ABŞ-ın və Qərbin sanksiyaları, maliyyə-bank sektorlarına müxtəlif məhdudiyyətlərin tətbiqi Rusiyada bir çox şirkətlərin bazar rentabelliyini pozduğundan onlar alternativ yollar axtarışlarını davam etdirməkdədir. Rusiyanın maliyyə sektorunda çalışan bəzi bacarıqlı mütəxəssisilər Asiya, Orta Şərq və MDB-nin bəzi regionlarına miqrasiya edərək fəaliyyətlərini bu ünvanlarda yeni mühitə uyğun qurmağa çalışırlar. Onların sırasında erməni əsilli, yaxud ermənilərə daha yaxın olanlar da vardır ki, Ermənistana üz tutublar. Ancaq onlar bu yoxsul, bədnam və monoetnik ölkədə bir sıra “sürprizlər”lə qarşılaşırlar.
Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, Ermənistana gələn rusiyalı miqrantlar “isti” erməni qonaqpərvərliyi ilə qarşılaşıblar. Söhbət miqrantların gəlişindən sui-istifadə edən erməni daşınmaz əmlak bazarının dəlalları və kirayə evlərin sahiblərindən, həmçinin, digər xidmət sahələrində və bank-maliyyə qurumlarında çalışan məmurların süni əngəllərindən gedir. Rusların ən böyük narazılığı bankların müxtəlif əsassız bəhanələrlə Rusiyadan gələn vətəndaşlara xidmətdən imtina etməsi və hesab açmamasıdır. Sitat: “Artıq redaksiyaya Rusiya vətəndaşlarından onlarla şikayət daxil olub. Mərkəzi Bank qeyri-rezidentlərə xidmət göstərilməməsi ilə bağlı şifahi göstəriş verildiyini təkzib edir. Bu arada, mənbələrimizə görə, Ermənistanda akkreditə olunmuş Qərb səfirliklərinin səfirləri şəxsən bank menecerləri ilə əlaqə saxlayıb və xəbərdarlıq ediblər ki, əgər Rusiya vətəndaşlarına xidmət etsəniz, “SWIFT” sistemindən çıxmağınız da daxil olmaqla, sizə qarşı sanksiyalar tətbiq olunacaq”. (Mənbə)
Erməni mediası bildirir ki, kirayə əmlak bazarında son bir ayda aktivlik artıb və onların sırasında Rusiya Federasiyasının vətəndaşları ilə yanaşı, milliyətçə ermənilər də var. Rusların Ermənistanı seçməsinin əsas səbəbi vizasız rejim və onların ölkəyə pasportsuz gəlmək imkanının olmasıdır. Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olduğuna görə, rusların xüsusi iş icazəsinə ehtiyacı yoxdur.
Siyasi şərhçi Arşaluys Mqdesyan hesab edir ki, Ermənistana gələnlər barədə dəqiq statistika yoxdur. Gələnlərin böyük bir qismi ermənilərin özləridir, onlar Rusiyadakı vəziyyətin pisləşməsini və rublun kəskin ucuzlaşmasını nəzərə alaraq qayıdırlar. Miqrasiya edən Rusiya vətəndaşlarının əksəriyyəti gənclərdir, onlar ümumi səfərbərlikdən qorxaraq ölkəni tərk edir. Rusların böyük əksəriyyəti isə Gürcüstana köçmək üçün Ermənistandan platforma kimi istifadə edir. Mənbə
“Meduza” xəbər agentliyi İrəvana gələn ruslarla bağlı reportajda bildirir ki, ev və ofis axtaranlar qısamüddətli kirayə haqqı ilə maraqlanırlar. Bu da onu göstərir ki, onlar burada çox qalmaq niyyətində deyil, müvəqqəti məskunlaşmadır. Miqrantların böyük bir qismi sənaye sahəsi üzrə ixtisaslaşmış İT şirkətləridir. Onlar Qərb bazarları ilə birbaşa əlaqəli olanlardır. Məhdudiyyətlər onların öz ölkələrindən iş və xidmətləri həyata keçirməyə mane olduğundan kənardan bu işi görməyə məcburdurlar. Onların bir çoxu müvəqqəti olaraq xarici ölkələrlə alış-veriş saytlarında, müxtəlif elektron ticari platformalarda təcrübə toplamış insanlardır. Rusiyanın İT şirkətlərinin bəzi işçiləri, məsələn, “Yandex” və “Perm İT”nin əməkdaşları öz elektron ofislərini Ermənistana “evakuasiya” etməklə əvvəlki müştərilə ilə buaradan rabitəni bərpa etməyə çalışırlar.
