İranda Azərbaycan əlehinə fəaliyyət göstərən, sosial mediada müxtəlif ləqəblərlə yazılar yazan, təxribat törədən, terrorçu Orxan Məmmədov ("Baba Pünhan") türkiyəli jurnalist Merdan Yanardağın “Bayraktar” TB-2 PUA-sı ilə bağlı videosunu aşağılayıcı statusla paylaşıb.
Paylaşılan videoda Merdan Yanardağın söylədiyi “Selcuk Bayraktar sayın AK Partiya sədrinin (Prezident Ərdoğanı nəzərdə tutur-red.) kürəkəni. Onun Türkiyədə PUA istehsal olunan müəssisəsi hamısı yarımçıqdır. Oyuncaq təyyarə kimi düşünün, yəni bir təyyarə texnologiyası falan yoxdur, belə irəli texnologiyadan bəhs edilir, ancaq işin 70% - i onsuz da xaricidən avadanlıqların montajı ilə həll olunur, hər nə isə nəticədə bir sənayedir, bəli. Ancaq elə də yerli və milli məhsuldan danışa bilmərik, burda hər şey montajla həll olunur. Nə isə ki, burda istehsal olunan məhsullar yenə Ukraynaya satılır.”-fikirlər yer alıb.
“Bayraktar” şirkətinin yerli və xarici məhsullardan yararlanaraq istehsal etdiyi, demək olar ki, müasir müharibələrin taleyini dəyişdirən silah kimi tanınan TB-2 PUA-ları təbii olaraq, hamı tərəfindən sevgi ilə qarşılanmır. Suriya, Liviya, Qarabağ və hazırda Ukraynada nəzəri və əməliyyat baxımından önəmli müvəffəqiyyətlər əldə edən Türk PUA-ları, düşmən əsgər və hava hücumundan müdafiə sistemlərinin, maddi – texniki təminat bölüklərinin qorxulu röyasına çevrilib. Az qala Türkiyənin qürur və fəxarət mənbəyi olan və fantastik dəqiqliklə hədəfvurma bacarığı nümayiş etdirən TB-2-lər haqqında “Tele1” televiziya kanalının sahibi Merdan Yanardağın belə bir açıqlama verməsi təəccüb doğrumaya bilməz.
Faktyoxla Lab. olaraq Merdan Yanardağın kim olduğunu və dünyanın maraqla və heyranlıqla qarşıladığı “Bayrakdar” TB-2-lərini niyə bu qədər tənqid etdiyini və bu videonu niyə məhz İran xüsusi xidmət orqanlarının nüfuz agenti olan Orxan Məmmədovun paylaşdığını araşdırdıq.
Türkiyə mediasını araşdırdıqda bəlli oldu ki, Merdan Yanardağ əvvəllər PKK terror təşkilatının mətbu orqanı olan “Özgür Gündem” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.
Oradan sosialistlərin mətbu orqanı sayılan “Aydınlıq” qəzetinin baş redaktorluğuna transfer edilib, daha sonra isə özünü “Atatürkçü” kimi təqdim edən Tuncay Özkanın “Kanaltürk” televiziyasına keçib.
Hazırda isə “Tele1TV” – də baş redaktor kimi fəaliyyət göstərir. (Mənbə)
Bu jurnalistin bioqrafiyasında nə istəsəniz: "Türkiyədə pozulan insan hüquqları", "ləğv olunan" İstanbul müqaviləsi, ölkədə mövcud olan siyasi və iqtisadi "böhran", tələbələrin, qadınların və jurnalistlərin üzləşdiyi "təzyiqlər", respublikaçılıq xəttindən "uzaqlaşılması" kimi əslində mövcud olmayan halları problem kimi göstərib, onları istilədib cəmiyyətə təqdim etmək və s. kimi “xüsusi bacarıqları” var. (Mənbə).
