ReAL Partiyasının icra katibi Natiq Cəfərli bu yaxınlarda Türkiyə Cünhuriyyətinin paytaxtı Ankara şəhərində səfərdə olub, bir sıra görüşlər keçirib. Ölkəyə döndükdən sonra özünün “Facebook” sosial şəbəkəsindəki hesabında bir paylaşım edib və Türkiyə - Azərbaycan münasibətləri ilə bağlı fikirlər bildirib.
Faktyoxla Lab. olaraq Natiq Cəfərlinin Türkiyə və Azərbaycanın siyasi ictimai mühiti haqqında dediklərinə bir salmaq istədik.
1-ci iddia: Türkiyədə post-Erdoğan dövrünə ciddi hazırlıqlar gedir, yeni siyasi partiyalar yaranır, hər kəs AKP seçmənindən öz payını almağa tələsir.
Siyasətdə sistemli hədəflərin önəmini iqtidara gəldiyi ilk gündən dərk edən Ərdoğanın keçmişlə bu gün arasında həyata keçirdiyi islahatları, izlədiyi daxili və xarici siyasətə diqqətlə baxdığımız zaman görürük ki, onun siyasətdə uğur qazanmasındaki ən böyük iki önəmli mexanizmdən biri gedəcəyi siyasi hədəfləri düzgün müəyyənləşdirməyidirsə, digər şübhəsiz ki, seçicisinə verdiyi sözləri tutmağıdır.
Ekspertlər Türkiyə siyasi kulislərində demək olar ki, hər seçkinin “olduqca kritik” ya da “dəyişikliklərin olacağı” seçki kimi dəyərləndirmələrlə adlandırılmasının bir norma halına gəldiyini düşünürlər. Məsələn, ölkənin ciddi araşdırma mərkəzlərindən olan SETA Fondunun Siyasi Araşdırmalar müdürü Dos.Dr.Nebi Miş hesab edir ki, Ədalət və İnkişaf Partiyasının iqtidarları dövründə keçirilən 15 seçkinin hər birinin bu tərəfdən baxdığımız bu cür özəllikləri daşıdığını görə bilərik.
Ekspertin sözlərinə görə, 2023 – cü ildə keçiriləcək seçkilərin olduqca kritik olmasından başqa, həm də simvolik özəlliklərə sahib olması da önəm kəsb edir. Türkiyə Cümhuriyyətinin quruluşunun yüzüncü il dönümündə baş tutacaq seçkilər həm müxalifət, həm də iqtidar üçün olduqca vacibdir.
Müxalifət partiyalarından fərqli olaraq, Ədalət və İnkişaf Partiyası 2023 – cü ilə hazırlıqlarla bağlı proqramını 2011 – ci ildə keçirilən seçkilər zamanı ortaya qoymuşdu. Əslində, bununla da, sadəcə 2011 – ci ildə, ya da 2023 – cü ildə keçiriləcək seçkilərin önəminə diqqət çəkməmiş, 2023 – cü ilə aparan siyasətin əsas konturlarını müəyyənləşdirərək, açıqlanan hər paketdə, aparılan hər islahatda 2023 – cü il hədəfləri nəzərə alınmışdı. (Mənbə)
Ədalət və İnkişaf Partiyası iqtidarının ilk dövründə daha çox icraatlara diqqət edərək, daxili və xarici siyasətdə sabitliyin əldə edilməsinə öncəlik vermiş, gələcəkdə qarşısına çıxa biləcək maneələri aşmaq məqsədi ilə sistemli bir doktrina ilə fəaliyyət proqramı hazırlamışdı. 