ADR sədri Qubad İbadoğlu Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatı tərəfindən bu günlərdə dərc edilmiş “Açıq Büdcə İndeksi-2021” hesabatında Azərbaycanın mövqeyini şübhə altına alan iddia ilə çıxış edib.
Q. İbadoğlunun iddialarına görə, "Açıq Büdcə İndeksində" Azərbaycanın qiymətləndirmə balı mövcud gerçəkliyi əks etdirmir,  ilin əvvəlində büdcə bəyanatı, ortasında icrasının xülasəsi dərc edilmir və s.  

Faktyoxla Lab. iqtisadçının bu fikirlərini araşdırıb.

Əvvəlcə qeyd edək ki, söhbət 2022-ci il may ayının 31-də “Beynəlxalq Büdcə Tərəfdaşlığı” təşkilatı tərəfindən “Açıq Büdcə İndeksi” üzrə dünya ölkələrinin 2021-ci ildəki reytinqindən gedir. Həmin sənəddə Azərbaycan 100 mümkün baldan 57 bal toplamaqla müstəqillik tarixi ərzində büdcə şəffaflığı göstəricisi ən yüksək nəticə ilə qiymətləndirilib. Respublikamız  son qiymətləndirmə sorğusunda öz nəticələrini ötənilki sorğuya nəzərən 22 bal artırıb və 120 ölkə arasında 81-ci yerdən 44-cü yerə yüksəlib.

Q.İbadoğlunun “Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatının 2021-ci il üzrə Açıq Büdcə İndeksində Azərbaycanın qiymətləndirmə balı mövcud gerçəkliyi əks etdirmir” iddiası ilə Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatı qeyri-obyektivlikdə günahlandırmaqla nüfuzlu qurumun adına xələl gətirir, təşkilatın ekspert komandasının 4 aylıq gərgin zəhmətini şübhə altına alır.

İqtisadçının “Azərbaycanda büdcə prosesində ictimai iştirakçılıq yoxdur” iddiasına aydınlıq gətirmək üçün isə həmin hesabatın ictimai iştirakçılığı ölçən meyarlara baxmaq kifayət edir. Belə ki, Açıq Büdcə Sorğusunda qiymətləndirmə zamanı nəzərdə tutulan 145 sualdan məhz 109-u büdcə məlumatlarının ictimaiyyətə açıqlığını nəzərdə tutur. 18 sual isə ictimaiyyətin büdcə prosesində iştirakını, 18-i isə parlamentin və ali audit orqanı olan Hesablama Palatasının bu sahədə rolunu dəyərləndirir. Azərbaycan isə həmin 109 sualın təxminən 80-i üzrə misbət dəyərləndirilib. İctimai iştirakçılığın qiymətləndirilməsi başqa hansı formada olmalıdır? (Mənbə)

Q. İbadoğlu iddia edir ki, Azərbaycanda ilin ortasında büdcə xülasəsi və büdcə ili başlamamışdan əvvəl büdcə bəyanatı dərc edilmir. Sitat:“Əgər Azərbaycanda ilin ortasında büdcə xülasəsi və büdcə ili başlamamışdan əvvəl hökümətin büdcə bəyanatı kimdəsə varsa  buyurub linkini burda dərc etsin”.

Buyurun, təqdim edirik:

- Maliyyə Nazirliyi büdcə layihələri Milli Məclisə təqdim edilməmişdən bir ay əvvəl – sentyabrın 8-də, yəni büdcə ili başlamamışdan qabaq öz rəsmi internet saytında “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədini açıqlayıb. Bu, həmin linklərdən biridir. “İlkin Büdcə Bəyanatı” adlanan həmin sənədlər toplusunda büdcə sənədinin bütün göstəriciləri, o cümlədən, ortamüddətli dövr üçün icmal və dövlət büdcələrinin əsas parametrləri, makroiqtisadi proqnozlar, büdcə-vergi siyasətinin əsas istiqamətləri, dövlət büdcəsinin prioritet xərcləri, habelə dövlət borcuna dair əsas məlumatlar Maliyyə Nazirliyinin rəsmi saytında yayımlanaraq ictimaiyyətə açıqlanıb. Bu isə digər link

Q.İbadoğlunun bu iddiası isə özünütəkzib nümunəsidir: “Büdcə layihəsində xərclərin, xüsusilə də investisiya və müdafiə xərclərinin təsnifatı verilmir, ilin ortasında büdcə icrasının xülasəsi dərc edilmir”.

