İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinə alternativ yeni yolun çəkiləcəyini bildirib. İran hökumətinin də maliyyə dəstəyi və texniki köməyi ilə çəkilməsi nəzərdə tutulan yolun inşasında məqsəd İran nəqliyyat vasitələrinin Azərbaycandan keçmədən hərəkətinin təmin edilməsidir. Rəsmi Tehran Gorus bölgəsində Azərbaycan sərhəd-nəzarət xidməti tərəfindən hüquqi qaydada nəzarət rejimi tətbiq etməsindən sonra belə bir layihənin həyata keçirilməsinə qərar verib.
Faktyoxla Lab. bu ideyanın reallaşma imkanlarını araşdırıb.
İlk öncə qeyd etmək lazımdır ki, Gorus- Qafan yolu Ermənistan və İran üçün strateji bir nəqliyyat tranzitidir və bu yolla hər il təxminən 25 min yük avtomobili hərəkət edir. Həmin yoldan istifadəyə görə, iranlı nəqliyyat daşıyıcılarından tranzit rüsumu alan Ermənistan ildə bir neçə milyon dollar büdcəyə köçürür. Fakt isə budur ki, Azərbaycanın sərhəd keçid-gömrük postları qurması həmin yolun daşınma rentabelliliyini aşağı salır. İranlı daşıyıcılar ikili rüsumdan gileylənərək daşınmalara maraqsız olduqlarını bildirirlər. Məhz bu baxımdam istər Paşinyan hökuməti, istərsə də, İran Azərbaycanın şərtlərini qəbul edə bilmədiyindən, alternativ yol təşəbbüsünü ortaya atıb.
Ermənistanın imkanları varmı?
Ermənistanın statistika orqanlarının məlumatına görə, ölkənin maliyyə vəziyyəti qeyri-qənaətbəxşdir. Hökumətin büdcə gəlirləri azalıb, xərcləri təmin etmək üçün xarici qurumlardan kredit və borc götürülür. Xarici mütəxəssislərin qənaətinə görə, borcun məbləği hər ay təxminən 44 milyon dollar artır. Acınacaqlı məğlubiyyətdən sonrakı bir ilə yaxın dövr ərzində dövlət borcunun səviyyəsi 2020 -ci ildə 13,9% artaraq 9 milyard dollara çatıb. Bu isə, ölkənin ÜDM-nin 67,3%-i deməkdir. Beynəlxalq Valyuta Fondunun metodologiyasına əsasən, dövlət borcu 60 faizi ötəndə bu, həmin ölkə fəalkətli hədd deməkdir.
Ermənistanın yol-nəqliyyat infrastrukturuna büdcədən yönəltdiyi illik vəsaitin həcmi də çox aşağı səviyyədədir. Hökumət 2021-ci ilin dövlət büdcəsində avtomobil yollarının yenidən qurulması üçün 8,9 milyard dram (18 milyon dollar) ayırıb. Həmin vəsait hesabına 50.7 km uzunluğunda yolların təmiri planlaşdırılır ki, bunun da 44.9 km -i dövlətlərarası, 1.7 km -i respublika, 4.19 km-i bölgələrarasıdır.
Həmin vəsait hesabına İrəvan-Yerasx(Arazdəyən)-Gorus-Mehri-İran sərhədi, İrəvan-Sevan-İcevan-Azərbaycan sərhədi və Sevan-Martuni-Getap avtomobil yollarının tikintisi və modernləşdirilməsi nəzərdə tutulur. Bu vəsait hesabına qeyd edilən layihələrin uzaqbaşı 20-25 km-lik hissəsini təmir etmək mümkündür. Ermənistan hökumətinin bəyan etdiyi yolların təmir-bərpasına ən azı 100 milyon dollar tələb olunduğu halda, hökumətin 18 milyonla hansı təmir aparacağı inandırıcı deyil.
Məsələ ondadır ki, erməni hökuməti hələ aprel-may aylarında çəkilişini 4-5 aya başa çatdırmağı nəzərdə tutuduğu (avqustda açılmalı idi) layihələri hələ başa çatdırmayıb. May ayında Tatev və Ağvani arasında 12,5 kilometrlik bir hissənin tikintisi üzrə elan edilmiş tenderin qalibi olan “Bilder Konstrakşn” MMC hələ heç yolun 30 faizlik hissəsində iş görə bilməyib.
