"25 il iş stajından sonra müəllimlər əməkhaqqının 100 faiz miqdarında təqaüdə çıxmalıdırlar. Bu, həm gənclərin işlə təmin olunma imkanlarını artıracaq, həm də təhsilin inkişafına müsbət təsir göstərəcək”. Bu açıqlama ilə azərbaycanlı təhsil eksperti Kamran Əsədov çıxış edib. O bildirib ki, hazırda Azərbaycanda 50 mindən çox gənc əlində diplom olsa da, müsabiqə şərtlərini ödəsələr də, lazımi sayda vakant yer olmadığı üçün işləyə bilmirlər. Ekspert əlavə edib ki, yaşlı müəllimləri saxladıqca, buraxılış və qəbul imtahanlarının nəticələri də ürəkaçan olmur.
Kamran Əsədov
Azərbaycanda əmək pensiyası təyinatı “Əmək pensiyaları haqqında” Qanuna əsasən tənzimlənir. Sözügedən qanunda bir sıra kateqoriyadan olan şəxslər üçün güzəşt və imtiazylar nəzərədə tutulub. Bura dövlət qulluqçuları, hüquq-mühafizə orqanı işçiləri, deputatalar və digərləri daxildir.
Məsələn, Azərbaycan Respublikası Milli Məclisinin deputatları olmuş şəxslər maaşının 80 faizi həcmində pensiya ilə təmin olunur. Bununla bağlı qanunvericilik aktında qeyd edilir ki, deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış sabiq deputat Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının orta aylıq əməkhaqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əməkhaqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir.
Başqa sözlə desək vaxtilə deputat olmuş şəxs pensiyaya çıxdığı vaxt deputatların maaşı məsələn, 3 min manat olsa, həmin keçmiş deputat da 2400 manat aylıq pensiya alacaq.
Bundan başqa stajından asılı olaraq sabiq məhkəmə hakimlərinə dövlət məvacibinin 50-55-80 faizi qədərində pensiya müəyyən edilir. Oxşar qayda prokurorluq orqanları işçiləri üçün də keçərlidir.
Azərbaycanda dövlət qulluqçularının pensiyası da dövlət məvacibinin 80 faizindən çox olmamaq şərtilə təyin edilir. Bundan başqa faiz həddi staja əsasən müyyən olunur. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 6-cı maddəsinə (Pensiyanın miqdarı) əsasən
- dövlət qulluğu vəzifəsində azı 5 il qulluq stajı olan şəxsə onun dövlət məvacibinin 45 faizi miqdarında;
- dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 2 faizi miqdarında əlavə olunmaqla;
- dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla
pensiya təyin edilir.
Həmçinin hərbi qulluqçular, ədliyyə orqanları işçiləri, hesablama palatasının üzvləri, miqrasiya orqanları işçiləri, fövqəladə hallar orqanlarında xidmət keçən şəxslər də bu güzəşt və imtiyazlardan yararlanırlar, onların da pensiyaları stajdan asılı olaraq müxtəlif faiz hədləri ilə müəyən edilir. Ən yuxarı hədd isə 80 faiz götürülüb.
Digər kateqoriyadan olan, o cümlədən müəllimlərə əmək pensiyası təyinatı fərqlidir.
“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bununla bağlı qayda aşağıdakı cədvəldə verilib.
(Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi)
Yeri gəlmişkən, “Əmək pensiyaları haqqında” Qanunun 6-1 maddəsinə əsasən Azərbaycanda əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunub.
Onu da qeyd edək ki, 2019-cu ilin əvvəlindən etibarən pensiyaların pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində elektron qaydada təyin edilməsinə başlanılıb. Pensiya şəxsə təyin olunandan sonra ona bu, həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilir. Bu sistem üzrə pensiya təyinatı pensiya hüququ yaranacaq şəxslərdən 70 faizini əhatə edir.
Elektron pensiya təyinatı hələ ki mümkün olmayan şəxslər isə 30 faiz təşkil edir. Bura güzəştli şərtlərlə əmək pensiyasına hüquq qazananlar (“Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi), həmçinin dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s. (“Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsindəki qruplar) daxildir.
Qeyd edilənlərdən bu nəticəyə gəlmək olur ki, hazırda Azərbaycanda məvacibin 100 faizi həddində pensiya təyin edilimir. Pensiya hüququ yaranan şəxslərdən yalnız 30 faizi güzəşt və imtiyazlardan yararlanır. Qalanı isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının müvafiq maddələri əsasında hesablanır.
Sadalananlara əsaslanaraq belə qənaətə gəlirik ki, bu qrupun içərisindən ayrıca müəllimlərə (Azərbaycan təhsil sistemində 150 min müəllim fəaliyyət göstərir) əməkhaqqının 100 faiz miqdarında pensiya təyin edilməsi təklifi reallığı əks etdirmir.