Diqqət edək: Baş redaktoru olduğu media qurumlarında Sultan Əbdülhəmidi (sonuncu Osmanlı sultanı-red) despotizmin, imperializmin köləsi, dəyərsiz bir diktator kimi göstərməkdən çəkinməyən Yanardağ PKK-nı heç vaxt terror təşkilatı kimi qəbul etməyib, terrorçubaşı Öcalanı bütün yazılarda və xəbərlərdə qanuni bir partiyanın lideri kimi cəmiyyətə sırıyıb.
O, sonradan maraqlı gedişlər edərək baş redaktor kimi transfer olunduğu “Aydınlıq” qəzetində də sünni - ələvi qarşıdurmasının yaşandığı “Sivas hadisələri”nin baş verməyinə az qalmış təxribatçı xəbərlərim yaymaqla fitnəkar rola imza atıb. Merdan Yanardağın baş redaktoru olduğu “Aydınlıq” qəzeti o dövrdə Türkiyədə cəmiyyətin ən həssas mövzularından olan sünni - ələvi qarşıdurmasına uyğun məkanı hazırlamaq üçün əlindən gələni edir, dayanmadan vəziyyəti gərginləşdirmək məqsədi ilə sifarişli yazılar tirajlayırdı. Sonradan yenə qəribədir ki, 2007-ci ildə yaratdığı “Biz neçə nəfərik?” platforması və həyata keçirilən “Cümhuriyyət mitinqləri” ilə məşhurlaşan Tuncay Özkanın sağ əli kimi çıxış edən Yanardağ aparıcısı olduğu “5. Boyut” verilişinə PKK – nın televiziyası olan Roj TV – də Türkiyəni ağır formada ittiham edən və elə buna görə işlədiyi “Cümhuriyyət” qəzetindən qovulan Erdoğan Aydını dəvət etmiş və tamaşaçıları haqlı olaraq qəzəbləndirmişdi.
Daha sonra “daha çox pul qazanmaq” məqsədilə Tuncay Özkan ilə birlikdə “Kanaltürk” televiziyasını Fetoçu Akın İpekə satırlar. Türkiyə mediası yazır ki, Merdan Yanardağı nə qədər “Atatükçü” kimi görünsə də, özünü fetullahçılarla mübarizə aparırmış kimi göstərsə də onun əsas məqsədi təfriqə salmaq və bundan külli miqdarda qazanc əldə etməkdir.
“Aydınlıq” qəzetinə verdiyi müsahibədə maraqlı detallara toxunur: “HDP Türkiyənin qabaqcıl, işıqlı, inqilabçı və solcuların təcrübəsinə söykənən bir təşkilatlanma yox, əsasən kürd milli hərəkatının ehtiyaclarına görə formalaşan bir ideologiya partiyasıdır". (Mənbə)
Merdan Yanardağın hal-hazırda rəhbəri olduğu TELE1 televiziya kanalı ilə bağlı spekulyasiyalar da bitib tükənmək bilmir. Maraqlıdır ki, çox vaxt bu fikirləri elə onunla iş birliyi yapmış, onunla əməkdaşlıq etmiş ortaqları dilə gətirirlər. Məsələn, “Yurt” qəzetinin təsisçisi, CHP-çi, həmin partiyadan millət vəkili də seçilmiş Durdu Özbolat Yanardağın hazırda rəhbərlik etdiyi telekanalı ondan oğurladığı pullarla və Feto-çu Akın İpekin ciddi maliyyə və mənəvi dəstəyi ilə qurduğunu deyərək, sensassion faktlar açıqlamışdı.