2016 – cı ildə partiyada həyata keçirilən daxili təmizlikdən təqribən dörd il sonra ortaya çıxan partiyalar qətiyyən Erdoğan və hakim partiyaya alternativ ola bilməzlər. Gələcək Partiyasının sədri Ahmet Davutoğlu narazı elektorata oynayır, Ədalət və İnkişaf Partiyasında özünün və ona yaxın olan siyasətçilərinin haqlarının qəsb edilyini düşünür və hakim partiyanın tərəfdarlarının səslərini oğurlayaraq, onu çətin vəziyyət qoyub intiqam almağı düşünür. DEVA Partiyasının sədri Əli Babacan isə Davutoğluna nisbətən daha fərqli bir yol xəritəsi izləyir. Türkiyənin məşhur xarici siyasət analitiki Murat Yetkinin də Əli Babacan haqqında düşüncələri məhz bu yöndədir: “Əli Babacan isə AK Partiya-MHP seçicisindən kənarda toplanan seçiciyə səslənməyi düşünür. Əslində ən önəmli dəstəkçisi olan keçmiş prezident Abdullah Gül də bu cür düşünür. Cəmiyyətin liberal, respublikaçı kəsiminə, hətta bir az da dərin düşünərək hadisələrə liberal yanaşan sosial demokrat kütlədən səs almağı qərşısına məqsəd kimi qoyub. Partiyasını elan edəndə Atatürkdən bəhs edərkən dəqiqələrcə alqışlanması, Medyascope xəbər saytına verdiyi müsahibəsində “Mustafa Kamal Atatürk bu ülkenin ən önəmli birləşdirici dəyəridir” deməsi belə düşüncələrimizi sübut edir”.(Mənbə: yetkinreport.com)
Habertürk qəzetinin köşə yazarı Kübra Par da belə düşünənlər arasındadır: ”Əslində, DEVA Partiyası qurulmazdan əvvəl, kulislərdə indikindən qat-qat böyük bir Babacan küləyi əsirdi. Onun AK Partiyanın səslərindən hardasa 15% - ni almaq iqtidarında olduğu, hətta yeni dönəmdə prezidentliyə belə namizəd olacağı deyilirdi. Hər dəfə televiziya kanallarına çıxanda böyük reytinq alırdı. Hamı onun nə deyəcəyini maraqla gözləyirdi.
Bütün bu diqqətin arxasında AK Partiya bazasına xitab edəcək təmiz və yeni bir partiyanın qurulması ssenarisi dayanırdı.
Lakin partiya yarandığı gündən bu gözləntiyə uyğun bir reallıq sərgiləyə bilmədi, potensialını özü öz əlləri ilə əritdi.
Məncə bunun səbəbi çox aydındır. Babacan AK Partiyanın davamı kimi görünməmək məsələsini o qədər şişirtdi, ortaya liberal Yaşıllar Partiyası çıxdı.” (Mənbə: haberturk.com/)
Artıq, hətta Erdoğana müxalif qüvvələr belə etiraf edirlər ki, Əli Babacan və Əhməd Davutoğlunun qurduğu partiyalar işə yaramadı. Məsələn, hal – hazırda Millət ittifaqında olan Səadət Partiyasının sədri Təməl Karamollaoğlu Halk tv - də iştirak etdiyi televiziya proqramında bildirib ki, Davudoğlu, Babacan kimi illərdir siyasi çevrədə nüfuz sahibi olan simaların AK Partiyadan ayrıldıqdan sonra partiyadakı səslərin ən az 20-30% böləcəyinə inanırdıq, amma bu baş vermədi.( Mənbə)
Əgər, Türkiyənin ənənəvi səs potensialı olan müxalifət partiyasının sədri Temel Karamollaoğlu bunu deyirsə, düşünürəm ki, Natiq Cəfərlinin “Türkiyədə post-Erdoğan dövrünə ciddi hazırlıqlar gedir, yeni siyasi partiyalar yaranır, hər kəs AKP seçmənindən öz payını almağa tələsir.” iddiası tamamilə yanlışdır.
2 – ci iddia: İndi də eyni prosesə start verilib – qardaş ölkədə AKP dönəmi sona çatır, bütün siyasi oyunçular anlayır ki, məğlub olduqları ilk seçkidəcə AKP seçicisi partiyadan üz döndərib başqa partiyalar axtaracaq. Ona görə də, ən azı, üzdə olan, və ya potensialı olan 5 yeni partiya qurulur, köklü partiyalar da (məsələn, CHP kimi) AKP seçmənindən pay almağa çalışır.
