Afrika qitəsi və Asiyanın uzaq adaları neçə əsrlərdir ki, Fransanın siyasi-iqtisadi ekspansiyalarının qurbanı olmaqla, qiymətli sərvəti və xammal mənbəyi kimi inkişafına, dünya iqtisadiyyatında irəliyə getməsinə yol açıb. Yerli icmalara məxsus zəngin təbii sərvətləri, ələlxüsus da almaz, qızıl, uran, nikel və s. faydalı qazıntı mədənlərinin və digər resursları ələ keçirilərək vəhşicəsinə istismar edilməsi Fransanın son 200 ildə güclü sənaye quruculuğunu və inkişafını təmin edə bilib. Bir sözlə, Fransa, eləcə də bəzi Qərb ölkələri Asiya və Afrika xalqlarının maddi nemətlərini talamaqla böyük iqtisadi inkişafa, sənaye “intibahına” çatıblar.
XlX əsrin sonlarında Fransa bütün Afrikanı və Polineziyanı (Okeaniyada adalar qrupu) zəbt edərək öz mövqelərini daha da möhkəmləndirdi. Bu ölkənin müstəmləkə imperiyasının ərazisi 1900-1939-cu illərdə 13 milyon 500 min kvadrat kilometrə çatmışdı. Bu, dünyanın ümumi ərazisinin təxminən 10 faizi demək idi.
Ucuz xammal mənbəyinə, metropoliyanın işçi qüvvəsi və satış bazarına çevrilən müstəmləkə ərazilərində Fransanın timsalında Avropanın sənaye sahələri yaradılsa da, liberal iqtisadi sistemlərin əsası qoyulsa da, ancaq kəskin əmək ziddiyətlərinin artması koloniyalarda sıxılan xalqların kasıblaşması və ağır sosial mərhumiyyətlərlə üzləşməsinə də dərin yol açdı.


20-ci əsrin ortalarından başlayaraq fransız müstəmləkələri müstəqillik əldə etmələrinə baxmayaraq, müxtəlif siyasi-iqtisadi vasitələr və sxemlərlə Fransa öz hökmran mövqeyini və təsir rıçaqlarını qoruyub saxlayıb. Fransanın müstəmləkəçilikdən çıxan ölkələrə qarşı davranışı isə çox ağır olub. 
1958-ci ildə Afrika müstəmləkələrinə müstəqillik verərək geri çəkilən Fransa özündən asılı gördüyü bəzi ölkələrə mədəni, iqtisadi və siyasi baxımdan nəzarət edərək qlobal neokolonializm ideologiyasını dərinləşdirib, irticaçı mahiyyətini daha da kəskinləşdirib.
Fransa əsarətində saxladığı ölkələrin suverenliyinin məhdudlaşması, yeraltı və yerüstü sərvətlərinin talanması ilə yanaşı, fundamental insan hüquqlarının tapdanmasını ən ağır təzahürlər kimi adiləşdirib, özünün dövlət siyasətinə çevirib.

Afrika xalqlarına qarşı Fransa terroru

Müstəmləkə bölgələrindən biri olan Qvineyanın 1958-ci ildə Fransa müstəmləkə imperiyasından qopmağa qərar verərək müstəqilliyini elan etməsi Parisdəki “Müstəmləkəçilik elitası”nı qəzəbləndirib və fransız administrasiyası ölkədə hər şeyi məhv edərək ölkəni tərk edib. Fransızlar bütün əmlaklarını ölkədən geri çəkməklə kifayətlənməyib bütün obyekt və infrastrukturları - məktəb, uşaq bağçası, inzibati binaları, sənaye və aqrar müəssisələri dağıtmış, hətta fermalardakı at və inəklərə qədər bütün canlıları tələf etməklə, anbarlardakı ərzaq ehtiyatlarını yandırmaq və zəhərləməklə misli görünməmiş vəhşiliklər törətmişlər. 

Fransa mediası isə 70 ildən sonra Qvineya müstəqilliyinin müəllifi Ahmed Sekou Tourenin “lider, yoxsa diktator” olduğu haqda araşdırma aparıb və belə qənaətə gəliblər ki, müstəqilliyin ilk günlərindən ölkəni idarə edən Toure daha çox diktator olub.  


Bu amansızlıq və qəddarlıq Afrikada digər azadlıq mücadiləsinə qalxan xalqlara “dərs” idi və onları qorxutmaq üçün müasir nasizmin nümunəsi sayıla bilərdi.