O, “Yurt” qəzetində gedən açıqlamada isə Merdan Yanardağın baş redaktor olduğu “ABC” qəzeti ve “Barış TV” televiziyasının 15 iyul dövlət çevrilişinə cəhddən sonra bağlandığı qeyd edir, bu media quruluşlarının 17 iyun 2020 – ci il tarixində necə açıldığı ilə bağlı aidiyyatı qurumlara sual ünvanlayır.(Mənbə)
Demək olar ki, hər an Türkiyədə xaos və anarxiya axtaran, hətta 1915 – ci ildə baş verən hadisələri soyqırım kimi dəyərləndirən ABŞ prezidentinin bir açıqlamasını Ankaranın gücsüzlüyü kimi qəbul edərək sevinən, ölkənin baş prokuroru Bekir Şahinin, terroru dəstəkləyən HDP-nin bağlanması ilə əlaqəli Konstitusiya məhkəməsinə müraciət etməsindən narahat olan və bu narahatlığını qardaş ölkə iqtidarına hücum çəkən də Merdan Yanardağdı. Bundan iki il əvvəl isə televiziyasında efirə verdiyi küçə reportajı vasitəsi ilə Prezident Ərdoğanı “vətən xaini” kimi təqdim edib.
Bu məlumatlarla tanış olduqdan sonra Merdan Yanardağın İngiltərənin “Financial Times” qəzetinin “24 saata kimi havada qalan”, “əksər hava hücumundan müdafiə sistemlərinin gözündən yayınıb, təqribən 6 min metr yüksəlikdə uça bilən bir aparat” kimi mədh etdiyi, ABŞ-ın qabaqcıl xəbər kanallarından "CNN International"ın, Ukrayna müharibəsinin simvolu kimi öydüyü, “Bulgarian Military” adlı hərbi portalın ‘‘gələcəyin hərb tarixinə yön verəcək” deyə qiymətləndirdiyi, Almaniyanın "Bild" qəzetinin "Umudun Silahı Bayraktar" adlandırdığı, Ukrayna, Azərbaycan, Polşa, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və hətta Qətər kimi ölkələrə ixrac olunan, hələ neçə - neçə ölkələrin də maraq duyduğu Türk PUA - larını “oyuncaq” adlandırması bizi təəccübləndirmədi.
Bir məqama da diqqət edək. Merdan Yanardağın PKK heyranlığı ilə yanaşı eyni zamanda “İran sevdalısı” olması da faktdır. Merdan Yanardağın İran aşiqi olması Türkiyədə ictimai-siyasi prosesləri izləyənlər üçün sirr deyil. Qasım Süleymanini özünə kumir seçən jurnalist “YPG sekulyar bir təşkilatdır”-deyir, rəhbəri olduğu “Tele1” televiziya kanalı ilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Süleymaninin doğulduğu şəhərdən, yəni Kirmandan canlı yayın təşkil edir.
Onun İİR haqqında canlı yayından dediyi heyranlıq dolu sözləri İran mətbuatının gündəmini uzun müddət tutur. İran dövlətinin təbliğat ruporlarından olan “Kavoshmedia” Yanardağın dediklərini özünün rəsmi tvitter hesabında bu cür təqdim etmişdir: “Türk ekspert İranı bu cür müdafiə etdi: soylu və köklü bir ölkənin yanındasınız, cavabını gözləyin!... İran saxta bir əmirlik deyil və ölkəni bizim kimi satmadı!’’
2003-cü ildə yazdığı bir yazıda ‘‘Azərbaycan Respublikasında mövqelərini gücləndirən Amerika agenturası, burdan İrana qarşı böyük bir təxribat hazırlıqları həyata keçirir’’- deyəcək qədər saxta informasiya yayan, sırf ağalarının xoşuna gəlsin deyə Azərbaycana iftira atmaqdan belə çəkinməyən Merdan Yanardağ ortağı Prof. Dr. Emre Kongar ilə birlikdə apardığı “18 dəqiqə” verilişində Qasım Süleymaninin ölümünə sevinənlərin keçmişini axtaranda mütləq altından ya sionist ulduzu, ya xristian xaçı çıxacağını deyir və Türkiyədə bu günlərdə oynadığı demokrat və sosialist rolunu bir anda unudaraq məzhəbçi və İran heyranı pərdəsinə bürünür.
