İqtisadçı Qubad İbadoğlu Beynəlxalq Şəffaflıq Təşkilatının ( “Transparency İnternational”) bu günlərdə dərc etdiyi “2021-ci il Korrupsiya Qavrama İndeksi”nin nəticələrinə istinad edərək Azərbaycanı korrupsiya səviyyəsinə görə, ən yüksək qrupda yer alan ölkələr sırasında olduğunu bildirir.
Sitat: “Bugün, beynəlxalq şəffaflıq təşkilatı dünya üzrə 2021-ci ilin yekunları üzrə korrupsiya hesabatını açıqlayıb. Azərbaycan yenə də 100 mümkün baldan 30 bal toplayaraq dünyanın 180 ölkəsi arasında 128-ci ən çox korrupsiyalaşmış ölkə olub. Müqayisə üçün qeyd edim ki, Gürcüstan 100 mümkün baldan 55 bal toplayaraq 45-ci, Ermənistan 100 mümkan baldan 49 bal toplayaraq 58-ci, Belarus 100 mümkün baldan 41 bal toplayaraq 82-ci, Qazaxıstan 100 mümkün baldan 37 bal toplayaraq 102-ci, Moldova 100 mümkün baldan 36 bal toplayaraq 105-ci, Ukrayna 100 mümkün baldan 32 bal toplayaraq 122-ci, Rusiya 100 mümkün baldan 29 bal toplayaraq 136-cı olub. Azərbaycan bal kateqoriyasında əvvəlki mövqedə qalsa da sıra sayı 180 ölkə arasında 129-dan 128-ci yerə dəyişib. Gürcüstan bal kateqoriyasnı 1 pillə yaxşılaşdırsa da, 1 il əvvəlki yerini saxlayıb, Ermənistan bal kateqoriyasını 6, sıra sayını 2 pillə yaxşılaşdırıb”.
Beynəlxalq Şəffaflıq Təşkilatının baş icraçı direktoru Daniel Erikssonun şəxsən müəllifi olduğu hesabatın ekspertləri qeyd edirlər ki, 131 ölkə son on ildə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətli irəliləyişlər əldə etməyib. Bu ölkələr siyasi islahatlar aparmayıb, demokratik dünya təcrübəsindən yararlana bilməyiblər. Cənab Eriksson deyir ki, bizim üçün əsas amillərdən biri insan haqları və demokratiyadır. Sitat: “Ən son təhlilimiz göstərir ki, insan hüquqlarının qorunması və demokratiya korrupsiyaya qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir. Vətəndaş azadlıqlarına malik ölkələr İndeksdə ümumiyyətlə daha yüksək bal toplayır”. (Mənbə).
Hesabat müəlliflərinin qənaətinə görə, Barbados adaları, Qana, Seneqal, Tanzaniya 10 ildə islahatlar aparırıb, irəliləyişlər əldə edib. Tanzaniya və Efiopiya 39 balla 87-ci yerdə, Tunis 44 balla 70-ci, Namibiya 49 balla 58-ci yerdə qərar tutub, demokratik instututların sayı və fəaliyyəti Afrika qitəsinin özündən 4-5 dəfə çox olan Türkiyə 38 balla 96-cı yerdə qərarlaşıb. Çili kimi korrupsioner və narkoölkənin 27-ci yerdə, Fici adalarının 45-ci, yaxud iqtisadiyyatın İ-si olmayan Ruandanın 52-ci yerdə olması təəccüb doğurmaya bilməz. Aşağı sıralarda, 90-100-cü yerdlərdə sıralanmış Türkiyə, Çin, Rumıniya, Macarıstan, Bolqarıstan, Braziliya hara, 58-də yer alan Namibiyanın “şəffaf bazar iqtisadiyyatı” ölkəsi olması hara? Yaxud, Banqladeş, Mozambik, Nigeriyanın “demokratik islahatları” isə sadəcə öyrənilməli, araşdırlmalı unikal fenomendir. Belə çıxır ki, Dominika və yaxud Kubada iqtisadi islahatların aparılması, liberal iqtisadiyyatı olan Türkiyə və Azərbaycandan belə çox yüksək səviyyədədir? Günün günorta çağı silahlı qətllərin adi hala çevrildiyi, bank və maliyyə fırıldaqçılığının, dələduzluğun çiçəkləndiyi Seyşel adalarının 70 balla 23-cü yerdə qərarlaşması hansə ədalətin təcəllisi hesab edilə bilər?
