Bakı Araşdırmalar İnstitutunun (Baku Research Institute) ekspertləri tərəfindən “Devalvasiyadan sonra ailə büdcəmiz necə dəyişib?” adlı infoqrafika-təhlil materialında Azərbaycanın 2014-2020-ci illər üzrə bir sıra istehlak xərcləri üzrə qiymət dəyişkənliyinin müqayisəsi aparılıb

Faktyoxla Lab. inforqrafikanı araşdırıb.

Son 7 ildə ailə büdcəmizin necə dəyişdiyini təsvir edən konkret göstəricilərə və  faktlara diqqət edək.     

İnforqrafikada qeyd edilir ki, 2014-cü ildən bu yana, yəni 2020-ci ilin dekabrın sonuna olan dövrdə ailə büdcəsindən ərzaq məhsullarına çəkilən xərclərin payı 40,7 faizdən 43,4 faizə yüksəlib. 
Ailə büdcələrində ərzaq xərclərinin artımı təkcə Azərbaycana xarakterik hal deyil və bütün dünya ölkələrində son 7-8 ildə ərzaq mallarının bahalaşması istehlak büdcələrinə təsir edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri təkcə avqust ayında 3.1%, son bir ildə isə 32.9% yüksəlib.

Son illərdə dünya bazarında ərzaq və qeyri-ərzaq qiymətlərinin dinamikası, ticarət tərəfdaşı ölkələrində inflyasiyanın sürətlənməsi, dövlət tənzimlənməsi tətbiq edilən qiymət və tariflərin liberallaşdırılması ümumilikdə, bütün dünya ölkələrində istehlak xərclərini yüksəldib. 2021-ci ilin avqust ayında illik inflyasiya səviyyəsi Avrozonada son 117 ayın maksimumuna çataraq 3%, ABŞ-da 156 ayın maksimumuna çataraq 5.3%, Rusiyada son 60 ayın maksimumuna çataraq 6.7%, Qazaxıstanda son 56 ayın maksimumuna çataraq 8.7%, Belarusda son 56 ayın maksimumuna çataraq 9.8%, Ukraynada son 39 ayın maksimumuna çataraq 10.2%, Gürcüstanda son 123 ayın maksimumuna çataraq 12.8% və Türkiyədə son 28 ayın maksimumuna çataraq 19.3% təşkil edib.

Beləliklə, qlobal zəncir dalğası  nəticəsində bütün ölkələrdə ərzaq, qeyri-ərzaq və kommunal tariflərin artımının baş verməsi nəticəsində ailə büdcəsinin də xərcləri 3-8 faiz civarında çoxalıb. Məsələn, Avropa Birliyi ölkələrində son 3-4 ildə təhsil, səhiyyə, restoran və xidmət, kommunla, yancaq xərcləri müxtəlif istiqamətlər üzrə dəyişərək 5 faizə yaxın artıb.

 
Qlobal iqtisadiyyatın bir parçası olan Azərbaycanda müxtəlif mal və xidmətlərin bahalaşması təbii olduğundan bu amillərin ailə büdcələrinin xərclər strukturuna da təsirləri qaçılmazdır. 

İddia olunur ki, 2014-cü ildən 2020-ci ilədək adambaşına aylıq istehlak xərcləri 26,7 faiz artıb. Aylıq ərzaq xərclərinin artımı 35,2, aylıq kommunal və yanacaq xərclərinin artımı 35,8, aylıq geyim xərclərinin artımı isə 16,6 faiz olub.

Öncə, dəqiqləşdirək ki, Azərbaycanda əhalinin, daha doğrusu ev təsərrüfatlarının ailə büdcəsinin tərkibi olan gəlir və xərclərin dinamikası hansı vəziyyətdədir? Ailələrdə adambaşına düşən gəlir və xərc hansı həcmdə artıbdır?
Dövlət Statistika Komitəsinin nəşrindən də görünür ki, 2014-cü ildə ay ərzində adambaşına düşən gəlirlər 230 manat təşkil edibsə, 2020-ci ildə bu rəqəm 291,4 manat olub. Yəni, ailədə hər nəfərin gəliri 61 manat çoxalıb ki, bu da 23 faiz artım deməkdir.

Bəs, bir ailədə bir nəfərin xərci nə qədər artıb? Yenə də həmin nəşrə istinad edək, 2014-cü ildə adambaşına düşən aylıq xərcin məbləği 234,9 manat olubsa, 2020-ci ildə xərc 297,8 manat təşkil edib. Yəni, 62 manat xərc artıb.

2014-2020-ci illər ərzində ev təsərrüfatlarında bir ailə üzvünün gəlirinin 61, xərcinin isə 62 manat artmasının müqabilində demək, onun xərcləri cəmi 1 manat çoxalıb. Bu da, 0,4 faizdir. Yuxarıda da qeyd etdik ki, dünya ölkələrində ailə büdcəsinin xərc artımları təxminən 5 faiz təşkil edib.

İddia edilir ki, devalvasiyadan sonra əhalinin gəlirləri kəskin şəkildə azalıbdır.

Bu müddətdə Azərbaycanda ölkə üzrə əhalinin gəlirləri də əhəmiyyətli dərəcədə artıbdır: 2020-ci ildə əhalinin illik nominal gəlirləri 2015-ci ilə nisbətən 30 faiz

İqtisadiyyatda dinamikanın və hərarətin digər bir ölçüsü məşğulluq və iqtisadi fəal əhalinin sayının yüksəlməsidir. 2015-ci ildə 2 dəfə devalvasiya keçirməsinə rəğmən, Azərbaycanda iqtisadi fəallıq enməyib, əksinə yüksələrək 4 milyon 915 min nəfərdən 5 milyon 252 minə nəfərə çatıbdır.

