Tairxçi Altay Göyüşovun rəhbəri olduğu "Bakı Araşdırmalar İnstitutu" (BAİ) Azərbaycanda boşanmaların sayının artması və bu statistikaya nəzərən ölkəmizdə demoqrafik vəziyyətin qeyri-qənaətbəxş olmasına dair infoqrafika-araşdırma dərc edib.

2015 və 2020-ci illərdə boşanma statistikasını müqayisə edən qrup üzvlərinin fikrincə, Azərbaycanda regionlar üzrə əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı son 5-6 ildə artıb. Belə ki, 2015-ci ildə hər min nəfərə 1,3 əmsal təşkil edirdisə, 2020-ci ildə bu rəqən 1,5 olub.  


Faktyoxla Lab. olaraq BAİ-nin iddiasını araşdırdıq. Müəyyən etməyə çalışdıq ki, doğrudanmı Azərbaycanda bağlanan nigahlar azalır, boşanmalar isə artır?

Son illərin statistikasına diqqət etsək görərik ki, Azərbaycanda evlənən cütlüklərin sayı hər il artır və boşanmaların sayınını cüzi çoxalmasına rəğmən, yenə də ümumilikdə nigahların dinamikası daha üstündür. Belə ki, 2015-ci ildə ölkəmizdə qeydiyyat şöbələri tərəfindən 68,8 min nikah, 12,8 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstəricilər müvafiq olaraq 7,2 və 1,3 olub. (Mənbə)

Sonrakı illərdə də ölkəmizdə hər il təxminən 63-64 min nəfərin rəsmi evliliyi qeydə alınıb. Boşanmaların sayı isə 13-14 min civarında qalır. Yəni, Azərbaycanda hər 1000 nəfərə düşən nigah və boşanmların sayı 6,5 (nigah) -1,4 (boşanma) əmsalı əsasında dəyişir. Bu göstərici dünya ölkələri ilə nisbətdə 4-5 dəfə daha yaxşı demoqrafik vəziyyətin olmasına dəlalət edir. (Mənbə: Dövlət Statistika Komitəsi). 

Azərbaycanda nigahların sayının azalması və nigah-boşanma nisbəti üzrə əmsalın (3,5-1,7) yaxınlaşması yalnız 2020-ci ildə qeydə alınıb. Bu da 2020-ci ildə koronavirus pandemiyası ilə bağlıdır. Həmin ildə bütün ölkələrdə sərt karantin tədbirləri nigahların sayının azalmasına səbəb oldu. Nəticədə bütün ölkələrdə bağlanan nigahların sayının azalması sayəsində nigah və boşanma arasında nisbət dinamikası artdı. Vurğuladığımız kimi Azərbaycanda da xarakterik halın baş verməsi məhz pandemiyanın kəskin xarakter aldığı yalnız 2020-ci ildə təsadüf olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci ilin mart ayından tətbiq edilən sərt məhdudiyyətlər toy və nişan mərasimlərinin keçirilməsini də qadağan etdiyindən nigahların sayında azalma baş verdi. Belə ki, 2020-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cəmi 35 min 348 nikah qeydə alındı, bu,  2019-cu ilə nisbətən 45,3 faiz azalma deməkdir. Bu amil sözsüz ki, boşanma ilə bağlı statistikaya da öz təsirini göstrdi və nigah-boşanma statistikasında əvvəlki 3-4 dəfəlik fərq 2,5 dəfəyə düşdü. (Mənbə)
Ancaq bu fərq nisbətinin müvəqqəti xarakter daşıdığını pandemiya qadağalarının yumşaldılmasından dərhal sonrakı 5-6 ayda görə bilərik. 2021-ci ilin iyul ayının 1-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi müvafiq qaydalara riayət olunmaqla nişan və toy mərasimlərin keçirilməsinə icazələrin verilməsi nigahların sayının artmasına səbəb oldu və nəticədə ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56.314 nikah və 17.191 boşanma halları qeydə alındı. Beləliklə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2020-ci ilə nisbətən 60 faiz artaraq onun səviyyəsi 5,6, boşanma səviyyəsi isə 13,3 faiz artaraq 1,7 təşkil etdi. Daha da dəqiqləşdirsək, nigahların sayı boşananların sayını 3,8 dəfə üstələdi. (Mənbə)


2022-ci ilin ötən ayları ərzində nigah-boşanma tendensiyası üzrə vəziyyət bir daha  onu təsdiqləyir ki, Azərbaycanda demoqrafik vəziyyətin göstəricilərindən biri olan nigah və boşanma nisbəti pisləşməyib, əksinə yaxşılaşıb. Məsələn, 2022-ci ilin yanvar-fevralında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5672 nikah və 2417 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,9 boşanmaların sayı isə 1,5 olub. Yəni, əhalinin hər 1000 nəfərinə nikahların sayı pandemiya dövründəki 3,5-dən 5,9-a qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb. (Mənbə)

Göründüyü kimi 2020-ci ildə boşanma statistikasında nisbi artım birbaşa demoqrafik amillə bağlı deyil, qlobal pandemiyanın yaratdığı ağır məhdudiyyətlərdən doğan proseslərlə bağlıdır. Pandemiyanın diqtə etdiyi qadağaların isə aradan qaldırılması nigahların dinamikasında müsbət tendensiyanın artdığını göstərir. Xüsusilə də pandemiya məhdudiyyətləri dövründə nigahların kəskin azalmasını qonşu və yaxın region ölkələri, eyni zamanda, Avropa dövlətlərinin timsalında da aydın şəkildə görə bilərik. Ancaq məsələ ondadır ki, Azərbaycandan fərqli olaraq əksər ölkələrdə nigahların sayının azalması ilə boşanmaların sayının artması arasında dinamika təkcə, pandemiya amilə ilə bağlı deyil, həm də həmin dövlətlərdə ailə institunun daha pis vəziyyətdə olması ilə əlaqədardır. Azərbaycan və Şərq (islam) ölkələrini istisna etsək, nigah və boşanmalarla bağlı vəziyyət əksər dünya ölkələrində eynidir.

