“Əlillik ala bilməyən qazi intihar etdi”, “Dərman ala bilməyən qazi intihar etdi” və s... Bu cür xəbərlərlə açılan günlərimizin sayı artıb. Cəbhəyə qürurla yola salıb, toy-bayramla qarşıladığımız Vətən müharibəsi iştirakçıları və qazilər indi heç tərəddüd etmədən özünə qıyır. Müharibədən qayıdanda medallarla təltif edilən həmin qəhrəmanlardan geriyə biri-birini ittiham edən dost-tanış, günahkar axtaran qohum-əqrəba, el-oba qalır. Təbii ki, bir də çoxlu suallar. Ən böyük sual isə niyədir. Niyə intihar edirlər?

Faktyoxla Lab. bunun səbəbini araşdırmağa çalışıb.

Psixoloji problemlər sosial problemlərlə birləşəndə

Qazilərin intiharı faktlarını daha çox sosial problemlərdə görənlər çoxdur. “Dərman qəbul edirdi. Dərmanın qiyməti 700 manat idi. 2 aya yaxındır ki, pensiyası kəsilib. Nəticədə dərmanını da ala bilmirdi. Qardaşım gedib icra hakimiyyətindən kömək istəyib, onlar da etməyib” – cümlələri qazi qardaşını itirən birinin irəli sürdüyü SƏBƏBdir və bu səbəb ölkəmizdə baş verən intiharların əksəriyyətini izah edir.

Psixologiya üzrə fəlsəfə doktoru, “Orvita” Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru Ramidə Oqtayqızı da sosial problemləri önə çəkir. Onun sözlərinə görə, şəxsin psixoloji problemi sosial problemlərlə birləşəndə, fəsadların olması labüdləşir: “Hətta psixoloji travmaların artmasının səbəbi də sosial problemlərin aktiv olmasıdır. İntihar özünü həyatdan məhrum etmək deməkdir. Bu, o qədər də asan formalaşan fikir deyil. Onun formalaşması üçün bir neçə saat, bir neçə gün deyil, uzun müddət tələb olunur. Elə ki formalaşdı, insan əvvəlcə müəyyən yollarla intihara hazırlaşdığını deyir. Hayqırır, qışqırır, müxtəlif yollarla beynində yetişməkdə olan intihar fikrinin siqnalını verir.  Səsini eşitməyəndə, çarəsiz qalanda, əli heç kimə çatmayanda, son çarə olaraq özünə qəsd edir”.

 “Vyetnam sindromu”na dair iz axtarışları

Müharibə iştirakçılarını hər zaman ölümə sürükləyən sosial problemlər olmur. Məsələn, Gədəbəy rayonunun Çanaqçı kəndində Vətən müharibəsi iştirakçısı, 22 yaşlı İsmət Babakişiyevin intiharında səbəb sosial problemlər deyil. Ən azı... İsmət Babakişiyevin özü heç kimin təqsirkar saymayıb. Yəni, ölümündən öncə yaxınlarına “heç kim təqsirkar deyil” deyə yazdığı məktubla ailəsini də, cəmiyyəti də günahkar axtarmaq “dərdi”ndən xilas edib. Bəs, hər hansı xəstəliyinin və maddi probleminin olmadığı deyilən İ.Babakişiyevin intihar səbəbi nədir?

Bu dəfə nəzərlər müharibədə yaşananlara yönəlir. Şuşanın, Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə və “Şücaətə görə” medallı bu gənc Vətən müharibəsində Şuşanın yaxınlığında 24 gün mühasirədə qalıb, evinə geri döndükdən sonra da müharibənin təsirindən çıxa bilməyib.

Psixologiya üzrə fəlsəfə doktoru, “Orvita” Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru Ramidə Oqtayqızının sözlərinə görə, müharibə iştirakçılarında müharibədən sonra posttravmatik stress pozuntusu çox rastgəlinəndir: “Bu problem 6 aydan 3 ilədək davam edir. Ancaq müalicə olunaraq zamanla aradan qalxır, müəyyən dövr keçəndən sonra hətta xoş xatirəyə belə çevrilir”.

Psixoloqun fikrincə, insanların müharibədə aldıqları travmalar psixoloji durumunda problemlərə, yuxusuzluq, səslərin  beyində fon formasında əksi kimi narahatlıqlara səbəb olur, normal həyata adaptasiyalarını çətinləşdirir: “Ancaq post-travmatik stress pozuntusu çox nadir hallarda intihara gətirib çıxarır”.

