“10 noyabrda Azərbaycanın fiziki şəkildə işğalı həyata keçirilib”. Bu iddia ilə azərbaycanlı siyasətçi Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bumeranqmedia youtube kanalında çıxış edib. VİP sədri deyib ki, həmin gün Azərbaycan ərazilərinə başqa dövlətin qoşunları soxulub.
Öncə qeyd edək ki, VİP sədri İkinci Qarabağ Müharibəsinin nəticəsi olaraq üçtərəfli bəyanatın imzalanmasını və bu sənədə əsasən Rusiya sülhməramlı kontingentinin Qarabağda müəyyən olunmuş ərazilərə yerləşdirilməsini nəzərdə tutur.
İddia ilə bağlı dəqiqləşdirmələrə keçməzdən əvvəl “işğal” anlayışına nəzər salaq.
İşğal (latınca occupatio - tutmaq, zəbt etmək) ümumi mənada silahlı qüvvələrin köməyi ilə özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsidir. Bundan başqa beynəlxalq hüquq normalarına əsasən hərbi işğal həm də bir ölkənin silahla zor gücünə digər bir ölkənin ərazisini zəbt edərək, idarəetmə funksiyasının mənimsənilməsi deməkdir. Cenevrə Konvensiyasına əsasən işğalçı tərəf insan haqlarına hörmət etməli, deportasiya və kütləvi qırğınlara yol verməməlidir. Şəxsi mülklərin, dini icma, mədəni-maarif, elmi və humanitar müəssisələrin toxunulmazlığını təmin etməlidir. Məsələn, Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları işğal edərkən bu tələblərə məhəl qoymayıb. İşğal olunan rayonların əhalisi kütləvi qırğınlara və deportasiyaya məruz qoyulub, onlara məxsus mülklər, dini icma, mədəni-maarif, elmi və humanitar müəssisələr tamamilə dağıdlıb, qarət edilib.
Nəticədə 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb. 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub, iki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyekti dağıdılıb.
2020-ci il 10 noyabr tarixli bəyanata və bu sənədə əsasən Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsinə gəlincə, öncə qeyd edək ki, bu sənəd Ermənistanın İkinci Qarabağ Müharibəsində ağır məğlubiyyətə uğramasının nəticəsi olaraq meydana çıxıb. Bir qədər də konkret desək, Ermənistan ordusu Qarabağda işğal etdiyi ərazilərin böyük hissəsini itirdikdən sonra bu sənədi imzalamaq məcburiyyətində qalıb. Xatırladaq ki, Azərbaycan tərəfi müharibə gedən günlərdə Ermənistana işğal etdiyi ərazilərdən çıxmaq və bununla bağlı konkret qrafik vermək öhdəliyi qarşılığında atəşkəs təklifi edib. Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin də Ermənistana belə bir təklif olunduğunu təsdiqləyib.
Amma Ermənistan rəhbərliyi bu şərtlərlə razılaşmayıb. Nətəcədə ağır məğlubiyyətə düçar olub, müqavimət göstərmək imkanı tam tükənib və Rusiya rəhbərliyi vasitəsilə sənədl imzalamaq istəyini bildirib. Qeyd edək ki, bu, Azərbaycan rəhbərliyi tərəfindən təslimçilik aktı kimi qiymətləndirilib. Hətta əksər erməni siyasətçilər də Ermənistanın üzləşdiyi durumu kapitulyasiya ilə eyniləşdiriblər.
General Arşavir Qaramyan: “Artsax artıq Ermənistan deyil”
Yeri gəlmişkən, Ermənistanın çox ağır durumda qalaraq bu sənədə imza atdığı Rusiya rəhbərliyi tərəfindən də açıqlanıb. Belə ki, Rusiya prezidenti Vladimir Putin “Rossiya1” telekanalına müsahibəsində noyabr bəyanatının qəbul edilməsi ilə bağlı bəzi təfərrüatları açıqlayarkən Ermənistanın çox şətin duruma düşdüyünü bildirib: “Sadəcə, hərbi əməliyyatlar zonasında elə vəziyyət yaranmışdı, açığını deyək, Ermənistan elə bir həddə gəlib çatmışdı ki, qərar qəbul etmək lazım idi”. Putin həmçinin qeyd edib ki, Ermənistanın Qarabağ üzrə əldə edilmiş razılaşmadan imtinası ölkə üçün intihar olardı.