Son illərdə Ermənistan və Gürcüstanda nigahların sayında azalma, boşanmalarda isə artım qeydə alınmaqdadır. Bu ölkədə 2020-ci ildən başlayaraq hər il nigahların sayı aşağı düşür, boşanma sayı isə əvvəlki ilə nisbətən artır. Bu müqayisəli dövrdə nikahların sayı da azalıb. Məsələn, təkcə 2022-ci ilin ilk rübündə 2021-ci ilin ilk üç ayı ilə müqayisədə 1038 az nikah qeydə alınıb. Amma boşanmaların sayı 117 say artıb. (Mənbə: armeniasputnik)


Yaxud, Gürcüstanda son 8 ildə nigahların sayı 50 faizdən çox azaldığı halda, boşanmalarda 25 faizdən çox artım baş verib. Belə ki, 2013-cü ildə bu ölkədə 34 min 693 cütlük nigaha daxil olubsa, 2021-ci ildə bu rəqəm 23 minə düşüb. Boşananlar isə 8 il əvvəl 8 min 89 olubsa, 2021-ci ildə bu göstərici 10 min 654-ə yüksəlib. (Mənbə: sputnik-georgia)


Orta Asiyanın çoxnigahlı ölkələrində, Özbəkistan, Türkmənistan və Tacikistanda belə son illərdə nigahların sayına nisbətən boşanmaların sayı artmaqdadır. Məsələn, demoqrafik artımın ən çox geniş olduğu ölkələrdən biri olan Tacikistanda hər il boşanmaların sayı minlərlə artır. 2020-ci ildə bu ölkədə 10 min 536 boşanma halı qeydə alınıbsa, 2021-ci ildə bu rəqən 13 min 741-i ötüb. Həmçinin,  koronavirus pandemiyası səbəbindən ölkədə nigahların sayında da azalma baş verib. (Mənbə)

Rusiyada hər min nəfərə düşən boşanma əmsalı 4,7 vahiddir. Belarusda bu rəqəm  3,4, Latviyada və Ukraynada 3,1, Qazaxıstan və Litvada 3-ə bərabərdir. (Mənbə)

Son on ildə Avropa İttifaqı (Aİ) ölkələrində, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində hər 1000 nəfərə düşən nikahların sayı kəskin azalıb, boşanmaların sayı isə artan silsilə üzrə davam etməkdədir. Belə ki, Aİ ölkələrində hər 1000 nəfərə düşən boşanmaların əmsalı 2-3,5 vahid təşkil edir. Yəni Azərbaycanla müqayisədə 2-3 dəfə çox. Nigahların sayı isə 2,5- 3,2 əmsala bərabərdir. (Mənbə: eurostat) Azərbaycanda hər 1000 nəfərə 3,5 vahiddir. 

Beləliklə, Avropa və əksər dünya ölkələrində nigahların hər 1000 nəfərə düşən sayı ilə hər 1000 nəfərə düşən boşanmaların sayı (2-3) demək olar ki, eynidir. Bu isə demoqrafik böhran üçün əsas amillərdən biridir.
Sözsüz ki, nigahların dinamikasının daha üstün olması həmin ölkələrdə doğulan uşaqların sayının da artmasına ciddi şəkildə təsir göstərir və bu da əhalinin təbii artımı, demoqrafik inkişaf üçün başlıca şərtlərdən biridir. Yuxarıda da vurğuladıq ki, Azərbaycanda hər 1000 nəfərə düşən nigahların sayı boşanmaların sayını 2,5-3 dəfə üstələyir. Bu baxımdan Azərbaycandakı durum əksər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşıdır və demoqrafik durumla bağlı ciddi narahatlıq doğurası hal yoxdur. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda əksər ölkələrə nisbətən ailə instititu daha güclü və dayanıqlıdır.

Nəticə: Altay Göyüşovun rəhbərlik etdiyi Bakı Araşdırmalar İnstitutunun (BAİ) Azərbaycanda boşanmaların sayının artması və bu statistikaya nəzərən ölkəmizdə demoqrafik vəziyyətin qeyri-qənaətbəxş olmasına dair araşdırması

  • - qərəzlidir
  • - Azərbaycanda əhalinin təbii artımı, demoqrafik inkişaf, ölkəmizdə möhkəm təməllər üzərində bərkiyən ailə institunun gözdən salmağa çalışan niyyətlər qabarıq görünür.
  • - ekspertlərin əksər arqumentləri dünya praktikasındakı metodoloji müqayisələrdən kənar aparılıb.
  • - 2015-2020-ci illərin müqayisəsi aparılarkən Koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlər bəlli olmayan səbəblərdən nəzərə alınmayıb.