Olduqca mənasız və yalnış düşüncədir. Çünki, ortada AKP dönəminin başa çatması kimi bir durum hələki mövcud deyil. Bu prosesin özü bir çox maraqlı bir prosesdir. Qardaş ölkə əslində bir çox daxili və xarici istəməyənlərinə baxmayaraq yenə də seçkidə iştirak edən türk xalqının iradəsinə uyğun olaraq hakim partiya ilə növbəti dönəmə davam etmək niyyətindədir. Hadisələrə bu nöqteyi – nəzərdən yanaşan ölkənin ən böyük seçki monitornq mərkəzlərindən olan Optimar Araşdırma Şirkətinin rəhbəri Hilmi Daşdemir hesab edir ki, Türkiyə mühüm bir dönüş nöqtəsindən keçir. Minlərlə illik tarixi olan Türk Millətinin və Dövlətinin davamı olan Türkiyə Cümhuriyyəti ikinci əsrinə qədəm qoyur. Həm qlobal, həm də yerli miqyasda bir çox dəyişikliklər və transformasiyalar baş verir. Gələcək əsr türk əsri ola bilər. Bunun üçün Xalq iqtidar birliyinin təzahürü və Ərdoğanın dünyada effektiv liderliyi çox önəmlidir. Xüsusilə Afrikada bu liderliyi aydın görə bilərik. Liviya, Kipr və Azərbaycandakı uğurlardan sonra geriyə addım atmaq və Türkiyəyə qarşı əməliyyat keçirməyə çalışan qüvvələrə qarşı duruş gətirmək çox vacibdir.( Mənbə: yeniakit.com.tr)
Müxalifət demək olar ki, hər seçkidən öncə bəzi iddialar irəli sürərək, Türkiyədə Natiq bəyin də dediyi kimi AKP iqtidarının başa çatdığını bildirir. Məsələn, hələ beş – altı il öncə Türkiyədəki erməni siyasi müxalif Gələcək Partiyasının sədr müavini Etyen Mahçupyan (o zaman Mahçupyan Ahmet Davutoğlu`nun müşaviri idi) Belçikanın Gent Universitetində verdiyi konfransta xalqın Erdoğanın güya korrupsiya içində olan bir lider olduğunu bildiklərini, hətta xalqın 70 % - nin dövlət çevrilişi riski ilə korrupsiya faktı arasında seçim etmək məcburiyyətində qaldığını da iddia etmişdi. Öz uğursuzluğuna don geyindirmək üçün tanış taktikalardır elə deyilmi? Oxşar taktikaları biz Azərbaycanda da görürük.
Transmilli medianın israrla beyinlərə yeritdiyi “Erdoğan getməlidir” demoqogiyasına əslində seçki monitorinq şirkətləri həqiqi cavabı keçirdikləri anket sorğuları ilə verirlər. Amma görünür Natiq bəyin görüşdüyü qüvvələr bunu ondan gizlədiblər. Çünki, Natiq bəy Türkiyə siyasəti haqqında iddialarında sabitqədəm olsaydı (yəni, “amma, biz Türkiyə siyasətini daha yaxşı bilirik” iddialarının altını doldurmağı bacarsaydı), fərqinə varardı ki, AKP seçicisindən hər kəs səs ala bilər, amma CHP əsla. Bunun isə tarixi kökləri olduqca qədimdir. Yəni, Natiq Cəfərlinin oxuması, öyənməsi və bilməsi lazım olan məlumatlar çoxdur.
3 – cü iddia: Son 40 ildə Türkiyədə hakimiyyətə olub sonra seçkilərdə məğlub olaraq hakimiyyətdən gedən partiyalar həmişə dağılıb, ciddi zəifləyib, çox dar çərçivədə qalıblar.
Ola bilsin, bu iddia qismən Ana Vətən Partiyası, Doğru Yol Partiyası və Demokratik Sol Partiya üçün doğru sayılsın, amma bu iddianın hakim partiya ilə heç bir əlaqəsi yoxdur. Hər nə qədər millət ittifaqı və ona kənardan dəstək qüvvələr ölkə prezidentini “diktatör” adlandırsalar və CHP- nin Türkiyə Böyük Millət Məclisindəki sözcüsü Engin Altay televiziya proqramında Türkiyə cəmiyyətinə “II Qurtuluş savaşına hazır olun!” – deyib Erdoğanı Osmanlıdakı monarxlar kimi təqdim etsələr də Ədalət və İnkişaf Partiyasının seçiciləri ən azından sırf tarixinə, keçmişinə duyduqları sayğı və sevgi ucbatından ona səs verəcəklər, hətta məğlub da olsalar belə partiyanın digər partiyalar kimi dağılmasına imkan verməyəcəklər.
