Regionda baş verən geosiyasi proseslər Azərbaycanın Şərq-Qərb enerji dəhlizinin əsas mərkəzlərindən biri kimi mövqeyini daha da artırmaqdadır. Bir müddət əvvəl Avropa İttifaqı (Aİ) ilə qaz nəqlinə dair Anlaşma Memorandumu imzalayan ölkəmiz, həmçinin Avropanın enerji təminatında əhəmiyyətli rol oynayan neft resurslarının divesifikasıyasında da ön plana çıxmağa başlayıb. Belə ki, Rusiya neftinə alternativ marşrutlar axtaran Aİ əsas mənbələrdən biri kimi Xəzər dənizinin nəql kəmərlərinə üz tutub. Avropa Birliyi Qazaxıstan və Türkmənistanı da Trans-Xəzər enerji cəbhəsinə qoşmaqla ən etibarlı neft arteriyası olan Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə neftin Qərbə axınını artırmaq istəyir.
Lakin bu layihənin reallaşması bir çox dövlətlərin enerji maraqlarına cavab vermədiyindən sahib olduqları informasiya kanalları ilə bu xəbərləri təkzib edir, müxtəlif əks-arqumentlər gətirməyə çalışırlar. “Qazeta.ru”, “Yandex.ru”, hətta erməni saytlarında “Qazaxıstan neftin Rusiyadan yan keçərək Azərbaycan ərazisindən nəqli ilə bağlı xəbərləri təkzib edir” sərlövhəli xəbərlərin dərc olunması açıq-aşkar ciddi narahatlığın göstəricisidir. Qazaxıstanın “Kapital” agentliyinə istinadən yayılan həmin xəbərlərdə ölkənin energetika naziri Bolat Akçulakovun fikirləri əsasında Qazaxıstanın Bakı-Tbilisi-Ceyhanla neft nəql etmək niyyətində olmadığı barədə məlumatlar təqdim edilir.
Faktyoxla Lab. bu iddianın həqiqiliyini araşdırıb.
Araşdırma nəticəsində bəlli oldu ki, qeyd edilən media orqanları qazax nazirin fikirlərinin yalnız özlərinə sərf edən hissəsini təqdim ediblər. Əslində B.Akçulakovun digər media orqanlarında dərc olunmuş fikirlərində çox ümidverici mesajlar var.
Əvvəla, Qazaxıstanın energetika naziri neftin nəqlinin Azərbaycan üzərindən keçməyəcəyinə dair qəti fikir bildirmir. Qazax nazir indiki çətin situasiyada, Rusiyanın iqtisadi-siyasi təzyiqləri fonunda BTC faktorunu gizlətməyə çalışsa da, onun “şirkətlər özləri Energetika Nazirliyindən asılı olmayaraq səhmdarlar səviyyəsində müqavilələr bağlaya bilərlər, lakin torpaq, kredit, boru tikintisinin yeri və digər məsələləri koordinasiya etmək lazımdır”fikri Qazaxıstan neftinin nəqlində xarici səhmdarların sərbəst, yəni Energetika Nazirliyindən kənar kommersiya müqavilələri imzalamaq səlahiyyətlərini təsdiq etməkdir. Məlumdur ki, Qazaxıstanın ən perspektivli neft yataqlarından olan “Tengizchevroil”un (TCO) operatoru ABŞ-ın “Şevron” şirkətidir, bu isə o deməkdir ki, həmin şirkət müqavilə bağlayaraq sərbəst şəkildə BTC ilə neft nəql edə bilər.
İkincisi, B. Akçulakov etiraf edir ki, biz bir neçə ildən sonra alternativ neft kəmərləri axtaracağıq. “Əlbəttə, biz alternativ yollar haqqında düşünməliyik, çünki 2024-cü ildən sonra hazırkı 85 milyon tondan 100 milyon tona qədər artıracağımız gözlənilir. Əgər biz indi “Kaşaqan” [yatağı] üçün Faza-2 ilə bağlı razılığa gəlsək, daha 15 milyon ton neft yarana bilər. Ona görə də bu nəql imkanlarını necə paylayacağımızı düşünməliyik”
Üçüncüsü, Qazaxıstan Azərbaycan ərazisi vasitəsilə xarici bazarlara neft nəqlinə hələ 2000-ci illərdə qoşulub, 2004-2008-ci illərdə Bakı-Supsa kəməri ilə, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan istifadəyə verildikdən sonra isə bir neçə partiya nefti bu kəmərlə Avropaya neft nəql edib. Hazırda da BTC ilə nəql olunan gündəlik 650 min barel neftin təxminən 120 min bareli Türkmənistan və Qazaxıstan neftidir. Yəni, Azərbaycan Qazaxıstan üçün yeni tranzit ölkə deyil.
Qazaxıstan 15 ildən artıqdır ki, neftinin təxminən 80 faizini CPC kəmərilə Rusiyanın Novorossiysk limanına, oradan dünya bazarına, daha çox Asiya və Yaxın Şərq bölgəsinə çıxarır. Gündəlik 1,4 milyon barel neft hasil edən bu ölkə hazırda CPC marşrutunda yaranmış problem və məhdudiyyətlər səbəbindən alternativ kəmər axtarır. (Mənbə)
Xəzər və Avropanın enerji təhlükəsizliyi siyasəti üzrə ekspert Brenda Şaffer də hesab edir ki, regiondakı mövcud siyasi-iqtisadi durum Qazaxıstan üçün yeni, alternativ marşrut məsələsini aktuallaşdırır. Sitat: “Müharibə ilə əlaqədar Rusiyanın Qara dəniz neft limanları vasitəsilə neft ixracında yaranmış problemlər, eyni zamanda, bu bölgədəki tankerlərin sığorta tariflərinin yüksək olması səbəbindən vəziyyət mürəkkəbləşib. Qazaxıstan Türkiyə üzərindən Aralıq dənizi regionuna neft nəql edən BTC boru kəməri ilə neft ixracını artıra bilər”.
