göstərməsini düşünmək, yenə də bildiririk, sadəlövhlük olardı, xüsusən də İran kimi sərt qanunlarla idarə edilən bir ölkədə ...