Bir neçə gün əvvəl Ermənistan mətbuatı məlumat yaydı ki, "Karyak Media" şirkəti fəaliyyətini dayandırıb. Bu barədə şirkətin qurucularından biri Samvel Farmanyan məlumat verib
Farmanyan bildirib ki, şirkətə daxil olan "ArmNews" telekanalı, "ArmNews FM" radiosu və "Tert.am" saytı bağlanıb. O qeyd edib ki, media şirkətinin fəaliyyəti ilə bağlı uzun müddətdir suallar yaranmışdı. Bu müddət ərzində siyasi qüvvələrdən müxtəlif əməkdaşlıq təklifləri də gəlib. “Biz həmçinin satış üçün bir neçə variant müzakirə etdik, lakin siyasətimizi davam etdirməyə və getdiyimiz yola sadiq qalmağa imkan verəcək variantları tapmadıq. Ona görə də, çətin, lakin ən real qərarı verdik “, - deyə Farmanyan bildirib.
Faktyoxla Lab. tanınmış media orqanlarının cəmləşdiyi holdinqin əsl bağlanma səbəbini araşdırmağa çalışıb.
Onun sözlərinə görə, ümumi neytrallıq, ictimai apatiya, siyasi oyunçuların passivliyi onlara başqa seçim qoymayıb. Farmanyan qeyd edib ki, indiki formatda işləmək, ilk növbədə, onlar üçün yanlışdır.
“Karyak Media” (“Dördlər” Media Holdinqi) 2019-cu ilin əvvəlində, o zaman deputat olan Arman Saqatelyan, Karen Bekaryan, Miqran Akopyan, Samvel Farmanyan tərəfindən təsis olunub. Bu şirkətə "Radio 107 FM", "Tert.am", "ArmNews" telekanalı, "Love Radio" ticarət nişanları daxil idi.
Qeyd edək ki, Arman Saqatelyan, Karen Bekaryan, Miqran Akopyan və Samvel Farmanyan Ermənistan Respublika Partiyasının üzvləridir. Bu partiyanın sədri isə sabiq prezident, hazıra müxalifət liderlərindən biri Serj Sarqsyandır.
Onu da vurğulayaq ki, “Karyak Media” şirkətlər qrupuna daxil olan ticarət nişanları əvvəllər Ermənistanın ən böyük media holdinqi “PanArmenian Media Group” strukturuna daxil olub. Amma 2019-cu ilin fevralında məlumat yayıldı ki, “PanArmenian Media Group” səhmdarların tərkibindəki dəyişikliklə əlaqədar fəaliyyətini dayandırır. (Mənbə)
Ermənistan mətbuatı dəfələrlə yazıb ki, “PanArmenian Media Group” Media holdinqi Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyana məxsusdur. O, isə narıncı inqilabla devrilmiş keçmiş prezident Serj Sarqsyanın kürəkənidir.
Əslində bu prosesi belə xarakterizə etmək olar: Çoxları düşünürdü ki, Paşinyanın hakimiyyətə gəlməsi ilə Ermənistanda azad mətbuat da inkişaf edəcək. Ancaq “demokrat” baş nazirin ilk işi elə müxalif mətbuata hücum oldu. 2019-cu ildə media holdinqi əlində saxlaya bilməyəcəyini düşünən Minasyan onu qayınatasının partiyasında təmsil olunan deputatlara ötürdü. Bununla ümid etdilər ki, mətbuat orqanlarını dağılmaqdan xilas edə biləcəklər. Amma mümkün olmadı. Düzdür, bu ötürmədən sonra həmin mətbuat orqanları təxminən 3 il fəaliyyət göstərə bildi. Ancaq nəzərə alaq ki, bu müddət ərzində Ermənistan 44 günlük müharibədə sarsıdıcı zərbə aldı. Ondan sonrakı müddətdə isə Paşinyan üçün “mətbuata hücum” strategiyası bir qədər arxa plana keçmişdi. İndi ölkədə mövqelərini tamamilə möhkəmlədən baş nazir yarımçıq qalan işi – azad mətbuatı sıradan çıxartmağı sona çatdırır.
Artıq səhmdarların dəyişdirilməsi prosesi də çıxış yolu deyil. Ona görə də, mətbuat orqanları fəaliyyətlərini tam dayandırmalı olublar. Bununla bağlı Farman Salmanyanın açıqlamasında bir nüans diqqəti xüsusilə çəkir: “Siyasi oyunçuların passivliyi onlara başqa seçim qoymayıb”.
