“Global Firepower” beynəlxalq nəşrinin 2021-ci il hərbi güc reytinqinə görə, ordumuz dünya reytinqində 63-cü yerdə qərarlaşıb. Gürcüstan dünyanın 92-ci, Ermənistan isə 100-cü ordusudur. Reytinqin ilk beşliyinə ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiya daxildir. Türkiyə reytinqdə 11-ci pillədə qərarlaşıb. (Mənbə)
Azərbaycan bir çox baxımdan Cənubi Qafqazda lider ölkədir, buna şübhə yoxdur. Ancaq göstərilən reytinqdəki sıralamaya baxınca, nəticə şübhə doğurur. İlk şübhə Ermənistan ordusunun - 2020-ci ilin sentyabrında müharibəyə girən və həmin müharibədən darmadağın olaraq çıxan bir ordunun qərarlaşdığı mövqe ilə bağlıdır. 100-cü yer Ermənistan Ordusunun gücü üçün nə qədər real rəqəmdir? Hələ Azərbaycan 62-ci yerdədirsə, Ermənistan Ordusu üçün 100-cü yer, ümumiyyətlə absurd görünür və çoxsaylı suallar yaradır. Həmin suallar da ilk növbədə reytinqin nəticələrini şübhə altına salır.
Faktyoxla Lab. bu göstəricilərin hansı əsaslarla formalaşdığını araşdırıb.
Hərbi ekspert Ədalət Verdiyev Azərbaycanla Ermənistan arasındakı fərqin daha böyük olduğunu deyir: “Hələ müharibədən əvvəl reytinqlərdə ordumuz Ermənistan ordusundan daha üstün mövqe tuturdu. Hazırda isə bu fərq olduqca böyükdür. Necə ola bilər ki, Ermənistan ordusu müharibədən əvvəl, yəni 2020-ci ildə 112-ci yerdə olduğu halda, darmadağın olaraq çıxdığı müharibədən sonra irəliləyərək 100-cü yerə qədər yüksəlsin. Bu, absurddur”.
Reytinqlərdəki rəqəmlərin necə ortaya çıxdığına gəlincə, Ə.Verdiyev deyir ki, nəzərə alınanlara baxanda da bu yer reallığı əks etdirmir: “Orduların illik hərbi büdcəsi, xidmət edən personalın sayı, hərbi hava qüvvələrinin - təyyarə, pilotsuz uçuş aparatları, helikopterlər və qırıcı təyyarələr, həmçinin tankların, hərbi donanmanın göstəriciləri analiz edilir”.
Hazırda Ermənistanla Azərbaycan orduları arasında potensial fərqinin 3 dəfədən çox olduğunu iddia edən hərbi ekspertin fikrincə, bəzi kriteriyalara görə bu fərq 5 dəfəyə yaxınlaşır: “Məsələn, aviasiya sayına görə Azərbaycanın Ermənistan üzərində 3-4 dəfə artıq üstünlüyü var. Ermənistanın dəniz qüvvələri, ümumiyyətlə mövcud deyil, Azərbaycanın inkişaf etmiş hərbi donanması var. Ermənistanın dövlət sərhəd xidmətinin yalnız adı var, sərhədlərini qorumaq üçün polis qüvvələrindən istifadə etmək məcburiyyətində qalıb. Azərbaycanın sərhəd xidməti isə potensialına görə, təxminən ordu ilə eyni səviyyədə dayanır. Ermənistan Ordusu şəxsi heyət sayının 60 faizə qədərini müharibədə itirib. Azərbaycan isə müharibəyə qədər olan şəxsi heyət sayını daha da artırıb. Əlavə quru qoşunları yaradılıb, yeni ordu birliyi, komando hərbi hissələri təşkil olunub”.
Rəqəmlər və mövqelər təhrif olunub?
Reytinqdə, sadəcə Ermənistanın deyil, Türkiyənin mövqeyini göstərən rəqəmlərlə də oynanılıb: “Ötən il 13-cü yerdə qərarlaşan Türkiyə Ordusu bu il 11-ci yerə yüksəlib. Türkiyənin reytinqinin də daha yüksək ola biləcəyini düşünürəm. Bu ölkə hərbi potensialına – pilotsuz uçan vasitələr, yerli hava hücumundan müdafiə sistemi, o cümlədən idarəolunan çox sayda raket sistemlərinə görə 7-8-ci yerlərdə olmalıydı. Sırf PUA potensialına görə isə Türkiyə hazırda dünyanın ilk ən güclü 3 ordusundan biridir”.
Ə.Verdiyevin fikrincə, faktlar göstərir ki, reytinqlərin tərtib olunmasında kifayət qədər yanlışlıqlara yol verilir: “Beynəlxalq təşkilatların reytinq tərtib edərkən, sadəcə orduyla bağlı deyil, həm də başqa kriteriyaları nəzərə aldığını düşünürəm. Belə olmasaydı, darmadağın olunan və nəzarəti altındakı 10 min kvadrat kilometr ərazini itirən bir ordunun reytinqlərdə 12 pillə irəliləməsi mümkün olmazdı. Bu nə sağlam məntiqə, nə də reallığa uyğundur”.
Nəticə: Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə və bu qələbənin bizə verdiyi nailiyyətlər görməzdən gəlinir. Reytinq hesalanarkən məqsədli şəkildə rəqəmlər və mövqelər təhrif olunub.