Reytinqdə yuxarı sıralarda yer almış bəzi ölkələrdə hələ də ölüm hökmü qalır.
Silahlı qiyamların və hərbi çevrilişlərin ənənə halını almış, ölkədə vəhşi sərvət talançılığının və kapital oğurluğunun qarşısıalınmaz vərdişə çevrildiyi Burkino-Faso adlı tayfa ölkəsinin 42 balla 78-ci yerə görülməsi beynəlxalq birlik adına ləkədir. Bu ölkədə insan alveri, narkotika ticarəti, fahişəliyə məcbur etmə və dövlət idarəçiliyinin tayfalar arasında silahlı güclə ələ keçirilməsi sayəsində milli sərvətlərin talanması və digər faktlar bütün beynəlxalq hesabatlarda öz əksini tapıb. (Mənbə: infomigrants.net)
Yeri gəlmişkən, Beynəlxalq Şəffaflıq Təşkilatının bir çox ölkələrdən irəlidə yerləşdirdiyi Burkino-Fasoda bir həftə öncə dövlət çevrilişi baş verib. Bu barədə Reuters agentliyi təhlükəsizlik xidmətindəki iki mənbəyə və Qərbi Afrika diplomatına istinadla məlumat yayıb. Agentliyin əldə etdiyi məlumata görə, yanvarın 23-də bir sıra ordu bazalarında hərbçilərin qiyamı baş verib. Qiyamçılar prezidentin istefa verməsini tələb ediblər. 2015-ci ildə dövlət çevrilişi cəhdində ittiham olunan general Jilber Dendere hərbçilər tərəfindən azadlığa buraxılıb. Buyurun, demokratik inkişaf edən, tam şəffaf ölkə nümunəsi.
Beynəlxalq Ərzaq Proqramının hesabatına əsasən, adıçəkilən ölkədə 5 yaşınadək uşaqların 25%-i qida çatışmazlığı və aclıq səbəbindən böyümə geriliyindən əziyyət çəkir. Ölkə əhalisinin 40,1%-nin gündəlik gəlirləri 1,9 ABŞ dollarından da azdır. Bu isə ifrat yoxsulluğun son həddidir. Yəni, 20,4 milyon əhalisi olan bu ölkənin 9 milyon nəfərinin aylıq qazancı 57 dollardır. Ölkə əhalisinin 90 faizi adi içməli su tapa bilmir. BMT-nin metedologiyasına əsasən gündəlik gəlirləri 5,5 dollardan aşağı olan insanlar yoxsul hesab edilir, həmin ölkədəm isə insanlar yoxsulluq rəqəmindən də 3 dəfə pis vəziyyətdədir.2018-ci ildən etibarən ölkə daxilində ərzaq və qida təhlükəsizliyinin vəziyyəti daha da pisləşib və 3,3 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşərək sosial həyatı ən fəlakətli həddə çatıbdır. (Mənbə: wfp.org)
Ancaq Burkino-Fasonun 100 illik demokratik cümhuriyyət tarixi olan və Avropada bütün standartlar baxımından ilk 10-luğa iddialı Türkiyədən 18 pillə, regionda sosial həyat şərtlərinə görə, yuxarı ölkələr qrupunda yer almış Azərbaycandan 40 pillə irəlidə qərar tutması ağlasığmaz nəticədir.
Eyni oxşar vəziyyəti Seneqal, Qabon, Mali, Namibiya və s. Afrika ölkələrində də görmək mümkündür. Qvineya körfəzində yerləşən Qərbi Afrikanın ən kasıb ölkələrindən biri Qananın şimalı və cənubu, kənd və şəhər yerləri arasında kəskin sosial bərabərsizlik hökm sürür.