Merdan Yanardağ isə yenə öz ampluasındadır: yenə Qasım Süleymani, yenə onun ölümü və yenə haqqında ağılar deyilən bir qəhrəman. Başlıq isə eynən aşağıdaki kimidir: ‘‘Merkelə qarşı Süleymani sorğu-sualına icazə verilmədi’’. Yanardağ öz rəsmi tvitter hesabında isə daha da radikal və sərt ittihamlar irəli sürür: “Qatil ABŞ, NATO və əlbəttə alman dövlətidir…"
Yenə düşüncələrlə manipulyasiya etmək cəhdi …
Merdan Yanardağın hazırladığı həqiqətdən uzaq, spekulyasiya dolu xəbərləri və məzhəbçilik, İran heyranlığı, eyni zamanda Türk düşmənliyi və PKK tərəfkeşliyi qoxuyan tvitləri sayəsində bölgədəki Türkiyə əleyhinə fikir formalaşdırmaq istəyən iranpərəst qüvvələr bax beləcə heç yorulmadan öz fəaliyyətlərini davam etdirirlər.
Yekunda isə “Baba Punhan” ləqəbi ilə sosial mediada yazılar yazan Orxan Məmmədov haqda.
Bu şəxsi İranla maraqlanmayan, imanlı şiələr elə də tanımırlar. Uzun müddət facebookda saxta adlar, profillər arxasında gizlənən Orxan Məmmədov Azərbaycanda anadan olub. İranın Qum şəhərində dini təhsil alıb.
Azərbaycanda yaşadığı vaxtlarda İsgəndər Hüseynova məxsus "haqyolu" adlı saytda məqalələr yazıb və açıq-aşkar təfriqə, qarşıdurma və məzhəbçilik mövqe göstərib. Sonradan İrana gedərək fəaliyyətində bütün əndazələri aşıb. O, İsgəndər Hüseynovun təsis etdiyi və maliyələşdirdiyi sayt və səhifələrdə (“Nur-az” media mərkəzi) admin işləməyə davam edib. Orxan Məmmədov və Gəncə təxribatının əsas fiqurantı Tohid İbrahimbəyli bir neçə fake profil açaraq bütün günü Azərbaycana qarşı təxribat çağırışları edir və Azərbaycandakı mötədil vətəndaşları qarşıdurmaya və xaosa yönəltməyə çalışırlar. Orxan Məmmədov Gəncə hadisələri zaman da youtube-da bir neçə video qoyaraq təxribata, qarşıdurmaya kütləvi itaətsizliyə çağırış edib. Araşdırmalar zamanı Gəncədə baş verən terrorun əsas icraçısı Yunis Səfərov həbs olunmazdan və terror hadisəsini törətməzdən əvvəl çəkdiyi videoları O. Məmmədova göndərdiyi bəlli olub. O da bəllidir ki, Yunis Səfərovun həyat yoldaşının səs yazısını və video görüntüsünü ilk dəfə Orxan Məmmədov youtube kanalında yayıb.
Orxan Məmmədovun bir çox paylaşımları sosial media istifadəçiləri tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Onun Azərbaycanı İranın "Aran vilayəti" adlandırması, Azərbaycanı İranın bir bölgəsi kimi təqdim etməsi “Azərbaycan adlı dövlət əslində mövcud olmayıb” deməsi narazılıq yaradan fikirlərdəndir.
Facebookda açdığı “Baba Pünhan”, “Bermeki mütteqi” profilləri ilə uzun illərdir məzhəbçi və irqçi çağırışlar edən O. Məmmədov Qarabağ müharibəsi zamanı ermənilərə də xidmət etdiyini hamıya bəlli edib.
Onun Suriyalı muzdluların Azərbaycana göndərilməsi yazdığı hədyanı digər erməni sevdalıları Lindey Snellin, Mc Kleverin və ermənilərin əsas dezinformasiya ruporu olan infotekanın uzun müddət gündəmindən düşməyib.
Beləliklə, Merdan Yanadağın və Orxan Məmmədovun keçmişləri, fəaliyyətləri ilə tanış olandan sonra birincinin “Bayraktar” haqda işlətdiyi aşağılayıcı sözləri, “Baba Punhan”-ın aşağılayıcı paylaşımının haradan qaynaqlandığını açıq görmək mümkündür.