Erməni mediasında Laçının təhvil verilməsini eşidən ermənilərin şəhərdə soyğun, talan və yanğınlar törətməsi haqda məlumatlar yayılır.
Faktyoxla Lab. məlumatların doğruluğunu araşdırıb.
Son günlər Ermənistan sosial və ənənəvi mediasının gündəmi olan, Laçında müvəqqəti yaşayan erməni qadının paylaşdığı video diqqətimizi çəkdi.
Həmin qadın çəkiliş apara-apara deyir:
"Gəlmişik evimizə, hansı ki qapını bağlayıb, çıxmışdıq...Burdan türklər keçib ya ermənilər? Açarı götürüb evə daxil oldum və mənzərə...mənim erməni vətəndaşlarımın mənzərəsi... Qapılar yoxdu, pəncərələr yoxdu, qalan əşyalar yoxdu".
Bu video Ermənistanda böyük səs-küy yaradıb.
Videodan qeyzlənən, soydaşlarını sərt tənqid edənlərdən biri Vardan Qukasyan adlı blogerdi. O, youtube kanalında paylaşdığı videoda erməniləri sərt tənqid edir, onları aşağılayır, təhqir edir. Əslində bu çıxış Ermənistandan gəlib Azərbaycan torpaqlarında vəhşiliklər, talanlar törədən terrorçuların hərəkətlərinin ifşası və bundan əvvəl Kəlbəcər və Ağdamı tərk edərkən törətdikləri anoloji hərəkətlərin təsdiqidir.
Vardan Qukasyan deyir: “Sosial mediada bir görüntü yayılıb, onu gördüm şoka düşdüm. Berdzorda (ermənilərin Laçına verdikləri qondarma ad-red.) ermənilərin işğaldan sonra yaşadıqları evləri öz erməniləri talayır. Bu görüntüdə olana talan demək ən yumşaq ifadədir. Evə girib texnika, qır-qızıl, pul və s. oğurlamaq talan sayılar, amma evə girib, qapı-pəncərə, kafel, unitaz oğurlamağa nə ad qoyasan, bilmirəm? Bu talan deyil heç bir dildə bunu ifadə etmək üçün söz yoxdur. Məsələ ondadır ki, bunu edənlər türklər deyil öz ermənilərimizdir! Qulaqları Berdzoru təhvil veriləcəyini çalan kimi, hücum çəkib, talan edirlər. Heç veclərinə də deyil ki, orada hələ yaşayanlar var. Oradakılar da ermənilərdir! Bu hadisə bir daha sübut edir ki, belə it balaları aramızda çoxdur və getdikcə də çoxalır. Gələcəkdə belələri vətənpərvərlikdən, əsl ermənilikdən dəm vuracaqlar. Baxın belələri idi 30 il ölkəni idarə edənlər. Guya, torpaqları azad edib yiyə durdular. Yiyəlik etdikləri Ağdam, Kəlbəcər və s. şəhərlədir ki, talan edib xəritədən sildilər. İstəsən də, istəməsən də deməlisən: bax budur erməninin əsl siması! İndi deyəcəklər ki, bu erməni deyil, türkdür. Mən buradan Qarabağ, Sunik polisinə müraciət edirəm, bunu edənləri tapıb, cəzalandırın! Ermənistanın Daxili İşlər naziri Vahe Qazaryan, bu işi nəzarətə götürün!”
Nəticə: Ermənilər Ağdam və Kəlbəcəri tərk etmələri üçün onlara verilən vaxtdan sui-istifadə edərək boş qalan kəndlərdə talanlar, soyğunlar, yanğınlar törədirdilər. Bununla bağlı onlarla, yüzlərlə video qeydlər var. İndi Laçın şəhərini tərk etməli olduğunu öyrənən ermənilər (Ermənistandan gələnlər üstünlük təşkil edir) eyni hərəkətləri təkrarlayırlar. Bu dəfə müvəqqəti zəbt etdikləri evlərini tərk etmiş ermənilər qurban seçilib.