“İşğaldan azad edilmiş torpaqları necə görürük, konsepsiya olaraq yoxdur. Ağıllı kənd olacaq, ağıllı şəhər olacaq, amma necə olacaq, hansı resurslar hesabına fəaliyyət göstərəcək, orda yaşayan insanlar nə və necə qazanacaq”.  Bu fikirləri  Real partiyasının  icra katibi,  iqtisadçı Natiq Cəfərli  LAF TV-nin efirində deyib. İqtisadçı iddia edib ki, hökumətin işğaldan azad edilən torpaqlarla bağlı düşünülmüş, əlaqəli planı yoxdur.

Faktyoxla Lab. iqtisadçının iddiasının əsaslı olub-olmadığını yoxlayıb. Bu məqsədlə işğaldan azad edilmiş ərazilərlə bağlı atılan addımlara nəzər salaq.

Öncə qeyd edək ki, Azərbaycan hökuməti ilk olaraq işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsini prioritet məsələ kimi qoyub.

Bundan başqa işğaldan azad edilmiş ərazilərdə  xüsusi qruplar tərəfindən bütün şəhər  və kəndlərin video və foto çəkilişləri aparılır, tədqiqat işləri aparılıb  protokollaşdırılır. Bu prosesin yekununda Azərbaycan tərəfi Ermənistanın vurduğu ziyanın miqyasını müəyyənləşdirərək beynəlxalq məhkəmlərə müraciət edərək təzminat davası qaldıracaq. Azərbaycan Prezidenti İlham Əliyev  bununla bağlı çıxışında qeyd edib ki,  bərpa işlərinə qədər digər vacib bir məsələ də öz həllini tapmalıdır.  Bu, dəymiş ziyanın hesablanmasıdır. 

Bu iki proses işğaldan azad edilmiş ərazilərdə kompleks işlərin başlamasını ləngitsə də  paralel aparılan işlər də az deyil. Həmin işləri sadalamazdan öncə qeyd edək ki, bu işlər deyildiyi kimi, plansız yox, məhz  plan üzrə aprılır.

Belə ki,  İkinci Qarabağ müharibəsinin bitməsindən cəmi 14 gün sonra, 24 noyabr 2020-ci il tarixdə Azərbaycan Prezidenti  işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında  Sərəncam imzalayıb.  

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin rəhbərlik etdiyi  Əlaqələndirmə Qərargahı gündəlik məsələlərin həlli ilə yanaşı, ortamüddətli planlaşdırma işlərinə də start verib.  Qərargahın nəzdində idarələrarası mərkəz, mərkəzin nəzdində sosial, iqtisadi, humanitar, hüquqi və digər məsələləri əhatə edən  16 işçi qrupu yaradılıb. İşçi qruplarda 55 dövlət qurumunun 160 nümayəndəsi təmsil olunur.

Müharibədən dərhal sonra Strateji Fəaliyyət Planı, bu plan əsasında isə  tədbirlər planı hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılıb.  Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev bildirib ki, bütün işlər planlı və kompleks yanaşma əsasında həyata keçirilir.

Bu ilin yanvar ayında  Azərbaycan Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 2021-ci il üçün prioritetlərin siyahısında da işğaldan azad edilmiş yerlərdə görüləcək işlərin  planı əksini tapıb.

Bura  

  • İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profilinin nəzərə alınması;
  • Qarabağ bölgəsinin turizm marşrutlarının işlənib hazırlanması;
  • Nəzərdə tutulmuş beynəlxalq hava limanlarının, yeni dəmir yolu xətlərinin tikintisinin məşğulluq məsələlərinə təsiri;
  • İşğaldan azad olunan ərazilərdə heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələrinin inkişaf etdirilməsi;
  • İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarların işlənib hazırlanması;
  • Azad edilmiş torpaqlarda ən müasir suvarma sistemlərinin yaradılması;
  • Azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, həmin ərazilərdə su mənbələrindən istifadə edilərək su elektrik stansiyalarının tikintisi;
  • Görüləcək işlərin Böyük Qayıdış planı ilə əlaqələndirilməsi

məsələləri daxildir.

2021-ci ilin fevral ayında Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in  sırasında da  işğaldan azad edilmiş ərazilərlə bağlı proqram əksini tapıb.  Beş milli prioritetdən biri işğaldan azad olunmuş ərazilərə böyük qayıdışla bağlıdır.

Bu prioritet isə özündə iki əsas planı birləşdirir:

- dayanıqlı məskunlaşma;

- iqtisadi fəaliyyətə reinteqrasiya.

Görülən işlərə gəlincə, ilk olaraq infrastruktur layihələri icra olunur.  Qeyd edək ki,  təməli ötən ilin noyabr ayının 16-da qoyulan Zəfər yolunun tikintisi davam etdirilir.  Uzunluğu 101 kilometr olan yol   işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.  Uzunluğu 84,6 kilometr olacaq yeni  Əhmədbəyli-Füzuli-Şuşa yolunun da tikintisi  aparılır.  Təməli bu ilin aprelində qoyulan və uzunluğu 124 kilometr olacaq   Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolunda da tikinti işləri davam etdirilir.

Qarabağın vahid nəqliyyat konsepsiyasının tərkib hissəsinə hazırda icrası davam edən aşağıdakı yollar da daxidir.

Bərdə-Ağdam avtomobil yolu  -  uzunluğu 44.5 kilometr  

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları  - uzunluğu  28.5 km

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu  -  uzunluğu 66 kilometr

Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər yeni avtomobil yolu  - uzunluğu  17 kilometr.

Bu ilin əvvəlindən uzunluğu 104 kilometr olan  Yevlax -Xankəndi dəmiryolu xəttinin 45 kilometrlik  Bərdə-Ağdam hissəsi  yenidən qurulur.   Horadiz-Ağbənd dəmir  yolu  istiqamətində  isə  infrastruktur  işlərinə  start verilib.

İşğaldan azad edilmiş ərazilərdə  enerji təchizatına gəlincə, bütün rayonlarda  110 kV-luq yarımstansiyalar inşa olunur.

Artıq  "Şuşa" yarımstansiyası istismara verilib, yeni 110/35/10 kV-luq "Füzuli" yarımstansiyasının tikintisi üç ay ərzində tamamlanıb.  Bu stansiya Füzulidəki hava limanını, Füzuli-Şuşa avtomobil yolunu, həmçinin digər obyektləri  elektrik enerjisi ilə təmin edir. Kəlbəcərdə də 110 kV-luq yeni yarımstansiya tikilir, Murovdan keçməklə Kəlbəcərə  70 km  məsafədə 110 kV-luq ikidövrəli xətt çəkilir. Analoji xətlər  Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarına da  çəkilir.

Ağdamda isə  "Ağdam 1" və “Ağdam 2" 110 kV-luq yarımstansiyalarının tikintisinə start verilib,  "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyalarında işlər yekunlaşıb. Bundan əvvəl isə Laçın rayonunda Güləbird SES-in açılışı olub.

Bu arada qeyd edək ki,  Azərbaycan Prezidentinin sərəncamına əsasən  Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə  “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 24 milyon 500 min manat ayrılıb.

Yeri gəlmişkən,  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” siyahısında əksini tapan Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi planı üzrə də işlər gedir.  Bu il may ayının 3-də  Azərbaycan Prezidenti  bu barədə sərəncam imzalayıb. Sərəncama əsasən   müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün  Energetika Nazirliyinə 1 milyon 391 min 40  dollar  vəsait ayrılıb.

Qarabağın yaşıl enerji zonasına çevrilmə potensialı yüksəkdir. Belə ki,  günəş radiasiyasının miqdarına görə  Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikasından sonra ikinci yerdədir. Ümumiyyətlə bu ərazinin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır.  Bundan başqa  Qarabağın dağlıq hissəsində küləyin orta illik sürəti saniyədə 7-8 metrə, Kəlbəcər və Laçında 10 metrə çatır.  Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat həcmində qiymətləndirilir.

Strateji Fəaliyyət Planına əsasən işğaldan azad olunan ərazilərdə yaşayış məntəqələrinin bərpası prosesinin də əsası qoyulub. Belə ki,   bu ilin aprelində Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsinin icrasına start verilib.  Türkiyə, İsrail, İtaliya və Çin şirkətlərinin də cəlb edildiyi layihə  5 komponent üzrə icra ediləcək. Bura yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri daxildir.  200 fərdi evin tikintisi nəzərdə tutulan kənddə  kooperativ idarəetmə sistemi, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermalar, dronlar vasitəsilə idarəetmə tətbiq ediləcək, “Ağıllı” təsərrüfatlarda meyvə, tərəvəz, ət və süd məhsulları istehsal ediləcək.

Artıq Ağdamın bərpası istiqamətində də ilkin addımlar atılıb. Belə ki,  bu ilin may ayının 28-də isə şəhərin baş planı və ümumilikdə rayonun planı təqdim edilib.  Plana əsasən   rayon üzrə  33 kənd layihələndirilib, sakinlərə veriləcək həyətyanı sahə 18 sot nəzərdə tutulub. Bundan  başqa  rayon ərazisində  10-50 hektarlıq 200, 50-100 hektarlıq 50, həmçinin  1500, 3000, 4000 hektarlıq bir neçə fermer təsərrüfat yaradılacaq.   Bundan başqa rayonun 8 kəndi şəhərlə biləşdirilib və ümumiləkdə şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb.

Qarabağla bağlı strateji palana daxil olan mühüm layihələrdən biri də işğaldan azad edilmiş ərazilərdə hava limanlarının tikintisidir.  Qeyd edək ki,  işğaldan azad edilmiş Füzuli, Zəngilan və Laçın rayonlarında  beynəlxalq hava limanları inşa olunur.  Əsası bu ilin yanvar ayında  qoyulan Füzuli  Beynəlxalq Hava Limanınnın    sentyabr  ayının əvvəlində  istifadəyə verilməsi planlaşdırılıb.  Zəngilan hava limanında   torpaq işlərinə başlanıb,  Laçın limanı ilə bağlı ilkin işlərə start verilib.

Sadalanan faktlar göstərir ki, işğaldan azad edilmiş ərazilərdə işlər konkret olaraq Strateji Fəaliyyət Planına əsasən reallaşdırılır və konkret hədəflər  üzrə aparılır.

Faktyoxla Lab. bu qənaətə gəlib ki,  iqtisadçı Natiq Cəfərlinin  “hökumətin işğaldan azad edilən torpaqlarla bağlı düşünülmüş, əlaqəli planı yoxdur”  fikri reallıqdan tamamilə uzaqdır.