Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüar və foto vuranlara xəbərdaqlıq edib. Xəbərdarlıqda deyilir ki, son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları, yaxud fotolar vurma halları müşahidə olunur ki, bu da bəzən etik normalara zidd olmaqla bərabər yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir. BDYPİ-dən verilən açıqlamada əlavə olunub ki, bu cür yazılar və fotolar çıxarılmalıdır, əks təqdirdə həmin nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcək.
Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıqda nəqliyyat vasitələrinin arxa şüşələrinə foto vurulmasını və şüar yazılmasını
estetik görünüşə xələl gətirən
insanlar arasında pis fikirlər formalaşdıran
hərəkətdə olan avtomobil sürücülərinin fikrini yayındıran
amillər kimi qiymətləndirib.
Qanunverici aktlara gəlincə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavənin VII (Konstruksiyanın digər ünsürləri) bölməsinin 3-cü bəndinə əsasən
sürücünün görünüş dairəsini məhdudlaşdıran
şüşənin şəffaflığını korlayan
yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi
nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısına daxildir.
Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) 342.2.4-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə - yüz əlli manat məbləğində cərimə nəzərdə tutulub.
“Reklam haqqında” Qanunun 25-ci maddəsinin (Nəqliyyat vasitələrində reklam) 25.1 -ci bəndinə əsasən nəqliyyat vasitələrində reklam mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı, yaxud reklam agenti arasında bağlanan müqavilə əsasında nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilə bilər. Bundan başqa nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının razılığı olmalıdır. Və ən əsası nəqliyyat vasitəsinin üzərində reklam onun yalnız yan hissələrində yerləşdirilməli, yol hərəkətinin iştirakçıları üçün təhlükə yaratmamalıdır. Qanunun 25.3-cü hissəsində isə qeyd edilir ki, nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalar əsasında yerləşdirilir.
Göründüyü kimi, sadalanan qanunvercilik aktlarına əsasən sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan vasitələrdən (pərdə və plyonka nəzərdə tutulur - red) istifadə qadağandır. Amma sözügedən sənədlərdə konkret olaraq avtomobilin arxa şüşəsinə foto və şüar vurulmasına görə cəza nəzərdə tutulmayıb.
Bu mənada avtomobilin arxa şüşəsinə foto vurulması və şüar yazılması yalnız “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavənin VII (Konstruksiyanın digər ünsürləri) bölməsinin 3-cü bəndinə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdıran vasitə kimi xarakterizə edilə bilər.
Məhz bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsidə avtomobilin arxa şüşəsinə foto və şüar vurulmasını estetik görünüşə xələl gətirən, insanlar arasında pis fikirlər formalaşdıran, hərəkətdə olan avtomobil sürücülərinin fikrinin yayındıran elemntlər kimi təqdim edib.
Yeri gəlmişkən, bu ilin iyul ayının 16-da Bakıda avtomobilin arxa şüşəsinə yazı yazdıran sürücü saxlanılıb. Həmin avtomobilin götüntüləri “Facebook”-da yayılandan sonra Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, araşdırma nəticəsində 90-PY-043 qeydiyyat nişanlı “Khazar” markalı avtomobilin sürücüsü Əlizadə İlahi Qəhrəman oğlu saxlanılıb və onun avtomobilinə baxış keçirilib.
Məlum olub ki, sürücü avtomobilin asqı sisteminə ciddi dəyişiklik edərək arxasını aşağı salıb, eyni zamanda sürücünün görünüş dairəsinə düşən şüşələrə plyonka çəkib. Həmçinin adı çəkilən sürücü polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.3, 342.2.4 və 535-ci maddələri ilə protokol tərtib edilərək barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib. Binəqədi rayon Məhkəməsinin qərarı ilə sürücü 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Göründüyü kimi, yol polisi sürücünü şüşəsinə yazı yazdırdığna görə saxlasa da o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə həbs edilib. Yeri gəlmişkən, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir. Bu tədbir kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Sadalananlara əsasən bu qənaətə gəlib ki, Baş Dövlət Yol Polisi İdarəsinin atomobilin arxa şüşəsinə foto və şüar vuranlarla bağlı müvafiq tədbirlər görüləcəyinə dair xəbərdarlığı əsasən doğrudur.