Aclıq və qida çatışmazlığı uşaqların 20 faizinin sağlam böyüməsinə mane olur. Ölkənin şimal bölgəsində hətta uşaqlar arasında böyümə gecikməsi səviyyəsi 40 faizə çatır. Bu ölkə hər il ümumi daxili məhsulunun (ÜDM) 6,4 faizini uşaqların qidalanmaması səbəbindən itirir. Ölkədə dövlət institutları yoxdur, icma münasibətləri əsasında idarəçilik fortmalaşıb. (Mənbə) Məşəqqətli sosial duruma malik, iqtisadi və siyasi böhranla üzləşmiş Qana korrupsiya reytinqində 43 balla 73-cü yerdə qərarlaşıb.
Yaxud, yoxsulluq səviyyəsi 39 faizə bərabər 15,4 milyon əhalisi olan Seneqalın da durumu heç Qana və digərlərindən yaxşı deyil. Son illərdə normal siyasi sabitliyə baxmayaraq, Seneqal hələ də ciddi inkişaf problemləri ilə üzləşir.
Əhalinin hər 2,5 nəfərindən 1-i yoxsulluq həddində yaşayır və ailələrin 75 faizi xroniki yoxsulluqdan əziyyət çəkir. Əsas etibarilə kənd təsərrüfatı və emal sənayesindən ibarət olan ölkənin əsas torpaq və maliyyə resursları iri tayfa sahiblərinə məxsusdur. Kəskin sosial bərabərsizlik və kənd təsərrüfatında məşğulluq və biznes imkanlarının olmaması urbanizasiya və mühacirəti hər il artırır. Təhsil və səhiyyə çox acınacaqlı vəziyyətdədir. Neçə illərdir ki, Ümumdünya Ərzaq Proqramı kənd icmalarına və kiçik fermerlərə, o cümlədən qadınlara çörək qazanmağa imkan yaratmaq üçün mikrolayihələr həyata keçirir. (Mənbə)
Seneqalda siyasi məsələlərə gəlincə isə 2021-ci il bu ölkə üçün siyasi təqiblər və represiyalar baxımından yaddaqalan il olub. Human Rights Watch təşkilatının ötən il üçün hazırladığı hesabatına görə, 2021-ci il müxalifət təmsilçilərinin kütləvi həbsi, təhlükəsizlik qüvvələrinin, ordunun güc tətbiq etməsi, azyaşlıların zorlanması, insane hüquqlarının kütləvi pozulması məhz 2021-ci ildə qeydə alınıb. Ötən il Seneqal Milli Assambleyasının qəbul etdiyi terrorizmə qarşı mübarizə qanunu ən sərt qanunlardan biri sayılır. Bu qanuna görə terror təşkilatlarında iştiraka görə ölüm hökmü, ömürlük həbs cəzaları nəzərdə tutulur. Zorlanma, insanların cinsi zəmində istismarı, məktəblərdə və universitetlərdə tələbə və şagirdlərə qarşı amansız münasibət bu ölkənin əsas problem olaraq qalır. Seneqallı qızların müəllimlər və tərbiyəçilər tərəfindən cinsi istismara məruz qalmaları, onlarla qəddar davranış və fiziki zorakılıqla cəzalanmaları adi haldır. Mənbə: hrw.org/world-report
Belə bir yoxsul və iqtisadi sistemin mövcud olmadığı ölkəni Beynəlxalq Şəffaflıq Təşkilatı “inkişaf yolu keçən “islahatçı” ölkə” kimi xarakterizə edərək 43 balla 77-cü yerə layiq görübdür.