Rusların İrəvana və digər şəhərlərə gəlişindən ən çox sevinən evlərini kirayə verən əmlak sahibləri və maklerlərdir. Onların əlinə yaxşı fürsət düşüb, böyük qardaş dedikləri rusların maliyyə vəziyyətinin pis olması onların heç eyninə deyil, onlara pul lazımdır, ona görə də, fürsətdən sui-istifadə edərək icarənin qiymətini 2 dəfəyə yaxın bahalaşdırırlar. Mənzillərə tələb artdığından rieltorlar ev sahibləri ilə sövdələşərək daha baha qiymət təyin edirlər. Erməni rieltor və hostel inzibatçılarının fikrincə, mənzillərə tələb əvvəllər 40% səviyyəsində idi, indi 75-80%-ə qalxıb, nəticədə icarə evlərin dəyəri ən azı 40-50 % bahalaşıb. Bu isə rahatlıq üçün İrəvanı seçən miqrantların narazılığına səbəb olmaqdadır. Mənbə
Fürsətçillər İrəvanın mərkəzindəki mənzilləri daha çox bahalaşdırıblar. Zeytun, Arabkir, Ajapnyak inzibati ərazilərində 2 otaqlı mənzilin aylıq kirayəsi 350 min drama (700 dollar), bəzi mənzillərin icarəsi isə 500 – min 750 min drama (1000-1500 dollar) qaldırılıb. Mərkəzdəki 4-5 otaqlı mənzillər isə 1700-2000 dollara təklif olunur. Mənbə
Miqrantlar deyir ki, İrəvanda evlər bahalı olduğundan kənarlara, hətta paytaxtdan 100 km aralıda yerləşən Gümrü şəhərinə, oradan isə Gürcüstana köçmək barədə düşünürlər. Restoran və yeməkxanalar da rusların gəlişindən sui-istifadə edərək qiymətləri bahalaşdırıblar. Mənbə
Məsələ ondadır ki, bu vəziyyət ən çox elə sadə ermənilərin özünə zərər verməkdədir. Məsələn, ruslar əlacsız qalıb kirayə ofis və ev üçün artırılmış qiymətlərlə razılaşırlar. Nəticədə ucuz kirayə axtaran erməni vətəndaşlarının özü ucuz mənzil tapa bilmirlər. Miqrantların boş evləri tutması kirayə tapa bilməyən ermənilərin küçələrə düşməsinə, soyuq günlərdə şəhərin ən ucqar yerlərində səliqəsiz və şəraiti olmayan evlərə köçməsinə səbəb olur. Bu isə daxili narazılıqları artırır.
Ermənistanda mənzil “qonaqpərvərliyi” ilə qarşılaşan ruslar bank “sürprizləri” ilə də üzləşirlər. Rusların kartları bloklandığından Ermənistanza gəlməklə buradan öz fəaliyyətlərini davam etdirmək istəyirlər. Bu zaman, təbii ki, onlara beynəlxalq ödəniş sistemlərinə çıxışı təmin edəcək bank hesabları açmaq lazımdır. Sanksiyalardan sonra Rusiya vətəndaşlarının plastik kartlardakı hesablarının dondurulması onların xarici ölkələrlə pul köçürmələri, səfərlər zamanı əməliyyatlar aparmasını məhdudlaşdırıb. Bu səbəbdən ruslar “Visa” və “Mastercard” ödəniş sistemlərinə qoşulmaq üçün İrəvandakı erməni banklarına müraciət edirlər. Bunun üçün bir sıra problemlər meydana çıxır.