Qazi intiharlarının son vaxtlar intensivləşməsi, maddi problemi, yarası, əlilliyi olmayan müharibə iştirakçılarının ölümü düşüncələrdə başqa bir versiyaya yol açıb. Yoxsa, Azərbaycanda “Vyetnam sindromu” yaşanır? Mətbuatda ara-sıra “Vyetnam sindromu” izi axtaranların əksinə olaraq, R. Oqtayqızı bu fikirlə razılaşmır. Onun sözlərinə görə, Vətən müharibəsində Vyetnam sindromuna bənzəyən hadisələr yaşanmayıb: “Amerika əsgərləri ağır psixotrop maddələrin, narkotiklərin təsiri altında affekt vəziyyətində ağlagəlməz vəhşiliklər törədib və sonradan həmin maddələrin təsiri keçəndən sonra buna dözə bilmirdilər. Nəticədə, müharibədən sonra kütləvi intiharlar baş verirdi. Qazi və müharibə iştirakçılarımızın psixoloji durumu ilə “Vyetnam sindromu” arasında heç bir uyğunluq və oxşarlıq görmürəm. “Vyetnam sindromu” daha ağır narsizmlə baş verən hallardır. Mən qazi və müharibə iştirakçıları ilə çox işləyirəm. Qazilərin diaqnostik qiymətləndirilməsində “Vyetnam sindromu”nu əks etdirən əlamətlərə rast gəlməmişəm. Onların ağır problemləri var, məsələn, posttravmatik stress pozuntuları, depressiv hal, sosial statusun aşağı olması, kəllə-beyin parçalanmasından irəli gələn ağır kəllə-beyin travmalı qazilər çoxdur.  Müharibədən sonrakı ilk 3-4 ay ərzində “Niyə o öldü, mən sağ qaldım?”, “Yanımda dostum şəhid oldu, parçalarını əllərimlə topladım”- kimi fikirlərə çox rast gəlinirdi. Müharibənin ilk vaxtlarında isə düşmənə qarşı qisas hissi daha güclü idi. Artıq nə qisas, nə günah hissi yoxdu. İndi qazilərimiz müharibədə iştirakından məmnundurlar. Evlənənlər çoxdur. Artıq qazilərimizdən “Getdim, vətənə xidmət etdim”, “müharibədə iştirak elədim, “dostlarıma kömək elədim”, - kimi fikirlər, özü ilə qürur duyan ifadələr daha çox eşitmək olar. Hiss olunur ki, həyata tutunublar. Hətta dərman müalicəsinə ehtiyacı olanlar da azalıb. İndi problemlər daha çox regionlarda yaşayan qazilərdə qalıb”.

Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti , Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının sədri, Vətən müharibəsində Füzuli Diaqnostika Mərkəzində yüzlərlə yaralını əməliyyat edən cərrah Oqtay Mehdiyevin sözlərinə görə,  44 gün davam edən müharibənin vurduğu və bir çoxunda ömürlük davam edəcək ciddi yaralar var: “Artilleriya müharibəsinin xüsusiyyətidir - ömür boyu müalicəyə ehtiyacı olacaq kantuziya almış yaralılarımız çoxluq təşkil edir”.

Günahkar axtaraq, yoxsa çarə?

Oqtay Mehdiyev  hesab edir ki, bir-birinin ardınca baş verən intiharlarda hansısa sindrom izi axtarmaq lazım deyil: “Əgər bir qazi intihar edirsə, başqa yerdə günahkar axtarmağa ehtiyac yoxdur, günahkar hər birimizik. Müharibədə gördüyümüz o birlik lazımdır. Onlar nə istəyir ki? Qazilərə bir xoş söz yetər. Havadan nəm qapan insanlardır hər biri, bir çəp baxışdan təsirlənirlər. Xoş qarşılayıb, ac yola sal, onlara dünyaları vermiş olarsan. Bu məsələdə günahkar axtarıb kimisə işarələmək səhvdir. Günahkar hər birimizik. Müharibədən sonra da qazilərlə işimizi davam etdiririk. Cəlilabaddan olan qazimiz Savalan Məlikov “Tüpürüm bu həyata” deyə bir paylaşım etmişdi. Vaxt itirmədən onun yanına getdik, hal-əhval tutduq, problemləriylə maraqlandıq, sadəcə diqqət göstərdik. Problemlərini dövlətimizin dəstəyi ilə çözdük. İndi gedin soruşun, xoşbəxtdir. Nə həyatdan şikayəti var, nə də ağrılarından. Müharibədə əməliyyat etdiyimiz qazilərin hamısıyla əlaqələrimiz var. Hər birini yaxından izləyirik. Problemlərinə əlimizdən gəldiyi qədər kömək eləməyə çalışırıq. Heç nə etməyəndə, sadəcə bir axşam çaya dəvət edirik, diqqət göstəririk. Onlar heç nə istəmir, sadəcə diqqət, qayğı görmək istəyirlər, vəssalam. Bunu bir millət olaraq onlara verə bilmiriksə, başqa sözə də, günahkara da ehtiyac yoxdur”.