Natiq bəyin görüşdüyü siyasi partiyaların, xüsusən də DEVA Partiyasının sağ mərkəzçi fikri mənimsədiyini nəzərə alsaq, ya da o yönə doğru addımladığını düşünsək və həmin cinahın boş olduğunun fərqinə varsaq, hardasa görüşdüyü şəxslərin ona bu fikirləri təlqin etdiyini fərz edə bilərik. Qeyd etdiyimiz kimi, Türkiyədə sağ mərkəz cinahı boşdur, DEVA və Gələcək partiyaları (daha çox DEVA) israrla o boşluğu doldurmağa çalışır. Ancaq artıq dünyada ideoloji ziddiyyətlərdən arınmış siyasi görüşlər ( məşhur avropalı siyasət texnoloqu Şantal Muff bunu “siyasətin ölümü” adlandırır) klinik ölüm yaşamağa məhkum olduğu üçün Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası adları dəyişmiş olsa belə elektoratları tərəfindən yaşadılacaq. Ola bilər ki, gələcəkdə Ədalət və İnkişaf Partiyası ilə onunla eyni çizgidə olan Yenidən Refah Partiyası arasında ittifaq yaransın, ora hətta hazırda Millət İttifaqında olan Səadət Partiyası da qoşulsun, amma bu ittifaqda nə Gələcək, nə də DEVA partiyaları əsla olmayacaq. Çiyin – çiyinə savaşdığı dava yoldaşını satan qüvvə ilə heç kimi bir arada olmaq istəməz və istəmir də. Yenidən Rəfah Partiyasının sədri Dr.Fatih Erbakan belə onların iqtidar olmasının tərəfdarı deyil. Keçirdiyi mətbuat konfransında partiya sədri: “İllərdir AK Partiya iqtidarında olanlar indi durub “Hər nə yaxşı varsa bizdəndir, qalanlar isə indiki iqtidarın əməlləridir” deyərək qaçmağa çalışırlar. İndiki iqtidarın yerinə qisas almaq arzusu ilə yanan qatı dünyəvi təfəkkürlü bu insanlar iqtidara gəlsə, bu ölkə üçün, millət üçün və hamı üçün fəlakət olacaq." – dedi. (Mənbə: yeniakit.com.tr) Səadət Partiyasının nə düşündüyünü də yuxarıda qeyd etmişdik. Bu durumda nə olursa olsun, Natiq bəyin “Son 40 ildə Türkiyədə hakimiyyətə olub sonra seçkilərdə məğlub olaraq hakimiyyətdən gedən partiyalar həmişə dağılıb, ciddi zəifləyib, çox dar çərçivədə qalıblar” fikri əsla Ədalət və İnkişaf Partiyası üçün keçərli deyil.
4- cü iddia: “Gələk Azərbaycana münasibətə…” dedikdən sonra Natiq bəyin maddə - maddə dediklərinə diqqət yetirək: görünən odur ki, “Azərbaycanın siyasi sistemini tanımırlar, hətta bəzi ciddi siyasətçilər, millət vəkilləri belə bizdə konstitusiyalı monarxiya olduğu düşünürlər.” cümləsindəki o “çox ciddi millət vəkilləri” 2003 – cü ildə Hürriyyət qəzetinin verdiyi xəbəri oxuyublar və tarixləri də elə orda ilişib qalıb. Ölkəmizi monarxiya hesab etmələri də, ancaq mərhum prezident Əbülfəz Elçibəyi tanımaları da hamısı o saatın günahıdır. Ya da əksinə. Natiq bəyin günahıdır ki, qardaş ölkəyə səfəri zamanı bu cür “çox ciddi millət vəkilləri” ilə görüşüb. Çox şükür, Azərbaycan və Türkiyə münasibətləri indiyə qədər heç olmadığı kimi istidir və siyasi müstəvidə də qarşılıqlı əməkdaşlıqlar da davam edir.
Nəticə: Göründüyü kimi, ReAL Partiyasının icra katibi Natiq Cəfərlinin Türkiyə səfəri ilə bağlı yazdığı status olduqca qüsurludur və yanlış iddialardan ibarətdir.