Afrikanın yoxsulluq və işsizlik rəqəmlərinin 34-45 fazi civarında olan digər ölkələrində də kəskin və dözülməz iqtisadi vəziyyətlər hökm sürür. 55 milyon əhalizin 34%-i, yəni 19 milyon nəfəri yoxsulluqdan əziyyət çəkən Tanzaniyanın BMT ərzaq yardımları, Türkiyənin ianələri və qida, tibbi ləvazimat, geyim və s. vasitələrlə təmin edilməsinə baxmayaraq sosial həyatında müsbətə doğru dəyişiklik nəzərə çarpmır. Bu ölkə isə korrupsiya indeksi sıralamasında 39 balla dəyərləndirilərək 87-cı sırada yer alıb.
Afrikanın ən bərbad iqtisadi idaretmə ənənəsi olan ölkələrindən biri Qabonda son 20 ildə ÜDM nominal dollar ifadəsi ilə cəmi 3,6 mlrd dollar artıb. Sənayenin iqtisadiyatda payı 2011-ci ildə 60 faiz təşkil edirdisə, 2020-ci ildə 41 faizə düşüb. Son 15 ildə işsizlik kəskin səviyyədə artaraq 21 faizə yüksəlib. 2005-ci ildə 56,1 faiz həddində olan yoxsulluq 2017-2019-cu illərdə azalaraq 32 faizə enibdir. Yəni ölkədə hər 3 nəfərdən 1-i yoxsulluq içində yaşayır. (Mənbə: statista.com-gabon) “Transparency İnternational” belə bir acınacaqlı ölkəni 124-cü sırada, Azərbaycanla təxmini eyni cərgədə qruplaşdırıb.
Yuxarıda qeyd etdiyimiz ölkələrlə eyni oxşar ağır həyat standartları ilə üzləşmiş Efiopiya isə reytinq sıralamasında 39 balla 87-ci, Namibiya 49 balla 58-ci yerdə qərarlaşıb. Mənbə: transparency.org-bfa
Beləliklə, yuxarıdakı ölkələrin gerçək həyat mənzərəsi ilə tanış olduqdan sonra “Transparency İnternational”ın hesabatının qərəzli hazırlanmasına heç bir şübhə qalmır.
Q.İbadoğlunun statusundakı “Ermənistan bal kateqoriyasını 6, sıra sayını 2 pillə yaxşılaşdırıb” frazasında da diqqət edək. 44 günlük ağır məğlubiyyətdən sonra Ermənistanın iri şəhərlərində, xüsusilə də paytaxt İrəvanda Paşinyan hökumətinə qarşı aramsız nümayişlər zamanı polisin tətbiq etdiyi vəhşiliklər, yüzlərlə etirazçının həbsi, hətta bir neçə siyasi aktivistin yoxa çıxması və öldürülməsini dünya mediası yayımlayıb. (Mənbə)
Beynəlxalq Şəffaflıq Təşkilatı qiymətləndirmədə əgər əsas meyar kimi demokratik hüquqlara istinad edirsə, ən pis zorakılığın hökm sürdüyü ünvanlardan biri Ermənistan olmalı idi.
Reallıq odur ki, Təşkilatın “Korrupsiya Qavrama İndeksi” hazırlanarkən bir çox ölkələrdə son illərdə korrupsiya ilə bağlı aparılan islahatların nəticələri nəzərə alınmır. Yaxud, köhnə steorotip və meyarlarla ölçmə aparılır. Guya təşkilat 2012-ci ildən sonra fərqli ölçmə üsullarından istifadə edir, ancaq heç bir meyar dəyişməyib, daha çox siyasi xarakterli yanaşma davam etməkdədir.
Cənab Erikssonun digər fikirlərinə də nəzər salaq. “Qlobal COVID-19 pandemiyası da bir çox ölkədə azadlıqları məhdudlaşdırmaq və mühüm yoxlama və tarazlıqları azaltmaq üçün bəhanə kimi istifadə edilmişdir”. (Mənbə)
Şəffaflıq Təşkilatının öz hesabatını koronavirus pandemiyası şəraitində ölkələrdəki ictimai-siyasi vəziyyətin ahənginə uyğun hazırlamasına iqtisadi-hüquqi baxımdan heç cür haqq qazandırıla bilməz. Axı, korrupsiya ilə əlaqadar hesabatın pandemiya dövrünün reallıqlarına uyğun hazırlanması hansı dərəcədə əsaslı və və düzgün yanaşma ola bilər?