Qərbi Afrikada kiçik bir ölkə olan Toqo Respublikasının ilk prezidenti Silvanus Olympio Qvineya hadisəsini unutmayaraq Parislə yumşaq diplomatiya sayəsində ölkənin müqəddəratını qoruyub saxladı, yalnız Fransanın illik haqq ödəməsinə razılaşdı.

Fransanın “xəracı” o qədər böyük idi ki, bu, Toqonun 1963-cü ildəki büdcəsinin 40 faizini təşkil edirdi. Yeni müstəqillik qazanmış Toqo bu “iqtisadi reketçiliyin” yaratdığı ağır sosial durumdan çıxmaq üçün Fransanın müstəmləkə pulu olan FCFA-nı (Fransız Afrika koloniyaları üçün frank)  dövriyyədən çıxarmaq və öz valyutasını buraxmaq qərarına gəldi. Ancaq bu hərəkət onlara da baha başa gəldi. Belə ki, 1963-cü il yanvarın 13-də, yəni milli pul vahidinin dövriyyəyə buraxalışından 3 gün sonra Fransa Xarici Legionunun keçmiş serjantı Etien Qnassinqbeyə ödənilmiş 612 dollar mükafat müqabilində yeni müstəqillik qazanmış Afrikanın ilk seçilmiş prezidentini Fransanın hazırladığı sui-qəsdçi dəstə ilə öldürdü

30 iyun 1962-ci ildə Mali Respublikasının ilk prezidenti  Modibo Keyta da 12 yeni Afrika ölkəsində tətbiq edilən Fransız müstəmləkə pul vahidi CFA frankından imtina etmək qərarına gəlir və heç də təəccüblü deyil ki, o da Togonun ilk prezidenti Olimpionun aqibətini yaşayır. 19 noyabr 1968-ci ildə Keyta digər keçmiş fransız legioner, leytenant Mussa Traore tərəfindən həyata keçirilən çevrilişin qurbanı oldu. M.Traore isə adını bu ölkənin tarixinə ən qəddar diktator kimi yazdıraraq düşdü.

Fransa ən qəddar diktatora dəstək verməklə Afrika ölkələrinə qarşı apardığı ikiüzlü siyasətin ən iyrənc formasını nümayiş etdirirdi. 

1 milyonadək qurban və 2 milyon məcburi köçkünlə nəticələnən 1962-ci il Əlcəzair xalqının azadlıq mübarizəsi və Fransanın bu ölkəyə qarşı apardığı soyqırımı siyasəti haqda açıq mənbələrdə kifayət qədər məlumatlar var. 

1966-cı il yanvarın 1-də keçmiş fransız legioner Jan-Bedel Bokassa Mərkəzi Afrika Respublikasının ilk prezidenti David Dakoya qarşı çevriliş edərək cəzalandırıb. Maraqlısı odur ki, ölkəsini xüsusi qəddarlıq və amansızlıqla idarə edən Bokassa 1979-cu ildə ölkəsində bahalı məktəbli geyimlərinə etiraz edən 100-dən çox məktəblinin gülləboran edilməsini göstəriş verdiyi üçün 1979-cu ildə Liviyaya səfəri zamanı ölkəsində qansız çevriliş nəticəsində hakimiyyətdən devrilmişdir. Yəni Fransa etdiyi səhvi gec anlamasına baxmayaraq, daha böyük səhvə yol verərək bir diktatoru digəri ilə əvəzləmişdir. 

Yenə də Fransanın rolu və fransız desant birləşmələri birbaşa iştirakı ilə (“Barrakuda əməliyyatı”) Bokkassonun devirdiyi David Dako yenidən hakimiyyətə qaytarılmışdır. Təsadüfi deyil ki, fransız diplomat Jak Fokka bu əməliyyatı “Fransanın sonuncu müstəmləkə ekspedisiyası” adlandırmışdır.

1966-cı il yanvarın 3-də isə Yuxarı Volta Respublikasının (indiki  Burkina Faso) ilk prezidenti Maurike Yameoqo İndoneziya və Əlcəzairdə fransız qoşunlarında xidmət etmiş, Fransa dövləti tərəfindən sonuna qədər dəstəklənən, keçmiş fransız legioneri Abubakar Sanqule Lamizana tərəfindən çevrilişin qurbanı olub. Sonradan Fransa mətbuatı dövlət çevrilişi etmiş Lamizananı “uniformalı demokrat”, rəhbərlik etdiyi dövrü isə “Nümunə kimi göstərilən demokratik təcrübə” kimi qiymətləndirərək bu ölkənin başına gətirikləri faciələri maskalamağa çalışır.


