Rus bloqer Sergey Vasilyev öz dostu ilə  Azərbaycanın Qarabağ bölgəsinə gəlib və burada çəkilişlər aparıb. Əvvəlcə Ermənistana gələn bloqer və dostu buradan  Laçın dəhlizi vasitəsilə Qarabağa  keçib. Videonun youtube-a 24 iyun 2021-ci ildə yerləşdirilməsi  rus bloqerin Qarabağa  az əvvəl gəldiyini deməyə əsas verir.  Bloqer qeyd edib ki,  rus sülhməramlıların olduğu ilk yoxlanış məntəqəsindən maneəsiz keçiblər. İkninci buraxılış məntəqəsində sülhməramlılar onlara Qarabağa xaricilərin  buraxılmadığını desələr də, sonradan fikirlərini dəyişərək  onların  Xankəndi şəhərinə getməsinə şərait yaradıblar.

Əvvəlcə qeyd edək ki, Laçın dəhlizi (Şərqi Zəngəzur)  boyunca, həmçinin Xankəndi tərəflərdə çəkiliş aparan bloqer sadəcə səyahət videosu  hazırlamayıb.  Arada “Böyük Ermənistan” tarixinə də  ekskurs edib və Qarabağın 4-cü əsrdə  “Böyük Ermənistan”a daxil olduğunu  iddia edib, həm də sadəcə eşitdiklərinə əsasən.  Təbii ki,  bu  məqam  rus  bloqerin  video hazırlayarkən  sadəcə səyahətə gəlmədiyini,  eyni zamanda   ermənilərin diqqətini cəlb etmək niyətində olduğunu göstərir.  Onun  ermənipərəst bloqer Semyon Peqov kimi  bank hesabını paylaşması da  bu fikri qüvvətləndirir.  

 

Bloqerin Azərbaycan əleyhinə süjet hazırlamaq niyyəti ilə Qarabağa buraxıldığını da istisna etmək olmaz. Çünki çəkilişdən belə aydın olur ki, bloqer və dostuna Qarabağ ərazisində sərbəst hərəkət üçün şərait yaradılıb. Bununla bağlı rusiyalı sülhməramlılara xüsusi tapşırıq verilib-verilmədiyini birmənalı şəkildə demək çətindir. Amma  onların bloqeri, bir qədər də konkret desəlk xarici vətəndaşı Azərbaycan ərazisinə buraxmaq səlahiyyətinin olmadığı birmənalıdır. 

Məsələ burasındadır ki, İkinci Qarabağ Müharibəsinin nəticəsi olaraq  Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixdə imazladığı üçtərəfli bəyanatda Rusiya  sülhməramlı kontingentinin vəzifə və səlahiyyətləri konkret olaraq əksini tapıb.   Bu sənədə  əsasən  Laçın dəhlizi boyunca və Qarabağda bir sıra ərazilərə yerləşdirilən sülhməramlılara Azərbaycanın  Qarabağ bölgəsinə  xarici vətəndaş buraxmaq səlahiyyəti verilməyib.   Üsətlik bəyanatın 6-cı bəndinə əsasən  Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə,  təhlükəsizliyinə məhz Azərbaycan tərəfi zəmanət verir.

Qeyd edək ki,  Laçın dəhlizi  Qarabağda yaşayan ermənilər üçün humanitar koridor rolunu oynayır.  Yəni, söhbət  məhz Qarabağda yaşayan ermənilərin bu dəhlizdən istifadəsindən, onların təminatı üçün yüklərin daşınmasından gedir.  

Xatırladaq ki,  bu, sülhməramlıların yol verdiyi ilk özbaşınalıq deyil. Bundan əvvəl onlar Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyanın,  həmçinin fransalı deputatların Laçın dəhlizi vasitəsilə  Xankədinə girişinə şərait  yaradıblar. Həmin vaxt sülhmərmalıların bu addımı Azərbaycan tərəfinin kəskin etirazına səbəb olub.  Azərbaycan Prezidenti İlham Əliyev  2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə  bu məsələyə toxunub“Biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz.  Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

İlham Əliyev  26 fevral 2021-ci il tarixdə  yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu məsələyə bir daha qayıdıb, bildirib ki,  rusiyalı sülhməramlılar tərəfindən əcnəbilərin gizlicə  Qarabağa buraxılması ilə bağlı anlaşılmaz hərəkətlər bizi heyrətləndirir: “Biz Rusiya tərəfi ilə razılığa gəlmişik ki, əcnəbilər oraya yalnız bizim icazəmizlə daxil ola bilərlər. Lakin razılaşma pozulur”. Azərbaycan Prezidenti qeyd edib ki, Azərbaycan praktiki olaraq kimin oraya gəlməsini və kimin oradan getməsini adbaad bilir.

Göründüyü kimi Azərbaycan tərəfinin tələbi konkret və aydındır:  İcazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz.  Yəni, bu o deməkdir ki,   Laçın dəhlizinə müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarət etməsi  Azərbaycanın suveren huquqlarının pozulması ilə nəticələnə  bilməz.  Azərbaycanın dünya tərəfindən tanınan sərhədlərindən daxil olan şəxslər barədə Azərbaycanın məlumatı olmalıdır.  Yeri gəlmişkən, Azərbaycanın Respublikasının Dövlət Sərhədi Haqqında Qanununun  12-ci maddəsinə (Şəxslərin, nəqliyyat vasitələrinin və digər əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılması) əsasən Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək üçün etibarlı sənədlərə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda dövlət sərhədindən buraxılmaya  bilərlər. 

Bundan başqa   “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının qanununun 12-ci maddəsinə əsasən  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər  Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərtilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. 

 Azərbaycanla Ermənistanda arasında  diplomatik münasibətlər və başqa müstəvilərdə əlaqə qurulmadığından sərhəddə bu prosedurları icra etmək mümkün deyil. Amma bu amil humanitar məqsədlər üçün açıq saxlanılan  Laçln dəhlizindən xarici vətəndaşların  keçməsinə şərait yaratmağa əsas vermir.

Yeri gəlmişkən,  Qarabağa qanunsuz səfər edən şəxslərin  adları  Azərbaycan Xarici İşlər Nazirliyinin  “ölkəyə girişi qadağan olunan xarici vətəndaşlar siyahısı”na salınır.   Yerli medianın məlumatlına görə, indiyə  qədər bu siyahıya 1040 nəfərin adı salınıb. Rəsmi Bakı  bununla bağlı  dəfələrlə xəbərdarlıq edib.  Sonuncu dəfə 2020-ci ilin oktyabrında, İkinci Qarabağ Müharibəsi zamanı  Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  Qarabağa gələn əcnəbi jurnalistlərə  xəbərdarlıq  etmişdi.

Xatırladaq ki,  əcnəbi jurnalistlərin Azərbaycan ərazisində fəaliyyətini tənzimləmək üçün akkreditasiya qaydaları da  mövcuddur.   18 mart 2015-ci ildə təsdiqlə0nən qaydalara görə xarici jurnalistlər Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən akkreditə edilməlidir. 

Bu qənaətə gəlirik ki,  sülhməramlıların xarici ölkə vətəndaşını Qarabağa  buraxmaq səlahiyyəti yoxdur, rus bloqerin Qarabağa Ermənistandan  gəlməsi isə  Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır.