İyulun 18-də Avropa İttifaqı Azərbaycanla qazın idxalını iki dəfə artırmaq barədə saziş imzaladıqdan sonra qəribə formada narazılıq və tənqidlər səslənməyə başlandı. Bu münasibəti sərgiləyənlər arasında avropalılar, Qərb institutları, təşkilatları, siyasətçiləri çox az nəzərə çarpır. Bəs kimlərdir? ABŞ-nın Nevada Universitetinin politologiya professoru Nerses Kopelyanın Fransanın “Le Figaro” qəzetində yazdığı yazı bu suala cavab tapmaqda yardımçı olacaq.
Kopelyan yazır ki, Ukraynadakı münaqişə qlobal enerji bazarlarını sarsıdıb, inflyasiyanı artırıb və Avropa İttifaqını Rusiya qazına alternativ axtarmağa sövq edib. Aİ “Azərbaycandan sədəqə” istəməkdən yaxşı çıxış yolu tapa bilməyib. Onun fikrincə, Rusiyadan asılılığı Azərbaycandan asılılıqla əvəz etmək “başqa şeytanla” sövdələşmədən savayı bir şey deyil. Kopelyan onu da iddia edir ki, bu, Rusiyaya qarşı tətbiq olunan sanksiya paketinə ziddir. Çünki Rusiyanın “Lukoyl” şirkəti hazırda Azərbaycanın həyati əhəmiyyəti olan “Şahdəniz” boru kəmərinin, təxminən 20%-nə sahibdir. Müəllif hesab edir ki, Azərbaycan, çətin ki, vəd etdiyi miqdarda qazı Avropaya tədarük edə bilsin. O yazır ki, Azərbaycandan danışarkən, neftə əsaslanan iqtisadiyyat formasında bir növ "Potemkin kəndi"ndən danışırıq. Onun fikrincə, dövlət xərclərinin neftdən asılılığını nəzərə alanda, Azərbaycan neft hasil edən ölkələr sırasında ən əlverişsiz vəziyyətdədir. “Əlbəttə, Əliyev təkcə öz xalqı üçün deyil, həm də qonşu ölkə Ermənistan üçün təhlükə yaradır. Bu ölkəyə 2020-ci ildə heç bir səbəb olmadan Azərbaycan tərəfindən hücum edilib...” - Kopelyan yazır.
Faktyoxla Lab. həm Nerses Kopelyanın iddialarının nə dərəcədə əsaslı olduğunu araşdırmağa çalışıb, həm də kənar qüvvələrin Avropa İttifaqı ilə Azərbaycan arasında bağlanan sazişə tənqidi yanaşmalarına cavab verib.
Əvvəlcə, Nerses Kopelyanın Las-Veqasdakı Nevada Universitetinin siyasi elmlər professoru olmasından başlayaq. O, beynəlxalq təhlükəsizlik, geosiyasət, siyasi nəzəriyyə və elm fəlsəfəsi üzrə ixtisaslaşıb. Onun hazırkı tədqiqatları Avrasiyaya diqqət yetirməklə, geosiyasi və böyük güc münasibətlərinə yönəlib (Mənbə). Açıq mənbələrdə qeyd olunur ki, o, “məxməri inqilab”dan əvvəl və sonra Ermənistanda baş verən siyasi hadisələrin öyrənilməsi ilə bağlı geniş iş görüb. Amma ən əsası odur ki, Ermənistan hökuməti üçün bir neçə proqram sənədləri yazıb və Ermənistan hökumətinin müşaviri vəzifəsində çalışıb. Amma Nerses Kopelyanın anti-Azərbaycan ideyalarının dirijoru olduğunu nəzərə alsaq, onun yazığı bəzi iddia-nağılların üzərində dayanaq.
Birincisi, Bakı öz güclü tərəflərini və nəql edə biləcəyi qazın həcmini yaxşı bilir. Aİ ilə imzalanmış Memorandum 2027-ci ilə qədər qaz tədarükünün 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasını nəzərdə tutur. Bu, bütövlükdə Aİ üçün tam həcm olmasa da, Cənub-Şərqi Avropa üçün çox böyük əhəmiyyət kəsb edir. Bakı Aİ-yə kömək edir və bu da ona qısamüddətli təsir rıçaqları verir. Eyni zamanda, hər milyard kubmetrin vacib olduğu çətin anda Brüsseli xilas edir. Bakının enerji təsirini təmin etmək üçün isə böyük investisiyalar lazımdır, çünki 4 faiz heç vaxt 45 faizi əvəz etməyəcək. Məsələn, Qərb mediası yazır ki, bir neçə gün əvvəl Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql etdiyi qazın gündəlik həcmi 37 milyon kubmetrə yüksəlib. Qeyd olunur ki, hazırkı tempi saxlamaqla illik ixrac 13,5 milyard kubmetrə çatacaq.
İkincisi, “The New York Times”da qeyd edildiyi kimi, qısa müddətdə Avropa ölkələrinin əsas ümidi LNG tədarükü və digər qaz təchizatçıları ilə müqavilələrdir. Yəni Avropa israrla Rusiya qazına əvəzləyici axtarır və Kapelyanın və onun kimilərin cığallığı bu işdə heç nəyi həll etmir. Məsələn, iyulun 29-da Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell nüfuzlu DW-yə müsahibəsində deyib ki, Avropa iqtisadiyyatından bir gecədə Rusiya qazından imtina etməyi tələb etmək mümkün deyil. Avropa İttifaqı (Aİ) artıq Rusiya təbii qazının alışını iki dəfə azaldıb və bunu davam etdirəcək. “Əgər “xüsusi əməliyyat”dan əvvəl Rusiyanın enerji daşıyıcılarının Aİ-də payı 40% idisə, indi bu rəqəm 20%-ə düşüb. Avropa iqtisadiyyatından bir gecədə qaz alışını dayandırmağı tələb etmək mümkün deyil, biz möcüzə yarada bilmərik”, - o bildirib.
Təchizatdakı boşluq elə indi əlavə LNG idxalını bağlayır. Bu isə Rusiyadan boru kəməri təchizatına əsas alternatividir. Lakin ekspertlərin daha əvvəl də qorxduğu hal yaşanıb (https://tass.ru/ekonomika/13781073), Rusiya qazının başqa mənbələrdən əvəzlənməsi son həddə çatıb.
Bu məqaləni "Кому мешает сотрудничество по газу между Азербайджаном и ЕС?" rus dilində oxuya bilərsiniz
Üçüncüsü, Azərbaycan 2020-ci ilin dekabrında TAP boru kəmərinin istifadəyə verilməsi ilə Avropaya qaz nəql etməyə başlayıb. Hazırkı memorandum Cənub Qaz Dəhlizinin genişləndirilməsini və qaz tədarükünün 2 dəfə artırılmasını nəzərdə tutur. Beləliklə, illər ərzində sübut olunmuş sıx əməkdaşlığa arxalanan Brüssel, iyulun 18-də tərəfdaşı Azərbaycanla qaz tədarükünə dair Memorandum imzalayaraq yeni yol xəritəsini müəyyənləşdirdi. Yeri gəlmişkən, qaz tədarükü haqqında Memorandumun imzalanmasının ertəsi günü, iyulun 19-da Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının yaddaqalan iclasının keçirilməsi də Brüsselin rəsmi siyasi direktivinin bəyanatı kimi tarixə düşdü. Bu, bir daha göstərir ki, Aİ-Azərbaycan ikitərəfli əməkdaşlığının yeni dövrü başlayır.
Dördüncüsü, erməni müəllif yazır ki, Rusiyaya qarşı sərt sanksiyalar rejimi altında olan “Lukoyl” şirkəti “Şahdəniz” layihəsində 20%-ə sahibdir və bu, gələcəkdə Aİ-nin enerji təhlükəsizliyinə xələl gətirəcək.
Qeyd etmək vacibdir:
- “Şahdəniz-2”dən Avropaya qazı Azərbaycan satır, “Lukoyl” yox;
- BP “Şahdəniz” konsorsiumunun əsas səhmdarı və operatorudur. “Lukoyl” layihədə adi səhmdarlardan biridir.
- Avropa Birliyi Rusiya şirkətlərinə qarşı birbaşa sanksiyalar tətbiq edib, beynəlxalq konsorsiumda neft-qaz payı olan şirkətlərə heç bir ölkədə sanksiya tətbiq olunmayıb.
Beşinci, Kopelyan arqument irəli sürür ki, Bakının bəyan etdiyi yanacaq ehtiyatlarına baxmayaraq, Avropanı vəd edilən qaz həcmləri ilə təmin etmək mümkünsüz görünür. Eyni zamanda müəllif Oksford Enerji Tədqiqatları İnstitutu kimi mötəbər elmi mərkəz adından yanlış məlumatlar yayır. Qeyd edir ki, Oksford İnstitutu öz hesabatında Azərbaycanın Avropa üçün daha çox qaz hasil etmək imkanlarının məhdud olması ilə bağlı proqnoz verib.
Əvvəla, Oksford Enerji Tədqiqatları İnstitutu Cənub Qaz Dəhlizi ilə bağlı yalnız və yalnız müsbət rəylər verdiyi halda, Kopelyanın bu elmi müəssisənin adından yalan danışması tamamilə anlaşılmazdır. Çünki, Oksford Enerji Tədqiqatları İnstitutu TAP kəmərini alqışlayaraq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu dəstəkləyən bəyanat yayıb: “Aydındır ki, Azərbaycan qazının ixracının sabitliyi, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə “Şahdəniz-2” qazını etibarlı şəkildə təmin etmək imkanı Aİ-nin qaz balansında müsbət amildir... Uzunmüddətli perspektivdə Azərbaycanın qazın kəşfiyyatı və hasilatını sürətləndirməsinə ehtiyac var”.
Altıncı, danılmaz reallıq ondan ibarətdir ki, Cənub Qaz Dəhlizi Avropa üçün əsas qaz arteriyalarından biridir və Azərbaycanın siyasi iradəsi nəticəsində bu dəhlizin ən mühüm hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) hazırda 10-12 milyard kubmetr qaz nəql edilir. Növbəti beş ildə bu həcm iki dəfə artacaq. Xanım Ursula fon der Leyenin bəyanatına diqqət yetirək: “Biz Azərbaycandan Avropa İttifaqına nəql olunan qazın həcmini iki dəfə artıracağıq. Avropa İttifaqı üçün çox mühüm təchizat marşrutu olan boru kəmərləri ildə 8 milyard kubmetr qaz nəql edir”.
Məsələ ondadır ki, Aİ həm də Azərbaycanın son dərəcə əlverişli coğrafi mövqeyini və logistik potensialını, müasir nəqliyyat infrastrukturunu, Xəzər dənizində ən böyük ticarət donanmasını, gəmiqayırma imkanlarını, dəniz limanını, Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində enli dəmir yollarını, yeni beynəlxalq nəqliyyat vasitələrini nəzərə alaraq Transxəzər nəqliyyat məkanını təmin etməyi qarşısına məqsəd qoyub.
Məqsədlərdən biri də Türkmənistan qazının TAP vasitəsilə Avropaya göndərilməsidir. Xanım Ursula fon der Leyen Bakıda belə deyib: “Avropa İttifaqı Azərbaycanla birgə çalışaraq, Mərkəzi Asiyada və onun hüdudlarından kənarda əlaqələr qurmaq niyyətindədir. Biz mühüm transxəzər əlaqələrinin ideyalarını və müzakirələrini böyük maraqla izləyirik və onların dərinləşməsinə öz töhfəmizi verəcəyik”. İtaliya xarici işlər nazirinin müavini Manlio Di Stefano da bildirib ki, Azərbaycan, yaxın gələcəkdə ən gəlirli qaz marşrutu kimi müəllifi olduğu TAP kəmərini görür. Cənab Stefano vurğulayıb ki, ölkəsinin Rusiya qazından asılılığını həll etmək üçün Əlcəzair, Türkmənistan və Azərbaycan mənbəsinə üstünlük veriləcək.
Bu baxımdan ən etibarlı enerji dəhlizi Xəzərdə qaz mənbələrinin şaxələndirilməsi, Transxəzər qaz kəmərinin TAP-la birləşdirilməsi və TAP-ın gücünün 2-3 dəfə artırılması hesab edilir. Beləliklə, Azərbaycan yaxın 5 ildə Avropaya 20 milyard, 2030-cu ildə isə 25 milyard kubmetr qaz verəcək. Bütün resursları işə salmaqla, TAP-ın illik gücünü 25-30, hətta 35 milyard kubmetrə çatdırmaq mümkündür.
Bu məqaləni “Who gets in the way of Azerbaijan-EU gas co-op?” ingilis dilində oxuya bilərsiniz
Yeddinci, erməni müəllif başqa bir məsələdə də faktları təhrif edir. Onun sözlərinə görə, Azərbaycan Avropaya qazı bütün ölkələrlə müqayisədə daha baha satır. Sitat: “Məsələn, artıq İtaliyaya verilən təbii qazın qiyməti Rusiya qazından az qala iki dəfə, Əlcəzair qazından isə üç dəfə bahadır. Azərbaycan qazı Türkiyədə rəqabətədavamlıdır, amma Avropa bazarında yox”. Birja qiymətləri (Mənbə) hər kəs üçün açıqdır, Avropada hazırda 1000 kubmetr qazın orta qiyməti 1900 dollardır.
Səkkizinci, Kopelyanın Beynəlxalq Valyuta Fondunun (BVF) nüfuzundan sui-istifadə etməsi təəccüb yaradır. O iddia edir ki, BVF 2030-cu ilə qədər Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdır. Və guya bu da Azərbaycanın borclu ölkəyə çevrilməsinə gətirib çıxaracaq.
BVF-nin bəyanatında isə belə deyilir: “Tənəzzül və daxili qeyri-sabitlik arasında əlaqə neftlə zəngin dövlətlərdə, xüsusən də iqtisadiyyatları çox şaxələndirilməmiş ölkələrdə daimi aksiomdur. Bu kontekstdə Azərbaycan iqtisadi şoklara və müvafiq olaraq daxili böhranlara son dərəcə həssasdır”. Yəni BVF-nin Azərbaycanla bağlı, Kopelyanın iddia etdiyi kimi proqnozu yoxdur. BVF-nin Azərbaycan iqtisadiyyatına dair hesabatı bu qurumun rəsmi internet resurslarında yerləşdirilib və istəyən hər kəs 24 maddədən ibarət sənədlə bənd-bənd tanış ola bilər. Bu təqdimatda ümumi rəy ondan ibarətdir ki, qlobal maliyyə böhranları, regional, Ukraynadakı münaqişələr əsasında pandemiyadan sonra Azərbaycan iqtisadiyyatının bərpası iqtisadi artımın sürətlənməsi ilə müşayiət olunur. Maliyyə sektorunda və tədiyə balansında sabitlik artmışdır. Bu hesabatda iqtisadi tənəzzül və daxili qeyri-sabitliklə bağlı hər hansı fikir varmı?
Bundan əlavə, BVF-nin “World Economic Outlook” hesabatında Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz yüksəldilib. Fondun tədqiqat qrupu hökumətin uzunmüddətli inkişaf planı sayəsində karbohidrogen ixracından asılılığın azalacağını, dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatın stimullaşdırılmasının qeyri-neft iqtisadiyyatının artımına imkan verəcəyini proqnozlaşdırır.
Doqquzuncu, erməni analitik Dünya Bankına (DB) istinad etməkdən də çəkinmir və bildirir ki, DB son illər Azərbaycanın siyasi sabitlik reytinqini mütəmadi olaraq aşağı salır, guya onu -2,5-dən -0,75-ə endirib. Öncədən deyək ki, Nevada Universitetinin professoru yalan danışır.
DB-in belə bir reytinqi mövcud deyil. Əslində peşəkar müəllif istinad etdiyi mənbəni göstərməli idi. Digər tərəfdən, Dünya Bankının Azərbaycanda güclü iqtisadi sabitliyə dair bəyanatı tam göz qabağındadır, sənəd beynəlxalq ictimaiyyət üçün açıqdır- (Mənbə). Bu sənəd, demək olar ki, bütün iqtisadi parametrlər üzrə müsbət rəy verir. DB, həmçinin, TANAP və TAP boru kəmərlərinin Avropa üçün həyati əhəmiyyətini və bu layihənin geoiqtisadi üstünlüklərini müsbət qiymətləndirən analitik rəy də verib.
Onuncu, Kopelyan qeyd edir ki, Avropa neft və qaz tədarükünün daha perspektivli yolları haqda düşünməlidir ki, Şimali Afrika, Şərqi Aralıq dənizi, Fars körfəzi və digər yerlərdən maye qazı həm boru kəmərləri, həm də dəniz yolu ilə təmin etməklə yanacaq problemlərini həll edə bilsin: "Neftin tədarükünün daha perspektivli yolları var - istər boru kəməri, istərsə də Şimali Afrikadan, Şərqi Aralıq dənizindən, Fars körfəzindən və digər yerlərdən maye qazın dəniz yolu ilə ötürülməsi”.
Beynəlxalq təhlükəsizlik, geosiyasət, siyasi nəzəriyyə və fəlsəfə üzrə “mütəxəssis” təkid edir ki, Avropa İttifaqı Azərbaycandan qaz almamalı, enerji əməkdaşlığını pozmalı, başqa ölkələrə üz tutmalıdır. Məsələn, Fars körfəzi ölkələrinə, İrana və s. Amma fakt budur ki, dünya ermənilərinin verdiyi bu cür “müdrik məsləhətlər”, ucuz siyasi şoular heç bir nəticə vermir, hətta əks effekt yaradır. Aİ Azərbaycanla sıx əlaqələrini daha da möhkəmləndirir. Memorandumu imzalamaqla, Aİ kimin yanında olduğunu və kimə güvəndiyini müəyyən edib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakıda Prezident İlham Əliyevlə görüşündə səsləndirdiyi bəyanatı xatırlatmaqda fayda var: “Siz həqiqətən bizim üçün vacib enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həm də iqlim neytrallığı sahəsində həmişə etibarlı olmusunuz. İndicə imzaladığımız Anlaşma Memorandumu enerji tərəfdaşlığımızı daha da gücləndirir”
Və nəhayət, Kopelyan “Freedom House” və digər beynəlxalq təşkilatlara istinad edərək Azərbaycanda demokratiya və azadlıqların olmamasından yazır. Amma burada qeyd etmək vacibdir ki, “Freedom House” təşkilatının hər hansı obyektivlikdən məhrum olduğu çoxdan məlumdur.
“Freedom House” 1941-ci ilin oktyabrında Eleonora Ruzvelt tərəfindən Amerika ictimaiyyətini təcridçilikdən uzaqlaşmağa və davam edən dünya müharibəsinə müdaxilə etməyə inandırmaq üçün yaradılıb. 501(c)3 lisenziyası əsasında qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərir. Lakin maliyyənin 88%-dən çoxunu ABŞ hökumətindən alır. “Freedom House” qeyri-müəyyən şəkildə özünü nəzarətçi (gözətçi) təşkilat adlandırır və eyni zamanda iddia edir ki, azadlıq və demokratiyanın təşviqi ilə fəal məşğul olur. Yəni illik büdcəsinin 88 faizi Dövlət Departamenti tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı (QHT) açıq etiraf edir ki, söz azadlığı prinsipləri , demokratiya diskursu onu yalnız müəyyən ölkədə daxili siyasi vəziyyət kontekstində maraqlandır. Ona görə də, tamamilə məntiqlidir ki, “Freedom House”un himayə etdiyi və Beynəlxalq Söz Azadlığını Müdafiə Assosiasiyasına daxil olan 71 struktur arasında ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutundan başqa Linda və Harri Bredlinin fondu, “Qafqazda Sülh Uğrunda Amerika Komitəsi”, həmçinin sırf “rəngli inqilablar” nəzəriyyəsi və praktikası ilə məşğul olan “Qeyri-zorakı Münaqişə üzrə Beynəlxalq Mərkəz” kimi əcaib təşkilatlar var.
“Freedom House” öz reytinqlərində və nəşrlərində Azərbaycanı daim “azad olmayan ölkə” adlandırır, bununla da ölkəmizi ləkələyir və beynəlxalq ictimaiyyətə davamlı olaraq “ekspert” təzyiqi göstərir. Bu təşkilat Azərbaycanda seçkilərin legitimliyini inkar edir; daim Azərbaycana və onun maraqlarına qarşı yönəlmiş kobud və tendensiyalı informasiya hücumları həyata keçirir; radikal müxalifəti dəstəkləyir və hər vasitə ilə sistemli etiraz kütləsinə nail olmağa çalışır.
Problem ondadır ki, Kapelyan kimi “ekspertlər” də çox vaxt “Freedom House”, “Human Rights Watch” (HRW) və ya “Amnesty International” (AI) kimi təşkilatların məlumatlarının düzgünlüyünü yoxlamadan onlara istinad edirlər. Öz növbəsində bu təşkilatlar da yerli QHT-lərin yoxlanılmayan məlumatlarını yayırlar. Yəni yerli QHT-lər və ya müxalifətçilər yanlış məlumat verir, beynəlxalq qeyri-hökumət təşkilatları isə onu mətbuata ötürür, dərc edir, daha sonra bəzi ekspertlər bundan istifadə edirlər. Çox vaxt bu təşkilatlar öz işlərini sponsor qarşısında əsaslandırmaq üçün faktları saxtalaşdırırlar. O cümlədən, onların birtərəfli fəaliyyəti lobbi proqramının bir hissəsi də ola bilər.
Amma bütün qərəzkarların nəzərə alması lazımdır: Azərbaycanın inkişafı, uğurları təkcə regionda deyil, bütün dünyada tanınır. Ölkə inanılmaz sayda xarici tərəfdaşlarla fəal əməkdaşlıq edir, milyonlarla avropalı Azərbaycan layihələrinə ümid bəsləyir. Önəmli olan odur ki, ölkəmiz heç vaxt verdiyi sözdən, götürdüyü öhdəlikdən imtina etməyib.
Təbii ki, bu mənzərəni korlamaq istəyənlər həmişə olacaq. Anti-Azərbaycan qüvvələr nəinki psevdoekspertlərdən istifadə edir, həm də uzaqgörən bəhanələrlə kampaniyalar təşkil edir ki, ölkəmizin xarici tərəfdaşlarla sabit münasibətlərinə nifaq salsınlar. Kiçik, lakin özünü təmin edən, inkişaf edən və ən əsası, siyasi cəhətdən müstəqil dövlət tənqidçilərin ürəyincə deyil.
Kopelyan kimilər isə absurd fikirlərini heç cür əsaslandıra bilmirlər. Bu da təəccüblü deyil, çünki yalançı səbəblər azdır, yeni fantaziyalar ortaya çıxarmaq mümkün deyil, ya da sifarişçi tələb etmir. Bu tendensiya, əslində, çox şey deyir: anti-Azərbaycan qüvvələrə nədən yapışdıqları maraqlı deyil, faktın özü vacibdir, onlara konveyer lazımdır.
XXI əsrdə yaşayırıq. İstənilən insan bu gün nəinki Azərbaycana gəlib əldə edilən nəhəng uğurları öz gözləri ilə görə, həm də anti-Azərbaycan isterikasının nə qədər absurd və yalan olduğunu öyrənə bilər. Ölkəmizdəki internet azadlığı sayəsində informasiyaya pulsuz çıxış da tənqidçilərə ən yaxşı cavab və zərbədir.