Benin Respublikasının ilk prezidenti Hubert Maqa 1972-ci il oktyabrın 26-da Fransanın hərbi təlim sistemində təhsil almış Mate Kerekunun çevriliş planı nəticəsində devrilib.

Qeyd edilməlidir ki, bir çox çevrilişlərdə Fransa qoşunları birbaşa iştirak ediblər. 1979-cu ildə fransız qoşunlarının MAR diktatoru Bokassanı devirməsini qeyd etdik. Bu ölkənin xüsusi xidmət və xüsusi təyinatlı dəstələri 2011-ci ildə isə Kot-d'İvuarın Fransa əleyhinə olan prezidenti Loran Qbaqbonu devirib. 2013-cü ildə Paris “Serval” əməliyyatının, CAR-da isə “Sanqaris” sülhməramlı əməliyyatının köməyi ilə “Malidəki vəziyyətin həlli” ilə məşğul olub. Bir sözlə, Afrikanın bu dövlətlərini əldən verməmək üçün dünyada bütün demokratik prinsipləri tapdalayıb, insan haqlarını heçə sayıb, bu materikin sakinlərinə qul yanaşmasını davam etdirib, irtica və vandallizm təzahürlərini saxlayıb.

Bu cür misalların sayı çoxdur, lakin bir fikir dəyişməz olaraq qalır: Parisin müstəmləkə dövlətlərin müstəqillik istəyinə qarşı qəddar yanaşması.

Razı olanlara mükafat, etiraz edənlərə sanksiya və çevriliş

2008-ci ilin martında Fransanın keçmiş prezidenti Jak Şirak bildirmişdi ki, “Afrika olmasa, Fransa üçüncü dünya ölkəsi sırasına düşəcək”. Onun sələfi  Fransua Mitteran isə belə qeyd etmişdi: “Afrika olmasa, 21-ci əsrdə Fransanın tarixi olmayacaq”.
Bunlar onu göstərir ki, Afrilka Fransa üçün xammal, resurs və iqtisadi mənbəyi, xalqlar isə Parisin müasir qullarıdır. Məhz bu siyasi və iqtisadi ssenari neçə illərdir ki, işləyir, Afrikanın 14 ölkəsi şərt kimi qoyulmuş neo-ekspansiya təhdidi altında qızıl-valyuta ehtiyatlarının 85 faizini Fransa maliyyə nazirinin nəzarəti altında "Mərkəzi bank"a yatırırlar. Paris bu ehtiyatların idarə edilməsindən ildə milyardlarla dollar dividend qazanır.

Qeyd edilən Afrika ölkələri Fransaya həm də "müstəmləkə borcu" ödəyir. Bundan imtina edən Afrika liderləri öldürülür, şantaj edilir, sanksiyalarla üzləşir və ya çevrilişin qurbanı olurlar. Buna əməl edənlər Fransa tərəfindən dəbdəbəli həyat tərzi şəklində dəstəklənir və mükafatlandırılır, onların xalqı isə həddindən artıq yoxsulluq və ümidsizlik içində yaşayırlar.
Bu dəhşətli sistem bəzən, hətta Avropa İttifaqı tərəfindən pislənsə də yekunda heç bir nəticə vermir. Fransa Aİ-ni də müxtəlif yollarla susdurmağa nail olur. Çünki hər il xəzinəyə təxminən 400 milyard dollar daxil olan müstəmləkəçilik “xəracını” itirmək ölümə bərabər olardı.


Təbii ki, Fransa Afrikanın özünə tabe etdirdiyi liderlərini istismar etdiyi sərvətlərin bir hissəsi ilə mükafatlandırmaqla neytrallaşdırır, etirazlar baş verdikdə isə korrupsiya ittihamları və Qərb ölkələrinin maraqlarına xidmət edən şantajla təhdid edir. Ölməkdən, çevrilişin qurbanı olmaqdan qorxan liderlər isə susmağa məcburdurlar. Hətta daha ağır hədə və təqiblərlə Parisin müdafiəsinə yönələn və öz xalqının maraqlarına xidmətdən imtinaya cəhdlər də olur. Bunun üstüörtülü mesajını verən Leopold Sedar Senqor 1958-ci ildə Fransadan müstəqillik istəyən xalqa müraciətində çatdırmağa çalışmışdı: “Seneqal xalqının seçimi müstəqillikdir, amma o, bunun yalnız Fransa ilə dostluq şəraitində olmasını istəyir, mübahisə şəraitində deyil”.

Bu, Parisin qorxulu simasından çəkinən şəxsin sakit etirafı idi.

(ardı var)