Beynəlxalq iqtisadi praktikada iqtisadi məzmunlu analtik sənədlərin ictimai-siyasi motivlərlə əlaqələndirilməsi, siyasi metodologiyanın iqtisadi ölçmə metoduna uzlaşdırılması qətiyyən yolverilməzdir. Ancaq biz faktiki olaraq bunların şahidiyik.
Lap tutaq ki, hesabatı hazırlayan komanda insan hüquqlarını ali prinsip kimi götürüb və ictimai-siyasi vəziyyətin fonunda vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılması amilini nəzərə alaraq ölkələrin reytinq balını müəyyənləşdiribdir. Yaxşı, onda bu zaman hansı kriteriya əsas götürülüb?
2020-ci ildə və 2021-ci ilin ilk yarısında qlobal miqyasda pandemiya ilə bağlı məhdudiyyətlərin və qapanmaların tətbiq edildiyi 150-dən çox ölkədə ictimai narazılıqlar daha çox hansı dövlətlərdə müşahidə edildi. Bir çox ölkələrdə sərt karantin rejimlərinin və məhdudiyyətlərin ləğvi tələbi ilə meydanlara çıxan, etirazlar edən insanlara polis təzyiqlərinin şahidi olduq. Bütün bunlar beynəlxalq medianın kamerasında arxivləşdirilirb. Niderland, Belçika, Almaniya, Böyük Britaniyada və digər ölkələrdə, elə ABŞ-ın özündə karantin rejiminə qarşı etirazlar zamanı polisin insanlara qarşı zorakılıqlarını dünyanın aparıcı media orqanları yayımladı. Bu kadrları heç kim yaddan çıxarmayıb. Almaniyanın müxtəlif şəhərlərində, Londonda, Finlandiyanın paytaxtında, Rumıniya, İşveç, Avstriya, İspaniya, Niderland və digər ölkələrdə dəfələrlə vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar, insidentlər yaşandı. (Mənbə: france24.com/)
Niderlandda polisin etirazçılara atəş açması nəticəsində ən azı iki nəfər yaralanıb və Rotterdam şəhərində anti-koronavirus məhdudiyyətləri nümayişi zamanı 51 nəfər həbs edildi. Belçikanın cənubundakı Breda şəhərində, COVID-19 tədbirlərinə qarşı sakit etirazı, musiqiçilərin səssiz nümayişi belə qəddrcasına dağıdıldı. Mənbə: Alman Dalğası)
Qərbi Avropanın əksər ölkələrində hökumətlərin koronavirus məhdudiyyətlərinə xalqın narazılığı hətta nəzarətdən çıxaraq polisin rezin güllələrdən, su şırnaqlarından istifadə etməsi ilə nəticələndi, Niderland və Parisdə qəzəblənmiş kütlə polis motosikletlərini yandırdı, mağazaların şüşələri sındırıldı. Çevik polis qüvvələri Brüsseldə etirazçılara qarşı bibər qazı tətbiq etdi və s.
Avropa bölgəsində davamlı olaraq insanların nümayişləri səngimədi və karantin rejiminin ləğvi tələbi ilə polsislə üz-üzə gəlməsi zamanı həbslər də oldu. Müxbirlərin hazırladığı reportajlardan da göründüyü kimi Paris sakinləri öz hökumətlərinin siyasətlərinə inanmadıqlarını nümayiş etdiridilər. (Mənbə)
Beləliklə, əgər, 2021-ci ilin korrupsiya hesabatı hazırlanarkən həqiqətən də, pandemiya ilə əlaqədar vətəndaş vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılması amili əsas prinsip kimi götürülübsə, siyahının başında yuxarıda qeyd etdiyimiz ölkələr dayanmalı deyilmi?