Bütün bu faktorlar, energetika naziri B.Akçulakovun özünün də vurğuladığı kimi Qazax hökumətini alternativ marşrutlar axtarmağa məcbur edir. Beləliklə, Qazaxıstan neftinin BTC ilə Qərbə ixrac olunması üçün iqtisadi və siyasi reallıqlar daha çox ön plana çıxmağa başlayır.
Qeyd etdik ki, Qazax neftinin BTC ilə nəql olunması 5-6 ayın işi deyil, bunun üçün geniş kompleks infrastrukturlar hazır olmalıdır. Qazaxıstanın nüfuzlu “Energy Monitor” ictimai fondunun direktoru Nurlan Jumaqulovun bildirdiyi kimi ilk növbədə, Atıraudan Aktauya neft kəmərinin çəkilməsi lazımdır. Çünki bu gün neft Aktau limanına dəmir yolu çənləri ilə çatdırılır, bu isə həm vaxt, həm xərc artımlarına səbəb olur. Kəmər çəkilənə qədər neft tankerlərlə Bakıya çatdırıla bilər, sonra birbaşa BTC-yə qoşulmaq mümkündür. (Mənbə)
Burada ortaya bir sual çıxır, gündəlik 1,2-1,4 milyon barel neft hasil edən Qazaxıstanın enerji resurslarını nəql etmək üçün BTC-nin gücü çatacaqmı?
2006-cı il iyun ayından istismara verilən BTC-nin gündəlik ötürücülük gücü 1 milyon barel təşkil edirdi. Bu, Azərbaycanın gündəlik nəql imkanlarına uyğun idi, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından hasil olunan neft 900 min barelə bərabər olduğundan kəmərin ötürmə qabiliyyətinə tam uyğun idi. Ancaq Türkmənistan və Qazaxıstanın bu kəmərə olan marağı nəzərə alınaraq Konsorsium 2008-ci ildə kəmərin genişləndirilməsi işlərini həyata keçirdi və BTC-min neft buraxma qabiliyyəti 1,2 mln. barelədək artırıldı. (Mənbə)
2015-ci ildən sonra “Azəri-Çıraq-Günəşli” yatağında neft hasilatı azaldığından BTC-nin gündəlik nəqletmə gücü də aşağı düşüb, hazırda kəmərlə gündəlik təxminən 650-660 min barel neft nəql olunur. Yəni, gücü 1,2 milyon barelə bərabər olan BTC ilə əlavə ən azı 500 min barel neft nəql etmək mümkündür. (Mənbə)
Məsələ ondadır ki, hazırda Azərbaycanda neft hasilatının aşağı düşməsinə baxmayaraq, yaxın vaxtlarda əsas neft mənbəyi olan “AÇG” yataqlar blokundan başqa, digər ümidverici quyuları da istismara hazır vəziyyətə gətirilib. Onların sırasında “Qarabağ” yatağını xüsusilə qeyd etmək olar. 2020-ci ildə həmin yataqda hasilat üçün dayaq bloku dənizə yola salınıb ki, bu da neft istehsalında yeni bir mərhələyə start verilməsi deməkdir. 60 milyon tondan artıq neft ehtiyatına malik olan bu yataqda 2022-ci ilin sonlarında ilk neft və qazın çıxarılması gözlənilir. (Mənbə) Həmçinin, “Bahar”, “Dostluq”, “İnam, “Zəfər–Məşəl” yataqları da perspektiv neft bloklarındandır Bundan başqa, 2021-ci il yanvarın 21-də “Azərbaycan və Türkmənistan arasında Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Həmin neft bloku da Avropaya nəql resurslarının istiqamətlərindən biridir. Beləliklə, qarşıdakı dövrdə Azərbaycanın digər neft yataqlarının hasilata cəlb edilməsi sayəsində BTC-nin gündəlik nəql gücünün 700-800 min barelə çatdırılması mümkün olacaq, bu halda Qazaxısatan neftinin də nəql imkanları nəzərə alınmaqla (gündəlik 700-800 min barel) kəmərin ötürücülük qabiliyyətinin artırılması deməkdir. Çünki Qazaxıstan Azərbaycandan daha çox neft hasil edir, üstəlik hasilat səviyyəsi ildən-ilə artır və 2025-ci ilə qədər neft istehsalı həcminin 100 milyon tona çatdırılması planlaşdırılır. Bu isə gündəlik 1,6 milyon barel, Qazaxıstan gündəlik neftin ən azı yarısını BTC ilə nəql etsə isə bu, gündəlik 800 min barel neft deməkdir. Nəzərə alsaq ki, gələcəkdə Türkmənistanın da BTC-yə neft daşıması istisna deyil. Bu vəziyyətdə BTC-nin gündəlik ötürmə qabiliyyətinin ən azı 2 milyon barelə qədər çatdırılması mümkün ola bilər.
Nəticə:
- ♦Qazaxıstanın energetika naziri Bolat Akçulakovun fikirləri bəzi media orqanlarındatəhrif olunmuş halda verilib.
- ♦Azərbaycanın və Qazaxıstanın enerji resurslarının dünya bazarlarına BTC ilə çıxarılması Qərbə neft nəqlinin 2-2,5 dəfə artmasına səbəb olacaq.
- ♦Dünyanın enerji xəritəsini yenidən cızan Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynamaqla yanaşı, öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirəcək.