Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq təchizahında problemlərin yaranması üçün ilk siqnallarını verməkdədir. Artıq Avropa regionunda bir sıra qida mallarının, sənaye məhsullarının bahalaşması ilə yanaşı, təminatında sıxıntılar müşahidə edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş vəziyyəti dəyərləndirərkən bildirib ki, Ukrayna müharibəsi qlobal qida sisteminin dağılmasına səbəb ola bilər. Sitat: “Ukraynadakı müharibə artıq tədarük zəncirlərini pozur və yanacaq, ərzaq və nəqliyyat qiymətlərinin sürətlə artmasına səbəb olur. Biz “aclıq qasırğası”nın və qlobal qida sisteminin dağılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik. Qarşıda dözülməz və acınacaqlı günlərin yaşanmaması üşün dərhal müharibənin dayandırılması vacibdir. Yeganə çıxış yolu sülhdür”. (Mənbə) 

BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Maykl Faxri də həyəcan təbili çalıb. Sitat: “Ukraynadakı müharibə səbəbindən dünyanın bir çox yerində aclıq və aclıq təhlükəsi var. Ukrayna və Rusiya dünyanın beş ən böyük taxıl ixracatçılarından biridir. Münaqişənin davam etməsi bir çox ölkələrin taxıl ehtiyatlarına ciddi təsir göstərəcək, xüsusilə də, Misir, Türkiyə, Banqladeş və İran, Livan, Tunis, Yəmən, Liviya və Pakistanın buğda tədarükündə çətinlik yarana bilər”. (Mənbə)

Dünyada hər il təxminən 778 milyon ton buğda istehsal olunur, onun 640 milyon tonu yerli ehtiyacların ödənilməsinə sərf edilir. Qalan 138 milyon ton buğda isə satış üçün qlobal bazara çıxarılır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, Rusiya və Ukrayna qlobal buğda ixracının təxminən 35 faizini təmin edir. Belə ki, Rusiya və Ukrayna birlikdə il ərzində təxminən 103 milyon ton buğda istehsal edir və onun 45 milyon tonunu satır. Rusiya ildə 32 milyon ton, Ukrayna 13,2 milyon ton buğda ixrac edir. Bir sözlə, Avropa, Asiya və Afrika qitələrinin çörək səbətidir.

Həmçinin, bu iki ölkə qarğıdalının 20 faizini və günəbaxan yağının 80 faizini təmin edir. Ümumilikdə, Ukrayna və Rusiyanın qlobal ərzaq bazarında ixracı 12 faizə bərabərdir.
           

Mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)

Müharibə başlayandan Ukrayna arpa, çovdar, yulaf, darı və digər qida mallarının ixracına qadağa qoyub, fermerlər tarlaları tərk edib, Qərb isə Rusiya məhsullarına beynəlxalq qadağa tətbiq edib. FAO-nun proqnozlarına görə, müharibə səbəbindən Ukraynada kənd təsərrüfatında qeyri-müəyyənliklər yaranıb, bir çox bölgələr ağır bombardmanların altında olduğundan əkin dövriyyəsi sırdan çıxıb. Müharibədən kənar bölgələrdə isə əkin üçün toxum, maliyyə, infrastruktur və təminat problemləri var. Bu ölkədə 2022-2023-cü mövsüm üzrə yazlıq taxıl əkini sahələrinin 30 faizi əkilməmiş qalıb, 30 faizə yaxın payızlıq taxılın biçilməsi mümkün olmayacaq. Bu isə qlobal bazarda buğda təminatını ən azı 20 faiz azaldacaq. Heyvandarlıqda da ciddi təminat çətinlikləri yaranıb, bu sahəyə zootexniki nəzarət etmək çox çətindir. (Mənbə: fao.org)