Ermənistan bankları onlardan müvəqqəti yaşamaq haqqında arayış və digər sənədlər tələb edir. Ermənistan Mərkəzi Bankı rusiyalıların banklarda hesab açmaq istəklərini izah edərkən bəyan edib ki, qanunvericilik qeyri-rezidentlərə hesab açılmasını və pul köçürmələrini qadağan etmir. Ancaq bununla belə, həmin hesablar açılarkən ölkənin bank təhlükəsizliyi məqsədilə rusların şəxsi məlumatları dərindən araşdırılır. Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan daha əvvəl bildirib ki, martın əvvəlindən ölkənin bank sisteminə 6,5 minə yaxın qeyri-rezident artıq daxil olub. O qeyd edib ki, onlara qarşı sərt tələblər qoyulur. Onlara vergi qanunları, Qərbin sanksiyalarından irəli gələn tələblər, əməliyyatların aparılacağı ölkələr, valyutanın növü və digər məsələrlə bağlı qaydalar izah edilir. Mənbə
Ermənistanın bank qanunvericliyində də açıq şəkildə qeyd edilib ki, hesab açmaq üçün sadəcə pasport, Rusiya pasportu kifayətdir. Eyni zamanda, ölkədəki mobil operatorların “SİM kart”ını alaraq identifikasiya kodunu qeydiyyatdan keçirmək yetərlidir. Bankların digər rəsmi tələblər siyahısı yoxdur. Lakin qeyri-rezidentlərdən gəlir haqqında arayış təqdim etmələri xahiş oluna bilər, onu Dövlət Sosial və Əmək Xidmətlərinin saytında yükləmək və ya işəgötürəndən tələb edirlər. Yaxud fərdi sahibkarlardan “My Tax” proqramında müvafiq məlumatları doldurmaq tələb edilir. Mənbə
İrəvana yeni gəlmiş rusiyalı miqrantların təbii ki iş yerləri olmadığından və ya fərdi sahibkarlıq fəaliyyətinə başlamadğından onlardan vergi və yaxud sosial hesabatlarla bağlı məlumatları doldurmağı tələb etmək ələsalmadır. Rusiyalı miqrantlar qarşısında qoyulmuş əsas “prosedurlar”dan biri onların “çirkli pulların” yuyulmasında və terrorizmin maliyyələşdirilməsində iştirakının olub-olmamasının “araşıdırılmasıdır”. Adi kart hesabı açılın zaman FATCA (Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı) prosedurları tələb edilmədiyi halda, erməni bankları bunu ruslara şamil etməyə çalışır. Məlumdur ki, FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin açıqlanmasıdır. Erməni hökuməti bu cür şərtlərin irəli sürülməsini qeyri-rezidentlərlə bağlı valyuta və bank qanunvericiliyi, bank xidmətlərinin konfedensiallığı, xidmətlərin təhlükəsizliyi və risklərin idarə edilməsi və digər normativ hüquqi aktlarla əlaqələndirir. Ancaq rusların bu ölkədə VÖEN açmadığı, fəal bizneslə məşğul olmadığı halda belə bir tələblərlə üzləşməsi sözsüz ki, əsassızdır. Heç bir ölkədə ödəniş, yaxud debet, taksit və yaxud cashbank kartı aldıqda şəxsiyyət vəsiqəsindən əlavə heç nə tələb olunmur.
Sadə ruslara, heç bir böyük gəliri və xaricdə əmlakı və aktivləri olmayan gənc İT mütəxəssislərinə qarşı bu cür “şübhələr”in meydan çıxması və “mühafizəkar yanaşma”, əslində anti-Rusiya sanksiyaları şəraitində rus müştərilərini Ermənistan banklarından bezdirərək üz döndərməsinə xidmət edir. Nəticədə bu sənədləri almaqda çətinlik çəkən ruslar dövlət qurumlarındakı bürokratiya və Qərbin təzyiqlərindən ehtiyatlılıqdan doğan süni əngəllərə dözməyərək kart almaqdan imtina etməli olurlar.
Göründüyü kimi ürək qızdıraraq xristian qardaşları hesab etdikləri Ermənistana müvəqqəti olaraq gələn rusiyalılar burada gözləmədikləri “iltifatla” - erməni hiyləgərliyi, tamahkarlığı və riyakarlığı ilə qarşılaşmaqdadır. Bu hadisə bir daha özlərini dünyaya mədəni və qonaqpərvər kimi təqdim etməyə çalışan erməni simasının gerçək obrazını nümayiş etdirir.