Gorus-Qafan yolunun çəkilişinə gəlincə, ilk öncə qeyd etmək lazımdır ki, çətin dağ relyefinə malik bu yolun Azərbaycandan yan keçməklə nəzərdə tutulan hissəsinin çəkilişi demək olar ki, sıfırdan başlanmalıdır. Bu isə təmir-bərpa ilə müqayisədə yolun xərclərinin ən azı 5-6 dəfə artması deməkdir. Beynəlxalq paraktikaya əsasən, yolların cari təmiri və çəklişi üçün 1 km-ə təxminən 1 milyon dollar tələb edilirsə, dağlıq və mürəkkəb relyef malik yeni yol çəklişinin hər km-nə ən azı 6-7 milyon dollar lazımdır. 30 km-dən çox yol çəklişini nəzərə alsaq bunun ən azı 150-170 milyon dollar lazımdır. Ermənistanın isə 2021-ci ildə ölkə üzrə yol-nəqliyyat infrastrukturlarının qurulmasına ümumilikdə büdcədən ayırdığı vəsaitin həcmi 18 milyon dollar olduğunu nəzərə alsaq, bu qədər ağır xərctutumlu layihəni necə gerçəkləşdirəcəyi ciddi suallar doğurur.
Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan iddia edir ki, bu yolu 2021 -ci ilin sonuna qədər tamamlamaq mümkün olacaqdır. Öz növbəsində, Ermənistan Nəqliyyat Ekspeditorları Assosiasiyasının rəhbəri Yeqişe Ovannisyan isə Gorus-Qafan yolu hazır olana qədər Sisiandan Mehriyə gedən hissəsinin Şimal-Cənub nəqliyyat layihəsinə birləşdirilməsini təklif edib. Ancaq həmin yolun da sərnişinlərin və yüklərin daşınması üçün yararsız və təhlükəli olması bu təklifin qəbul olunmasına geriyə çevirib.
Beləliklə, Ermənistan İrana məxsus nəqliyyat vasitələrinin Azərbaycan ərazisindən keçmədən müxtəlif alternativlər axtarişında olsa da, əsas məsələni - maliyyə təminatını da həll etmək iqtidarında olmadığını gizlətmir. Bu ölkənin maliyyə sıxıntıları keçirməsi yol infrastrukturlarının yaradılmasının davamlı olmasını da əngəlləyə bilər. 2021-ci ilin büdcəsində yol inşası ilə bağlı xərclərin yetərli olmadığını deyən iqtisadçı Suren Parsyanın “Eurasianet” media orqanına bildirdiyinə görə, ümumilikidə ölkə üzrə yol çəkilişlərinə ayrılmış vəsaitin mənbələrinin təmin etmək şətindir, müharibədən sonra Ermənistan bir sıra infrastruktur xərclərini təxirə salmağa məcbur olub. Eyni zamanda, büdcənin icrası ilə bağlı heç bir hesabatlılıq yoxdur, buna görə də hökumətin nə edəcəyi bəlli deyil.
İranın imkanları necədir?
Alternativ yolun qısa zamanda çəkilişinin mümkün olmayacağını istisan etməyən İran hökuməti Gorus-Qafan yolunun köhnə tranziti üzrə, yəni, Azərbaycandan keçərək Ermənistana gedən köhnə yol vasitəsilə daşınmaların vacib olduğunu bildirib. İranın Ermənistandakı səfirliyinin “Armenpress” açıqlamasında deyilir ki, Gorus-Qafan avtomobil yolu boyunca hərəkətin intensivliyini alternativ marşrut qurulana qədər eyni rejimdə aparmaq olduqca vacibdir. “İran alternativ yolun istismarı başlayana qədər cari marşrutun hər zamanki kimi fəaliyyət göstərəcəyini gözləyir” deyən səfirinin bu açıqlaması ona işarə edir ki, yeni yolu çəkmək uzun vaxt aparacaq.
Nəticə: Qarşıdan qış mövsümü gəlir və ağır relyef maliyyə qaynaqları tapılsa belə, ikinci yolun tikintisini fiziki olaraq 2021-ci ilin sonuna qədər başa çatdırmaq mümkün deyil. İran səfirinin sentyabrın 26-dakı açıqlamasındakı mesaj da hələ xeyli müddət İran və Ermənistan arasında daşınmaların Azərbaycan ərazisindən keçən yoldan istifadə olunmaqla aparılacağına dəlalət edir. Məhz əvvəlki günlərlə nisbətdə hər iki tərəfin bəyanatlarında yumşalmaların nəzərə çarpması, ortaq məxrəcə gəlinməsi kimi çağırışlar da bunu təsdiqləyir.