Şəffaflıq Təşkilatı pandemiya məhdudiyyətləri dövründə insan haqlarının dərin təəssübünü çəkirdisə, niyə “peyvənd millətçiliyi və irqçiliyinin” başında dayanan “nəhəng demokratiya beşiyi” ölkələrinin bu qeyri-insani davranışlarının üstündən sükutla keçib? Axı Afrika və Yaxın Şərqdə kasıb ölkələrin 100 milyonlarla vətəndaşına qarşı “peyvənd irqçiliyi” aparmaq insan haqlarının ən kobud şəkildə pozulmasıdır. Hətta imkanı olmayan ölkələrə vaksin təminatına veto qoymaq beynəlxalq cinayətdir.
Yeri gəlmişkən, peyvənd ayrı-seçkiliyinə qarşı ən çox etiraz edən və BMT Baş Assambleyasının 75-ci və 76-cı sessiyalarında, habelə Qoşulamama Hərəkatının toplantısında bu problemi dəfələrlər səsləndirən məhz Azərbaycan Prezidenti İlham Əliyev olub. Prezident İlham Əliyev dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını ifadə edib. “Biz davam edən “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığımızı bir daha vurğulayırıq. Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır”. (Mənbə)
Azərbaycan Prezidentin bu narahatlığı beynəlxalq səviyyədə ciddi müzakirələrə səbəb oldu, Ümumdünya İqtisadi Forumu öz informasiya büllütenində zəngin dövlətlərin milyardlarla doza COVID-19 peyvəndi əldə etməsindən və kasıb ölkələrin diqqətdən kənarda qalmasına diqqət çəkdi. Bir sözlə, peyvənd millətçiliyi tənqid edildi. (Mənbə)
Azərbaycan bu məsələni qloballaşdırması və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməsi nüfuzlu təşkilatlar tərəfindən də müsbət qarşılandı, respublikamızın BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair irəli sürdüyü qətnamə ötən ilin mart ayında yekdilliklə qəbul edildi. Yəni, BMT səviyyəsində bu məsələyə reaksiya verildi.
Erikssonun məruzəçiləri isə Azərbaycanın bu qlobal təşəbbüskarlığı haqqında bircə sətir belə yazmağa cəsarət edə bilmədilər. Çünki, pandemiya biznesinin arxasında dayanan və COVİD-19-dan son 2 ildə gəlirlərini 2,5 dədə artıran qlobal nəhəng iqtisadi maqnatların, o cümlədən SOROS-un maliyyə kisəsindən asılılıqları vardır.
Bu xüsusda gerçək məqamları xatırlatmaq yerinə düşür, Azərbaycanda aparılan islahatların əhatəliliyi, ələxsus da korrupsiyaya qarşı mübarizə yönündə əldə edilən nailiyyətlər ölkəmizin Korrupsiya Qavrama İndeksində mövqeyinin əksər ölkədən, ən azı 50 ölkədən daha ön sırada olmasını şərtləndirir. Təkcə ASAN Xidmətin təşkili və milyonlarla insana bu sistem çərçivəsində göstərilən xidmət məişət korrupsiyasını tamamilə məhdudlaşdırıb. Azərbaycanda vətəndaş-məmur ünsiyyəti minimuma endiriılib, biznesdə yoxlama aparılmır, lisenziya tələb edilmir, vergi orqanı ilə vətəndaş arasında münasibətlər tamamilə elektronlaşdırılıb. Ödənişlər elektron platforma üzərindən həyata keçirilir. Elektron xidmətlərin sayı daha da genişlənərək 500-ə çatmış Elektron Hökumət Portalının fəaliyyətinin şəffaflıq indeksinə müqayisəolunmaz dərəcədə müsbət təsirləri artmaqdadır. Bütün bu kimi islahatlar korrupsiyaya qarşı mübarizədə ölkəmizin əhəmiyyətli irəliləyişlərə nail olmasına imkan verir. Aparılan islahatların miqyası tam əsas verir ki, Azərbaycana KQİ-də ən azı verilən balın bir neçə bənd artsın.