Bu aşıqlama ondan xəbər verir ki, Ermənistanda siyasi sferada da tam süstlük yaranıb. Yəni Paşinyan öz işini “mükəmməl” görüb. Əvvəlcə siyasi təqiblər aparıb, rəqiblərini zərərsizləşdirib, siyasi həyatı iflic edib, ardınca isə müxalif mediaya hücuma keçib və nəticə ortadadır. Məsələn, 2021-ci ilin iyun ayında vəkil Erik Aleksanyan keçirdiyi mətbuat konfransında bildirmişdi ki, maraqlarını təmsil etdiyimiz bir sıra müxalif siyasətçilər siyasi təqiblərə məruz qalırlar: “Təəssüf ki, Ermənistan Respublikasında siyasi təqiblər nəinki davam edir, hətta yeni müstəviyə keçib. Əgər üç il əvvəl hakimiyyət dəyişikliyindən sonra Respublika Prokurorluğu və İstintaq Komitəsi mövcud hakimiyyət tərəfindən siyasi təqib aləti kimi istifadə olunurdusa, indi elə bir vəziyyət yaranıb ki, məhkəmə sistemi də bu prosesə cəlb olunub” (Mənbə).
Vəkilin çıxışındakı “məhkəmə sistemi də təqib aləti kimi istifadə olunur” iddiasına diqqət edək. Bir neçə gün əvvəl Yerevan məhkəməsi Sünik vilayətinin hakimi Boris Baxşyan haqqında həbs qərarı çıxarıb. Məsələyə münasibət bildirən “Armenia” fraksiyasından olan müxalifətçi deputat Vahe Akopyan hesab edir ki, ölkə inamlı addımlarla diktaturaya doğru gedir. O, parlamentdə keçirdiyi brifinqdə deyib ki, hakimin həbsi "məhkəmə" və ümumilikdə "ədalət" adlanan sistemin tabutuna vurulan son mismardır.
Deputat vurğulayıb ki, belə durumda Avropa strukturları və Qərblə əlaqəli strukturlar ardıcıl olaraq susqunluq nümayiş etdirirlər: “Bu, belə qənaət yaradır ki, bu gün Ermənistan hakimiyyəti siyasi alverlə məşğuldur. Görəsən, Avropa strukturlarının susması nəyin hesabınadır? Ermənistanın indiki hakimiyyətinin nümayəndələri, xüsusən də Nikol Paşinyan onlara nə vəd ediblər?”
Öz növbəsində, həmin fraksiyadan olan deputat Lilit Qalstyan bildirib ki, Ermənistanda mövcud siyasi şəraitdə repressiyalar güclənir, hakimiyyət qollarının ayrılmasından, parlamentin müzakirəsinə təqdim olunan bir sıra qanun layihələrindən danışmaq mənasızdır. Onun sözlərinə görə, “Ermənistan” fraksiyasının bəzi deputatları, sözün əsl mənasında işgəncələrə və təqiblərə məruz qalır, ölkədə qondarma demokratiyanın və konstitusiya quruluşunun pozulması ilə bağlı ictimaiyyətə izahat verilmir (Mənbə).
Fevralın 10-da “The Economist Group”un tədqiqat və təhlil bölməsi olan “Economist Intelligence Unit (EIU)” dünyada demokratiyanın vəziyyətinə dair qiymətləndirməsini – “2021-ci il Demokratiya İndeksi”ni yayıb. Azərbaycan indeksdə Rusiya, Orta Asiya ölkələri, Belarus, İran, Əfqanıstanla bir sırada – avtoritar rejimlər qrupunda yer alıb. Qonşulardan Ermənistan (89) və Gürcüstan (91) hibrid rejimlər sırasındadır. Hesabatda Ermənistanın 2020-ci illə müqayisədə balını 0.14 vahid yaxşılaşdırdığı, 5.49 bal yığdığı qeyd edilir. O da vurğulanır ki, 2021-ci ilin vaxtından əvvəl parlament seçkisində baş nazir Nikol Paşinyan və onun Vətəndaş Müqaviləsi partiyasının qələbəsi 2020-ci ildəki geriləmədən, Azərbaycanla müharibədən sonra ölkəyə müəyyən sabitlik gətirib. Bu isə hökumətə demokratik islahat proqramını davam etdirmək imkanı verib.
Bu, “Economist Intelligence Unit (EIU)-un qiymətləndirməsidir. Bu sözlər isə birdən-birə 4 media qurumun daxil olduğu müxalif holdinq qapadılan Ermənistan haqda səslənir.
Nəticə. Ermənistanda tanınmış müxalifət media qrupunun fəaliyyətinə son qoyması Paşinyan hökumətinin son illərdə yürütdüyü avtoritar idarəetmənin, rəqibləri sıradan çıxarmağın, medianı susdurmağın, bütün günahları müxalifətin və abstrakt düşmənin üzərinə atmaqla yürüdülən siyasətin bir hissədir.