Psixoloq R.Oqtayqızı hesab edir ki, hazırda həm qazilərimiz, həm dövlətimiz müharibədən sonrakı adaptasiya dövrünü keçir. Bu da hər ölkədə olduğu kimi, bizdə də fəsadlara səbəb olur. Bunu faciəyə çevirmək lazım deyil: “Dövlət və bir neçə özəl müəssisə qazilərə yardım göstərir. Bu istiqamətdə hər hansı problem yoxdur. Azərbaycanda intiharlar kütləvi, vəziyyət elə ağır deyil ki, qazilərin cəmiyyətə adaptasiyası, müalicə və reablitasiyası ilə bağlı bütün işləri dövlət öz üzərinə götürməlidir, deyə həyəcan təbili çalaq. Amma reablitasiya, psixoloji dəstək uzun müddət lazımdır. Bununla yanaşı, sosial problemlər dura-dura müharibə iştirakçısı və qazilərin psixologiyasını düşünmək, psixoloji problemlərini həll etmək istəyi quyuya vedrə ilə su doldurmaqdır”.

R.Oqtayqızı təklif edib: “Sosial psixoloqlar, sosioloqlar və psixoloqlar, psixoterapevtlər işə qarışmalıdırlar. Bununla yanaşı,  dövlət əsas gücünü müharibədən qayıdanların sosial statusunun təmin olunmasına yönəltməlidir. Hər şeyi dövlətdən gözləyib özümüz də kənarda durmamalıyıq. Hər birimiz qazi və müharibə iştirakçılarının problemlərinə qarşı həssas yanaşmalıyıq. Onları birlikdə həll etməyə çalışarıqsa, intihar nəinki azalar, ümumiyyətlə, baş verməz”.

Psixoloq R.Oqtayqızının fikrincə, posttravmatik stress pozuntusu insanın sosial təminatı yaxşılaşanda, diqqət hiss edəndə öz fonunu dəyişir, yumşalır: “Müharibədən sonra qazilər ətrafdakı insanlardan diqqət gözləyirlər. Bunu hiss etmək tələbatı yaranır. Diqqət mərkəzində olmaq, sevgi ilə əhatə olunmaq istəyirlər. Onlar nə qədər çox sevənin əhatəsində olarsa, qəsəbə, şəhər içərisində insanlar tərəfindən nə qədər çox dəyərləndirilərlərsə, bir o qədər çox xoşbəxt olarlar. Sadəcə kütləvi yerlərdə məhz onları önə çəkməklə intihar faktlarının qarşısını almaq, onlara özünü xoşbəxt hiss etdirmək çətin deyil”.

Oqtayqızı hesab edir ki, hər hansı bir müharibə iştirakçısı son çarəni özünü öldürməkdə görür, intihar həddinə çatırsa, bu, insanların, insanlığın problemidir: “Günahkar məhz onun ətrafındakı insanlardır. Hər birimiz istər vətəndaş olaraq, istər yaşadığımız kənd, şəhər, qəsəbə içərisində, istərsə də ailədə onlara qayğı göstərməliyik”.

Nəticə:

Hər kəs – həkimlər, psixoloqlar, yazarlar çıxış yolunu birlikdə görür. Bu gün vəziyyət çox ağır deyil bəlkə, amma arxayınlaşmamalıyıq. Qazilərimizin problemləri var, ancaq həllolunandır. Elə edə bilərik ki, onların yaraları sızlamaz, sosial problemləri qalmaz. Hətta problemləri gözlərinə belə görünməz. Odur ki, bir xoş münasibətlə yumşalacaq posttravmatik stress pozuntusunu “sindrom”a çevirməyək, bir olub müharibədən qayıdan insanlarımızı həyata bağlayaq.