Bütün bunların fövqündə dayanaraq, sual yaranır, pul və maliyyə xidmətlərinin dövlət aparatından tamamilə kənarlaşdırıldığı, dünya brendinə çevrilən “Asan Xidmət” modelinin şəfafflıqda köklü dəyişikliklər yaratdığı halda Korrupsiya İndeksində niyə yerimiz dəyişmir? Necə olur ki, “ASAN xidmət” modelinin tətbiqinə start hazırlığına başlamış 10-dan çox ölkə Azərbaycandan daha yüksək bal toplayır?
Burada yenə də ikili standartların çılpaqlığı fonunda açıq ədalətsizliyi görməmək mümkün deyildir. Həqiqətdir ki, hesabatın hazırlayan qrupun qiymətləndirilmə zamanı qeyri-peşəkarlığa malik olması ilə bərabər, onların subyektivliyinə, reallığın düzgün əks etdirməmələrinə əsas verən kifayətə qədər səbəblər vardır. Daha doğrusu, indeksin formalaşması zamanı göstəricilər iqtisadi sferadan daha çox siyasi fəaliyyət sahələrinə əsaslanır. Artıq son illərdə “Beynəlxalq Şəffaflıq” təşkilatının özü tədqiqat aparmır, digər siyasi təşkilatların, xüsusən də məlum “Freedom House”, “Bertelsman Foundation”, hətta “Sərhədsiz Reportyorlar”un hesabatlarından istifadə edir. Təşkilatın komandasına siyasi təzyiq faktoru o qədər artdı ki, KQİ-ni yaradan Qraf Yohan Lambsdorf bir neçə il əvvəl bu metodologiyadan imtina etdi.
Bütün bunların fonunda ortaya haqlı sual çıxır, Azərbaycan apardığı iqtisadi islahatlara digər aparıcı beynəlxalq maliyyə instutularının mövqeyi necədir?
Nüfuzlu dünya agentlik və təşkilatlarının hər il dərc edilən hesabatlarına baxmaqla əsil gerçəyi görmək çətin deyil. Məsələn, dünyanın ən böyük beyin mərkəzlərindən olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan 6 pillə irəliləyərək 178 ölkə arasında 38-ci yerdə, Dünya İqtisadi Forumu tərəfindən nəşr edilən “Qlobal Rəqabətlilik İndeksi”ndə 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə, “Doing Business 2020” hesabatında 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. “Qlobal İnnovasiya İndeksi” hesabatında əvvəlki hesabat ili ilə müqayisədə Azərbaycan ümumi reytinq sıralamasında 2 pillə irəliləyərək 132 ölkə arasında 80-ci olub. Həmin hesabatda Azərbaycan müxtəlif gəlir səviyyələrində innovasiya performansına görə “Yuxarı orta gəlir qrupu”na (upper middle-income group economies) aid edilib. (Mənbə)
Göründüyü kimi professional və peşəkar iqtisadçı və maliyyəçilərin tamamilə azad qiymətləndirmələrinə əsaslanan hesabatlarda və reyrinqlərdə Azərbaycan yüksək bal toplayır.
Şübhə doğurmayacaq gerçəklik budur ki, “Korrupsiya Qavrama İndeksi” tamamilə siyasiləşmiş bir hesabatdır və iqtisadi metodologiyalara deyil, siyasi predmetlərə əsaslanır. İnsan haqları və demokratiya adını sipər edən qlobal siyasi təşkilatların isə regiona hansı baxış bucağından baxdığı təxminən aydındır.Bu nöqteyi-nəzərdən Beynəlxalq Şəffaflıq Təşkilatının bu sənədini Azərbaycan, Türkiyə, Türk dünyası üçün sadəcə qərəzli yanaşmanın əks olunduğu kağız parçası hesab etmək mümkündür. Yenə də Ermənistanın göstəricilərini Azərbaycandan yüksək olduğunu təsbit edən Qubad İbadoğlunun məqsədi də bəllidir.