Eyni zamanda, bu illər ərzində muzdlu işçilərin sayında da əhəmiyyətli artım qeydə alınıbdır. 200 minə yaxın muzdlu işçi işlə təmin edilib.

İddialardan biri əhali rifahının pisləşməsi ilə bağlıdır. İddia edilir ki, 2005-ci ildən sonra hökumət tərəfindən sosial sahədə heç bir addım atılmayıb. İlk olaraq, onu qeyd etmək lazımdır ki, Azərbaycanda 2005-ci ildə baş verən devalvasiya hökumətin istəyi ilə baş verməyib, qlobal mühitin kəskin pisləşməsi, neftin bir barelinin qiymətinin 130 dollardan 30 dollara düşməsi və dünya ölkələrinin əksəriyyətində təsadüf edilən resessiyalar Azərbaycana da təsirsiz ötüşmədiyindən devalvasiya qaçılmaz idi. Ancaq hökumət 2017-ci ildən etibarən iqtisadi aktivliyi yenidən bərpa etdikdən sonra istər biznes, istərsə də, vətəndaşların üzləşdiyi bütün çətinliklərin aradan qalxmasını təmin edən təsirli sosial paketlər qəbul etdi. Prezidentin müvafiq fərmanı ilə 2015-ci il devalvasiyalarından əziyyət çəkən vətəndaşlara dəstək üçün dövlət büdcəsindən xarici valyutada kredit götürən 700 min nəfərdən çox şəxsə kompensassiya ödənildi. Bununla yanaşı, 2019-cu ildə 2 dəfə sosial paket qəbul edildi. Martın 1-dən minimum əmək haqqının məbləği 38,5 faiz (50 manat) artırılaraq 130 manata, sentyabrın 1-dən isə yenidən artırılaraq 180 manata çatdırıldı. Bu, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artmasına imkan verdi.

Sosial paket çərçivəsində məcburi köçkünlərə verilən aylıq yardımın məbləği 50 faiz artırılaraq 40 manatdan 60 manata qaldırıldı. Dövlət başçısının iyunun 18-də imzaladığı 17 sərəncama əsasən, sentyabrın 1-dən etibarən dövlət qurumlarında çalışan şəxslərin əmək haqqında 40-50 faiz civarında artımlar edildi, minumum pensiyalar artırıldı. Pensiyanın orta məbləği 2014-cü ildəki 170 manatdan 2020-ci ildə 263 manata çatdırıldı. 2021-ci ildə isə pensiyaların 15 faiz artımından sonra Azərbaycanda orta pensiyanın məbləği 13 faiz artaraq 300 manata, yaşa görə pensiyanın orta məbləği də 13 faiz artaraq 330 manata çatıb. Həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qoruyur.

Sosial siyasət tədbirlərinin digər bir mühüm göstəricisi təqaüd və müavinətlərin artımıdır. Son 7 ildə həm sosial müavinət alanları sayı, həm də müavinətin məbləği artıb. 2014-cü ildə Azərbaycanda sosial müavinətlərin məbləği 49 manat idisə, 2020-ci ildə bu rəqəm 118 manata çatdırılıb.

Şəhid ailələrinə verilən müavinətin məbləği 2019-cu ildə 242 manatdan 300 manata, 2020-ci ilin sonunda 500 manata çatdırıldı. Ümimilikdə, 2019-cu ildə 1 milyon 350 min işçinin əməkhaqqı, 750 min pensiyaçının pensiyası, 400 min nəfərin sosial müvainət və təqaüdü artırıldı. Digər kateqoriyalar üzrə sosial ödənişləri nəzərə aldıqda bu proses 3 milyon nəfəri əhatə etmişdir.
Həyata keçirilən bu siyasət nəticəsində ölkədə orta aylıq əməkhaqqı 700 manatı ötdü. 2014-cü ilə nəzərən, orta aylıq əməkhaqqının məbləği 245 manata yaxın artıb.

Nəticə: İnfoqrafikada təqdim edilən müxtəlif istehlak xərclərinin son 7 ildə artan faizləri göstərilsə də, həmin dövrdə əhalinin real gəlir əldəetmə imkanları, Azərbaycanda iqtisadi-sosial inkişaf göstəricilərinə yer verilmədiyindən, müqayisə predmetinin sadəcə birtərəfli və qərəzli olmasını qeyd etmək mümkündür. İqtisadi praktikada müqayisəli təhlil hərtərəfli qaydada aparılır, yəni xərclərdən söhbət gedirsə, gəlirlərin dinamikası da əks etdirilir. Sözügedən materialda isə yalnız xərclərin strukturu təqdim edildiyinən, ədalətlilik və obyektivlik, xüsusilə də iqtisadiyyatın əsas güzgüsü olan hesabatlılıq düsturu pozulubdur.
Xatırladaq ki, Bakı Araşdırmalar İnstitutu (Baku Research Institute) xaricdən maliyyələşən, hesabatlılığı olmayan qurumdur. Təşkilatın rəhbəri Altay Göyüşovdur və o, rəhbərlik etdiyi qurumun maliyyə şəffaflığını qorumur. Bundan öncə də bu təşkilatın saytında bir məqalənin “faktyoxla”sını həyata keçirmiş, xeyli nöqsanlar aşkar etmişdik.