Yəni göründüyü kimi, Azərbaycan tərəfi bu razılaşmanı imzalamağa məcbur edilməyib, əksinə Ermənistan imzalamaq məcburiyyətində qalıb. Bu isə onu deməyə əsas verir ki, sonrakı proseslərdə Azərbaycanın mövqeyi, razılığı nəzərə alınıb.
Bu mənada Ermənistan rəhbərliyinin məğlubiyyəti etiraf edib üçtərəfli bəyanatı imzalamasının ardınca Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsini işğalla eyniləşdirmək heç bir prizmadan düzgün deyil. Birincisi, Rusiya sülhməramlıları Qarabağ ərazisinə hücumla deyil, Azərbaycanın razılığı əsasında yerləşib. İkincisi, kontingentin, hərbi texnikanın sayı (1960 hərbçi, 90 zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnika – red) əvvəlcədən müəyyən olunub. Üçüncüsü və ən əsası sənəddə sülhməramlı missiyanın Qarabağda qalma müddəti (5 il) təyin edilib. Bu məqamlar bəyanatın 3-cü və 4-cü bəndlərində əksini tapıb.
Burada daha iki məqamı diqqətdən qaçırmaq olmaz: birincisi, Azərbaycan tərəfinin tələbi ilə bəyanata atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılması (bəyanatın 5-ci bəndi) məsələsi salınıb. Bu bəndə əsasən 2021-ci ilin yanvar ayında Ağdam rayonunun ərazisində Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə hər tərəfdən 60 nəfər olmaqla Türkiyə və Rusiya hərbçiləri xidmət göstərir. İkincisi Qarabağa yerləşdirilən Rusiya hərbçiləri hansısa bazadan qeyri-ixtiyari seçilməyib, bu kontingent məhz Rusiya Silahlı Qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasına daxildir. Bu briqada isə Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə qrupdur.
Yeri gəlmişkən, sülhməramlı missiyalar münaqişələrdən sonra sülhün bərqərar edilməsi, təhlükəsizliyin təmin olunması məqədilə 1948-ci ildən bəri təşkil edilir. İndiyə qədər 70-dən çox belə missiya reallaşdırılıb. Hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-d’İvuar və digər münaqişə bölgələrində sülh missiyası yerinə yetirirlər. Ümumilikdə BMT mandatlı 13, BMT mandatı olmayan 7 sülhməramlı missiya mövcuddur. Bu arada qeyd edək ki, BMT sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün müəyyənləşdirilən hüquqi baza və onların həyata keçirdiyi sülhməramlı əməliyyatlar beynəlxalq hüquqa əsaslanır. Yəni, bu o deməkdir ki, Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlı missiyası da fəaliyyətində beynəlxalq hüququn prinsiplərini əsas götürür.
Sülhmərmalı missiyalarla bağlı əsas prinsiplər bunlardır:
- Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir;
- Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;
- Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;
- Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir;
- Keçid dövrünün çətinliklərinin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına dəstək göstərilir.
Bu mənada Qarabağa sülhmərmalı kontingentin yerləşdirilməsi də üçtərəfli bəyanatın icrasına dəstək məqsədi daşıyır.
Sadalananlar əsasında bu qənaətə gəlirik ki, VİP sədrinin “10 noyabrda Azərbaycanın fiziki şəkildə işğalı həyata keçirilib, Azərbaycan ərazilərinə başqa dövlətin qoşunları soxulub” fikri yanlışdır.