Ümumdünya Ərzaq Proqramının (ÜƏP) məlumatına görə hazırki vəziyyət buğda və digər ehtiyaclarının böyük bir hissəsi Rusiya və Ukraynadan asılı olan Afrika, Yaxın Şərq və Asiyanın bir çox ölkələrinin ərzaq təminatına təsir edir. Təkcə, Afrikanın 35 ölkəsi Qara dəniz regionundan idxal edilən ərzaqdan asılı vəziyyətdədir. Eritreya, Keniya, Somali və Sudan ölkələri buğdanın demək olar ki, hamısını Rusiya və Ukraynadan alır. Yəmən ərzaq məhsullarının böyük hissəsini idxal edir və buğdanın yarısını Ukraynadan alır, Livan isə buğdanın 60 faizini Ukraynadan idxal edir və təəssüf ki, vrilən məlumatlara görə bir aylıq ehtiyatı qalıb. Misir isə buğdanın 85 faizini, günəbaxan yağının 73 faizi Rusiyadan alır. Banqladeş, İran, İordaniya, Liviya, Pakistan, Fələstin, Tunis və Türkiyə kimi digər ölkələr iki Şərqi Avropa dövlətinin buğda ixracından çox asılıdır. Artıq Efiopiyanın bir çox bölgələrində buğda çatışmazlığı başlayıb, çünki müharibə başlayandan taxıl idxalı da dayanıb. (Mənbə: ÜƏT)

 

Həmçinin, Ukrayna Aİ-nin ən böyük ticarət tərəfdaşıdır və 2019-cu ildə onun ticarətinin 40%-dən çoxunu təşkil edir. Aİ ilə Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 43,3 milyard avroya çatıb. Ukraynanın Aİ-yə ixracı 19,1 milyard avro təşkil edir. Ukraynanın əsas ixracı xammal (dəmir, polad, mədən, kənd təsərrüfatı məhsulları), kimya məhsulları və maşınlardır. İxracda qarğıdalı 9 %, 8,7 % buğda, günəbaxan yağı, 10%, şəkər tozu, dəmir filizi 10 %, metallar 8%, 7,5 % meyvə-tərəvəz təşkil edir. (Mənbə)

 
Rusiyanın illik ixracının həcmi isə 491 milyard dollar təşkil edir ki, onun da 54,3 faizini yanacaq-enerji məhsullarıdır. Həmin məhsulların 45 faizi isə Avropa Birliyi ölkələrinin təminatını həll edir. Bundan başqa, ixracda ərzaq mallarının 12 faizdən artıqdır. Yəni, Rusiya hər il dünya bazarına 62 milyard dollar həcmində ərzaq verir. Bundan başqa, yeyinti məhsulları və onların istehsalı üçün xammalın ixrac çəkisi 7,3 faizə bərabərdir ki, bu da valyuta dəyəri ilə 36 milyard dollar deməkdir. İxracın ümumi dəyərində metalların və onlardan məmulatların xüsusi çəkisi 10 faiz, kimya sənayesi məhsulları - 7 faiz, maşın və avadanlıqlar - 6,5 faiz, taxta və sellüloz-kağız məmulatlarının payı 3,5% təşkil edir. (Mənbə)


Beləliklə, müharibə, həm Ukrayna, həm də Rusiyanın qlobal bazara ərzaq, kənd təsərrüfatı üçün sənaye mallarını və yanacaq-sənaye materiallarının ixracını məhdudlaşdırdığından böyük bir coğrafiyada tədarük sistemi pozulub. Müharibə, kənd təsərrüfatı məhsullarının istehsalında vacib olan gübrə və pestisidlərin də tədarükünü qapatmaqdadır. Ukraynanın 1 aydan çoxdur ki, gübrə istehsalı müəssisləri demək olar ki, fəaliyyət göstərmir, həmçinin, gübrə üçün əsas inqrediyentlər Rusiyadan gətirilirdi. Burada da təchizat zənziri pozulub və bir çox dövlətlər aqrar məhsulların istehsalında həyatı vacib olan kimyəvi pestisidlərin əldə olunmasında ciddi problemlər yaşayacaq. (Mənbə)