Xatırladaq: Büdcə layihəsinin və təsdiq olunmuş büdcənin təqdimatı ilə yanaşı, büdcənin icrası ilə bağlı aylıq, rüblük və illik hesabatlar vardır ki, onlar Maliyyə Nazirliyi tərəfindən müntəzəm olaraq dərc olunur. Yaxud vətəndaşların büdcə prosesi barədə daha rahat şəkildə məlumat əldə etməsi üçün “Vətəndaşın Büdcə Bələdçisi” hər il MN tərəfindən büdcə təsdiq edildikdən dərhal sonra Nazirliyin rəsmi saytında yayımlanır. Burada da xərclərin xülasəsini görmək mümkündür. 

Nəhayət, hər il büdcənin icrasına dair hesabat sənədi, dürüstləşdirilmiş dövlət və icmal büdcələrinin layihələri və parametrləri də elektron resurslarda ictimaiyyətə təqdim olunur. İbadoğlunun hesabatda şübhə ilə yanaşdığı başqa bir epizod: “Şəkil bölməsindən göründüyü kimi, son hesabatda Azərbaycanın mövqeyi bütün bölmələr üzrə yaşıldır. Bu o deməkdir ki, Azərbaycanda olmayan sənədləri də yerli ekspertlər var kimi qiymətləndirib”.

 
Cədvəldə yaşıl fonda rənglər texniki detallardır və onun hesabatla ümumiyyətlə bağlılığı yoxdur. Sənəddə sub-indekslər - Büdcəöncəsi bəyanat, icraçı dövlət qurumunun Büdcə təklifi, büdcənin vətəndaşlar üçün açıqlığı, hesabatlar (ilin əvvəli, ortası və sonu), audit hesabatı kimi bölmələri əhatə edir. Həmin bölmələrin hər biri ilə bağlı 92 səhifəlik hesabat sənədinin müvafiq bölmələrində detallı izah edilib. Sənədin “Büdcə Şəffaflığı” bölməsində (səh 42), həmçinin, “Nəşr olunmuş əsas büdcə sənədləri” (səh 43) hissəsində müxtəlif ölkələrin büdcə açıqlığı, hesabatlılıq və şəffaflıq imkanları dəyərləndirilib və Azərbaycan həmin indekslər üzrə yaxşı islahat aparan ölkələr qrupuna aid edilib. 

Əgər rəngə baxaraq mühakimə yürüdürüksə, diqqət baxılsa görərik ki, büdcə məlumatlarının təkmilliyinə görə, ən yaxşı mövqeyə malik olan ölkələrdən Cənubi Afrika Respublikası, Sloveniya, İsveç, Cənubi Koreya, Almaniya, Xorvatiya, Avstraliya və digərlərinin də sub-indeksləri yaşıl təsvirlərlə boyanıb. Onda belə çıxır ki, Avropanın ən güclü iqtisadiyyatı olan Almaniyanın da büdcə sənədlərini də “yerli ekspertlər var kimi qiymətləndirib”? (Mənbə)

Beləliklə, Qubad İbadoğlunun Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatı tərəfindən bu günlərdə dərc edilmiş “Açıq Büdcə İndeksi-2021” hesabatında Azərbaycanın mövqeyini şübhə altına alan iddialardan

- “Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatının 2021-ci il üzrə Açıq Büdcə İndeksində Azərbaycanın qiymətləndirmə balı mövcud gerçəkliyi əks etdirmir”-iddiası siyasi manipulyasiyadır. Bu düşüncəyə görə, beynəlxalq qurum  Azərbaycan haqda yalnız tənqid yaza bilər. Nüfuzlu təşkilatın Azərbaycanı birdən-birə 81-ci pillədən 44-ə qaldırması bu şəbəkənin planlarına daxil deyil.  

- “Azərbaycanda ilin ortasında büdcə xülasəsi və büdcə ili başlamamışdan əvvəl büdcə bəyanatı dərc edilmir”-iddiası yalandır. Biz azı 2 mənbə göstərdik.

- “Büdcə layihəsində xərclərin, xüsusilə də investisiya və müdafiə xərclərinin təsnifatı verilmir, ilin ortasında büdcə icrasının xülasəsi dərc edilmir”-yalan məlumatdır. “Vətəndaşın Büdcə Bələdçisi” hər il  tərəfindən büdcə təsdiq edildikdən dərhal sonra Nazirliyin rəsmi saytında yayımlanır. Burada da xərclərin xülasəsini görmək mümkündür.

- “Azərbaycanda olmayan sənədləri də yerli ekspertlər var kimi qiymətləndirib”-iddiası isə gülməlidir. Həmin hesabatda eynilə Azərbaycanın göstəriciləri kimi yaşıl rəngdə verilən, Avropanın ən güclü iqtisadiyyatına malik olan ölkə- Almaniya üçün necə, onlarda da  “yerli ekspertlər var kimi qiymətləndirib”?