"Toqquşma riski olmadan demarkasiya işləri aparmaq üçün Rusiya sərhəd postlarının Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsi məsələsini nəzərdən keçirməkdə fayda var". Bu fikri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. O, həmçinin sərhəd boyunca Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) monitorinq missiyasının yerləşdirilməsini təklif edib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 2025-ci ilə qədər dövrü əhatə edən Strategiyasında (maddə - 5.3) təşkilata üzv ölkələrin transmilli çağırış və təhdidlərə qarşı kollektiv maraqlarının təmini, dövlət sərhədlərinin mühafizəsi nəzərdə tutulur.
İndiki vəziyyətdə KTMT məkanının kollektiv təhlükəsizliyinə transmilli çağırışlar və təhdidlərdən söhbət getmir.
Təsadfüi deyil ki, KTMT -nin baş katibi Stanislav Zas bundan əvvəl jurnalistlərə verdiyi açıqlamada məsələyə belə münasibət bildirib: "Başa düşmək lazımdır ki, KTMT potensialı yalnız üzv ölkələrdən birinə aqressiya, hücum zamanı işə salınır. Burada isə mahiyyət etibarı ilə sərhəd insidenti ilə rastlaşırıq. Allaha şükür, orada qurban, atışma yoxdur. Bu, sərhəd insidentidir və onu həll etmək lazımdır, biz isə bunun sülh yolu ilə həll olunmasını istəyirik".
Rusiyalı politoloq, postsovet məkanı üzrə mütəxəssis Arkadi Dubnov da bildirib ki, Paşinyanın təşəbbüsü o qədər də perspektivli deyil. Dubnov əmindir ki, Ermənistan-Azərbaycan sərhədində müşahidəçilər yerləşdirmək ideyası KTMT-də konsensus tapmayacaq və Rusiya sərhədçilərinin bütün sərhəd boyunca yerləşdirilməsi Bakının narazlığına səbəb olacaq. Dubnovun sözlərinə görə, Nikol Paşinyan KTMT mövzusuna toxunmaqla 2018 -ci ildə hakimiyyətə təzə gəldiyi dövrdəki kimi davaranır. Ekspert hesab edir ki, bu vəziyyət İrəvana heç bir fayda vermədi, düzdür vəziyyətdən çıxdılar, amma həm KTMT, həm də Ermənistanın imicinə açıq şəkildə ziyan vuruldu. “Nikol Paşinyan səhvini təkrar etdiyini anlayıb-anlamadığını bilmirəm, amma indiki çıxışları oxşar nəticələrə gətirib çıxara bilər” deyə ekspert sözlərinə əlavə edib.
Stanislav Zas: "Başa düşmək lazımdır ki, KTMT potensialı yalnız üzv ölkələrdən birinə hücum zamanı işə salınır”
Qeyd etmək lazımdır ki, KTMT məsələsi Ermənistanla Rusiya arasındakı danışıqların gündəmində yoxdur. Söhbət yalnız Rusiya sərhədçilərindən gedir. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, Paşinyanın Ermənistan-Azərbaycan sərhədi boyunca rus sərhədçilərinin yerləşdirilməsi təklifi ilə bağlı işlər aparılır.
Hərbi ekspert Azad İsazadənin sözlərinə görə, erməni tərəfi Azərbaycan hərbçilərinin bir neçə kilometr Ermənistan ərazisinə irəlilədiklərini iddia edir. Amma məsələ ondadır ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədi razılaşdırılmayıb. Azərbaycanın Ermənistan sərhədini pozduğuna və ərazisini işğal etdiyinə dair heç bir dəlil yoxdur.
Azad İsazadə bildirir ki, indiki vəziyyətdə söhbət yaınız sərhəd mübahisələrindən gedir və buna görə də KTMT müdaxilə etməkdən çəkinir. Ekspert misal olaraq təşkilatın iki üzvü - Tacikistan və Qırğızıstan sərhədində baş verən münaqişəyə və KTMT -nin bu qarşıdurmaya müdaxilə etməməsinə diqqət çəkdi: “Tərəflər arasında sərhəd mübahisəsi gərginləşdi. Lakin KTMT hərbi müdaxilədən çəkindi, hakim rolunda çıxış etmədi və gərginliyi aradan qaldırmaq üçün diplomatik yollara üstünlük verildi”.
Ermənistanla Azərbaycan arasında sərhədin dəqiqləşdirilmədiyini İrəvanda da qəbul edirlər. "Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin müəyyən edilməsi prosesi hazırda hüquqi baxımdan aydın deyil, çünki iki ölkə arasında rəsmi demarkasiya və sərhədlərin delimitasiyası aparılmayıb". Bu fikri Ermənistan prezidenti Armen Sarkisyan ölkə ombudsmanı ilə görüşü zamanı deyib.
Xatırladaq ki, 2020 -ci ilin iyulunda dövlət sərhədinin Tovuz istiqamətində yaranan gərginliklə bağlı Ermənistan KTMT -yə müraciət etmişdi. Daha sonra Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ilə KTMT baş katibi Stanislav Zas arasında telefon danışığı olmuşdu. Bundan sonra iyulun 13 -də KTMT Daimi Şurasının təcili iclası keçirilməli idi. Lakin bu iclas baş tutmadı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının daimi şurasının Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar təcili iclası məsləhətləşmələr üçün təxirə salındı. Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zeynəddinov Ria Novosti agentliyinə açıqlamasında bildirmişdi.
İclasın baş tutmaması ilə bağlı vəziyyəti təhlil edən rusiyalı hərbi-siyasi ekspert Pavel Felqenhauer KTMT-də heç bir ölkənin bu münaqişəyə müdaxilə etməyəcəyini bildirmişdi: "Qazaxıstan, Qırğızıstan, Belarus Azərbaycana qarşı ordu göndərəcək? Heç vaxt! Heç bir halda belə ola bilməz. Rusiyaya gəldikdə, bəli, Rusiya bölgədədir. Ermənistanda rus qoşunları var. Bununla belə münaqişəyə müdaxilə etmək Rusiyanın maraqları çərçivəsində deyil”.
Ekspert bildirib ki, KTMT -nin təcili toplantısının çağırılması, sonra qeyri -müəyyən müddətə təxirə salınması buna sübutdur. “Heç kim nə Rusiyanı, nə də KTMT-nin digər üzvlərini Azərbaycana qarşı mübarizəyə məcbur edə bilməz. Fikrimcə, KTMT -nin təcili iclasının təxirə salınması qərarı Moskvada verildi. Bu onu göstərir ki, Ermənistan hazırda təcrid vəziyyətindədir. Hərbiləşdirilmiş KTMT -nin bu münaqişəyə girməsi təşkilata üzv dövlətlərin maraqlarına uyğun gəlmir” deyə ekspert sözlərinə əlavə edib.
Sadalananalara əsasən bu qənaətə gəlirik ki, Paşinyanın açıqlamalarının real əsası yoxdur.