Digər beynəlxalq təşkilatların da proqnozları ürəkaçan deyil. Ukraynadakı müharibənin dünyada ərzaq qiymətlərinin qalxmasına təsiri ilə yanaşı, digər qlobal risklər – iqlim kataklizmləri, sel və daşqınlar, su qıtlığı və qlobal logistika zəncirinin pozulması, enerji daşıyıcılarının, gübrələrin bahalaşması dünyada qida təchizatını çətinləşdirə bilər. Beynəlxalq Valyuta Fondu (BVF) Rusiya-Ukrayna müharibəsi başlamazadan bir ay əvvəl, yanvarın sonlarında 2022-ci ildə qlobal iqtisadiyyatın vəziyyətinə dair hesabatında qlobal səviyyədə yüksək inflyasiyanın davam edcəyini, bir çox ölkələrdə ərzaq bahalaşması dalğasının artacağını xəbərdar etmişdi. (Mənbə)


BVF-nin “World Economic Outlook” hesabatında bildirilir ki, 2021-ci ildə yüksək həddə çatmış qlobal inflyasiya göstəricisi 2022-ci ildə də davam edəcək, dünya bazarında bir çox mal və xidmətlərin qiymət artımları müşahidə olunacaq. İnflyasiya cari ildə inkişaf etmiş iqtisadiyyatları olan ölkələrdə orta hesabla 3,9 %, inkişaf etməkdə olan iqtisadiyyatlarda isə 5,9 % olmaqla yaxın perspektivdə yüksək səviyyədə qalacağı gözlənilir. Ortamüddətli inflyasiya gözləntilərinin sağlam şəkildə sabitləşdiyi və pandemiyanın təsirinin yüngülləşdiyi hallarda qiymət indekslərində yüksəlmələr azalacaq. Enerji bazarlarında tələb-təklif disbalansı şəraitində neft qiymətlərinin təqribən 12 %, təbii qaz qiymətlərinin isə təqribən 58 % artacağı gözlənilir. Eyni şəkildə, ərzaq qiymətlərinin mülayim bir sürətlə artacağı gözlənilir. (Mənbə)


Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Nqozi Okonjo-İveala isə deyib ki, müharibə ərzaq qiymətləri ilə yanaşı, aclığa çox böyük təsir göstərəcək. Ərzaq və enerji bütün dünyada yoxsul insanların alış səbətlərindəki ən böyük iki maldır. Ən çox kasıb ölkələr və yoxsul ölkələrdəki yoxsullar əziyyət çəkəcək”. (Mənbə)

Aclıqdan əziyyət çəkən insanların sayı son illərdə kəskin artıb və COVİD-19 pandemiyası bu statistikanı bir qədər artırıb. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) məlumatına görə, aclıq astanasında olan insanların sayı 2019-cu ildə 27 milyon nəfər təşkil edirdisə, 2021-ci ilin sonunda onların sayı 44 milyona yüksəlib. (Mənbə: wfp.org)


BMT-nin baş katibi Antonio Quterreşin sülh çağırışı indi, hava və su kimi bütün bəşəriyyətə lazımdır. Müharibənin bitməsi və sabitliyin bərqərar olması həm Rusiyanın, həm də Ukraynanın növbəti mövsümlərdə dünya qida bazarında təchizat zəncirini formalaşdırmasına səbəb ola bilər. Rusiya ərzaq mallarına qoyduğu ixrac qadağasını yumşaltsa, cari payız mövsümündə əvvəlki həcmdə taxıl tədarükünü saxlamaq iqtidarındadır. Ukraynada dayanıqlı sabitliyin təmin edilməsi də bu ölkənin əvvəlki aqrar-sənaye komplekslərinin bərpası və hərəkətliliyi üçün vacib şərtdir. Çünki, bu ölkənin əkin tarlalarının böyük bir hissəsi münaqişə zonalarından kənarda olduğundan təsərrüfatları daha tez bərpa etmək mümkündür.